5 May 2024

Bazar, 19:07

ÇÖRƏK XATİRİNƏ DEYİL...

Avrasiya İttifaqının problemli tərəfləri

Müəllif:

05.08.2014

2008-ci il fevralın sonlarında Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə MDB-nin Rusiyanın xarici siyasətində aşkar və dəyişməz prioritet olduğunu həmkarlarının nəzərinə çatdırmışdı. Bu bəyanatın verilməsi postsovet Rusiyasının ötən əsrin 90-cı illərində və 2000-ci ilin əvvəllərində yürütdüyü qərbpərəst xarici siyasətin Moskvanın gözləntilərini doğrultmaması ilə bağlı idi. Bu siyasət nəticəsində Rusiya nəinki ümum-Avropa ailəsinə qəbul edilməmiş, üstəlik, bir neçə il əvvələdək vahid ittifaqda yer aldığı respublikalardan ibarət postsovet məkanındakı geosiyasi nüfuzunu ciddi şəkildə itirmişdi. Fürsətdən istifadə etmiş Qərb dövlətlərisə  Rusiyanın itirdiyi mövqeləri ələ keçirmişdilər.

2009-cu ildə Dmitri Medvedevin Rusiyaya prezidentlik etdiyi dönəmdə Moskva Qərblə geosiyasi qarşıdurmanın dərinləşməsindən qaçmaq üçün Vaşinqtonla münasibətlərdə "yenilənmə" elan etdi. Amma münasibətlərin yenidən qurulması işinə bu da kömək etmədi. Əksinə, bu dialoqda sərt ritorika ildən-ilə güclənməyə başladı. Qərbin postsovet məkanında mövqelərini gücləndirməsi isə Moskvada xüsusi qıcıq yaradırdı və indi də yaradır. Məhz, bu səbəbdən, 2011-ci il oktyabrın əvvəlində Rusiyanın baş naziri Vladimir Putin seçkiqabağı kampaniyası zamanı "Avrasiya üçün yeni inteqrasiya layihəsi - bu gün doğulan gələcək" adlı məqalə ilə çıxış etdi. Məqalədə 2011-ci ildən fəaliyyət göstərməyə başlayacaq Gömrük İttifaqının və perspektivdə Avrasiya iqtisadi məkanının Avrasiya İttifaqının yaradılması üçün əsas ola biləcəyi vurğulanırdı. Putin bildirirdi ki, bu ittifaqın yaradılması vacib inteqrasiya layihəsi olmaqla, yalnız Rusiya, Belarus və Qazaxıstan üçün deyil, bütünlükdə postsovet məkanı ölkələri üçün tarixi mərhələyə çevriləcək. Bununla yanaşı, Putin məqalədə söhbətin SSRİ-nin bu və ya digər formada bərpasından deyil, siyasi, iqtisadi əsaslarla yeni dəyərlərə sıx inteqrasiyadan getdiyini vurğulayırdı. O, bunun zamanın tələbi olduğunu bildirirdi.

Məqaləni V.Putinin üçüncü müddətə Rusiyaya rəhbərlik edəcəyi dövr üçün xarici siyasi kursunun proqramı saymaq olar. O, aydın şəkildə göstərirdi ki, bundan sonra Rusiya postsovet məkanında Qərbin müxtəlif layihələrinə qarşı inteqrasiya proseslərinin dərinləşməsi üçün öz proqramlarını tətbiq edəcək, amorf qurum olan MDB-nin daha ciddi quruma çevrilməsinə çalışacaq. Əslində, bu gün Moskvanın həmin məqsədlərə doğru getdiyini görmək mümkündür. Amma bu yolda Rusiyanın planları siyasi-iqtisadi xarakterli bir sıra problemlərlə üz-üzə qalıb. Bu layihənin uğurla həyata keçirilməsi üçün, ilk növbədə, ciddi maliyyə resurslarına ehtiyac var. Ciddi iqtisadi çətinliklərlə üzləşmiş namizəd ölkələr, məhz, bu resursları əldə edəcəklərinə ümidli olmalıdırlar. Rusiyanın kifayət qədər qızıl-valyuta ehtiyatlarına malik olmasına baxmayaraq, bu gün Qərbin iqtisadi sanksiyaları ilə üzləşmiş Moskva çətin ki, bu xərcləri öz üzərinə götürməyə razılaşsın. Bu konteksdə Moskva üçün ideal variant postsovet məkanında 2-3 mərkəzin yaradılması, Avrasiya İttifaqının maliyyə agentləri rolunun, məhz, həmin mərkəzlərin üzərinə qoyulması olardı. Məsələn, Qərb istiqamətində bu yükü Rusiya öz üzərinə götürür, Mərkəzi Asiyada bu rol Qazaxıstana, Cənubi Qafqazda isə bütün göstəricilərinə görə regionun lideri olan Azərbaycana həvalə olunur. Yeri gəlmişkən, Moskvanın Avrasiya İttifaqı layihəsində Azərbaycanın da iştirakına maraq göstərməsinin əsas səbəblərindən biri, məhz, bu amildir. Amma "hesabı kim ödəyirsə, mahnını da o sifariş edir" prinsipini nəzərə alsaq, ehtimal edilən maliyyə mərkəzləri müəyyən siyasi-iqtisadi imtiyazlar olmadan, çətin ki, bu rolu öz üzərlərinə götürsünlər. Digər yandan, reallıq ondan ibarətdir ki, postsovet respublikalarının heç biri, hətta iqtisadi baxımdan Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistan belə, Avrasiya İttifaqının fərziyyəyə əsaslanan perspektivlərinə görə, Qərblə siyasi-iqtisadi əlaqələrdən imtina etməyə hazır deyil. Bundan başqa, Moskva Avrasiya İttifaqının potensial üzvlərinin ərazi bütövlüyü ilə bağlı kifayət qədər qəti mövqe ortaya qoymur (nə sözdə, nə də əməldə). Rusiyanın bu məsələ ilə bağlı təklifi tam aydın deyil: postsovet ölkələri arasında siyasi-iqtisadi münasibətlər ya postfaktum qurulsun, ya da SSRİ dövründə mövcud olmuş və BMT tərəfindən tanınan sərhədlərin toxunulmazlığı prinsipi əsas götürülsün. İlk halda Moskva üçün müttəfiq tapmaq çətin olacaq, çünki 90-cı illərin Rusiyasının siyasi rəhbərliyi sovet rejiminin sonlarında ölkəyə rəhbərlik edənlərin separatçılara dəstək siyasətini davam etdirib. Doğrudur, 2000-ci illərin başlaması ilə Moskva bu siyasətindən bir qədər əl çəkib. Amma Rusiyanın 2008-ci ildə Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimləri müstəqil dövlət kimi tanıması, o cümlədən bu ilin martında Krımın Rusiyaya birləşdirilməsi qərarı Kreml rəhbərliyinin postsovet məkanındakı separatçı hərəkatların dəstəklənməsi vərdişindən əl çəkə bilmədiyini göstərib. Bu üzdən də Avropa İttifaqı ilə assosiativ üzvlüyə dair saziş imzalamış Gürcüstan, Moldova və Ukrayna ən azı yaxın gələcəkdə Avrasiya İttifaqına üzvlük perspektivinin üzərindən xətt çəkiblər. Sağlam məntiqə əsaslansaq, bu yaxınlarda separatçılığa açıq çağırışlara görə cinayət məsuliyyətinin sərtləşdirildiyi Rusiya qeyd olunan xarici siyasi kursdan tam imtina etməli idi. Bu, Kremlin postsovet məkanında həyata keçirmək istədiyi layihələrin gerçəkləşməsinə ciddi təsir göstərərdi. Rusiyanın hazırkı rəhbərliyinin SSRİ-də 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yaşanmış hadisələrə siyasi-hüquqi qiymətin verilməsi üçün siyasi iradə nümayiş etdirməsi isə bu işə daha ciddi kömək olardı. Amma görünən odur ki, Moskva hələ də bu həqiqətlərin etirafından uzaqdır. Hətta onun Gİ və Aİİ-dəki müttəfiqləri olan Qazaxıstanla Belarus Ermənistanın bu təşkilatlara yalnız BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində qəbul edilə biləcəyini bəyan etsələr də, Moskva hələ də susur. Yəni Astana ilə Minsk Ermənistanın yeni təşkilatlara Azərbaycanın işğal edilmiş əraziləri olmadan qəbulunu vacib sayır. Demək, postsovet ölkələrinin heç biri respublikalardan hansınınsa digərinə qarşı təcavüzkar siyasətinin iştirakçısına  çevrilmək istəmir. Yeri gəlmişkən, eyni mövqe Ukrayna hadisələrilə bağlı da nümayiş etdirilib. Bu faktların fonunda Avrasiya İttifaqı, çətin ki, cəlbedici olsun.

Daha bir vacib məqam yaradılması nəzərdə tutulan birliyin etnokonfessional, etnolinqvistik, etnomədəni, sivil və nəhayət, ideoloji tərkibidir. Çünki Avrasiya İttifaqı daha çox iqtisadi deyil, geosiyasi layihədir və onun kökləri ötən əsrin 20-ci illərinin əvvəllərinə gedib çıxır. Klassik avrasiyalıların iddiasına görə, Asiya və Avropanın mərkəzində, Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşən Rusiya bu iki dünyanı birləşdirən sosiomədəni dünyadır, amma eyni zamanda Asiya komponenti üstünlük təşkil edir. Yəni Rusiyanın formalaşmasında, dövlətçiliyində və mədəni konsepsiyasında Asiya amili slavyan amilindən daha ciddi rol oynayıb. Rusiya milli, irqi, dini, mədəni, dil və ideoloji mozaikada birləşdirici qüvvə kimi çıxış edir. Neoavrasiyalığın banisi, məşhur rusiyalı alim L.N.Qumilyov Avrasiyada tarixən toplanmış mədəniyyət tipini skif-sibir "çöl" stili adlandırırdı: "Orta qitə (Avrasiya) slavyan-türk xalqları üçün "əridici qazan" olub. Bir faktı anlamaq lazımdır: biz nə slavyan, nə də turanlıyıq (halbuki bioloji əcdadlarımızın sıralarında onların hər ikisinə rast gəlinir). Biz rusuq. Onun mədəniyyətini xarakterinə görə sintetik olan Avrasiya mədəniyyəti təşkil edib". Geosiyasi kontekstdə L.N. Qumilyov avrasiyaçılığın banilərindən olmuş N.Savitskinin ideyasını məntiqi sonluğa çatdırıb - ruslar, sadəcə, şərq slavyanlarının bir qanadı deyil, onlar türk-slavyan qarışığından yaranmış xüsusi etnosdur. Onun konsepsiyasında monqol-tatarlar əsarətçi deyil, rus dövlətinin Avropanın katolik təcavüzündən qoruyucusu rolunu oynayıblar.

Buradan da bəlli olur ki, Avrasiya layihəsi sırf sivilizasiya-ideoloji xarakteri daşıyır. Bu mənada potensial tərəfdaşlara hansı mədəni-sivil və ideoloji əsasların təklif olunmasından çox şey asılıdır. Necə deyərlər, insan yalnız çörək naminə yaşamır. Məsələn, Aİ-nin fundamental bazasını Avropa dəyərləri, Roma-katolik kilsəsinin postulatları təşkil edir. Avrasiya məkanının etnokonfessional, etnomədəni və etnolinqvistik müxtəlifliyilə seçildiyini nəzərə alsaq, Rusiya qərəz və millətçilikdən uzaq olan obyektiv moderatorluğa əsaslanan şərtlər təklif etməlidir. İstər iqtisadi baxımdan olsun, istərsə də siyasi. Avrasiya İttifaqının yalnız bu halda yaşamaq şansı olardı.



MƏSLƏHƏT GÖR:

664