4 May 2024

Şənbə, 21:46

BAKIDAN UELSƏ

Azərbaycanla Türkiyə arasındakı strateji münasibətlər dünyaya özünü yeni keyfiyyətdə xatırlatdı

Müəllif:

09.09.2014

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər etdi. Türkiyə tarixində prezidentin ümumxalq səsverməsilə seçildiyi ilk seçkidə, demək olar ki, bütün analitiklərin və sosioloqların proqnozunu doğruldaraq inamlı qələbə qazanan Ərdoğan sələflərindən qalmış ənənəni  pozmadı. İndiyədək qardaş ölkənin bütün rəhbərlərinin etdiyi kimi, Ərdoğan da ilk rəsmi səfərini Azərbaycana gerçəkləşdirdi.

İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. O, iqtisadiyyat, xarici və müdafiə siyasəti, mədəniyyət də daxil olmaqla, bütün sahələri əhatə edir. İki ölkənin ali rəhbərliyi, parlamentləri, hökumətləri, siyasi və ictimai strukturları arasında münasibətlər daimi xarakter daşıyır. Bu üzdən də, Türkiyə liderinin Bakıya səfəri Türkiyə-Azərbaycan ittifaqının əsas prioritet olaraq, hərtərəfli möhkəmlənməsi kursunun sarsılmazlığının nümayişi idi. Səfər çərçivəsində işgüzar şəkildə regionda cərəyan edən hadisələrin, enerji, nəqliyyat, qarşılıqlı investisiyalar və digər sahələrdəki miqyaslı layihələrin müzakirəsi də nəzərdə tutulurdu. Onların arasında, şübhəsiz ki, əsas yerdə Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik fəaliyyəti və qanunsuz iddiaları da var idi.

Rəsmi qarşılanma mərasimindən sonra prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirdilər. Daha sonra dövlət başçılarının mətbuat üçün  birgə  brifinqi  oldu.

Türkiyə prezidenti Ərdoğan və onu müşayiət edən şəxslər Bakıda Fəxri xiyabanı ziyarət etdilər, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoydular. Səfərin sonunda Ərdoğanın şərəfinə təşkil olunmuş qəbulda Türkiyə prezidenti Azərbaycan Respublikasının ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edildi.

Türkiyənin dövlət başçısı ilə keçirdiyi birgə brifinqdə Prezident   İlham Əliyev Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ədalətli  mövqeyinin müdafiəsi sahəsindəki səylərinə görə, həmkarına təşəkkürünü bildirib. Türkiyənin bu məsələ ilə bağlı hər zaman açıq siyasət apardığını, Azərbaycanın, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olduğunu söyləyib. O, Azərbaycanın, öz növbəsində, Ermənistanın və dünya erməniliyinin "erməni soyqırımı" ilə bağlı yalançı kampaniyasına qarşı hər zaman Türkiyə ilə çiyin-çiyinə mübarizə aparacağını  bildirib.

Prezident  Rəcəb Tayyib Ərdoğan isə cavab çıxışında deyib: "Türkiyə ilə Azərbaycan arasında münasibətlər bundan sonra başqa formada inkişaf edəcək. Regiondakı hazırkı problemlər iki ölkənin birgə çözməli olduğu problemlərdir. Türkiyə ilə Ermənistanın münasibətlərindəki problemlər Azərbaycanla Ermənistan arasındakı münaqişənin çözüləcəyi təqdirdə, həllini tapacaq. Əks təqdirdə, Türkiyə-Ermənistan münasibətləri əvvəlki səviyyədə  qalacaq. Münasibətlərimizin inkişafı üçün səylər daha da artırılacaq". 

Tərəflər  NATO-nun Uelsdə keçiriləcək sammiti ərəfəsində mövqelərin razılaşdırılması üçün Ukraynanın cənub-şərqindəki böhran, İran, Əfqanıstan məsələləri kimi ən aktual beynəlxalq problemlərlə bağlı da fikir mübadiləsi aparıblar.

Hər iki lider enerji sahəsində birgə həyata keçirilən miqyaslı layihələrin əhəmiyyətini vurğulayıblar. Sentyabrın 20-də cənub enerji dəhlizinin vacib elementi olan TANAP layihəsinin təməli qoyulacaq və onun tikintisinə başlanılacaq. Türkiyə prezidenti bildirib ki, Azərbaycanın inkişafını bütün dünya heyranlıqla izləyir: "Burada Prezident İlham Əliyevin və komandasının xidmətləri, həqiqətən, böyükdür". R.T. Ərdoğan Türkiyənin qarşısına Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollaradək artırılması məqsədini qoyduğunu bildirib.

İlham Əliyev isə çıxışında müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı investisiya yatırımları məsələsinə xüsusi diqqət ayırıb. O, yaxın 5-6 ildə Türkiyəyə daha böyük həcmdə Azərbaycan investisiyalarının yatırılacağını bildirib. Söhbət, təxminən, 17-20 milyard dollardan gedir. Türkiyə tərəfi isə öz növbəsində Azərbaycanın enerji layihələrindəki payını artırır ("Şahdəniz" və TANAP).

Azərbaycan, Türkiyə, xüsusilə də Ermənistan KİV-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın prezident Ərdoğana onun inauqurasiyası zamanı çatdırdığı dəvətlə bağlı xeyli  fikirlər, daha doğrusu, uydurmalar yer alıb. Türkiyə lideri qondarma "1915-ci il soyqırımı"nın 100-cü ildönümü ilə bağlı İrəvanda keçiriləcək tədbirə dəvət alıb. Ermənistan siyasətçiləri və jurnalistləri bu təklifin birmənalı şəkildə uduşlu olduğunu bildirirdilər. Guya, əgər Ərdoğan onu qəbul etməzsə, bu, "soyqırımı"nın rəsmən etirafı kimi qəbul olunacaq və bundan sonra Ankaraya qarşı mülki, maddi, siyasi və ərazi "kompensasiyaları" iddiaları ilə çıxış etmək mümkün olacaq. Dəvətin susqunluqla qarşılanacağı təqdirdə isə bundan türklərin "destruktivliyi"nin dünyaya nümayişi məqsədilə istifadə ediləcək.

Ən azı ermənilər hələ də ümid edirlər ki, Türkiyə Qərbin təzyiqi qarşısında təlaşa düşəcək, Bakının etirazlarına məhəl qoymadan İrəvanla münasibətlərin normallaşmasına və sərhədlərin açılmasına gedəcək. Amma Ərdoğanın Azərbaycana səfəri bu gözləntilərin əsassız  olduğunu bir daha göstərdi. Azərbaycan-Türkiyə ittifaqının möhkəmliyi Ərdoğanın səfərinin gedişində ən yüksək səviyyədə bir daha təsdiqləndi.

Azərbaycanla Türkiyənin razılaşdırılmış mövqeyi NATO-nun Uels sammitində də ortaya qoyulub. Prezident İlham Əliyev sammitdəki çıxışında Azərbaycanın regionda sabitlik və təhlükəsizliyin təminindəki rolunu qeyd edib, onun NATO-nun Əfqanıstandakı əməliyyatlarına verdiyi böyük töhfələri vurğulayıb. İ. Əliyev Azərbaycan ərazilərinin 20%-ni - Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etmiş Ermənistanın təcavüzkar siyasətini pisləyib, bunun regionun təhlükəsizliyi baxımından ən ciddi problem olaraq qaldığını söyləyib.

Türkiyə prezidenti isə NATO sammitindəki çıxışında alyansı Azərabycana verdiyi vədləri yerinə yetirməli olduğunu söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin böyük əhəmiyyət daşıdığını söyləyib.

Türkiyə və Azərbaycan liderlərinin ünvanına sübutsuz ittihamlar səsləndirən və sammitin yekun qətnaməsində Qarabağ münaqişəsi kontekstində ərazi bütövlüyü məsələsinin  qeyd olunmaması üçün açıq-aşkar yalvaran S.Sarqsyanın nə yalançı və dövlət başçısına yaraşmayan tərzdəki çıxışı, nə də Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın dövlət katibi C.Kerrinin iştirakı ilə keçirilmiş görüşü Sarqsyanın istədiyi nəticəni verməyib. NATO-nun Uels sammitinin yekun bəyannaməsində bildirilir ki, Şimali Atlantika Alyansı Cənubi Qafqazdakı münaqişələrin beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktına əsasən sülh yolu ilə həllinə istiqamətlənmiş səylərini davam etdirəcək. Sənəddə qeyd olunur ki, həlli uzanan münaqişələrin çözülməmiş qalması xüsusi narahatlıq predmetidir, onlar region sakinlərinin Avro-Atlantik məkanın üzvləri kimi, öz potensiallarını tam açmasına mane olur. Bəyannamədə bütün tərəflər danışıqların müəyyən olunmuş çərçivəsi daxilində münaqişələrin sülh yolu ilə həlli prosesinə konstruktiv, güclü siyasi iradə ilə yanaşmağa  çağırılır. Bundan başqa, sənəddə deyilir ki, "Rusiyanın Krımı işğal etməsi və Şərqi Ukraynaya müdaxiləsi NATO-nun Şərqi Avropadan olan bir sıra digər tərəfdaşlarında əsaslı narahatlıq  yaradıb". Bununla əlaqədar olaraq, müttəfiqlər tərəfdaşların "xarici siyasətdə, təhlükəsizlik siyasətində xarici təsir, hər hansı məcburiyyət olmadan müstəqil, suveren qərar qəbul etmək hüququnu tanıyır. Müttəfiqlər əvvəlkitək Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir".

Bu, Ermənistan üçün adının siyahıda çəkilməsi baxımından yeganə "nailiyyət"dir. Halbuki, onun ərazi bütövlüyünə heç kəsin müdaxilə etmədiyi hamıya bəllidir. Ermənilər NATO sammitinin bəyannaməsinə Ukraynada yaşananlar fonunda "xalqların öz müqəddəratını təyin etməsi hüququ" haqda fikrin salınmasına nail ola bilməyiblər.

Azərbaycan və Türkiyə iqtisadiyyatının inamla inkişaf etməsi, onların müdafiə potensiallarının güclənməsi, beynəlxalq arenadakı sıx siyasi tərəfdaşlıqları ermənilərin və onları himayə edən fövqəldövlətlərin istər Qarabağ problemi, istərsə də "erməni soyqırımı" ilə bağlı əsası olmayan tələblərinin məğlubiyyətlə nəticələnəcəyinin qarantıdır.



MƏSLƏHƏT GÖR:

582