8 May 2024

Çərşənbə, 22:41

SANKSİYA TƏHLÜKƏSİ

Rusiyaya qarşı təzyiqlərin artması və sanksiyaların sərtləşməsinin arxasında nələr durur?

Müəllif:

05.08.2014

Rusiyanın üzərini qara buludlar alır. Bulud nədir - Kremlin üzərində əməlli-başlı sanksiya ildırımları çaxır. 

Yeni və Köhnə qitələr eyni fikirdədilər - Moskvanı cəzalandırmaq lazımdır. Malayziya "Boinq"inin üzləşdiyi fəlakəti araşdıran ekspertlərin rəyləri hələ hazır olmasa da, Ağ Evin nümayəndəsi Coş Ernest artıq bəyan edib ki, "təyyarənin məhv olunmasında Rusiya prezidenti Vladimir Putin günahkardır". Bundan başqa, Vaşinqtonun fikrincə, Moskva Ukraynanın cənub-şərqindəki separatçılara hərtərəfli dəstək verir. Aİ-nin aparıcı dövləti olan Almaniya maliyyə naziri Volfqanq Şoyblenin dili ilə vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar məsələsində əsas məsələ "sülh və sabitliyə nail olmaqdır", Almaniyanın iqtisadi maraqları isə artıq ikinci dərəcəli məsələdir. 

ABŞ və Aİ sanksiyaların üçüncü paketinə start verib və bu paket artıq Rusiyanın ayrı-ayrı şirkətləri və şəxslərini deyil, sənaye sahələrini əhatə edir. Sektor sanksiyaları Rusiyada dövlətə məxsus maliyyə institutlarının Qərbin kapital bazarına yolunu bağlayır, Rusiya ilə silah alverinə embarqo qoyur və bu ölkəyə hərbi sektor üçün nəzərdə tutulmuş ikili istifadə mallarının verilməsini qadağan edir. Bundan başqa, Rusiyanın həssas texnologiyalar, xüsusilə də neft sahəsindəki texnologiyalara çıxışı məhdudlaşdırılıb.

Bundan sonra Avropa İttifaqının şirkətləri və vətəndaşları Rusiya banklarının buraxdıqları və dövriyyədə 90 gündən artıq qalan yeni aksiyalar, istiqraz vərəqələri və digər maliyyə vasitələrini ala-sata bilməyəcəklər. Aİ Rusiyaya bu ölkənin neft sənayesinin modernləşdirilməsi üçün zəruri olan texnologiya və avadanlıqların ixracını da məhdudlaşdırır. Bunun üçün xüsusi ixrac lisenziyası rejimi tətbiq olunacaq və söhbətin dərin sularda qazma, şist neftinin nəqli və Arktik şelfin işlənməsindən gedəcəyi təqdirdə, lisenziyalar verilməyəcək.

Nəticədə,  "VTB", "Rosselxozbank", "Vneşeknombank", "Qazprombank", "NOVATEK", "Rosneft" kimi nəhəng oyunçular, həmçinin Rusiya hərbi-sənaye kompleksinin nəhəng şirkətləri sanksiyalarla üzləşiblər. 

Ekspertlər hesab edirlər ki, bundan sonra Rusiyanın qızıl ehtiyatlarının üzərinə də böyük yük düşəcək. Kapital axını 200 milyard dolları ötə bilər. Artıq hesablanıb ki, Aİ-nın sanksiyaları üzündən Rusiyanın iqtisadi itkiləri iki ildə 100 milyard avrodan çox olacaq. "TheEconomist" jurnalının hesablamalarına görə, ümumilikdə Rusiya investisiya iqliminin pisləşməsi ucbatından 1 trln. dollar itirəcək. 

ABŞ-ın maliyyə naziri Ceykob Lyu hesab edir ki, Rusiyanın Ukraynadakı siyasətinə cavab olaraq tətbiq olunmuş sanksiyalar Rusiya iqtisadiyyatını sıfır həddinə gətirəcək.  RF üçün ən pis məsələ, təbii ki, texnologiyalara yolunun bağlanmasıdır, çünki bu ölkədə texnologiya ilə bağlı problemlər onsuz da çox idi. 

Amma hələ bu da son deyil. Haaqa məhkəməsində YUKOS şirkətinin keçmiş səhmdarlarının iddiasının qismən təsdiqlənməsi ən ciddi xəbərlərdəndir. Qərara görə, Moskva YUKOS-un səhmdarlarına iddiada tələb olunan 114 milyard dollar əvəzinə 50 milyard dollar ödəməlidir. Bu vəsaitin 39,9 milyardı "HulleyEnterprises", 1,8 milyardı "YukosUniversal", 8,2 milyardı isə "VeteranPetroleum"a veriləcək. Məhkəmə hesab edib ki, YUKOS-a qarşı vergi iddiası qaldıraraq onu müflis elan edən və aktivləri "Rosneft"in ixtiyarına verən Rusiya, bununla Enerji Xartiyasının tələblərini pozub.  Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi YUKOS-un keçmiş səhmdarlarının hələ 2011-ci ildə Rusiyaya qarşı qaldırdığı iddiaya görə, onlara 1,86 mlrd. avro həcmində kompensasiya ödənilməsi haqda qərar çıxarıb.

Rusiyanın Maliyyə Nazirliyi Haaqada qəbul olunmuş hökmü "siyasi motivli" adlandırıb və Niderland məhkəmələrinə müraciət edəcəyini bildirib. Rusiya tərəfi bildirir ki,  bu iddiaya artıq neçə il idi baxılırdı, amma hökm nədənsə məhz indi - Rusiyanın hər tərəfdən sanksiyalarla üzləşdiyi vaxtda elan olunub. 

Moskvada, həmçinin xatırladırlar ki, Rusiya Enerji Xartiyasına qoşulsa da, onu ratifikasiya etməyib, odur ki, bu məsələyə Haaqa məhkəməsində baxıla bilməzdi. 

YUKOS-un müflis elan olunmasından sonra onun aktivlərinin böyük hissəsini nəzarətə götürmüş "Rosneft" də qalmaqaldan kənar qalmaq istəyir və bildirib ki, bu mübahisələrdə iştirakçı olmadığından, Haaqa məhkəməsinin qərarına görə cavabdeh tərəf ola bilməz. Yeni məhkəmə çəkişmələri illərboyu uzana bilər və hələ çox əsəb aparacaq. Amma əsas problem, təbii ki, bu deyil. İddiaçı qismində çıxış etmiş GML şirkətinin rəhbəri Tim Osborn hesab edir ki, bundan sonra "Rosneft" özünün Qərbdəki aktivlərinin təhlükəsizliyinə tam əmin ola bilməz. 

Beləliklə, Moskva sərt beynəlxalq sanksiyalar və beynəlxalq məhkəmənin sərt qərarları ilə üzləşib. ABŞ prezidenti Barak Obama bildirir ki, "Rusiya bu gün özünü dünya birliyindən təcrid edir... Bu, Rusiyanın və prezident Putinin seçimidir". Ağ Evin rəhbəri xüsusi olaraq vurğulayıb ki,  "ABŞ Rusiya ilə yeni "soyuq müharibə"yə başlamır, sadəcə, söhbət ondan gedir ki, Rusiya Ukraynanın öz yolunu özünün müəyyənləşdirməsi hüququnu tanımaq istəmir". Həqiqətən də görünən odur ki, Vaşinqtonla Brüssel Kiyevi Rusiya təhlükəsindən qorumaq üçün sonadək getmək əzmindədirlər. Bunun üçün, hətta Aİ özünə ziyan olsa belə, Moskvanı cəzalandırmaq qərarına gəlib. Avropa Komissiyasının rəyinə görə, Rusiyaya qarşı sanksiyalara görə Aİ bu il 40 milyard, 2015-ci ildə isə 50 milyard dollar itirəcək. Yəni, itkilər elə Rusiyanın itkiləri qədər olacaq. Düzdür, Almaniyanın səyləri sayəsində, sanksiyalar müvəqqəti xarakter daşıyacaq və 3 ay ərzində onlara yenidən baxıla bilər. 

Yeni sanksiyaların xarakterinə nəzər salsaq görərik ki, Qərb əsas zərbəni rusiyalı oliqarxlara endirmək qərarına gəlib. Zərbə altında qalan nəhəng Rusiya biznesinin təmsilçilərini Brüssel Kremlin "yaxın ətrafı" hesab edir. Məsələn, oliqarx Arkadi Rotenberqin ("Şimali Avropa boru layihəsi"nin sahibi. Ödənişli Moskva-Peterburq yolunu inşa edən şirkətin direktorlar şurasının üzvü), Yuri Kovalçukun ("Rossiya" bankının şəriki və direktorlar şurasının sədri, "Milli media-qrup"un sahibi), Nikolay Şamalovun ("Rossiya" bankının ikinci səhmdarı) və digərlərinin adları çəkilir. Əsas niyyət ondan ibarətdir ki, maliyyə itkiləri və xarici ölkələrə buraxılmadıqlarına görə, indiyədək pullarını xaricdə xərcləməyə öyrəşmiş oliqarxlar Kremli Qərblə qarşıdurmadan çəkindirmək üçün əllərindən gələni edəcəklər. 

Bir çox müşahidəçilər əmindirlər ki, Qərbin əsas məqsədlərindən biri Ukraynaya dəstək verməkdən çox, Rusiyanın hakim rejimini dəyişməkdir. İndi - Rusiya prezidentinin xalq arasındakı populyarlığının maksimum həddə çatdığı bir vaxtda bu ehtimala inanmaq çətindir, amma nə bilmək olar ki, ölkədə iqtisadi vəziyyət gün-gündən ağırlaşsa və hakimiyyət vətənpərvər əhval-ruhiyyəni istədiyi səmtə yönəldə bilməsə nələr baş verəcək? 

Bu mənada, Rusiya prezidentinin yaxın ətrafında artıq fikir ayrılıqlarının yarandığı haqda deyilənlər əsassız görünmür. Bu haqda ilk olaraq Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) istinadən "DerSpiegel" xəbər yayıb. Berlinin əldə etdiyi məlumata əsasən, Kremldə sərt siyasi kursun tərəfdarları ilə iri biznesmenlər, yəni oliqarxlar arasında mübarizə gedir. İndi Rusiya hakimiyyəti üçün əsas sual budur - kim üstün gələcək: maliyyə maraqları, yoxsa milli maraqlar? Amma etiraf edək ki, biznes-elita ilə xüsusi xidmət orqanlarından çıxmış məmurlar arasındakı qarşıdurma haqda xəbərləri əvvəllər də çox eşitmişik. Özü də bəzi oyunçular neytral mövqe tutur, digərləri isə hətta "komandalarını" belə dəyişir.   

Bütün bunların sonu nə ilə bitəcək? Putin bu cür ağır şəraitdə sanksiyalara tab gətirə biləcəkmi? Və onun əsas rəqibi haradadır - okeanın o tayında, yoxsa elə öz ətrafında?

Bu mənada, XİN başçısı Sergey Lavrovun bəyanatı maraq doğurur: "Biz bu sanksiyaların tətbiqinə sevinmirik, necə ki, sanksiyaları tətbiq edən Avropa ölkələri də sevinmirlər - biz bunu dəqiq bilirik.  Amma sizi əmin edirəm ki, iqtisadiyyatın müxtəlif sahələrində yaranacaq problemlərin öhdəsindən biz gələcəyik. Bəlkə də bundan sonra biz daha müstəqil olacağıq, öz gücümüzə daha çox inanacağıq. Bu da pis deyil".

Öz növbəsində Rusiya prezidenti müqaviməti davam etdirmək əzmində olduğunu nümayiş etdirir. Məsələn, o qısa müddət ərzində Rusiya sənayesini idxalı əvəzləmə rejiminə keçirmək haqda göstəriş verib. Onun fikrincə, bu ona görə zəruridir ki, xarici tərəfdaşların əvvəlcədən imzalanmış müqavilələrə əməl edəcəklərinə zəmanət yoxdur.  Ona görə  mümkün qədər qısa vaxt ərzində yerli materiallar və  komplektasiyaları  seçmək lazımdır. 

Amma axı məsələ yalnız yerli materiallarda deyil. Beynəlxalq arenada əsl müstəqilliyi təmin etmək üçün Rusiya tamamilə yeni iqtisadi və sosial inkişaf modeli qurmalıdır.  Yeni kadr siyasəti, qərarların qəbulu mexanizmi, ideologiya, təhsil, mədəniyyət sahəsində yenilənmə lazımdır.

Odur ki, Rusiya lideri yaxın vaxtlarda ölkə daxilindəki əsl nüfuzu və avtoritetini göstərməli olacaq.



MƏSLƏHƏT GÖR:

480