21 May 2024

Çərşənbə axşamı, 07:58

AZƏRBAYCANA DƏVƏT

Kannda Azərbaycan mədəniyyəti günləri böyük uğur və maraqla keçir

Müəllif:

15.07.2014

Bu günlərdə Fransanın Kann şəhərinin hər tərəfində Azərbaycan mədəniyyəti və tarixi atmosferi hökm sürür. İctimai nəqliyyat Azərbaycan haqqında təqdimat banerləri və posterlərilə bəzədilib, şəhərdə keçirilən, demək olar ki, bütün əlamətdar tədbirlər Azərbaycanla əlaqəlidir. Arzular şəhəri Azərbaycanı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən, Azərbaycanın qədim, zəngin mədəniyyətinə həsr olunmuş tədbirləri növbəti dəfə qəbul edir. Yəqin ki, Azərbaycan mədəniyyətinin nümayişi üçün bundan uğurlu meydan tapmaq olmazdı. Axı, məşhur Kann bayramları, qayıq yarışları, kinofestivalları, eyni zamanda son dərəcə cazibəli və hüsn-rəğbət oyadan atmosferilə tanınır. Turistlər bu şəhərə "insanlara baxmaq üçün", müxtəlif əlamətdar hadisələrin iştirakçısına çevrilmək üçün üz tuturlar. Kannda iyulun 8-də start götürmüş Azərbaycan mədəniyyəti günləri də belə əlamətdar hadisələrdən biridir.

 

İlk "avroyürüş" 

İyulun 31-dək Azərbaycanla Kann birləşib. Tarix, musiqi, ədəbiyyat, klassik və müasir incəsənət. Azərbaycan mədəniyyəti günləri "Azərbaycan cazı" adlı konsert proqramı ilə başlayıb. Konsertdə Azərbaycan cazının tarixini, onun müasir improvizasiyalarını nümayiş etdirən kompozisiyalar təqdim olunub. Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar da təqdim olunub.

Tədbirlərin ikinci günü Kannın məşhur Kruazet bulvarında atəşfəşanlıq təşkil olunub, eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının xaricdə təqdimatı ilə əlaqədar yürüş keçirilib.

"Baxmayaraq ki, olimpiya hərəkatı Avropada doğulub və sonradan da orada bərpa olunub, bu vaxta qədər Avropa Oyunları heç zaman keçirilməyib və tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək Azərbaycan üçün ən böyük şərəf və böyük məsuliyyətdir", - deyə "Bakı - Avropa Oyunları - 2015"in təntənəli təqdimatı mərasimində çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib.

Birinci xanım bu gün Azərbaycanın dünyada idman məkanı kimi tanındığını, idmana, olimpiya hərəkatına dəstəyin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib. Fürsətdən istifadə edən Mehriban Əliyeva ilk Avropa Olimpiya Oyunlarına tamaşa etmək arzusunda olan hər kəsi Azərbaycana dəvət edib. "Ümidvaram ki, birinci Avropa Oyunları zamanı ölkəmizin qonağı olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərqlə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola bilərsiniz", - deyə o, qeyd edib.

Birinci Avropa Oyunlarının təqdimatının Avropanın müxtəlif ölkələrində keçiriləcəyini deyən Təşkilat Komitəsinin sədri ilk təqdimatın Fransada, Kannda keçirilməsinin təsadüf olmadığını söyləyib: "Fransa Avropanın aparıcı dövlətidir, ümumbəşəri mədəniyyət mərkəzidir. İdman sahəsində böyük nailiyyətlər əldə etmiş dövlətdir. Azərbaycan üçün də dost dövlətdir. Mən çox şadam ki, son illər ölkələrimiz arasındakı, xüsusilə də humanitar sahədə olan əlaqələr tamamilə yeni səviyyəyə çıxarılıb".

Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard isə Azərbaycanı Qafqazın mirvarisi adlandırıb, Kannın isə Aralıq dənizi regionunun mirvarisi olduğunu bildirib. O, Azərbaycanla Kann arasında dostluq əlaqələrinin ildən-ilə daha da möhkəmləndiyini söyləyib. Mer Kannda Azərbaycan mədəniyyəti günlərinin artıq ikinci dəfə keçirildiyini xatırladıb. "Azərbaycan zəngin mədəni dəyərlərə malikdir" - deyən Lisnard gələn il birinci Avropa Oyunlarının Bakıda ən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

 

Yaxın Azərbaycan

Daha sonra Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində "Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi" sərgisinin təntənəli açılışı da olub. Bu tədbir insanlara Azərbaycanın fərqli cəhətlərilə tanışlıq imkanı yaradıb: "Keçmişdən baxış", "Fransa azərbaycanlı rəssamların gözü ilə", "Nizami Gəncəvi". Tədbirin açılışı iyulun 10-da Kannın Festivallar və Konqreslər sarayında olub.

Tədbirdə iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycanla Fransa arasında iqtisadi əlaqələrin ildən-ilə möhkəmləndiyini bildirib. "Ölkələrimiz telekommunikasiya, şəhərqurma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlıq qurub. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və bu fəaliyyət ikitərəfli fayda gətirməkdədir. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır", - deyə Mehriban Əliyeva qeyd edib.

Birinci xanım Azərbaycanın tarix boyu dilindən, dinindən asılı olmayaraq, insanları, xalqları birləşdirən humanitar sahəyə diqqətlə yanaşdığını da söyləyib. Son illər Azərbaycanla Fransa arasında humanitar əlaqələrin yeni səviyyəyə yüksəlməsindən məmnunluğunu ifadə edən Mehriban Əliyeva deyib: "Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda Azərbaycanın paytaxtı Bakıda fransız liseyi inşa olunub və fəaliyyət göstərir. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər bölgələrində tarixi və memarlıq abidələri bərpa olunub".

Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks isə Azərbaycanın artıq ikinci dəfədir ki, Kannda uğurlu təqdimatlarla çıxış etdiyini xatırladıb, bunu şəhərin həyatında vacib hadisə kimi qiymətləndirib. O, Kanna üz tutan çoxsaylı turistlərin bu tədbirlərə böyük maraq göstərdiklərini söyləyib.

Daha sonra Kannın Festivallar və Konqreslər sarayında Azərbaycanın xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olub. Konsertdə Azərbaycan musiqi mədəniyyətinin zənginlikləri nümayiş olunub.

Azərbaycan mədəniyyəti günləri çərçivəsində dünya şöhrətli modelyer Renato Balestranın Azərbaycan milli geyimlərinə həsr edilmiş "Müasir dəbdə Azərbaycan cazibəsi" adlı moda nümayişi də kifayət qədər maraqlı alınıb. Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsi Azərbaycan milli musiqisinin sədaları altında nümayiş etdirilib. Onlarda Azərbaycanın ənənəvi milli geyim naxışlarından geniş istifadə olunub. Burada xalça ornamentlərinə də geniş yer verilib, od və nar elementlərindən istifadə edilib.

Modelyer Renato Balestra qədim tarixə malik olan Azərbaycan xalqının milli naxış və ornamentlərini araşdırıb, öyrənib və onları modifikasiya edərək gələcəyə yönələn dəbə tətbiq edib. Bu kolleksiya ilk dəfə may ayında Bakıda təqdim olunub.

"Düşünürəm ki, bu təqdimat çox maraqlı alındı. Çünki bu, Azərbaycan xanımlarının ənənəyə, eyni zamanda müasirliyə nə qədər bağlı olduğunu göstərir. Bu nümayişin ərsəyə gəlməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri böyükdür və mən buna görə ona təşəkkür edirəm. Mən müxtəlifliyi və dəyişikliyi sevirəm. Bugünkü dəfilə də bu qəbildəndir. Onu da deyim ki, dəfilədə Azərbaycanın rəmzlərindən geniş istifadə olunmuşdur və bu da mənim ölkənizə olan sevgimdən irəli gəlir", - deyə modelyer jurnalistlərə müsahibəsində bildirib.

Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kannda Azərbaycan milli mətbəxi də təqdim olunub. Azərbaycan mətbəxinə aid ləziz yeməklər çoxsaylı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi Fransanın ictimai dairələrində ölkəmiz haqqında daha dolğun təsəvvürün formalaşdırılması baxımından vacib rola malikdir. Azərbaycanın ictimai-mədəni həyatında nəhəng layihələrilə vacib rol oynayan Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti bu işə öz töhfəsini verib. Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən tədbirlər insanlarla ünsiyyətin ən yaxşı yolunun mədəniyyət olduğunu bir daha ortaya qoyub.



MƏSLƏHƏT GÖR:

574