17 May 2024

Cümə, 23:48

HÜCUM SİYASƏTİ

İlham Əliyev respublikanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə müşavirədə qarşıya yeni vəzifələr qoyub

Müəllif:

15.07.2014

Xarici  İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsim keçirilib. Bu, vaxtaşırı olaraq, ildə iki dəfə keçirilən toplantıların sayca 5-si idi. Müşavirəni açan xarici işlər naziri Elmar Məmmədyarov tədbirin  Azərbaycan Respublikasının diplomatik xidmətinin 95 illiyinə həsr olunduğunu bildirib, ölkə diplomatiyasının bu dövrdə böyük yol keçdiyini söyləyib. ADR-in dövründə yalnız bir neçə səfirlik və konsulluq açılmışdısa, sovet illərində ittifaq respublikalarının azsaylı Xarici İşlər nazirlikləri "yalançı" bir qurum olub və yalnız protokol funksiyalarını yerinə yetirib. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan mükəmməl xarici siyasi fəaliyyət sistemi yaradıb və hazırda  onu uğurla reallaşdırır. Bu gün  Azərbaycanın xarici ölkələrdə 57 səfirliyi, 9 beynəlxalq qurumda daimi nümayəndəliyi, 9 baş konsulu, fəxri konsulu var. Azərbaycanda isə 58 ölkənin səfirliyi, 4 baş konsul, 10 fəxri konsul və beynəlxalq təşkilatların 20 nümayəndəliyi fəaliyyət göstərir.

Dövlət başçısının tapşırığına əsasən, XİN  Xocalı soyqırımının beynəlxalq birlik tərəfindən tanınması və yad edilməsi, Qarabağ münaqişəsilə bağlı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparıb. Nəticədə, ABŞ-ın 15 ştatı, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə  edib.

Azərbaycanın 155 ölkənin nümayəndə heyətinin dəstəyilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi onun beynəlxalq arenada artan nüfuzunun və effektiv diplomatiyasının bariz göstəricisidir.

Azərbaycan BMT-nin digər strukturları ilə də, o cümlədən Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, Qara dəniz Əməkdaşlıq Təşkilatı, Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurası, Afrika Şurası, Ərəb Dövlətləri Liqası və digər regional və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir.

Azərbaycan XİN-i yanında Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılması ölkənin beynəlxalq humanitar layihələrdə, yardım proqramlarında iştirakının genişləndirilməsinə, dayanıqlı inkişafa yardım edib. Respublikanın xarici siyasi fəaliyyətinin genişlənməsi müvafiq kadr təminatı məsələsini də gündəmə gətirib. Bu məsələnin həll edilməsi məqsədilə Azərbaycan XİN-in nəzdində fəaliyyət göstərən Diplomatiya Akademiyasının bazasında "ADA" Universiteti yaradılıb. Universitet bütün səviyyələrdə ali təhsilli kadrlar, ali və əlavə təhsil proqramları hazırlayır, beynəlxalq münasibətlər sahəsində fundamental və tətbiqi elmi araşdırmalar  aparır.

Bütün bunlar müşavirədə çıxış edən Prezident İlham Əliyevə ölkə diplomatiyasını yüksək qiymətləndirmək imkanı verib. Bununla yanaşı, o, Azərbaycanın regionda və dünyadakı vəziyyətə baxışını ortaya qoyub, Bakının aktual beynəlxalq problemlərlə bağlı mövqeyini və yanaşmasını açıqlayıb, qarşıda duran vəzifələri açıqlayıb və bu sahədə gələcək fəaliyyət istiqamətlərini göstərib.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın xarici siyasəti öz prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin olmasıdır. Eyni zamanda ölkənin uğurlu inkişafı və son illər özünü tam təmin etməsi, iqtisadi baxımdan müstəqil olması ona beynəlxalq  arenada öz sözünü deməyə, maraqlarını müdafiə etməyə imkan verir. Prezidentin bütün bunlardan çıxardığı əsas nəticə belə olub: "Azərbaycan özünü təmin edən ölkədir və o, dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilib".

İlham Əliyev xarici siyasətdə əsas məsələ kimi, Dağlıq Qarabağ münaqişəsinin həllini göstərib. Onun sözlərinə görə, son müşavirədən keçən dövrdə bu problemin həlli istiqamətində heç bir irəliləyiş olmayıb və bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişənin dondurulmuş şəkildə qalmasına cəhdləridir: "Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməyib. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik".

Buna nail olunması üçün digər həll yolu da var. Prezident İlham Əliyev həmin yolu aydın şəkildə dilə gətirib: "Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq, hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin".

İlham Əliyev problemin həlli formulu haqda danışarkən bəzi diplomat və analitiklərin son zamanlar səsləndirdikləri təkliflərə də cavab verib. Söhbət onların ermənilərin 7 rayonu işğaldan azad etməsinin qarşılığında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına razılıq verilməsilə bağlı təkliflərindən gedir. Prezidentin belə fikirlərə cavabı qəti və birmənalı  olub: "Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyil. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olub. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşayıb, yaradıb. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir".

İlham Əliyevin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli prosesində  mərhələli həll üstünlük təşkil edir və edəcək. "Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər", - deyə prezident  qeyd  edib.

Problemin ədalətli və beynəlxalq hüquq çərçivəsində həlli üçün Azərbayan bütün imkanlardan və üstünlüklərdən istifadə edəcək: "Bizim əhalimiz artır, artacaq, Ermənistan əhalisi azalır və azalacaq. Biz onları bütün iqtisadi və enerji layihələrindən təcrid etmişik və buna görə tənqid olunmuşuq. Çox kiçik daxili bazarı və ixrac imkanları sıfıra bərabər olduğu üçün, əlbəttə ki, Ermənistanın inkişaf potensialı yoxdur. Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə bu ilin birinci rübündə 40 min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir".

Xarici siyasətin digər istiqamətinə keçən İlham Əliyev qonşu ölkələrlə sağlam, mehriban qonşuluğa əsaslanan münasibətlərin vacibliyini qeyd edib,  hazırda Azərbaycanın qonşuları ilə münasibətlərinin, məhz, bu cür olmasından məmnunluğunu ifadə edib. Bu münasibətlərdə yeni element kimi o Bakının təşəbbüsü ilə ikitərəfli əməkdaşlığın üçtərəfli formatla, məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, son vaxtlar isə Azərbaycan-Türkiyə-Türkmənistan formatı ilə zənginləşdirildiyini xatırladıb.  Bu format çərçivəsində XİN başçıları, iqtisadiyyat və sənaye nazirləri, bir dəfə isə prezidentlər səviyyəsində görüşlər keçirilib. 

Azərbaycanın, guya, Avropadan uzaqlaşması haqda yanlış və qərəzli iddiaların əksinə olaraq, prezident Avropa ölkələrinin Bakının ənənəvi tərəfdaşları olduqlarını, Azərbaycanın ikitərəfli formatda əməkdaşlığa üstünlük verdiyini  söyləyib. "Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz var. Mənim Avropa ölkələrinə səfərlərim, Avropanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu əyani şəkildə göstərir. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız daha çox Avropa məkanına göndərilir. Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi islahatları dərinləşdiririk. Eyni zamanda, Avropa texnologiyaları bizə lazımdır", - deyə o, qeyd edib. 

Amma  Azərbaycanın xarici siyasi kursunda Avropa yeganə istiqamət deyil. Bakı qonşuları ilə münasibətlərini möhkəmləndirməklə yanaşı, son illər müsəlman dövlətlərilə də əlaqələri gücləndirir, siyasi və iqtisadi potensialı durmadan artan Asiya dövlətlərilə əməkdaşlığı inkişaf etdirir.

Beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT, ATƏT, İƏT və digər qurumlarda fəal iş aparılmasının vacibliyini vurğulayan İlham Əliyev, eyni zamanda onların fəaliyyətindən narazılığını da gizlətməyib: "Əfsuslar olsun ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyə, heç bir nəticə hasil edə bilməyib. ATƏT işğal edilmiş torpaqlara iki dəfə fakt araşdırıcı və qiymətləndirmə missiyası göndərib. Onlar da məruzə hazırlayıb, sonra çalışıblar ki, bu məsələni tarazlaşdırsınlar. Bunu necə tarazlaşdırmaq olar? Bizim torpaqlarımız işğal edilib, daş-daş üstə qalmayıb. Bütün şəhərlər, məscidlər, tarixi abidələr, qəbirlər dağıdılıb və burada hansısa bir tarazlaşdırılmış məruzədən söhbət gedə bilər?! Əlbəttə ki, bu, riyakarlıqdır, dözülməz bir yanaşmadır. Amma buna baxmayaraq, - yəni həqiqətləri də tam şəkildə inkar edə bilmirlər, - bu missiyaların hesab edirəm ki, müsbət nəticələri olub".

İlham Əliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı fəaliyyətini də müsbət qiymətləndirib. O, bu qurumda Dağlıq Qarabağ münaqişəsilə bağlı dəfələrlə prinsipial qətnamələrin qəbul edildiyini xatırladıb. Bununla yanaşı, qurum bir sıra müsəlman dövlətlərində vəziyyətlə bağlı ətraflı məlumatın olmamasından istifadə edən Ermənistanın onlarla ikitərəfli münasibətlər qurmağa və ya münasibətləri möhkəmləndirməyə çalışmasından hiddətini  ifadə  edib. "Hesab edirəm ki, bütün müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin Dağlıq Qarabağda və ətraf yerlərdə məscidləri dağıtdıqlarını bilsələr inanmıram, Ermənistan bu münasibətləri qurmaqda uğur qazansın", - deyə dövlət başçısı qeyd edib və Azərbaycan diplomatlarına müvafiq tapşırıqlar verib.

Prezident  Bakının digər beynəlxalq qurumlarla əlaqələrini də müsbət qiymətləndirib, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başladığını xatırladıb: "Bu yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi ifadə etdim, təkrar etmək istəmirəm. Eyni zamanda, ümumiyyətlə, bu təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması var və uzun illərdir fəaliyyət göstərir. Onların arxasında dayanan erməni lobbisidir".

Antiazərbaycan təşəbbüslərinə qarşı atılan addımlar artıq real nəticələr verir. Prezident, misal kimi, ötən ilin yanvarında Azərbaycana qarşı hazırlanmış qərəzli məruzənin iflasa uğramasını göstərib. Avropa  Şurası Parlament Assambleyası həmin əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd edib. O, insan haqları mövzusundan istifadə etməklə Azərbaycan rəhbərliyinə təzyiqlər göstərilməsinə çalışan dairələrin ümidlərini puç edib: "Mən sizə açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt".

Prezident səfirliklərimizin diaspor təşkilatları ilə fəal əlaqədə olmalarının vacibliyini də vurğulayıb : "Səfirlik Azərbaycanın xarici siyasətini aparan qurumdur. Diaspor təşkilatları səfirliklər ətrafında birləşməlidirlər. Öz aralarında mübahisə aparmamalıdırlar və öz fəaliyyəti ilə ölkəyə zərbə vurmamalıdırlar".

Dövlət başçısı xarici siyasətin xarici iqtisadi əlaqələrin inkişafı və möhkəmləndirilməsi, miqyaslı enerji layihələrinə diplomatik dəstək, xarici ölkələrdəki investisiyalarımızın  qorunması kimi məsələləri də diqqətdən kənarda qoymayıb.

İlham Əliyev çıxışını ölkənin xarici siyasət idarəsinin fəaliyyətinə verilən qiymət, o cümlədən prinsipial mövqeyin və oriyentirlərin ifadəsi sayılacaq fikirlə tamamlayıb: "Azərbaycan prinsipial, ardıcıl xarici siyasət aparır. Müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaq. Azərbaycanın diplomatik korpusu uğurla fəaliyyət göstərir. Sizin fəaliyyətinizdən mən bütövlükdə razıyam. Əlbəttə ki, müxtəlif nöqsanlar, çatışmazlıqlar ola bilər. Ancaq bütövlükdə Azərbaycan diplomatiyası inkişaf dövrü yaşayır. Mən sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".


MƏSLƏHƏT GÖR:

576