3 May 2024

Cümə, 13:01

ÖNCÜL

Qəzetin çapı Həsən bəy Zərdabinin ən böyük arzularından biri idi

Müəllif:

22.07.2014

Mübarizə dolu həyatında, bənzərsiz tale yolunda çox ilklərə imza atdı. Asan olmadı. Tapdalanmış yollardan keçməyə nə var ki... Cığır açmaq, yol salmaq, birinci olmaq çətindir. Özündən əvvəl örnək seçəcəyi, təcrübələrindən bəhrələnib, ziyanından dərs götürəcəyi kimsələri olmayanın mənəvi yükü də, məsuliyyəti də böyükdür, ağırdır. Çünki birincidir, elə bunun üçün də öyənindən, öyünənindən çox, qınayanı, yoluna daş yuvarladanı, ayağından çəkəni olur. Məsuliyyəti öz işinə, əməlinə cavabdehliyi ilə də bitmir. Başladığı yolun davamçılarının atdıqları hər addımda da onun adı anılır.

Azərbaycan jurnalistlərinin ustadı, mətbuatımızın ilkinin -"Əkinçi"sinin yaradıcısı Həsən bəy Zərdabi belə böyük bir işi öz üzərinə götürdü. Görkəmli türk ideoloqu, mütəfəkkir Əlibəy Hüseynzadə onun haqqında deyirdi: "Aləmi-İslam bir qaranlıq içərisində qaldığı zaman bu adam  əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi...". "Əkinçi" Həsən bəy Zərdabinin təbirincə desək, "Rusiyada birinci türk qəzetəsi" idi. Bu qəzet Azərbaycanın vətənpərvər övladının doğru sözün qüdrətinə, mətbuatın gücünə inamından yarandı. Ancaq "Əkinçi"yə qədər də Həsən bəyin imzasını qoyduğu ilklər var idi...

1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində dünyaya göz açan Həsən bəy hələ uşaq yaşlarından istedadı, düşüncəsi ilə gələcəyi barədə ətrafındakılarda xoş arzular, ümidlər oyada bildi. Atası Səlim bəy onu yeddi-səkkiz yaşlarında mədrəsəyə apardı. O, ilahiyyata çox da maraq göstərməyən oğlunu 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoydu. Məktəbin buraxılış imtahanında Qafqaz Təhsil İdarəsi müdirinin diqqətini çəkən Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis Gimnaziyasına qəbul edildi. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirib, Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil oldu. Yenə fərqləndi. "Dövlət təqaüdçüsü" statusunu aldı. 1865-ci ildə universiteti təhsildə ən yüksək müvəffəqiyyətə və əxlaqa görə verilən namizəd diplomu ilə bitirən ilk azərbaycanlı oldu.

Şərq-islam tarixi üzrə geniş məlumatı, biliyi ilə rektorun - tarixçi Sergey Mixayloviç Solovyovun rəğbətini qazanmışdı. Gənc tələbə rektorun dostuna çevrildi. Moskvada qalıb-işləmək təklifi də aldı. Həsən bəy iki yolun arasında qaldı. Bir tərəfdə ona xoş gələcək, rahat təminat vəd eləyən Moskvanın kubar cəmiyyəti,  yaxşı iş təklifi, o biri tərəfdə isə təklənmiş, parçalanmış Vətən, əksəriyyəti dövrün tələblərini anlamayan, cəhalətə yuvarladılmış Vətən övladları var idi. Həsən bəy yolun çətinini seçdi. Vətəninə döndü.

Tiflisdə Torpaq Palatasında, Bakıda Quberniya İdarəsində, Qubada məhkəmədə işlədi, məşəqqətlərlə, sui-qəsdlə üzləşdi. 1869-cu ildə çətinliklə Bakı Realni Gimnaziyasına təbiət tarixi müəllimi təyin olundu. Həsən bəy o vaxt Qafqazda fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər arasında ali təhsilli ilk, yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlərin yox dərəcəsində olduğu məktəbə millət övladlarını cəlb etməyə başladı. Kasıb, kimsəsiz uşaqların təhsilinə yardım göstərilməsi üçün müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyəti-xeyriyyə" yaratdı. Gimnaziyada təhsil alan şagirdləri - Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov Gorani ilə Azərbaycan şəhərlərini, kəndlərini gəzib, "Cəmiyyəti-xeyriyyə"yə üzvlər yazdırdı. Toplanan 1600 manatla 2 yoxsul və kimsəsiz şagirdin təhsil haqqı ödənildi.

1872-ci ildə "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın Gimnaziyasını bitirən qızların siyahısında Hənifə Abayeva adlı müsəlman, türk qızının adını oxudu. Onunla tanış olmaq üçün təcili Tiflisə getdi. Hənifə xanımla gimnaziyada görüşdü. Söhbət etdi. Hənifə xanım onu həm də ağlı, düşüncələri ilə heyran qoydu. Həsən bəy qıza evlənmək təklifi etdi. Onun razılığını aldı. Məktəbə dəvət olunan molla kəbinlərini kəsdi. Həsən bəy Bakıya gənc xanımı ilə qayıtdı. O gündən keşməkeşli həyat yolunda birlikdə addımladılar. Hənifə xanım Həsən bəyə təkcə həyat yoldaşı deyil, həm də dost, sirdaş oldu.  

Həsən bəy Zərdabinin doğma milləti yolunda həyata keçirmək istədiyi böyük işlərdən biri də yeni qəzet açmaq idi. Amma bu çox müşkül məsələydi. Səbəblər çox idi. Əvvəla, Çar imperiyası öz müstəmləkəsi altında olan ölkələrdə, xüsusilə də müsəlmanların, türklərin sakin olduğu yerlərdə məktəblərin açılmasına, mətbuatın inkişafına hər vəchlə mane olurdu. Ona görə də Azərbaycanda əhalinin böyük əksəriyyəti savadsız idi. Həsən bəy 1905-ci ildə "Həyat" qəzetində dərc olunmuş "Rusiyada əvvəlinci türk qəzetəsi" adlı məqaləsində "Əkinçi" qəzetinin nəşri ərəfəsində Vətəninin, soydaşlarının vəziyyətlərini belə təsvir edirdi: "Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdəki qonşularımız elm təhsil edib gün-gündən irəli gedir, bizim əlimizdə olan mülk-malımıza sahib olurlar...". Çarə aradığı günləri isə Həsən bəy belə ifadə edirdi: "Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın!..  Belədə qəzetə çıxarmaqdan savay bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar... Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar...".

İcazə verilməsi üçün çarizmin müvafiq idarələrinə göndərdiyi məktublardan birinə sonunda müsbət cavab gəldi. Qəzetin çapına razılıq aldı. Ancaq mətbəə problemi də var idi. Müstəqil mətbəə açmaq mümkünsüz olduğundan, Bakı Quberniya Mətbəəsindən istifadə etməli oldu. Əldə olunan hürufatı da oraya verdi.

1875-ci il iyulun 22-də Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə Bakıda ilk anadilli qəzetin - "Əkinçi"nin birinci sayı işıq üzü gördü. Həsən bəy Zərdabi qəzetə aqrar yönümünə görə deyil, onun soydaşlarının qəlbinə maarif nuru səpəcəyini, yeni mətbuat orqanlarının yaranmasına vəsilə olacağını ifadə etmək üçün "Əkinçi" adı verdi. Qəzetin ilk sayında o yazırdı: "Qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlayan və pirşov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun".

Azərbaycanın vətənpərvər oğulları Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani və başqaları "Əkinçi"dən köməklərini əsirgəmədilər. Bakı qubernatoru Staroselski qəzetin nəşrinə xeyli kömək göstərdi.

Çar idarələrinə "Əkinçi" və onun baş redaktoru Həsən bəy Zərdabi barəsində danoslar göndərirdilər. Milli Mətbuatımızın ilkinin düşmənləri arasında öz millətimizdən olan xəbis insanlar da var idi. Polkovnik Əlibəy Əlixanov "Əkinçi"nin ilk nüsxəsini alanda yazmışdı: "Təəssüf eyləyirəm redaktor nə üçün bilmir ki, öz çarına sədaqətlə xidmət edən bir nökər hökumət tərəfindən buraxılmayan bir qəzeti oxumaz".

"Əkinçi" həm də hökumət mətbəəsində problemlərlə üzləşirdi. Hürufat çatmırdı, olanlar da köhnəlib yararsız hala düşürdü. Qəzetin müxbirləri az idi. Həsən bəy yazırdı: "Köməyimiz az olduğundan və kənar yerlər bir yana, Bakıda baş verən mühüm hadisələrdən də bəziləri bizə vaxtlı-vaxtında gəlib çatmırdı. Xarici xəbərləri isə rus, İran, türk, Orta Asiya qəzetlərindən götürməli olurduq". Məqalə və xəbərləri Azərbaycan dilinə özü tərcümə edən, çox zaman korrektor işini də özü görən Həsən bəy yazırdı: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir: onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm... Ey bizlərə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayın ki, biz müsəlmanın bircə qəzeti də basdırmağa adamı yoxdur". 

Bakıya gələn, "Əkinçi"nin çap olunduğu şəraiti görən fransız jurnalisti Həsən bəyə demişdi: "Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən tapmaq olmazdı. Sizin qüvvənizə heyrət edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox sevirsiniz!".

Qafqaz xalqlarının xeyirxahı olan Staroselskinin Bakıdan köçüb-gedəndən, xüsusilə Rusiya-Türkiyə müharibəsi başlanandan sonra qəzetin vəziyyəti daha da ağırlaşdı, mövzu dairəsi məhdudlaşdırıldı. Zərdabi yazırdı: "Müsəlmanların düşmənləri ki, Staroselskinin vaxtında bir iş görə bilmirdilər, hər tərəfdən "Əkinçi"nin üstə tökülüb onun bağlanmasına səy edirdilər". "Əkinçi"nin mürəttibi Minasov kimilərin hökumətə göndərdikləri danosların ardı-arası kəslimirdi. 1877-ci ilin 29 sentyabrına qəzetin nəşrinə son qoyuldu. İlk milli qəzetimizin cəmi 56 nömrəsi çıxdı. Ancaq xalqın maarifi, mədəniyyəti, anadilli məktəblərinin, mətbuat orqanlarının açılması yolunda "Əkinçi"nin gördüyü işlər yarımçıq qalmadı. "Ziya" və "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Həyat", "İrşad", "Füyuzat", "Tərəqqi" və başqa mətbuat orqanları onun başladığı müqəddəs yolun davamçıları oldular.  

..."Əkinçi"dən sonra da Həsən bəy yenə təqib edilirdi. 1880-ci ildən doğulduğu Zərdab kəndində 16 illik sürgün həyatı yaşadı. Ancaq sürgündə də maarifçilik əməllərini davam etdirdi, rusdilli qəzetlərə məqalələr yazdı.

1896-cı ildə Bakıya gəldi. "Kaspi" qəzetində işləməyə başladı. Tezliklə Bakı şəhər Dumasına qlasnı (deputat) seçildi. Dumanın iclaslarında şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini qaldıran Həsən bəy yenə xalqı üçün çalışdı.

1901-ci ildə Bakıda milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi, Həsən bəy Zərdabinin məsləhəti ilə Qız Məktəbi açdı. Məktəbin ilk müdiri Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım oldu.

...Xəstəlik əldən salanadək xalqın maariflənməsi yolunda səy göstərdi. Vəsiyyət etdi: "Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı". Həsən bəy Zərdabi 1907-ci il 28 noyabrında vəfat etdi. Ertəsi gün böyük izdiham və təntənə ilə Bakıda Bibiheybət qəbiristanlığında dəfn olundu.

Sovet hakimiyyəti Azərbaycanın bu böyük oğlunun ailəsinə qarşı haqsızlıqlar etdi. Həsən bəyin dörd övladı var idi. Böyük qızı Pəri xanım Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı idi. Ailəsi, iki övladıyla Fransada yaşadı. Orada vəfat etdi.

İkinci qızı Qəribsoltan xanım ailə qurmadı. Tağıyevin Qız məktəbinin məzunu kimi uzun illər müəllimliklə məşğul oldu. Böyük oğlu, Moskvada ali texniki təhsil almış Midhəd bəy repressiya qurbanı oldu. 1937-ci ildə güllələndi. Kiçik oğlu Səffət bəy 1914-17-ci illərdə Riqa Politexnik İnstitutunda oxudu, Rusiyadakı inqilab təhsilini yarımçıq qoydu. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 100 tələbədən biri kimi xaricə göndərildi. Almaniyada ali təhsilini 1922-ci ildə tamamladı. Onu da bacısı Pəri xanım kimi Sovet hakimiyyəti Vətən həsrətlisi etdi. Parisdə bacısıgildə, sonra İstanbula yaşadı. O da atası Həsən bəyin nurlu gələcəyi üçün çalışdığı doğma Vətəndən uzaqlarda gözlərini əbədi yumdu...

Amma Həsən bəy Zərdabinin əməyi unudulmadı. Bir əsrdən də artıq vaxt keçəndən sonra, onun müstəqil, obyektiv mətbuat yaratmaq arzusu nəhayət müstəqil Azərbaycan Respublikasında həyata keçdi. Və "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri günü - 22 iyul tarixi, indi Milli Mətbuat Günü kimi qeyd olunur.



MƏSLƏHƏT GÖR:

761