3 May 2024

Cümə, 11:56

MARAQLAR NAMİNƏ

Azərbaycan Avropanın yürütdüyü siyasətdən özü üçün nəticə çıxarıb

Müəllif:

16.09.2014

Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin Bakıda keçirilən 4-cü qeyri-formal görüşündə enerji, təhlükəsizlik, Aİ və "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin vətəndaşları arasında əlaqələrin sadələşdirilməsi, gələn il Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunub.

Qeyri-formal görüş enerji məsələlərinə məsul nazirlər arasında danışıqlarla başlayıb. Onların görüşündə Aİ-nin enerji məsələləri üzrə ali komissarı Günter Ettinger, genişlənmə və Avropada qonşuluq siyasəti üzrə ali komissarı Ştefana Füle də iştirak ediblər.

Füle daha sonra Azərbaycan, Gürcüstan və Moldovanın XİN başçıları, həmçinin Belarus və Ukrayna xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşə də qatılıb. Həmin görüşə Avropa diplomatiyası rəhbərinin müavini Helqa Şmidt də qoşulub. Ermənistanın nümayəndə heyəti isə dəvətə rəğmən, tədbirə qatılmayıb.

Ştefan Füle iştirak etdiyi hər iki görüşdə bütün müzakirələrin Ukraynada yaşanan hadisələr kontekstində gedəcəyini bildirib. "Qeyri-formal görüşümüzün məqsədi tərəfdaş ölkələrin, məsələn, Ukraynanın mövqeyinin güclənməsinə nail olmaqdır. Ümid edirik, regiona sülh gətirilməsinin yolunu tapacağıq", - deyə avrokomissar qeyd edib.

XİN başçılarının görüşündə Aİ "Şərq tərəfdaşlığı" proqramına üzv dövlətlərin hər birinin ərazi bütövlüyünə dəstəyini bir daha təsdiq edib. Bu məsələ Ukraynada yaşananlar fonunda gündəmə gəlib və Aİ rəsmisi ölkələrin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmaz olduğunu bildirib. Füle daha sonra başa salmağa çalışıb ki, bu konstatasiya hələ hər şey demək deyil. Bu haqda bir qədər sonra söz açacağıq.

Tərəflərin enerji məsələlərinin müzakirəsinə dair bəyanatı o qədər də deklarativ olmayıb və orada konkret ideyalara toxunulub. Məsələn, Ukraynanın enerji və kömür sənayesi naziri Yuri Prodan ölkəsinin Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına idxalında maraqlı olduğunu bildirib. Nazir Azərbaycan tərəfi ilə bu məsələnin mümkün variantlarının müzakirə olunduğunu söyləyib.

Aİ-nin enerji məsələləri üzrə ali komissarı Günter Ettinger isə "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin "müxtəlif potensialının və prioritetlərinin olduğunu, onların birlikdə işləməyə hazır olduqlarını" söyləyib. Məsələn, Azərbaycanın neft hasilatı sahəsində zəngin təcrübəsi var və o, enerji resurslarının ixracatçısı rolunda çıxış edə bilər. Gürcüstan etibarlı tranzit ölkəsidir və hidroenerji, enerji resurslarının saxlanılması sahəsində böyük potensiala  malikdir. Eyni zamanda o, mayeləşdirilmiş təbii qazın Qara dəniz sahillərinə çatdırılmasında da vacib rol oynaya bilər. Ukrayna və Belarus da Aİ-yə qaz daşınmasında vacib tranzit  ölkələridir.

Ettingerin sözlərinə görə, Aİ öz növbəsində "Şərq tərəfdaşlığı" ölkələrinə yüksək texnologiyaların və infrastrukturun inkişafında yardım etməyə, mövcud boru xətlərinin müasirləşdirilməsi və regional layihələrə investisiyaların cəlbi sahəsində əməkdaşlığa hazırdır.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, altı postsovet ölkəsinin "Şərq tərəfdaşlığı"na fərqli yanaşmalarına rəğmən, onları proqramın inkişaf etdirilməsi ilə bağlı ümumi niyyətlər və Riqa sammitinə layiqincə hazırlaşmaq istəyi birləşdirir. Qeyd edək ki, proqramın üzvləri arasında hələ bir il əvvəl Vilnüsdə keçirilmiş sammit zamanı üzə çıxmış fikir ayrılıqları bu gün daha da dərinləşib. Aİ ilə assosiativ üzvlüyə dair saziş imzalamış Ukrayna, Gürcüstan və Moldova xarici siyasətlərində Aİ ilə yaxınlaşmanın prioritet olduğunu açıq şəkildə ortaya qoyublar. Ənənəvi olaraq öz siyasətlərində maraqlarını və yaxın qoşularının maraqlarını nəzərə alan Azərbaycanla Belarus isə bu addımı atmağı lazım bilməyiblər. Amma indi bir il əvvəl Ukraynada baş verənlərin acı təcrübəsini yaşamış Brüsseldə də hesab edirlər ki, "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları üçün Aİ ilə Assosiativ Sazişin imzalanması mütləq şərt olmalı deyil. Bu, xüsusilə söhbətin Qərbin enerji təhlükəsizliyində, ümumiyyətlə, təhlükəsizlik məsələlərində əsas tərəfdaşı olan Azərbaycanla bağlı belədir. Ermənistana gəlincə, o, çoxdan "Şərq tərəfdaşlığı" üçün "artıq yük"ə çevrilib. İrəvanın bir il əvvəl "Şərq tərəfdaşlığı" proqramında iştirakına dolayısı ilə yenidən baxmaq qərarı qəbul etməsi, Avropaya inteqrasiyanı Rusiyanın layihəsi olan Gömrük İttifaqına üzvlüyə dəyişməsi Aİ üçün xoşagəlməz sürpriz olub. Bu gün, deyəsən, Brüssel fikrini asanlıqla dəyişən və Avropada ona yer olmadığını aydın şəkildə göstərən İrəvanla necə davranmalı olduğunu dəqiq müəyyənləşdirə bilmir.

Bütün bunlarla yanaşı, Azərbaycanın Aİ-yə bir neçə sualı da var. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan digər məsələlərlə yanaşı, Avropa üçün son dərəcə ağrılı olan enerji təhlükəsizliyi məsələsində aparıcı rol oynayır. Bununla əlaqədar olaraq, o, Avropaya əsas qaz ixracatçısı olan Rusiyanın tənqidlərindən çəkinməyərək üzərinə bir sıra risklər götürüb. Burada söhbət, əslində, heç iqtisadi rəqabətdən də getmir (hər halda, Azərbaycanın və Rusiyanın Avropaya ixrac etdikləri qazın həcmi müqayisəyəgəlməzdir). Burada söhbət kiçik Cənubi Qafqaz respublikasının Rusiyanın ənənəvi iqtisadi nüfuz dairəsinə girməsindən gedir.

Aydındır ki, Azərbaycan Avropanın əsas problemlərindən birinin həlli üçün getdiyi bu riskin lazımi dərəcədə qiymətləndirilməsini düşünməkdə haqlıdır. O, Bakını narahat edən problemin həllində də Avropanın cavab reaksiyasını gözləyir. Söhbət əlbəttə ki, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulmasından və Avropanın bu vəziyyətə münasibətindən gedir. Avropanın məsələyə münasibəti isə laqeyd olaraq qalır və bu, Bakını narahat etməyə bilməz. Avropanın Ukrayna böhranının aradan qaldırılması işinə fəal şəkildə girişməsindən sonra, onun Qarabağ probleminə yanaşmasını da dəyişə biləcəyinə dair müəyyən nikbin fikirlər yaranmışdı. Bakıda düşünməyə başlamışdılar ki, "hər şərdə bir xeyir var". Amma bu, baş vermədi. Avropalıları Qarabağ münaqişəsi zonasında avqustun əvvəllərində baş verən və insan tələfatı ilə nəticələnən silahlı insident, Ermənistanın Bakı da daxil olmaqla, Azərbaycanın mülki obyektlərinə, hətta Avropa üçün son dərəcə dəyərli olan qaz infrastrukturlarına raket zərbələrinin endiriləcəyinə dair hədələri belə, hərəkətə gətirmədi. "Düşünürəm ki, Krımla Qarabağı müqayisə etmək doğru deyil", - deyə Ştefan Füle Bakıda keçirilən sözügedən tədbirdə açıq şəkildə bildirib. Avropalı diplomatın qəribə məntiqinə görə, Dağlıq Qarabağın işğalından fərqli olaraq, Krım "qanunsuz şəkildə zəbt edilib".

Beləliklə, Azərbaycan Avropaya çox asan sual ünvanlaya bilər: Qərb liderləri nədən strateji tərəfdaşlarından biri olan Ukraynanın ərazi bü-tövlüyünün cəmi bir neçə ay əvvəl pozulmasına bu qədər çevik reaksiya verirlər, vəziyyəti düzəltmək üçün əllərindən gələni edirlər, təcavüzkar saydıqları tərəfə sanksiyaların tətbiqi üçün hər kəsi səfərbər edirlər, amma digər strateji tərəfdaşları olan Azərbaycan ərazilərinin işğalı 20 ildən artıqdır davam etsə də, ona analoji münasibəti göstərmirlər?

Üstəlik, bir çox tellərlə, o cümlədən "Şərq tərəfdaşlığı" proqramı ilə Avropaya bağlı olan İrəvana təzyiq göstərmək üçün Qərbin imkanları daha genişdir. Göründüyü kimi,  məşhur məsəli bir qədər dəyişsək, avropalılar həm Azərbaycan qazını "yemək" istəyir, həm də Ermənistanla münasibətlərini korlamaq istəmir. Yəqin ki, Ukrayna və Azərbaycandakı münaqişələrə yanaşmadakı fərq avropalıların düşüncəsində bu cür izah olunur: "Azərbaycan qazına yetişmək artıq həll olunmuş məsələdir. Rusiya qazının Ukrayna ərazisindən keçməklə nəqlinin sabitliyini təmin etmək üçün isə hələ mübarizə aparmaq lazımdır".

Aİ-nin məsuliyyət zonasındakı iki eyni problemə - ərazi bütövlüyünün pozulmasına növbəti dəfə "ikili standart"larla yanaşması Azərbaycana Avropa ilə əməkdaşlığa daha praqmatik yanaşma üçün əsas verir. Çünki enerjiyə olan tələbatını Azərbaycanın hesabına ödəyən, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına göz yuman (Azərbaycan qaçqınların sayının ümumi əhaliyə nisbətinə görə Avropada birinci yerdədir) Avropa nədənsə səhər-axşam bizə demokratiya dərsi keçməyi özünə borc bilir. Üstəlik, Azərbaycanın alternativ variantları da var. Bakı Avropaya inteqrasiya yolu seçsə də, o, "Şərq tərəfdaşlığı" proqramının bir sıra digər üzvlərindən fərqli olaraq, Rusiya ilə mehriban qonşuluq münasibətlərini qoruyub-saxlaya bilib. Rusiyada isə Azərbaycan qazını Avropanın aldığından heç də ucuz olmayan qiymətə tam həcmdə almağa hazır olduqlarını çoxdan bəyan ediblər. Azərbaycan Moskvanın himayəsi altındakı inteqrasiya birliklərinə münasibətinə yenidən baxa bilər. Bundan başqa, Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ənənəvi idxalçısıdır. Onun Avropa ilə bir-birlərinə qarşılıqlı sanksiyalar tətbiq etdikləri indiki şəraitdə Rusiya bazarının artıq indi kənd təsərrüfatı məhsullarının idxalını artırmağa ehtiyacı var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu yaxınlarda Qərbin sanksiyaları fonunda ölkəsinin ərzaq təhlükəsizliyini təmin etməsi problemi haqda danışarkən, "Azərbaycan meyvələrinin Avropadan gətirilənlərdən daha dadlı və keyfiyyətli olduğunu" bildirib.

Amma bu, əlbəttə ki, yalnız fərziyyəyə əsaslanan ssenarilərdən biridir. İstənilən halda, Azərbaycan, güman ki, Avropanın məşhur "yalnız biznes, başqa heç nə" prinsipinə əsaslanan siyasətindən nəticə çıxarıb və addımlarını da buna uyğun atacaq.



MƏSLƏHƏT GÖR:

554