17 May 2024

Cümə, 15:15

KİM KİMİN GİROVUDUR?

Ermənistan hələ uzun müddət özünün qonşulara qarşı iddialarının əsirliyində qalacaq

Müəllif:

22.07.2014

Dilqəm Əsgərovun vaxtilə ağlına belə gəlməzdi ki, nə vaxtsa ermənilər onu girov götürüb, öz doğma kəndində kəşfiyyat-diversiya əməlləri törətməkdə ittiham edə bilərlər. Bu yerlərin bütün dinc sakinləri kimi, o da düşünməzdi ki, nə vaxtsa Kəlbəcər rayonu qonşu Ermənistan tərəfindən işğal olunacaq və yerlə-yeksan edilmiş, viranəyə dönmüş doğma Şaplar kəndinə yollanıb, ata-babalarının məzarını ziyarət etmək insan həyatı üçün ciddi təhlükəyə çevriləcək. Necə deyərlər, sən saydığını say, gör hələ Fələk nə sayır... 

Ötən həftə xəbər agentlikləri məlumat yaydılar ki, erməni xüsusi təyinatlıları Dilqəm Əsgərovu və onun yol-yoldaşı Şahbaz Quliyevi işğal altında olan Kəlbəcər rayonunun Şaplar kəndi ərazisində ələ keçiriblər. Onlarla bir yerdə cəbhə xəttini keçmiş Həsən Həsənovun taleyi barədə xəbərlər isə ziddiyyətli idi. Erməni tərəfi gah onun "əməliyyat" zamanı öldürüldüyünü bildirdi, gah da ümumiyyətlə, onunla bağlı susmağa üstünlük verdi. Dilqəm Əsgərovun ələ keçməsi ilə bağlı "əməliyyat" çəkilişini və Şahbaz Quliyevin əsirlikdəki fotolarını böyük həvəslə tirajlayan ermənilər, Həsənin nə ölüsünü, nə də dirisini reportajlarda göstərmədilər. 

Gözlənildiyi kimi, erməni tərəfi ələ keçirdiyi dinc sakinləri dərhal diversant elan edərək, onların üzərində bütöv bir bölüyün silah-sursatını "aşkarladı". Üstəlik, ermənilərə birdən agah oldu ki, sən demə, itkin düşmüş 17 yaşlı Smbat Sakanyanı da bu azərbaycanlılar öldürübmüş. Əlbəttə, "DQR özünümüdafiə qüvvələrinin rəşadəti" ilə öyünmək və Azərbaycanı cəbhə xəttindəki kövrək sülhü pozmaqda ittiham etmək üçün ələ düşmüş bu fürsətdən istifadə etməmək ermənilər üçün günah olardı. Belə də etdilər...

Cəbhədə vəziyyətin gərginləşməsi və təxribatların törədilməsində, əslində, kimin maraqlı olduğu barədə dəfələrlə yazmışıq və bunun üzərində yenidən dayanmağa lüzum görmürük. Erməni əsgərlərinin "rəşadəti" barədə isə bir neçə kəlmə demək tam yerinə düşərdi. Bu, həmin o erməni əsgəridir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev buna qədər dəfələrlə onun "müdafiə zolağı"nı maneəsiz keçərək, doğma yurdlarında olub və işğal altında olan Azərbaycan kəndlərinin indiki durumunu videoya çəkib. Özü də bunu heç kimdən, elə ermənilərin özündən də gizlətmədən. Dilqəmin şərhləri ilə müşayiət olunan həvəskar çəkiliş materialları internetdə yerləşdirilir, televiziyalarda efirə verilir və yurd-yuvalarından didərgin düşmüş azərbaycanlılar arasında böyük həsrətlə izlənilirdi. Kimisi titrəyən həvəskar kadrlarda özünün dağılmış evini tapır, kimisi qəhərdən boğula-boğula videoda gördüyü doğma yerləri xatırlayır, kimisi isə məhv edilmiş kənd qəbiristanlığında doğmalarının məzar daşlarını axtarır, onların vandalizmin qurbanı olmadığına ümid edirdi. Ancaq nədənsə, indiyədək erməni xüsusi xidmət orqanları Dilqəm Əsgərov və dostlarının hansısa təxribat törətdiyini qeydə almamışdı. Axı hansı diversant meşədə açıq şəkildə od qalayıb, kabab çəkərdi?! 

Elə Azərbaycan Müdafiə Nazirliyi də rəsmən bəyan etdi ki, ermənilərin saxladığı şəxslər Azərbaycan Ordusunda xidmət etmir, yəni onlar diversant ola bilməzdilər. "Müdafiə Nazirliyi bildirir ki, səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur. İşğal olunmuş ərazilər suveren Azərbaycan torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi, bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir", - deyə nazirliyin APA-ya açıqlamasında bildirilir. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da bəyan edib ki, ermənilərin Kəlbəcərdə girov götürdükləri şəxslər heç bir dövlət sərhədini pozmayıb, çünki beynəlxalq birlik tərəfindən tanınan suveren Azərbaycan ərazisində olublar. 

Digər tərəfdən isə girov götürülmüş şəxslər Cenevrə konvensiyalarının himayəsi altındadır və onlarla həmin beynəlxalq sənədlərə uyğun davranılmalıdır. "Ancaq Ermənistan Müdafiə Nazirliyi saxlanılan şəxslərə "hərbi əsir deyil" deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb-başa çatmış və ata-babalarının məzarı həmin ərazidə qalmış mülki insanlardır. Mülki şəxslərə isə "Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust Cenevrə Konvensiyası"nın tərəblərinə uyğun davranılmalıdır", - komissiyanın bəyanatında vurğulanır. 

Lakin Ermənistan bu dəfə də beynəlxalq normaları qulaqardına vuraraq, artıq girovlardan birinin - Şahbaz Quliyevin bir gözünü çıxarmışdır. Bu yerdə erməni quldurlarının Qarabağ savaşı zamanı dinc sakinlərə qarşı qeyri-insani davrandıqlarını əlavə olaraq xatırlatmağa dəyərmi?! Axı Serj Sarqsyan və Zori Balayan kimi erməni terroruna rəhbərlik edən və ona ideoloji qida verən şəxslərin özləri də bunu danmırlar.

Azərbaycanlıları girov götürdüyü bir həftə ərzində erməni tərəfi, hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinə də onlarla görüşməyə imkan verməyib. Görünür, günahsız dinc sakinlərə qarşı qaldırdıqları cinayət işini tam qondarmaq üçün vaxt qazanmaq istəyirdilər. 

İstənilən halda, Azərbaycan vətəndaşlarını geri qaytarmaq üçün bütün imkanlardan istifadə edəcəyi və buna nail olacağı şübhə doğurmur. "Dövlətqaçqınkom"un sədri Əli Həsənovun məlumatına görə, Prezident İlham Əliyev girovların qaytarılması məsələsini şəxsən nəzarətə götürüb və aidiyyəti qurumlara bununla bağlı göstərişlər də verib. 

Ermənistan isə görünür, hələ uzun müddət özünün qonşulara qarşı əsassız iddialarının əsirliyində qalacaq.



MƏSLƏHƏT GÖR:

601