6 May 2024

Bazar ertəsi, 00:19

OBAMA ÜÇÜN GÜZGÜ

Ferqüson Amerikadaxili problemlərin rəmzi sayıla bilər

Müəllif:

26.08.2014

"OccupyWallStreet" hadisələri yaddaşlardan silinməmiş ABŞ-da yenidən ümumxalq narazılığı baş qaldırıb. Hökumət onu güc tətbiqilə yatırmaq məcburiyyətində qalıb. 

Hər şey avqustun 9-da polis əməkdaşı Darren Uilsonun 18 yaşlı afroamerikalı Maykl  Braunu güllələməsilə başlayıb. Versiyalardan birinə əsasən, Braun mağaza qarət edib, daha sonra asayiş keşikçisinə hücum çəkib. Digər versiyada bildirilir ki, 18 yaşlı gənc sakitcə yolu ilə getsə də, nədənsə polisə şübhəli təsir bağışlayıb. Əslində, nə baş verdiyi məlum deyil - gənc, həqiqətən, özündə olmayıb, yoxsa polis həddindən artıq əsəbi imiş? İstənilən halda, gəncə 6 güllə vurulub - 4-ü qoluna, 2-si başına. KİV-də yer alan məlumatlara görə, Braunun ailəsi tərəfindən müxtəlif ekspertizanın təşkili məqsədilə işə cəlb olunmuş Nyu-Yorkun keçmiş patoloqoanatomu cəsədin üzərində dava-dalaş əlamətləri aşkarlamayıb. O, gəncə atəşin ən azı yarım metr aralıdan açıldığını da müəyyənləşdirib. Şahidlərin sözlərinə görə isə Braun əllərini yuxarı qaldıraraq təslim olmaq qərarı verdikdən sonra güllələnib. Nəticədə, Ferqüsonun qaradərili əhalisi onların yoldaşlarının az qala qəsdən öldürüldüyü qərarına gəliblər və hadisənin ədalətli şəkildə araşdırılmasını tələb etməyə başlayıblar.

Ədalət tələbi mağazaların, dövlət qurumlarının talanı, polis məntəqələrinin mühasirəsi, yolların bağlanması, "Molotov kokteyli"ndən istifadə, daş-qalaqla müşahidə olunub. Yerli polislər bu vəziyyətdə riskə getməmək qərarına gəliblər və Ferqüsona milli qvardiya və zirehli texnika yeridilib. Şəhərə yeridilən qvardiya üzvləri gözyaşardıcı qazla, işıq, tüstü qumbaraları, rezin güllələr və dəyənəklərlə silahlanıblar. Şəhərcikdə fövqəladə vəziyyət və komendant saatı da elan olunub. Polis müvafiq instansiyalardan asayişin bərpası məqsədilə keçirilən əməliyyatların təhlükəsizliyinin təmini üçün Ferqüson üzərində uçuşsuz zonanın elan edilməsini də istəyib. Güman ki, burada məqsəd həm də informasiya qurumlarının vertolyotlarından yaxa qurtarmaq olub. İnsidentlər zamanı 30-dan artıq insan həbs olunub, bir neçə nəfər yaralanıb. Maraqlıdır ki, saxlanılanlar arasında jurnalistlər, həmçinin digər ştatlardan, məsələn, Nyu-Yorkdan və Kaliforniyadan rezidentlər də olub. Müxbirlər, bu üzdən, Ferqüsonda etirazların yaxşı təşkil olunduğu, polis isə "kənardan təşviqatçıların iştirakı" qənaətinə gəliblər. Qeyd edək ki, paralel olaraq Nyu-Yorkda, Filadelfiyada, Bostonda və Los-Ancelesdə də etirazçılar küçələrə çıxıblar.

Qiyamçı şəhərə baş çəkən ABŞ-ın baş prokuroru Erik Holder Braunun qətlilə bağlı istintaqı şəxsən nəzarətə götürdüyünü bildirib. Onun fikrincə, 18 yaşlı gəncin qətlinin araşdırılması "ictimaiyyətin yalnız Ferqüsonda yox, ondan kənarda da asayiş keşikçilərinə inamının bərpası baxımından vacib məsələdir". Məlum olub ki, bir polis zabiti etirazçılardan birinə silah tuşlayaraq onu ölümlə hədələdiyi üçün işdən azad olunub. İnsidentin videogörüntüsü "YouTube" portalına yerləşdirilib. İstintaqa gəlincə, mərhum Braunun cəsədi qəbirdən çıxarılaraq, təkrar yarılmaya göndərilib.

ABŞ prezidenti Barak Obama baş verənlərlə bağlı məzuniyyətini yarımçıq saxlayıb və xalqa müraciət edib. Prezidentin sözlərinə görə, o, Braunun ölümü ilə bağlı "emosiya və qəzəbi" anlayır, "lakin qəzəbin soyğunçuluqla, silah gəzdirməklə, polisə hücumla ifadə olunması gərginliyin artırılması və xaosa aparır". Obamanın fikrincə, bu cür davranış "heç cür ədalətin zəfərinə yardım etmir".

Bəs, qəzəblənmiş Ferqüson sakinləri üçün ədalət nədən ibarətdir və ədalətli araşdırma ilə bağlı tələblər nədən əsl küçə döyüşlərinə çevrilib? Ayrı-ayrı şahidlərin sözlərinə görə, Ferqüsonda asayişin bərpası ilə məşğul olan polis və hərbçilərin təchizatı az qala İraq və Əfqanıstanda xidmət çəkən həmkarları ilə eyni səviyyədədir. Bundan başqa, şahidlər asayiş keşikçilərinin silahlarını mülki şəxslərə son dərəcə asanlıqla tuşladıqlarını da bildirirlər. Yeri gəlmişkən, Braunun ölümündən sonra polis daha bir 23 yaşlı qaradərilini güllələyib. Sent-Luis polisinin bildirdiyinə görə, asayiş keşikçilərinin sözügedən şəxsə qarşı silah işlətməsinin səbəbi onun polisə bıçaqla hücum etməsi və "xaotik davranışları" olub.

Dəmir yolunun ətrafında yerləşən Ferqüson böyük şəhər olan Sent-Luis ətrafında qəsəbədir və 20 mindən artıq əhaliyə malikdir. Şəhərdə ağdərililər azlıqdadır (təxminən, 30%). Paradoks ondan ibarətdir ki, yerli polis şöbəsinə məhz ağdərililər nəzarət edir. Ferqüsonun şəhər və məktəb şuralarında da vəziyyət eynidir. Beləliklə, şəhərciyin əksər əhalisi afroamerikalılar olsa da, vacib qərarlar ağdərililər tərəfindən qəbul edilir, nizam-intizamı məhz ağdərililər yaradır. Yeri gəlmişkən, son 20 ildə Ferqüsonda ağdərili sakinlərin sayı 2,5 dəfə azalıb, qaradərililər isə bir o qədər artıb. Bunun səbəbi kimi, şəhərcikdə iqtisadi vəziyyətin ağırlaşması göstərilir. Yəni, başqa sözlə, ağların getməyə yerləri var, afroamerikalılar isə getdikcə daha ağır şəraitlə üzləşirlər. "LosAngelesTimes" qəzetində yer alan rəqəmlərə görə, ABŞ-ın şəhərətrafı qəsəbələrində yoxsulların sayı iki dəfə artıq sürətlə artır və onların əksəriyyəti məhz afroamerikalılardır. İnternetdə sərbəst şəkildə yerləşdirilən, müxtəlif saytlarda yer alan adi statistik məlumatda göstərilir ki, ABŞ-da orta statistik ağdərili ailəsi orta statistik afroamerikalı ailəsindən 20 dəfə zəngindir. Qaradərili amerikalılar arasında işsizliyin səviyyəsi ağdərililərlə müqayisədə 2 dəfə çoxdur. Natamam ailələrdən olan uşaqların əksəriyyəti qaradərililərdir. Amerika həbsxanalarında qaradərili məhbusların sayı ağdərililərdən 2 dəfə artıqdır.

Sanki ABŞ-da irqi qarşıdurma mövzusu "çeynənmiş" mövzudur və artıq çoxdan qapanıb, "Tom dayının daxması" isə sadəcə keçmişə aid insanların zalımlığına dair ədəbi xatirədir. Amerika bu biabırçı azardan çoxdan qurtulub. ABŞ tarixinin ilk qaradərili prezidenti olan Obamanın dövlət başçısı seçildiyi vaxt bütün dünya Amerika ilə birlikdə bayram edirdi - bu, tolerantlığın, demokratikliyin və açıqlığın nümunəsi sayılırdı. Hamı düşünürdü ki, indi ABŞ-da qaradərililər istənilən yüksəkliyi fəth edə bilərlər - onlar istər şou-biznesdədirlər, istər elmdə, istərsə də siyasətdə. Amma bütün bunlar televizorda belədir. Bəs, həyatda? Həyatda görünən yalnız quru statistik rəqəmlərdir. Üstəlik, ABŞ-da son miqyaslı "qara" talanları o qədər də qədimdə baş verməyib. Bu, Los-Ancelesdə və San-Fransiskoda 1992-ci ildə yaşanıb. Sadəcə, əksər KİV-in yaddaşı həddindən artıq zəifdir.

İstənilən halda, Ferqüsonda yaşananların görüntüləri bütün planetə yayılıb və ciddi diqqətə səbəb olub. Amma o da üzə çıxıb ki, dünyanı narahat edən heç də ABŞ-dakı irqi problemlər deyil. Diqqəti tamamilə başqa məqamlar cəlb edib. Əksər şərhçilər diqqəti Amerikadaxili münaqişələrə çəkiblər - ağlarla afroamerikalılar, ağlarla Latın Amerikasından olanlar arasında, yoxsullarla zənginlər, Nyu-York və San-Fransisko kimi iri şəhərlərin sakinləri arasında, seksual münasibətlərdə, dəbdə və s.-də.. Üstəlik, Barak Obamanın özünün etiraf etdiyi kimi, ABŞ-ın əksər icmalarında yerli sakinlərlə hüquq mühafizə orqanları arasında "inamsızlıq uçurumu" var. Bu problemlər (yeri gəlmişkən, bu məsələyə ölkədə vətəndaşlara silah gəzdirmək hüququnun verilməsi də təsir göstərir) müvafiq katalizatorun olduğu bir şəraitdə istənilən anda "yeni Ferqüson"a yol açab bilər. Bu halda etirazlar yenə ordunun köməyilə yatırılacaq? Bu nə dərəcədə legitim və demokratikdir?

ABŞ öz-özünü təkzib etmir ki? Bir çox amerikalı siyasətçilərin, o cümlədən ölkə başçısının (və onun bu postdakı sələflərinin) hamıya yaxşı məlum olan sözləri olmasaydı, dünyada yaşananlar fonunda (elə təkcə Ebola nəyə desən dəyər Ferqüson rəhbərliyinin qərarı və Vaşinqtonun ona dəstəyi bu qədər diqqət cəlb etməzdi. Müxtəlif variasiyalarda həmin fikirlərin təkrar-təkrar səsləndirilməsi belə fikir yaradıb ki, demokratik dövlətdə dinc nümayişçilərin öz mövqelərini ifadə etmələrinə mane olunmamalıdır.

İctimai tədbirlər, toplantılar, yürüşlər bir çox beynəlxalq sənədlərdə əksini tapmış fundamental insan haqları sırasında yer alır. Misal kimi, İnsan Haqları Bəyannaməsini göstərmək olar. Bu hüquq dünyanın, demək olar ki, bütün demokratik konstitusiyalarında da əsas yerlərdən birini tutur. Məhz, bu hüququn pozulması bir çox "inkişaf etməkdə olan", o cümlədən "üçüncü dünya ölkələri"nin müxtəlif hüquq müdafiəsi təşkilatları tərəfindən tənqid edilməsinə səbəb olur. Belə dövlətlər eyni səbəbdən ABŞ Dövlət Departamentinin monitorinq hesabatlarında da tənqid olunur.

Amma diqqət yetirdikdə görürük ki, elə həmin hesabatlarda ildən-ilə daha ən demokratik sayılan dövlətlərdə (ABŞ və Avropa ölkələri daxil olmaqla) söz və sərbəst toplaşmaq azadlığına müxtəlif məhdudiyyətlər var. Həmin dövlətlərdə nümayişlərin, yürüşlərin keçirilmə qaydası və yeri, müraciətlərə baxılma müddəti, "dinc yürüş"lə "qeyri-qanuni toplaşma" (bu, əhalinin əksər hissəsinin hüquqlarının müdafiəsilə əsaslandırılır) arasında sərhədin müəyyənləşdirilməsilə bağlı sərt tələblər mövcuddur. Hakimiyyətin cavab addımının itiliyi və sərtliyi də son amildən asılıdır. İndiyədək çoxlarına tanış olmayan Ferqüsonda da, məhz, bu baş verib...

Amma bu, tam belə deyil. Ferqüsonda həm də "Forbes" jurnalının versiyasına əsasən, top-200-ə daxil olan nəhəng transmilli şirkətlərdən birinin mənzil-qərargahı yerləşir. Söhbət Emerson şirkətindən gedir. Prezident ailəsinin bu şirkətdə ciddi pay sahibi olduğu bildirilir. Üstəlik, irqi zəmində qarşıdurma ölkəyə qaradərili şəxsin prezidentlik etdiyi dönəmdə baş verir - bu, Obamanın qaradərili seçicilərin əksəriyyətinin dəstəyini itirməsilə nəticələnməyəcək ki?



MƏSLƏHƏT GÖR:

590