6 May 2024

Bazar ertəsi, 15:34

AZƏRBAYCAN HESAB İSTƏYƏCƏK

Təcavüzkar ermənilik Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayətlərə görə cavab verməlidir

Müəllif:

09.09.2014

İyirminci əsr Azərbaycan xalqının tarixində ağır sınaqlar dövrü kimi qalıb. Əvvəlcə Rusiya İmperiyasının, sonradan isə Sovet İttifaqının dəstəyindən istifadə edən erməni millətçiliyinin məqsədyönlü siyasəti nəticəsində azərbaycanlılar soyqırımına, deportasiyalara və etnik təmizləmələrə məruz qalıblar. Bu cinayətkar siyasət nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından qovulub, Azərbaycan Respublikasının ərazisinin beşdə bir hissəsi erməni silahlıları tərəfindən işğal olunub.

Avqustun 31-də Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasının 96-cı ildönümü tamam olub. Komissiyanın yaradılmasında məqsəd erməni millətçilərinin Azərbaycan xalqına qarşı 1918-ci ilin yazında törətdikləri cinayətlərin araşdırılması idi. Azərbaycanlılara qarşı soyqırımı siyasəti XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı da davam edib.

Azərbaycanın müasir tarixinin ən dəhşətli hadisəsi 1918-ci ilin yazında baş verib. O dövrdə Bakıda və Şimali Azərbaycanın şərq rayonlarında daşnak-bolşevik siyasi rejimi olan Bakı Soveti hakimiyyətdə idi. O, regionda Birinci dünya müharibəsi dövrünün böyük təlatümləri və Rusiya İmperiyasının dağılması şəraitində qurulmuşdu. Stepan Şaumyanın rəhbərlik etdiyi, bolşevik hərəkatının şüarı ilə fəaliyyət göstərən bu orqan əməldə erməni millətçiliyinin maraqlarının təminilə məşğul idi. Onun strateji hədəfi isə Azərbaycan və Türkiyə ərazilərinin böyük bir hissəsində erməni dövlətinin yaradılması idi.  Bakı və ona bitişik rayonları ələ keçirmiş Şaumyan bu  istəyinə yalnız öz torpaqlarında dövlət terrorunun əsirinə çevrilmiş Azərbaycan xalqını məhv etməklə nail ola bilərdi. Beləliklə, Şaumyanın və başçılıq etdiyi Bakı Sovetinin siyasəti azərbaycanlılara qarşı soyqırımının törədilməsi olub. Və bu insanlara nifrətdən bəhrələnən siyasət on minlərlə insanın həyatı bahasına reallaşdırıldı.

1918-ci ilin mart-may aylarında müxtəlif məlumatlara görə, 30-50 min arasında azərbaycanlı erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş soyqırımının qurbanı olub. Bu cinayət Şimali Azərbaycanın, demək olar ki, bütün ərazisində həyata keçirilib - Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran regionlarında.

1918-ci ilin mayında qurulmuş Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti erməni millətçi qruplaşmalarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin araşdırılması üçün ciddi cəhdlər göstərib. 1918-ci il iyulun 15-də Azərbaycanın xarici işlər naziri Məhəmməd Həsən Hacınskiyə "Avropa müharibəsinin başlandığı dövrdən bütünlükdə Zaqafqaziyada müsəlmanlara və onların mülkiyyətinə qarşı yol verilmiş zorakılıqların araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkili" tapşırılıb.  Qərar Hacınskinin özünün hazırladığı məruzə əsasında qəbul olunub. Məruzədə deyilirdi: "Artıq 4 aydır ki, Azərbaycan ərazilərinin ayrı-ayrı hissələri quldur dəstələri tərəfindən dağıdılır. Onlar bolşeviklər, məsuliyyətsiz erməni hərbi hissələri və digər adlar altında dinc müsəlman əhaliyə və onların mülkiyyətinə qarşı görünməmiş vəhşiliklər törədirlər. Bununla yanaşı, Avropada ictimai rəy tamamilə əksinədir və buna səbəb həmin bandaların təşkilatçılarının Avropaya qeyri-dəqiq informasiyalar göndərməsidir. Ümumdövlət maraqları, zərərçəkmiş əhali qruplarının maraqları naminə aşağıdakı işləri həyata keçirəcək təşkilatın yaradılması vacibdir: 1. Bütün zorakılıq hallarının əyani şəkildə qeydiyyata alınması; 2. Bu zorakılıq hallarının hansı şəraitdə baş verməsinin ayırd edilməsi; 3. Günahkarların və onların vurduqları zərərin həcminin müəyyənləşdirilməsi. Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalı, komissiyanın rəyləri Avropanın əsas dillərində yazılmalı (rus, fransız, alman və əlbəttə ki, türk), və geniş yayılmalıdır. Komissiyanın təşkilinə elə indi başlanılmalıdır. Çünki bir çox hadisələrin üstünü indi, isti izlərlə, insanların dindirilməsi, fotoların çəkilməsi və digər maddi sübutların ələ keçirilməsilə açmaq daha asandır. Sonra bu çətin, bəlkə də, tamamilə mümkünsüz olacaq...".

Beləliklə, 1918-ci il avqustun 31-də ADR-in Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökuməti Fövqəladə Təhqiqat Komissiyasının (FTK) yaradılması haqqında qərar çıxarır. Ələkbər bəy Xasməmmədov Komissiyanın sədri, Gəncə məhkəməsinin üzvləri İsmayıl bəy Şaxməliyev və Andrey Novatski, Nikolay Mixaylov, V. Qudvillo, müəllim Mirzə Cavad Axundzadə isə üzvləri oldular.

Bir müddət sonra FTK-nın heyətinə vəkil, Azərbaycanın Ermənistandakı gələcək diplomatik nümayəndəsi və ADR-in xarici işlər nazirinin müavini Məhəmməd xan Təkinski (A.Xasməmmədov olmadıqda komissiyanın sədri postunda onu əvəz edirdi), tanınmış hüquqşünaslar Çeslav Klossovski və Aley Aleksandroviç də daxil edilirlər.

FTK-nın hazırladığı məruzələr və materiallar təcavüzkar erməni bandaları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş zorakılıqların son dərəcə qiymətli sübutlarıdır. Komissiyanın fəaliyyəti 1918-ci ilin mart soyqırımı dövründə erməni millətçiliyinin Azərbaycan xalqına qarşı yol verdiyi cinayətlərə siyasi qiymətin verilməsi işində ilk təcrübə olub.

Daşnak-bolşevik Bakı Sovetinin antiazərbaycan siyasətinə bariz sübut 2007-ci ilin aprelində Quba şəhər stadionunda aparılan tikinti işləri zamanı kütləvi məzarlığın üzə çıxmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2009-cu ildə imzaladığı sərəncama əsasən, məzarlığın yerində "Memorial kompleks" yaradılıb. Məqsəd erməni millətçilərinin cinayətkar əməllərinin dünya birliyinə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunub saxlanması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsidir.

1918-ci ilin aprel-may aylarında Quba qəzası ərazisində müsəlman əhalinin kütləvi şəkildə qırılması ilə həyata keçirilmiş soyqırımı ilə bağlı ilk araşdırmanı isə FTK-nin üzvü Andrey Novatski aparıb. Novatskinin komissiyanın sədrinə ünvanlanmış, müvafiq cinayət işinə əlavə olunmuş məruzəsində bildirilir ki, 1918-ci ilin aprelində bolşevik partiyasının nümayəndəsi David Qelovani 187 nəfərlik silahlı dəstə ilə Quba qəzasına yollanıb, orada sovet hakimiyyətinin qurulduğunu bəyan edib. Amma yerli əhalinin müqaviməti nəticəsində həmin dəstə Qubanı tərk etmək məcburiyyətində qalıb. Təxminən, 2 həftə sonra Bakı Sovetinin silahlı dəstələrinin Qubaya yaxınlaşmaqda olduğuna dair xəbər yayıldıqda bəzi sakinlər evlərini, mülklərini ataraq dağlara qaçsalar da, əksər əhali həyatlarına hər hansı təhlükənin olmadığını düşünərək şəhərdə qalıblar. Qubaya çatan silahlı cəza dəstəsi ermənilərdən ibarət idi. Onlara başçılığı isə Rusiya ordusunun keçmiş zabiti, "Daşnaksutyun" partiyasının üzvü, qəddar erməni millətçisi Amazasp edirdi. 1918-ci il mayın 1-də Amazaspın rəhbərlik etdiyi silahlı dəstə Qubanı mühasirəyə alır, əvvəlcə şəhər toplardan, pulemyotlardan və digər atıcı silahlardan atəşə tutulur, sonda silahlılar heç bir maneəyə rast gəlmədən Qubaya daxil  olurlar.

Novatski tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Qubada kütləvi qırğın törədilib, 2000-dən artıq müsəlman - kişi, qadın və uşaq qətlə yetirilib, 100-dək qız və qadın zorlanıb, 4 milyon rubl civarında pul, dəyəri 4,5 milyon rubl olan qızıl-zinət əşyaları oğurlanıb, 25 milyon rubl dəyərində ərzaq və digər məhsullar talan edilib, Quba şəhərinin sakinlərinə məxsus 105 ev, tikili, ictimai bina yandırılıb, nəticədə, şəhərə 100 milyon rubl dəyərində ziyan dəyib.

Bundan başqa, silahlı dəstə Quba qəzasında 122 müsəlman kəndini də talan edib və yandırıb, 60 kişi, qadın və uşaq qətlə yetirilib, 53 nəfər yaralanıb. Evlərin, tikililərin, ictimai binaların dağıdılması, sakinlərin varının, heyvanlarının oğurlanması nəticəsində onlara dəyən ümumi zərər 58,1 milyon rubl təşkil edib.

Quba əhalisinə müraciət edən Amazasp açıq şəkildə bildirib ki, qəzaya sovet hakimiyyəti qurmaq məqsədilə deyil, Xəzər dənizindən Şahdağadək olan ərazidə yaşayan bütün müsəlmanları yer üzündən silmək üçün gəlib - Şamaxıda edildiyi kimi.

Qubada baş vermiş bu faciəvi hadisə ermənilərin 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdikləri saysız-hesabsız vəhşiliklərin yalnız biri idi.

Ermənilərin 1918-ci ilin yazında Azərbaycan xalqına qarşı törətdikləri cinayətkarlıqlara dövlət səviyyəsində siyasi qiymət 1998-ci il martın 26-da Azərbaycanın o zamankı prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalaması ilə verilib. Sənəddə tarixi faktlara istinadla sübut olunur ki, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının və onun tarixi torpaqlarının parçalanmasının əsasını qoyub. Bununla  ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, sonradan azərbaycanlı əhalinin oradan çıxarılması və onlara qarşı soyqırımın törədilməsi üçün şərait  yaradılıb.

Heydər Əliyevin bu fərmanı 1918-ci ilin faciəvi hadisələrinə hüquqi və siyasi qiymət olub və bu qiymət erməniliyin Azərbaycan xalqına qarşı növbəti təcavüzünün həyata keçirildiyi bir vaxtda baş verib. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində erməni millətçiliyi qeyri-insani simasını bir daha hər kəsə göstərərək Dağlıq Qarabağda qanlı milli münaqişəyə başlayıb. Erməni faşistləri Xocalı soyqırımını həyata keçirib, Azərbaycanın işğal etdikləri ərazilərində etnik təmizləmə siyasəti aparıb, 1 milyondan artıq insanı doğma Dağlıq Qarabağdan və ona bitişik rayonlardan qovublar.

Erməni təcavüzünün qarşısının alınmasına yönəlmiş tədbirlərdən biri kimi Azərbaycanın Ermənistan silahlı qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində üzləşdiyi maddi və mədəni itkilərin qiymətləndirilməsilə bağlı başlanmış işi göstərmək olar. Bu məqsədlə 2013-cü ilin oktyabrında Milli Məclisin deputatı Xanhüseyn Kazımlının rəhbərliyilə xüsusi komissiya yaradılıb. O, Azərbaycanın Hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının nəzdində fəaliyyət göstərir.

Komissiyanın vəzifəsi son 22 ildə Azərbaycana Ermənistan tərəfindən vurulmuş zərərin həcminin müəyyənləşdirilməsidir. Hesablamaların aparılmasına beynəlxalq ekspertlər də cəlb olunur və burada məqsəd beynəlxalq qiymətləndirmə standartlarına istinad edilməsidir. Məsələn, Avropa Qiymətləndirmə Assosiasiyasının, o cümlədən digər beynəlxalq təşkilatların sənədləri  təsdiqləyir ki, Azərbaycan müxtəlif ölkələrin təcrübəsindən çıxış edərək, ona dəymiş zərərə görə kompensasiya tələb etmək hüququna malikdir. Bu üzdən də, hazırkı araşdırmada məqsəd həm də Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi və ödənilməsilə əlaqədar beynəlxalq məhkəmələrə müraciət olunmasıdır.

Professor Xanhüseyn Kazımlının müsahibələrindən birində söylədiyi kimi, əgər 15-16 il əvvəl Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərin həcmi 110-120 milyard dollar idisə, bugünkü hesablamalarla o, 5 dəfə artıqdır.

Bu məlumat dünya birliyinin də diqqətinə çatdırılacaq - bu, 1918-ci ildə ADR-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının işi ilə Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü nəticəsində dəymiş zərərin miqyasını hesablayan komissiyanın fəaliyyətindəki daha bir oxşar cəhətdir. Dünya Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirən, azərbaycanlılara qarşı soyqırımı törətmiş, bununla yanaşı, "erməni soyqırımı"nın 100-cü ildönümü ərəfəsində qondarma soyqırımının tanınması üçün beynəlxalq kampaniya aparan erməni millətçiliyilə bağlı tam və düzgün informasiya almalıdır.

 



MƏSLƏHƏT GÖR:

766