4 May 2024

Şənbə, 04:42

NİZAMLANMA DONDU

Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü Qarabağ münaqişəsinin həlli prosesinin dalandan çıxmasına kömək edə bilərmi?

Müəllif:

05.08.2014

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan iyulun 22-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi təmsilçisi Ancey Kasprşik də iştirak edib. Görüşün yekunları ilə bağlı qəbul edilmiş və ATƏT-in saytında yerləşdirilmiş bəyanatda deyilir ki, Minsk qrupunun həmsədrləri gərginlik və zorakılığın artması, o cümlədən təmas xətti boyunca dinc sakinlərin bilərəkdən qətlə yetirilməsi hallarından olduqca narahatdırlar. Vasitəçilər tərəfləri insan ölümü və dinc əhaliyə qarşı qəsdən zorakılıq hallarından uzaq olmağı tövsiyə ediblər. Həmsədrlər, həmçinin münaqişə tərəflərinin xarici işlər nazirləri ilə məsləhətləşmələri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün gündəliyinə dair də fikir mübadiləsi aparıblar. Bu görüşün yeri kimi Nyu-York, vaxtı kimi isə bu şəhərdə sentyabrda keçiriləcək BMT Baş Assambleyasının sessiyası nəzərdə tutulub. Həmsədrlər bildiriblər ki, tərəflər arasında etimad və əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəklər, çünki bunu davamlı sülhün bərqərar olması üçün vacib sayırlar.

Vasitəçilərin xarici işlər nazirləri arasında birbaşa danışıqları təşkil edə bilməməsi sülh prosesinin hələ də dalanda olduğunu göstərir. Ermənilər məlum "Madrid prinsipləri" əsasındakı sülh razılaşmasından imtina edirlər və müzakirələr üçün "atəşin dayandırılması, "etimadın bərqərar olması" üçün snayperlərin təmas xəttindən çəkilməsi məsələsini irəli sürürlər. Yəni, prinsipial məsələ olan erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının müzakirəsindən yayınmaq üçün istənilən addımdan çəkinmirlər. 

Bakı isə böyük sülh razılaşmasının mətninə dair substantiv, yəni, konkret maddələrin müzakirəsinə hazırdır. Bunu hələ bir müddət əvvəl ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərindən sonra Elmar Məmmədyarov bəyan edib. Azərbaycan Prezidenti administrasiyası rəhbərinin müavini Novruz Məmmədov isə Brüssel görüşünün yekunlarına dair şərhində bildirib: "Bizim ölkəmizin mövqeyi bundan ibarətdir ki, erməni tərəfi ilə hər hansı görüş keçiriləcəksə, biz əvvəlcədən bu dialoqun real nəticə verib-verməyəcəyini bilməliyik, niyə bu görüşə getdiyimizi dəqiq anlamalıyıq. Biz gələcək müzakirələrin hansı məqsədlər güddüyünü və hansı nəticələrə gətirib-çıxaracağını bilməliyik". 

N.Məmmədovun sözlərinə görə, dialoq konkret nəticələrə gətirib-çıxarmırsa, ona ehtiyac da yoxdur.

Təbii ki, istənilən sağlam düşüncəli insan üçün Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının alternativi yoxdur. Bu baxımdan, Azərbaycan ATƏT-in MQ-nun səylərini adekvat qiymətləndirir. Amma artıq neçə ildir sülh prosesinin dalana dirənməsi və beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinə iddialarını davam etdirən ermənilərə təzyiq göstərmək istəməməsi sual yaradır: mövcud ədalətsizliyin yalnız yeni müharibə yolu ilə aradan qaldırılmasının mümkünlüyü haqq?nda fikirlər o qədərmi əsassızdır?

Azərbaycan ictimaiyyəti, siyasətçiləri, KİV ABŞ və Avropa İttifaqının Krımın anneksiyasını necə qətiyyətlə pislədiyini, üstəlik, Rusiyanın Ukraynadakı hərəkətlərinə görə Moskvaya qarşı sanksiyaları gün-gündən gücləndirdiyini diqqətlə izləyir. Ermənistan isə zəbt olunmuş Azərbaycan ərazilərində çoxminlik işğalçı ordu yerləşdirdiyini nəinki gizlətmir, əksinə, bununla "qürurlanır"; genişmiqyaslı təlimlər, paradlar keçirir, üstəlik, bu mərasimlərdə onların prezidentləri, müdafiə nazirləri, digər rəsmiləri iştirak edirlər. 

Beynəlxalq hüququn bütün normalarını kobudcasına pozaraq işğal olunmuş Azərbaycan ərazilərini qarət və talanları davam etdirən Ermənistan, indi də qanunsuz olaraq bu ərazilərə erməniləri köçürməkdədir. Amma erməni rəhbərliyinin bu siyasətinin pislənməsi əvəzinə, biz İrəvandakı və Xankəndidəki cinayətkar rejimlərə maliyyə yardımlarının edildiyinin şahidi oluruq. Əslində, hərbi cinayətkar olan erməni liderlərini Avropa paytaxtlarında qəbul edirlər, onların əlini sıxırlar və hətta, döşlərinə yüksək hökumət mükafatları asırlar. Belə olan təqdirdə, sülh prosesi ilə bağlı məyusluğun getdikcə artmasına təəccüblənməyə dəyərmi? Axı MQ-in həyata keçirdiyi bu proses getdikcə daha açıq şəkildə yalnız mövcud status-kvonun dondurulması və yeni erməni-azərbaycanlı müharibəsinə imkan verilməməsi üçün vasitəni xatırladır.

Azərbaycanlı əhalinin doğma kənd, şəhər və rayonlarının 20 ildən artıq işğal altında saxlanmasına dözə bilməməsi özünü yalnız sözdə yox, əməldə də göstərir. Buna bariz nümunə kimi işğal altında olan Kəlbəcər rayonundan olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin girov götürülməsini göstərmək olar. Erməni tərəfi nə yaşı, nə də görkəmi ilə hərbçini xatırlatmayan bu azərbaycanlıları "kəşfiyyatçı və diversant" elan edib, üstəlik, onlardan birini - H.Həsənovu guya müqavimət göstərdiyi üçün qətlə də yetirib. Digər iki dinc vətəndaş isə faktik olaraq girov götürülüb və işgəncələrə məruz qalır. Bu işğəncələrin yerlərinin sağalması üçün isə artıq bir həftədən çoxdur, Beynəlxalq Qırmızı Xaç Komitəçinin nümayəndələri onlara yaxın buraxılmır. Ermənilərin təbliğat kampaniyasına rəğmən aydın olur ki, Kəlbəcər rayonundan olan bu azərbaycanlılar dağ yolları ilə indiyədək dəfələrlə öz evlərinə, kəndlərinə və valideynlərinin dəfn olunduqları qəbiristanlığa baş çəkiblər. Bu təhlükəli səfərlər zamanı çəkilmiş videoroliklər hələ 2009-cu ildən YouTube-da yerləşdirilib. Və indi, onlara qarşı bu cür ittihamlar irəli sürmək üçün heç bir qanuni əsası olmayan qondarma "DQR rəhbərliyi" tutulmuş azərbaycanlılara ağır cəza vermək istəyir. Səbəb yalnız bu torpaqların əsl sahibi olan azərbaycanlılara qarşı ermənilərdə nifrət hissini artırmaq deyil, həm də gələcəkdə işğal altındakı ərazilərə bu cür həmlələrin artması və sonradan bu prosesin partizan müharibəsinə keçməsindən doğan qorxu hissidir.

Hələliksə, sülh razılaşmasının perspektivi ilə bağlı durumdakı qeyri-müəyyənlik fonunda sistematik olaraq atəşkəsin pozulması halları artır, hər iki tərəf lokal kəşfiyyat əməliyyatları və miqyaslı hərbi təlimlər keçirirlər. Hadisələrin bu cür inkişafının sonda nəyə gətirib-çıxaracağını anlamaq çətin deyil. Bu yaxınlarda Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Gerbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan edib ki, Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə nail olunmasa, regiondakı vəziyyət daha da gərginləşə bilər. 

Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinə prinsipial yanaşma məsələsində müəyyən irəliləyişlər hiss olunmaqdadır. Məsələn, Prezident İlham Əliyevin bu il iyulun 14-də İtaliyaya səfəri zamanı İtaliya prezidenti Cordano Napolitano ilə birgə Bəyannamə qəbul edilib. Sənədin preambulasında İtaliyanın Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyi əks olunub. Bəyannamədə qeyd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təcili olaraq ATƏT-in MQ çərçivəsində nizamlanmalıdır. Bundan əvvəl bir sıra Avropa, Latın Amerikası və Asiya ölkələrinin parlamentləri də analoji bəyanatlarla çıxış ediblər. 

Bu yaxınlarda ABŞ Konqresi ikinci oxunuşda ölkə prezidentinə Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Bosniya və Herseqovina, Kosovo, Makedoniya, Çernoqoriya və Serbiya ilə hərbi əməkdaşlığı gücləndirməyə dair tövsiyəni əks etdirən qanun layihəsini qəbul edib. Və bu layihə yuxarıda qeyd edilən məsələdə də yeni element ola bilər.  Qanun layihəsi, həmçinin ABŞ və NATO-nun bu ölkələrin təhlükəsizliyinin təmin olunmasına yardımı artırmasını da nəzərdə tutur.  Sənəd Ukrayna, Gürcüstan və Moldovaya NATO-ya üzvlük olmadan ABŞ-ın müttəfiqi statusunun verilməsini əks etdirir. 

Bununla paralel olaraq, Ermənistanın beynəlxalq mövqelərinin daha da zəifləməsi və bu ölkənin prezidenti Serj Sarqsyana açıq-aşkar sayğısızlığın nümayişi də müşahidə edilir. Amma bütün bunlar hələ ki həlledici beynəlxalq təzyiqə gətirib çıxarmayıb. Nə qədər ki,  işğala məruz qalan (bu fakt BMT TŞ-nın 4 qətnaməsi ilə təsdiqlənib) Azərbaycanla işğalçı Ermənistana bərabər yanaşılır, İrəvanın qeyri-konstruktiv mövqedən çəkinəcəyini gözləmək əbəsdir.  

Bu yaxınlarda ABŞ Senatı yekdilliklə "Moldovanın ərazi bütövlüyünə dəstək" və Rusiyanın Kişinyova "təzyiq"inin pislənməsi ilə bağlı SR 500 qətnaməsini qəbul edib. Sənəddə Dnestryanı rəhbərliyinə münaqişəsinin Moldovanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində nizamlanması istiqamətində siyasi dialoqu bərpa etmək tövsiyə olunur. Görəsən, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yanaşmada da eyni prinsipiallıq nümayiş etdirməyə nə mane olur? Əgər bu, "qüdrətli" erməni lobbisinin fəaliyyətinin nəticəsidirsə, onda ABŞ-ın qlobal mənəvi və siyasi liderliyə iddiaları nə dərəcədə əsaslı görünür? Tərəfdaşlıq, hətta fövqəldövlətlə balaca ölkələrin münasibətlərində belə - ikitərəfli yoldur. Və həm Brüsseldə, həm Vaşinqtonda, həm Parisdə, həm də Moskvada bunu dərk etməlidirlər.


MƏSLƏHƏT GÖR:

534