29 Aprel 2024

Bazar ertəsi, 17:43

HAQSIZ MÜHARİBƏ

Müqəddəs Torpaqda sülhə yalnız fələstinlilərlə israillilər arasında dialoq vasitəsilə nail olmaq mümkündür

Müəllif:

29.07.2014

"Sarsılmaz qaya" gözlənildiyi kimi, "Müdafiə hüdudu"nu keçdi. Qurbanların sayı yüzlərlədir, hər gün dinc sakinlər həlak olur, amma bütün bunlar, deyəsən, İsrail dövləti və Fələstin Muxtariyyəti üçün "həyati əhəmiyyətli" məsələlərin həllilə məşğul olan siyasətçilərə təsir etmir.

İsraillilərin həyata keçirdikləri əməliyyatların əsas məqsədi dəyişməzdir - Qəzza sektoru ərazisində HƏMAS hərəkatına məxsus hərbi obyektlərin və infrastrukturların tamamilə təmizlənməsi. Yəhudi dövləti, məhz, bu məqsədlə son bir neçə ildə artıq neçənci dəfədir ki, öz "müdafiə hüdudu"nu möhkəmləndirməyə çalışır. Sanki bu, planlı siyasətdir - fələstinlilərin əsas radikal qüvvəsi olan HƏMAS-ın zəiflədilməsi üçün muxtariyyət ildə 2-3 dəfə bombardman edilir. 2008-ci ilin sonu, 2009-cu ilin əvvəllərində həyata keçirilmiş "Ərimiş qurğuşun" əməliyyatından sonra 2012-ci ildə hava müharibəsi baş vermişdi. İndisə, təxminən, 2 il sonra yenidən "antiterror əməliyyatları"na başlanılıb.

Vəziyyət təkrarlanır, lakin Fələstin-İsrail qarşıdurmasının ümumi mənzərəsində heç bir radikal dəyişiklik baş vermir. Müxtəlif zərbələr almış HƏMAS bir neçə il ərzində, mifik Feniks quşu kimi, yenidən dirçəlir və hər şey yenidən başlayır. Amma İsrail HƏMAS-ın timsalında miflə deyil, Fələstin əhalisi arasında ciddi dəstəyə malik olan real siyasi qüvvə ilə qarşı-qarşıyadır. Amma bu mübahisəsiz faktı nə Təl-Əviv, nə də onun arxasında dayanan Vaşinqton qəbul etmək istəyir.

İsrailin fələstinlilərə "Sarsılmaz qaya" və "Müdafiə hüdudu" çərçivəsində endirdiyi şiddətli zərbələr fələstinli radikalların yəhudi dövlətinin ərazisini yalnız yerli istehsal olan "Katyuşa" və "Kassam"larla deyil, həm də İsraildəki istənilən obyekti məhv etmək iqtidarında olan yeni İran raketlərilə atəşə tutmasına cavab kimi əsaslandırılır. Yəhudilər həmin raketlərin İsrail ərazisindəki hərbi obyektləri və beynəlxalq aeroportu da vurmağa qadir olduğunu bildirirlər.

ABŞ-ın "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi olmasaydı, İsrail raket zərbələri qarşısında asanlıqla dayana bilməzdi. Məhz, bu sistemin sayəsində yəhudilər HƏMAS-ın əksər raketini havadaca məhv edir. Hədəfə çatmayan həmin raketlər isə dinc fələstinlilərin başına tökülür. İsrail HƏMAS-ın, məhz, dinc sakinlərdən canlı hit kimi istifadə etdiyini bildirir.

Fələstinin İnsan Haqları Mərkəzinin məlumatına görə, İsrailin bombardmanları nəticəsində həlak olanların ən azı 80%-i mülki şəxslər, onların 24%-i isə uşaqlardır. Buna baxmayaraq, SAXAL-ın Baş Qərargah rəisi, general-leytenant Beni Hants deyir: "Biz "Sarsılmaz qaya" əməliyyatını davam etdirməkdə israrlıyıq və qarşıya qoyulmuş bütün məqsədlərə nail olacağıq. Qarşısıalınma effektinin yenidən işə düşməsi, İsrail sakinlərinin sakit həyata qayıtmaları üçün əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam etdiriləcək".

İsrailin kompromisə getmək niyyətində olmadığını göstərən daha bir məqam dövlət başçısı postunu məşhur sağçı siyasətçilərdən olan Reuven Rivlinin tutmasıdır. İyunda keçirilən seçkidə Knessetin əksər deputatları, məhz, ona səs verib. Qüds sakini olan 74 yaşlı Rivlin beynəlxalq birlik tərəfindən Fələstin əraziləri kimi tanınan torpaqların işğalına son qoyulmasının qəti əleyhdarıdır. O, prezident kürsüsündə Şimon Peresi əvəzləyib. Əgər az qala fələstinlilərlə sülh prosesinin vacibliyinin carçısı olan Peresin dövründə Müqəddəs Torpaqda dəfələrlə qanlı hərbi əməliyyatlar baş verdisə, Rivlinin prezidentliyi dövründə Yaxın Şərq dalanından çıxılmasını, məhsuldar danışıqların başlanılmasını gözləməyə dəyərmi?

Bütün bunlarla yanaşı, dünyanın nüfuzlu gücləri də Yaxın Şərqdə sülh prosesinin işə düşməsi üçün bütün mexanizmləri ya işə salmır, ya da salmaq istəmir. Artıq hərbi əməliyyatların dərhal dayandırılmalı olduğunu İsrailin hüquq müdafiəsi təşkilatları da bəyan edir. Onlar İsrailin baş prokuroruna təcili məktubla müraciət edərək İsrailin Müdafiə Ordusunun Qəzzada həyata keçirdiyi əməliyyatlar zamanı beynəlxalq humanitar qaydaların kobud şəkildə pozulduğunu bildiriblər. Hüquq müdafiəçiləri qeyd ediblər ki, sakinlərin həyəcan siqnalları, xəbərdarlıqları onların evlərini qanuni hərbi hədəflərə çevirmir və İsrail ordusunu hər tərəfə zərbələr endirməkdən qaçmaq məsuliyyətindən də azad etmir. Bundan başqa, məktubda bildirilir ki, düşmənin müharibə qanunlarını pozması İsrailin bu qanunlara əməl etməklə bağlı öhdəliklərdən imtinasına haqq qazandırmır.

BMT İnsan Haqları Şurasının (İHŞ) Qəzza sektorunda baş verənlərin araşdırılması ilə bağlı müstəqil komissiyanın yaradılması qərarı vəziyyətə müəyyən təsir göstərə bilərdi. Lakin Yaxın Şərq münaqişəsinin nizamlanması prosesinin əsas moderatoru olan ABŞ-ın bu qərara qarşı çıxması İŞH missiyasının uğur qazanacağına olan ümidləri yox edib. Birləşmiş Ştatlar qurumun komissiya yaratmaq qərarını "birtərəfli və qabaqcadan hasil olmuş yanlış fikrə əsaslanan" qərar sayıb və onu "daha bir antiisrail addımı" kimi qiymətləndirib.

İsraillə HƏMAS arasında atəşkəsə nail olunmasına yardım göstərmək üçün regiona səfər etmiş ABŞ-ın dövlət katibi Con Kerrinin missiyası da hələ ki, o qədər məhsuldar təsir bağışlamır. Danışıqların aparıldığı Qahirədən müəyyən irəliləyişlərin olduğu haqda xəbərlər gəlsə də, hələlik konkret nəticə yoxdur.

Türkiyənin Yaxın Şərq problemilə bağlı mövqeyində də kifayət qədər paradoks var. Ankara İsrailin Fələstinlə bağlı siyasətini sərt şəkildə tənqid edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, o, hətta artıq ABŞ prezidenti Barak Obama ilə danışmır və bununla, Vaşinqtonun Suriya və Fələstin-İsrail münaqişəsilə bağlı mövqeyilə razı olmadığını göstərməyə çalışır. Ankara Təl-Əvivin əməllərini "dövlət terroru" və "soyqırımı" kimi qiymətləndirir, İsrailə dəstək verdiyi üçün ABŞ-ı tənqid edir. Bununla yanaşı, Türkiyə Fələstin muxtariyyətinin dəstəklənməsinə yönəlmiş heç bir praktiki addım atmır. Güman ki, ABŞ-ın müttəfiqi və NATO-nun üzvü olan Türkiyə İsraillə açıq qarşıdurmaya getməkdə maraqlı deyil. Üstəlik, o, Yaxın Şərq münaqişəsinin nizamlanması ilə bağlı məsuliyyətin bir hissəsini belə, öz üzərinə götürmək istəmir.

Hər hansı ərəb dövlətinin konstruktivliyindən də danışmaq artıqdır. Ərəb monarxiyaları İsrail tərəfindən işğal olunmuş Fələstin xalqının müsibəti haqda hamıdan çox danışırlar. Onların Fələstinlə nə qədər həmrəy olduqlarını isə Fələstin Milli Administrasiyasına göstərdikləri yardımın həcmi real olaraq göstərir. "Düşmən sionist rejimi"nin 2010-cu ildən Qəzza sektoruna 300 milyon dollardan artıq (hərbi əməliyyatların başlanmasınadək İsrail Fələstin Muxtariyyətini, hətta yanacaq və elektrik enerjisilə də təmin edirdi), ABŞ-ın isə ildə 100 milyon dollar yardım ayırdığı bir halda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi neftlə zəngin ərəb dövlətləri Fələstin rəhbərliyinə ildə cəmi 20 milyon dollar yardım edirlər. Digər yandan, onlar ayrı-ayrı ekstremist qruplaşmalara ildə 100 milyonlarla dollar yardım göstərir. Həmin qruplaşmaların, guya "İsrailin məhvi"nə yönəlmiş dağıdıcı fəaliyyətisə, əslində, "bədbəxt fələstinli qardaşlar"ın vəziyyətini daha da ağırlaşdırır.

Misir haqda ayrıca danışmaq lazımdır. Bu ölkədə ötən il prezident Məhəmməd Mursinin devrilməsilə "Müsəlman qardaşlar"ın hakimiyyətinə son qoyulması yalnız misirli radikallar üçün deyil, həm də "Qardaşlar"ın filialı sayılan HƏMAS üçün məğlubiyyət hesab olunur. Üstəlik, Misirin yeni prezidenti Abdel Fəttah əs-Sisinin rəhbərlik etdiyi hökumət Misirlə Fələstini birləşdirən bir sıra tunelləri bağlayıb. Bu tunellər Qəzzanın İsrail tərəfindən blokadada saxlanıldığı bir şəraitdə fələstinlilərin müqaviməti baxımından əhəmiyyətli rol oynayırdı.

Dünyanın aparıcı siyasi qüvvələrinin Yaxın Şərq münaqişəsinin uzunmüddətli həllinə maraq göstərmədiyi şəraitdə, Fələstinin aşkar müdafiəçilərinin mövqeyi vəziyyətə köklü şəkildə təsir göstərmək iqtidarında deyil. Söhbət İrandan (İranın dini lideri ayətolla Əli Xamenei Fələstin xalqını İsrailə qarşı hərbi əməliyyatları davam etdirməyə çağırıb), Livanın "Hizbullah" hərəkatından (onun lideri Həsən Nasrullah son anlaradək rəqibi olan HƏMAS-a dəstək verib, "Fələstin müqavmətinin qələbəsi naminə" onunla əməkdaşlığa hazır olduğunu bildirib), yaxud uzaq Venesueladan (prezident Nikolas Maduro Qəzza sektoruna "həmrəylik yükü" olaraq, humanitar yardım göndərilməsi haqda qərar qəbul edib) gedir.

Fələstin-İsrail münaqişəsi qlobal mahiyyət daşısa da, etiraf etmək lazımdır ki, dünya birliyinin mövqeyi problemin uzunmüddətli həlli baxımından həlledici rol oynamır. Münaqişənin həlli üçün çözülməsi vacib olan konkret problemlər var. Bu, Qüdsün statusu, İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri, hələ 1948-ci ildə doğma torpaqlarından məhrum olunmuş fələstinli qaçqınlar və nəhayət, ən vacibi, Fələstin dövlətinin yaradılması məsələsidir. Bu məsələlərin həlli istiqamətində real addımlar atılmazsa, Yaxın Şərq münaqişəsinin həlli mümkün deyil.

Bir də, kimlərinsə bəyənib-bəyənməməsindən asılı olmayaraq, HƏMAS fələstinlilərin real siyasi qüvvəsidir və onunla hesablaşmaq lazım gələcək. Bunun əvəzində HƏMAS-ın məhvinə yönəlmiş tədbirlər strateji baxımdan uğursuzluğa məhkumdur və bu, sadəcə Müqəddəs Torpaqda tarixi kompromisə nail olunması imkanlarını daha da çətinləşdirir.

İsrailin bu dəfəki hərbi əməliyyatları Fələstinin 2 aparıcı təşkilatı olan FƏTH ilə HƏMAS-ın milli birlik hökuməti yaratmalarından dərhal sonraya təsadüf edib. Təl-Əvivi "hərəkətə keçirən" də bu qərarın onun terror təşkilatı saydığı HƏMAS-ı leqallaşdırması idi.

Nəzərə alsaq ki, HƏMAS-ın mövqeyi özündə de-fakto fələstinlilərin Yaxın Şərqdəki vəziyyətdən narazılıqlarını əks etdirir, Fələstin müqavimətini radikallıqdan uzaqlaşdıracaq, ümumi sülh prosesinə təkan verəcək tədbirlərə ehtiyac var. İstənilən halda, ilk olaraq, Qəzzanın 7 ildən artıqdır, davam edən blokadasına son qoyulması məsələsi nəzərdən keçirilməlidir. Bu mənada diqqət çəkən məqam HƏMAS lideri Xaled Maşaalın Misirin hərbi əməliyyatlara son qoyulması təklifini rədd etməsidir. O, barışığın yalnız Qəzza sektorunun blokadadan azad olunmasından sonra mümkün olduğunu söyləyib.

Odur ki, İsrail vaxtilə "Fələstinin bir nömrəli terrorçusu" saydığı Yasir Ərəfatla razılığa getdiyi kimi, indi də HƏMAS-la razılıq əldə etməlidir. Baş verənlər bir daha göstərir ki, Müqəddəs Torpaqda üç monoteistik dinin tərəfdarları üçün sülhə yalnız tam və hərtərəfli dialoqla nail olmaq mümkündür.



MƏSLƏHƏT GÖR:

603