6 May 2024

Bazar ertəsi, 23:06

XOŞBƏXTLİK GƏTİRƏN İNSAN

Mehriban Əliyeva: "Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb"

Müəllif:

26.08.2014

"Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas odur ki, ehtiyacı olan insanlara kömək edəsən". Mehriban xanım Əliyevanın bu sözlərini ötən həftə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidentinin Rusiyanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordenilə təltif olunması barədə xəbər yayılanda xatırladım. O, bu mükafata qubernatorun sərəncamı ilə "Həştərxan vilayətilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın inkişafı və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfələrə görə" layiq görülüb.

Bunun ardınca avqustun 21-də Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva daha bir yüksək mükafata layiq görüldü - Küveyt Dövlətinin Fəxri diplomu. Bu mükafat ona dünyada islam irsinin geniş təbliğinə, Azərbaycanda və ondan kənardakı xeyriyyəçilik fəaliyyətinə, təhsil və səhiyyə sahələrinə verdiyi böyük töhfələrə görə təqdim edildi.

Elə həmin isti avqust günlərində informasiya agentlikləri Bakıda nadir ağac növlərinin kəsilməsinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsən müdaxiləsindən sonra dayandırıldığına dair xəbərlər yaydılar.

Bütün bu xəbərlərə nəzər salanda istər-istəməz göz önündə Mehriban Əliyevanın fəaliyyətinin miqyası canlanır - Bakının bir rayonunda cəmi bir neçə ağacın müdafiəsindən tutmuş, dünya irsinə aid abidələrin qorunmasınadək. Onun üçün əməllərin böyüyü-kiçiyi, əhəmiyyətlisi-əhəmiyyətsizi yoxdur. Bu işlərin hamısı vacib, əhəmiyyətli və təxirəsalınmazdır. "Bəziləri itirdiyi sağlamlığını qaytarmağa çalışır, bəzisi təhsil almaq, digəri muzey yaratmaq, bir başqası isə gələcək nəsillər üçün abidələri qorumaq istəyir. Bəzən infrastruktur dəyişikliklərini müdafiə etmək zərurəti yaranır, bəzən də maraqlı layihələrin təşkilati dəstəyə ehtiyacı olur. Ən əhəmiyyətlisi odur ki, biz həm böyük layihələrin həyata keçirilməsi, həm də insanlara kömək etməklə məşğuluq", - deyə Mehriban Əliyeva müsahibələrindən birində qeyd edib.

 

Sosial sifariş

Hələ 2004-cü ildə Heydər Əliyev Fondu yaradılan zaman hər şeydən əvvəl söhbət cəmiyyətin dəstəyə daha çox ehtiyacı olan təbəqəsinə köməklik göstərilməsindən gedirdi - uşaqlar, valideyn himayəsindən məhrum olanlar, müxtəlif xəstəliklərin daşıyıcıları, qaçqın və məcburi köçkünlər, yaşlı nəsil. Bu gün Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin nəticələri göz qabağındadır. Bu, yüz mindən artıq şagird üçün yüzlərlə yeni məktəbin istifadəyə verilməsi, müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzləri, fiziki qüsurlu şəxslərin ictimaiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması, gənclər üçün evlərin inşası, qaçqın və məcburi köçkün ailələri üçün yaşayış massivlərinin salınmasıdır. Mehriban Əliyevanın dəstəyi sayəsində bu gün Azərbaycanda mövcud olan uşaq evləri və internat məktəbləri tamamilə yenidən qurulub.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəzən Heydər Əliyev Fondu tərəfindən başlanılan layihələr sonradan dövlətin dəstəyini alır və bütün ölkə ərazisində daha miqyaslı şəkildə həyata keçirilir. Məsələn, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyilə 412 yeni məktəb binası inşa olunub. Sonradan dövlət bu proqrama dəstək verib və nəticədə, ölkədə 3 mindən artıq məktəb təmir edilib və ya yenidən qurulub.

Bir neçə il əvvəl isə Mehriban Əliyevanın təşəbbüsü ilə "Talassemiyasız həyat naminə" proqramına start verilib. Proqram çərçivəsində Bakıda regionun ən nəhəng Talassemiya Mərkəzi inşa olunub. Bu gün dövlət bu xəstəliklə mübarizə üzrə xüsusi proqram hazırlayır.

 

Dialoq naminə 

Mehriban Əliyevanın fəaliyyətinin daha bir vacib istiqaməti gənc istedadların dəstəklənməsi, tarixi abidələrin yenidən qurulması, qədim mədəniyyətlərin və incəsənətin təbliği, nəhayət, əsrlərdən bəri tolerantlığın hökm sürdüyü dünyəvi dövlət olan Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasıdır.

Heydər Əliyev Fondu həyata keçirdiyi hər bir layihə ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və tolerantlıq kimi ümumbəşəri dəyərlərin qorunmasına töhfə verməyə çalışır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkənin regionlarında onlarla tarixi-memarlıq və dini abidələr bərpa olunub, məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir və yenidənqurma işləri aparılıb. Bakıda yəhudi uşaqlar üçün təhsil kompleksi açılıb.

Heydər Əliyev Fondu Strasburq Kafedral kilsəsinin vitrajları, Versal sarayındakı abidələr, Fransanın müxtəlif regionlarında yerləşən kilsələr, Berlin qəsri, Roma katakombaları, Vatikan kitabxanasında saxlanılan dəyərli foliantların bərpasına dəstək verib.

Mehriban Əliyevanın bütün bu təşəbbüsləri, həmçinin Azərbaycanda vaxtaşırı keçirilən beynəlxalq forumlar, faktiki olaraq, sivilizasiyalararası dialoq adlı qlobal prosesin əsasını qoyub və Bakını bu hərəkatın paytaxtına çevirib.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, eləcə də Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan paytaxtında Beynəlxalq Muğam Mərkəzi tikilib, hər il Bakıda muğam müsabiqəsi keçirilir. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Rostropoviç və Şostakoviç festivalları, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyovun və Bülbülün yubileylərinə həsr olunmuş beynəlxalq festivallar da dünya musiqiçiləri üçün xoş ənənəyə çevrilib.

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti dünya miqyasında geniş rezonans doğurub. Onun təltif edildiyi "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni, genişmiqyaslı xeyriyyəçilik və bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərə görə layiq görüldüyü "Qızıl ürək" beynəlxalq mükafatı, Fransanın "Şərəf Legionu" ordeninin zabit dərəcəsi, Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların ali mükafatları Mehriban Əliyevanın fəaliyyətinə verilən beynəlxalq qiymətdir.  

UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva hər kəsin anladığı dildə - mədəniyyət, incəsənət, insanpərvərlik dilində danışır. Bu, həm də Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yardım edir. Bu gün "Xocalıya ədalət!" kampaniyasının müsbət nəticələri göz qarşısındadır. 

 

Xeyirxah iş

Heydər Əliyev Fondunun fəaliyyətinin ən böyük nəticəsi isə Mehriban Əliyevanın özünün fikrincə, Azərbaycanda xeyriyyəçilik ənənələrinin bərpasıdır. "Ölkəmizdə xeyriyyə fəaliyyətinin uzun tarixi var. İlk neft bumu dövründə neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev bu ənənələrin yaranmasına böyük töhfə veriblər. İyirminci əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev qızlar üçün ilk dünyəvi məktəbin tikintisini, ilk milli teatrın açılmasını maliyyələşdirib. O, azərbaycanlı gənclərin Rusiyada və Avropada təhsil almasına da yardım edib. Musa Nağıyevin tikdirdiyi gözəl binalar Bakının memarlıq inciləri sırasındadır. Yaxşı haldır ki, bu ənənələr qədim tarixi olan, Şərq ilə Qərbin kəsişdiyi yerdə qərar tutan tolerant və dünyəvi Azərbaycanda indi də yaşayır. Burada keçmişlə indiki zaman həmahəng olaraq yaşayır",- deyə Mehriban Əliyeva müsahibələrindən birində bildirib.

O, hesab edir ki, xeyriyyəçiliyi dövlətin sosial siyasətinin bir hissəsi kimi görmək, onu yalnız vətəndaş institutları və özəl sektorun  dövlətin yükünün bir hissəsinin öz üzərinə götürməsi kimi baxmaq doğru deyil. Çünki həm nəzəriyyədə, həm də təcrübədə filantropiyaya bu cür utilitar-praqmatik yanaşma onun daxili mənəvi məzmununu cılızlaşdıra və "kommunist iməcilikləri"nə bənzər bir farsa çevirə bilər. "Üstəlik, bu məntiqlə yanaşılarsa, iqtisadiyyat inkişaf etdikcə, dövlətin sosial proqramlar üçün xərcləri artdıqca xeyriyyəçilik fəaliyyəti üçün meydan daralmalıdır. Əslində isə dünyada bunun tam əksi olan bir meyil müşahidə olunur: dövlətin sosial sahəni maliyyələşdirmək üçün daha geniş imkanlara malik olduğu ölkələrdə, bir qayda olaraq, xeyriyyəçilik fəaliyyətində iştirakın kütləviliyi və xeyriyyəçilik resurslarının miqyası yüksəkdir", - deyə birinci xanım bildirir.

Bu cür yanaşma Heydər Əliyev Fonduna hər zaman yardıma ehtiyac duyanların yanında olmaq imkanı verir. Hətta bəzən elə hallar da olur ki, dövlət məmurlarından dəstək ala bilməyən vətəndaşlar problemlərinin həlli üçün Heydər Əliyev Fonduna və şəxsən Mehriban Əliyevaya müraciət edirlər. Çünki onlar burada başa düşüləcəklərinə və dəstəklənəcəklərinə əvvəlcədən əmin olurlar.

Bütün sadalananlara həm də ölkənin birinci xanımının fəaliyyəti prizmasından baxsaq, qarşımızda həyat yoldaşının - ölkə başçısının çiyinlərinə düşən ağır yük və məsuliyyəti şərəflə bölüşən şəxsiyyət obrazı canlanır. "Bu, həqiqətən, çətindir", - deyə Mehriban Əliyeva etiraf edir. Lakin o, insanlara xidməti öz qismətinə düşmüş böyük şərəf və imkan sayır.  



MƏSLƏHƏT GÖR:

732