2 May 2024

Cümə axşamı, 18:15

YENİ ERA

Türkiyə köklü dəyişikliklər astanasında

Müəllif:

15.07.2014

Türkiyədə növbəti prezident seçkisinə lap az qalır və o, statusuna görə, indiyədək keçirilmiş prezident seçkilərindən fərqlənəcək. Ölkə tarixində ilk dəfə olaraq, prezident qanunverici orqan tərəfindən yox, ümumxalq səsverməsi yolu ilə seçiləcək. Türkiyə Konstitusiyasına müvafiq dəyişiklik 6 il əvvəl edilib. Dövlət başçısı postu uğrunda mübarizə 3 namizəd arasında gedəcək.

Türkiyənin əsas müxalif qüvvələri olan Cümhuriyyət Xalq Partiyası (CXP) ilə Millətçi Hərəkat Partiyası (MHP) seçkiyə birgə qatılmaq qərarı verib və İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlunu vahid namizəd seçiblər. Kürdpərəst Xalqların Demokratik Partiyasının (XDP) prezidentliyə namizədi isə onun liderlərindən olan Səlahəddin Dəmirdaşdır.

Hakim Ədalət və İnkişaf Partiyasına (ƏİP) gəlincə, onun seçkiyə hansı namizədlə gedəcəyi məsələsi ətrafında intriqa düz iyuladək davam edib. Hərçənd, intriqalıq bir şey yox idi. "Axı, biz hamımız namizədimizin adını dəqiq bilirik", - deyə bir neçə gün əvvəl ƏİP-in yaradıcılarından biri, baş nazirin müavini Bülənt Arınç bildirmişdi.  Bu üzdən, ƏİP-in prezidentliyə namizədinin Rəcəb Tayyib Ərdoğan olduğunu açıqladığı zaman  heç kəsi təəccübləndirməmişdi.

 

Hakimiyyət

R.T.Ərdoğanın namizədliyinin irəli sürülməsi ƏİP üçün son dərəcə vacib idi. Hazırkı baş nazir artıq ardıcıl olaraq ikinci dəfədir ki, Türkiyə hökumətinə başçılıq edir və partiyanın nizamnaməsinə əsasən, onun deputat seçilmək demək, həm də üçüncü müddətə baş nazir postunu tutmaq hüququ yoxdur. Odur ki, ƏİP-ə öz liderini yalnız fərqli siyasi səviyyədə namizəd göstərmək qalırdı və prezident postu bu yerdə tam yerinə  düşürdü.

ƏİP-in prezident postunun deklarativ xarakterini dəyişərək, ona ciddi səlahiyyətlər vermək kimi təbii cəhdləri də bununla bağlı idi. Bu məqsədlə Türkiyə hökuməti artıq ölkənin parlament üsul-idarəçiliyindən prezident ölkəsinə çevrilməsi təşəbbüsü ilə çıxış edib. Amma bu təklif parlamentdə lazımi qədər dəstək qazanmayıb. Ekspertlər isə Ərdoğanın prezident seçkisində qalib gələcəyi təqdirdə, sözügedən dəyişikliklərin baş tutacağına  əmindirlər.

Ərdoğanın seçkidən qalib ayrılması, əlbəttə ki, yeni hökumətin formalaşdırılması, yeni baş nazirin seçilməsi, müvafiq olaraq, ƏİP-ə yeni sədrin seçilməsi kimi məsələlərə aktuallıq qazandıracaq. Hazırda bütün nəzərlər Ərdoğanın ən yaxın silahdaşı sayılan hazırkı prezident Abdullah Gülə yönəlib. Hökumət başçısı prezidentliyə namizədliyini A.Gülün ikinci müddətə prezidentlik uğrunda yarışa girməyəcəyini açıqlamasından dərhal sonra irəli sürüb. Gül isə prezidentlik uğrunda yarışa girməyəcəyilə yanaşı, ümumiyyətlə, siyasi arenanı tərk etmək fikrində olduğunu da söyləyib. Amma Türkiyə KİV-i Abdullah Gülün planlarına yenidən baxa biləcəyini yazır. Məsələ ondadır ki, Ərdoğan onun ƏİP-in sədri olması üçün əlindən gələni edir.

Rəcəb Tayyib Ərdoğan Türkiyəyə rəhbərlik etdiyi illər ərzində kifayət qədər güclü, nizam-intizamlı vertikal partiya hakimiyyəti qura bilib. İndi ona partiyasının başında etibarlı adam lazımdır. Bununla yanaşı, həmin şəxs nə zəif, nə də həddindən artıq güclü olmalıdır. Çünki güclü lider öz komandasını formalaşdıra və "öz oynunu" oynamağa başlaya bilər. Partiyanın başına zəif liderin keçəcəyi təqdirdə isə onsuz da yekcins olmayan, müxtəlif siyasi qrupların birləşməsilə yaradılmış ƏİP daxilində kiçik qruplaşmalar yarana bilər. Beləliklə, bu gün üçün Türkiyənin hakim partiyasının sədri postuna ən ideal namizəd, məhz, A. Güldür. Ekspertlər hesab edirlər ki, Ərdoğanın prezidentliyə namizədliyini bu qədər gec irəli sürməsi də bununla bağlıdır: bütün bu müddətdə o, Gül ilə danışıqlar aparıb. Biz isə hesab edirik ki, bu gecikmənin daha bir səbəbi var : ƏİP əvvəlcə müxalifətin namizədinin adını bilmək istəyirdi.

 

Müxalifət

Ərdoğanın prezidentliyə namizəd göstərilməsi gözlənilən idisə, müxalifətin vahid namizədi bir çoxlarını təəccübləndirib. Liberal islamçıların özünü "dünyəvi müxalifət" adlandıran opponentləri çoxlarının gözləmədiyi halda, seçkiyə mötədil mühafizəkar Ekmələddin İhsanoğlu ilə getmək qərarına gəliblər.

Əsas müxalifət partiyası olan CXP-nin lideri Kamal Kılıçdaroğlu bu qərarı digər müxalifət lideri - MHP-nin rəhbəri Dövlət Bağçalı ilə birlikdə qəbul edib.

Taleyin ironiyasıdır ki, dünyəvi respublikaçılarla millətçilər vahid namizəd qismində islamçı kimi xarakterizə oluna biləcək siyasətçini (halbuki, bu yaxınlaradək İhsanoğlunu siyasətçi adlandırmaq çətin idi) seçiblər. Misirdə doğulmuş və boya-başa çatmış 70 yaşlı professor İhsanoğlu İslama dair 10-dan artıq kitabın müəllifidir. Bəzi məlumatlara görə isə o, "Müsəlman qardaşlar" təşkilatını dəstəkləyir.

Deyəsən, müxalifət də hakim partiyadan səs qoparmaq üçün, məhz, dini amildən yararlanmağa çalışır. Çünki İhsanoğlunun siyasi baxışları, demək olar ki, Ərdoğanın baxışlarından fərqlənmir və onların hər ikisinin sosial bazası eynidir. Fərq yalnız ondadır ki, Ərdoğanı onun opponentləri radikal islamçı kimi təqdim edirlər və bu mənada, daha mülayim İhsanoğlu ona alternativ kimi çıxış edə bilər. Ədalət naminə qeyd etmək lazımdır ki, Ərdoğanın və partiyasının siyasi ideyaları islam radikalizmindən çox uzaqdır.

Paradoksallıq birincisi, İhsanoğlunun namizədliyini CXP-nin irəli sürməsindədir. Çünki bu partiya siyasi islamı daim Türkiyənin dünyəvi dövlətçilik düzəninə zidd sayıb. İkincisi, ərəb dünyası ilə daha sıx əlaqələrə malik misirli mühafizəkarı Türkiyənin millətçiləri də  dəstəkləyirlər.

Doğrudur, İhsanoğlu özünü Atatürk ideyalarına sadiq şəxs kimi təqdim edir. Üstəlik, o, özünü həm də sekulyarist, yəni dinin siyasətdən ayrı olmasının tərəfdarı kimi göstərir. Amma müxalifət düşərgəsində İhsanoğluya heç də hamı  inanmır.

Nəticədə, müxalifət düşərgəsində parçalanma yaranıb. CXP-nin bəzi nüfuzlu funksionerləri vahid namizədi dəstəkləməkdən imtina ediblər. Onu da nəzərə almaq lazımdır ki, CXP-nin əsas elektoratı arasında ənənəvi olaraq, Türkiyədə yaşayan ələvilər də var. Bu dəfə onlar partiyalarının namizədinə səs verməyə bilərlər. Çünki İhsanoğlu islamın sünni məzhəbinə məxsusdur. Belə olan təqdirdə, ələvilərin və ənənəvi solçuların səsini 3-cü prezidentliyə namizəd, 41 yaşlı kürdpərəst siyasətçi Səlahəddin Dəmirdaş qazana bilər. O zaman qarşıdan gələn prezident seçkisinin əsas və ən incə oyunu da bu məqamda ortaya çıxacaq.

 

Kürd  amili

Məsələ ondadır ki, son bələdiyyə seçkisində hakim partiya bütün ölkə ərazisində, təxminən, 40-45% səs toplayıb. Bu, Ərdoğana qələbə şansı versə də, onun seçkinin ilk turunda deyil, ikinci turda zəfər qazanacağını göstərir. Amma mövqeyini laxlatmamaq üçün ona, məhz, birinci turda qələbə lazımdır. Belə olan təqdirdə, ilk turda qələbə qazanmaq üçün çatmayan səslər və onların haradan əldə olunması məsələsi böyük önəm qazanır. Məhz, bu amil Dəmirtaşı və kürd amilini kifayət qədər əhəmiyyətli və aktual məsələyə çevirir. Ərdoğanın ilk turda qələbə qazanması üçün çatışmayan səsləri, məhz, onlar təmin edə bilər.

Müşahidəçilərin sözlərinə görə, artıq hakim partiya ilə kürd siyasi qrupları arasında bu mövzuda danışıqlar başlayıb. Ərdoğanın əsas silahdaşlarından olan ƏİP funksioneri Hüseyn Çelikin "Kürdüstanın Türkiyə ilə qardaş olduğunu" bəyan etməsi çoxları üçün əsil sürpriz idi. Ümumiyyətlə, "Kürdüstan" ifadəsi altında gizlənən məntiqi "mesaj" çox maraqlıdır. Əgər Çelik İrak Kürdüstanını və Ankaranın onun müstəqilliyini tanımağa hazır olduğunu nəzərdə tutubsa belə, bir çox analitiklər Türkiyə kürdlərinə muxtariyyət vədinin verildiyini düşünür. Amma hələ söhbətin hansı formalı muxtariyyətdən getdiyi bəlli deyil. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, Ərdoğan kürd separatçılarının lideri, 30 min insanın qətlində günahlandırılan PKK terror təşkilatının lideri Abdullah Öcalanın ev dustağı ediləcəyinə dair vəd verməklə, kürdlər arasında reytinqini daha da artıra  bilər.

Bu cür addımlardan sonra Türkiyənin dövlət  düzəni və ərazi bütövlüyünün necə olacağını söyləmək, əlbəttə ki, çətindir. Amma artıq bu gün Türkiyənin yeni eraya qədəm qoyduğunu dəqiq demək olar. Hər halda, hakim partiyanın lideri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan da ölkəsinə "yeni era" vəd edir.



MƏSLƏHƏT GÖR:

563