27 Aprel 2024

Şənbə, 18:29

SİYASƏTDƏN DAHA ARTIQ…

Getdikcə Azərbaycanın xarici siyasətində "mədəni diplomatiya"ya daha çox yer verilir

Müəllif:

22.07.2014

Azərbaycan  Prezidenti  İlham Əliyevin İtaliyaya ötən həftə gerçəkləşmiş səfəri Avropanın Azərbaycanı Cənubi Qafqazdakı  əsas tərəfdaşı kimi qəbul etdiyini bir daha təsdiqləyib.

Romada  Azərbaycan Prezidenti ən yüksək səviyyədə qəbul edilib. Bu, qətiyyən təəccüblü deyil: İtaliya Azərbaycanın “1 nömrəli” ticarət tərəfdaşıdır. Azərbaycan resurslarını ən çox idxal edən ölkə məhz İtaliyadır. Üstəlik, bu enerji əməkdaşlığı yaxın  zamanlarda nəzərəçarpacaq dərəcədə möhkəmlənəcək: Azərbaycan öz qazının Avropaya nəqli üçün Trans-Anadolu qaz kəməri və “Nabucco-West” layihələri arasında seçim etməli idi və bir müddət əvvəl o, seçimini Trans-Aynadolu qaz kəmərinin xeyrinə etdi. Bu, şübhəsiz, İtaliyanın sevincinə səbəb oldu  -  boru xətti məhz bu ölkə ərazisindən  keçəcək.

Bu üzdən Apennin yarımadasının rəsmiləri  Azərbaycan Prezidentinin bu ölkəyə növbəti səfərindən məmnunluqlarını gizlətmirdilər. 

İlham  Əliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri İtaliyada birinci şəxslər tərəfindən qəbul ediliblər - prezident Corcio Napolitano, baş nazir Matteo Rensi, Senatın sədri Pyetro Qrasso. Görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar, o cümlədən, əlbəttə ki, enerji sahələrində əməkdaşlığın uğurlu inkişafından danışılıb, beynəlxalq təşkilatlarda Azərbaycanla İtaliyanın bir-birlərinə verdikləri dəstək qeyd olunub. Tərəflər Azərbaycanda fəaliyyət göstərən çoxsaylı İtaliya şirkətlərinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiklərini  vurğulayıblar. Görüşlərdə  İtaliya ilə Azərbaycan arasındakı  əlaqələrin Bakı - Avropa İttifaqı əməkdaşlığının inkişafında vacib rol oynadığı qeyd edilib. Tərəflər bu cür çoxplanlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini vurğulayıblar.

İtaliya  paytaxtında keçirilən bütün görüşlərdə Azərbaycanın Romanın regionel siyasətində vacib yer tutduğu qeyd edilib. İtaliya Senatının sədri ölkəsində Azərbaycana Qafqazda sabitliyin qarantı kimi yanaşıldığını söyləyib.

Ənənəvi olaraq, birinci şəxslərin xarici səfərlərinin məhsuldarlığı və əhəmiyyəti səfər çərçivəsində imzalanan sənədlərin sayı ilə ölçülür. Azərbaycan Prezidenti ilə İtaliya Baş naziri arasında aparılan danışıqların yekununda bir neçə belə sənədə imza atılıb. Söhbət, ilk növbədə, İ.Əliyevlə M.Rensinin imzaladıqları iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən gedir. Bundan başqa, birinci şəxslərin iştirakıyla  İtaliya ilə Azərbaycan arasında dəniz  nəqliyyatı haqqında saziş, həmçinin iqtisadiyyat, idman və mədəniyyət sahələrində əməkdaşlığa dair 3 memorandum da imzalanıb.

Birgə  Bəyannamənin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Məşhur ingilis məsəlini bir qədər dəyişsək, belə çıxır ki, məsələnin əsl mahiyyəti onun detallarındadır.  Bəyannamənin preambulasında İtaliyanın Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyi təsdiqlənir, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində təcili həllinin  vacibliyi vurğulanır. Bəyannamədə birmənalı şəkildə bildirilir ki, tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri və sənədləri, həmçinin ATƏT-in qərarları əsasında nizamlanması üçün əməkdaşlığa çağırırlar.

Daha da vacib olanı Birgə Bəyannamədə Azərbaycan - İtaliya münasibətlərinin strateji xarakter daşıdığının qeyd olunmasıdır.

Bundan  əvvəl isə səfərin ilk günündə tərəflər arasında daha bir sənəd imzalanmışdı. O, iqtisadi əhəmiyyətinə görə, Birgə Bəyannamədən heç də geri qalmır. Söhbət Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Roma meriyası arasında imzalanmış sazişdən gedir. Sənəd Azərbaycan tərəfindən dünyanın ən önəmli arxeologiya komplekslərindən olan «Mercati di Traiano» muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. 

İlham Əliyev Mercati di Traiano muzeyini ziyarətdən və Roma meri İnyasio Marino ilə görüşən sonra italiyalı jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan tərəfinin İtaliyanın ümumbəşəri əhəmiyyət  daşıyan mədəni irsinin qorunmasında iştirakının mümkünlüyünü bildirib.

«Bu gün imzalanan saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar, bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu tərəfdaşlığı gücləndirir», - deyə İlham Əliyev qeyd edib.

Maraqlıdır ki, İlham Əliyevin Romaya rəsmi səfərini geriş işıqlandıran İtaliya qəzetləri, xəbər agentlikləri, informasiya portalları məhz bu sənədə xüsusi diqqət göstəriblər. Nüfuzlu «La Repubblica» qəzeti bu sazişi Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kiimi qiymətləndirib. «Rai» telekanalı isə onu belə şərh edib: «Romanın arxeoloji qazıntılar tarixi əhəmiyyətli gününü yaşayır. Azərbaycan tərəfindən yardımın göstərilməsi Romanın tarixi dəyərlərinin qorunması baxımından vacib addımdır».

Azərbaycanın İtaliya ilə, o cümlədən bir çox digər ölkələrlə münasibətlərinə strateji xarakter qazandıran amilin enerji olduğu sirr deyil. Amma Azərbaycanda əmindirlər ki, əsas tərəfdaşlarla bir anlıq deyil, uzunmüddətli münasibətlər qurmaqda və onların uzun illərboyu inkişaf strategiyasında maraqlı olan ölkələr üçün üstünlüyün birmənalı olaraq enerji sahəsinə verilməsi faydalı ola bilməz . Bu üzdən də istər daxili, istərsə də xarici iqtisadi siyasətdə enerji ilə yanaşı, digər sahələrə də diqqət ayrılır. Məsələn, bu gün dövlətlərarası münasibətlərdə mədəniyyət sahəsinə getdikcə daha çox üstünlük  verilir. Siyasət, ticarət, enerji - bütün bunlar müvəqqəti anlayışlar və sahələrdir. Siyasi və iqtisadi münasibətlər hər zaman konkret dövrə aid siyasi konyukturadan asılıdırsa, enerji resursları  tükənəndir. Mədəniyyət isə əbədidir. İlham Əliyevin də qeyd etdiyi kimi, «mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir».

Bəlkə də bəşər tarixinin ən ciddi humanitar böhranını yaşayan müasir dünyada «mədəni diplomatiya» hər zamankından daha effektiv ola bilər. Məhz bu tipli diplomatiya ölkəyə yüz sisternlərlə neftdən və ya qaz borularından heç də az dividend qazandırmır. Belə olan təqdirdə, tolerantlıq ideyası və mədəniyyətlərarası dialoqun yayıcısı rolunu zəngin mədəni irsə və ənənələrə malik Azərbaycanın öz üzərinə götürməsi tamamilə  anlaşılandır. Azərbaycan son illərdə məhz bu üzdən sözügedən mövzuda nəhəng beynəlxalq forumların keçirildiyi mərkəzə çevrilib.

Onu da qeyd edək ki, «Mercati di Traiano» muzeyi ərazisində arxeoloji qazıntıların maliyyələşdirilməsinə dair saziş Azərbaycanın xarici ölkələrdə mədəni irsin qorunmasında ilk iştirakı  deyil. İndiyədək o, Luvr Muzeyinin kolleksiyasının qorunması və genişləndirilməsinə, Vatikanda eksponatların bərpasının maliyyələşdirilməsinə və s. öz töhfəsini verib.



MƏSLƏHƏT GÖR:

635