5 May 2024

Bazar, 08:25

DÜNYA SİLAHLARINI BAKIYA TOPLADI

Regionda ilk beynəlxalq müdafiə sənayesi sərgisi olan "ADEX 2014" Azərbaycan və tərəfdaşlarının hərbi gücünün nümayişi oldu

Müəllif:

16.09.2014

Yaxın Şərqdə hərbi qarşıdurmanın güclənməsi, Ukraynadakı amansız qarşıdurma və əlbəttə ki, erməni işğalçılarının Qarabağda avqustda törətdikləri təxribatlar Azərbaycanın müdafiə qabiliyyətini gücləndirməsinin vacibliyini bir daha üzə çıxarır. Cənubi Qafqazda texniki təchizatı və hərbi imkanlarına görə ən yaxşı ordu qurmuş Azərbaycanartıq 9 ildirki, özünün güclü, yüksək texnologiyalara əsaslanan hərbi-sənaye kompleksini formalaşdırır. Yerli hərbi müəssisələrin nailiyyətləri birinci Beynəlxalq müdafiə sənayesi sərgisi-"ADEX-2014"də aydın şəkildə ortaya qoyuldu.

Dövlətlərarası və vətəndaş müharibələri, tayfalar, dinlər və siniflərarasındakı qarşıdurmalar yüzilliklər boyunca bəşəriyyətdə xaos və tənəzzüllərə səbəb olub. Nisbi sülhün mövcud olduğu dövrlərdə fövqəldövlətlərin siyasətçiləri və diplomatları dövlətüstü institutların yaradılması, ittifaqların bağlanması, konvensiyaların və razılaşmaların paraflanması ilə xalqların taleyini həlletməyə çalışıblar. Amma bütün dövlətlərarası münasibətlərin bünövrəsində hər zaman və hər yerdə güc amili dayanıb - iqtisadi və hərbi. Beynəlxalq münasibətlərin digər tərəflərilə müqayisədə iqtisadi və hərbi gücün üstünlük təşkiletdiyini Liviya, İraq, Suriya və Fələstində yaşanan son hadisələr də bir daha təsdiqləyib. Misal kimi fövqəldövlətlərin maraqlarının toqquşması nəticəsində Ukraynada yaşanan vətəndaş qarşı durmasını da göstərmək olar.

Artıq 20 ildən artıqdır qonşu Ermənistan tərəfindən açıq hərbi təcavüzə məruz qalan Azərbaycanın təcrübəsi də az təəssüf doğurmur. Onunt orpaqlarının 20%-i işğal altındadır, yüzlərlə şəhər və kəndi viran qoyulub, milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin düşüb. 

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, dünyanın bütün dövlətlərinin Azərbaycanın öz torpaqları üzərində suveren hüququnu tanımasına, o cümlədhən Minsk qrupunun vasitəçiliy ilə aparılan danışıqların illərdir nəticəsiz qalmasına baxmayaraq, Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində heç bir ciddi irəliləyiş müşahidə olunmur. Bundan başqa, qoşunların təmas xəttində, demək olar ki, hər gün hərbçilər həlak olur, zaman-zaman isə atışmalar bu ilin avqustunda olduğu kimi, miqyaslı qarşıdurmalarla əvəzlənir. Amma hətta geniş beynəlxalq rezonans doğurmuş son hadisələr belə, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymağa məcbur edilməsinə səbəb olmayıb.

Belə olan təqdirdə Azərbaycanın bundan sonra da müdafiə qabiliyyətinin ardıcıl olaraq gücləndirilməsi üçün maksimum səygöstərməkdən başqa yolu qalmır. Xüsusilə bloklara qoşulmayan Azərbaycan kimi dövlətlər üçün hərbi təhlükəsizlikdə vacib komponent öz müdafiə sənayesinə arxalanmaqdır. O, Milli Ordunu əsas döyüş sursatı və əsgəri təchizatla, o cümlədən müasir silah növlərilə təmin etməyi bacarmalıdır. Məhz bu məqsədlə, təxminən, 9 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Dünyanın 34 ölkəsinin hərbi-sənaye kompleksilə əməkdaşlıq qurmuş nazirliyin səyləri nəticəsində ölkədə 20-dən artıq sənaye müəssisəsi müasirləşdirilib və ya sıfırdan tikilib, 51 istehsal məntəqəsi yaradılıb. Hazırda onlar atıcı,  yüngül və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikanın, radiorabitə cihazlarının, optik sistemlərin və geniş çeşiddə döyüş sursatlarının - mərmilər, aviabombalar, raketlər və s. - istehsalı ilə məşğuldurlar.

Bu il sentyabrın 11-13-də Bakıda keçirilmiş beynəlxalq müdafiə sənayesi sərgisi - "ADEX-2014" yerli hərbi-sənaye kompleksinin uğurları ilə tanışlıq üçün geniş imkanlar açıb. Qeyd edək ki, bu, Azərbaycanda və Cənubi Qafqaz regionunda ilk analoji sərgi idi.

"Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırıb. Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala məruz qalmış Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsini hər zaman diqqət mərkəzində saxlayır. Qəbul edilmiş Hərbi Doktrina çərçivəsində özünün müdafiə potensialını gücləndirən Azərbaycan dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq göstərir", - deyə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev sərgi iştirakçılarına müraciətində bildirib. Onun müraciəti "ADEX-2014" sərgisinin açılış mərasimində oxunub.

Prezidentin müraciətində bildirilir ki, Cənubi Qafqazda ilk müdafiə sənayesi sərgisinin regionun ən güclü iqtisadi potensiala malik dövləti olan müstəqil Azərbaycanın paytaxtında keçirilməsi heç də təsadüfi deyil. Bu, ölkə iqtisadiyyatının yüksək templərlə inkişafının, sənayenin sürətlə müasirləşməsinin nəticəsidir. Dövlət başçısı sərginin ənənəvi xarakter alacağına, mərhələli şəkildə genişlənəcəyinə ümidini ifadə edib: "İnanıram ki, bu sərgidə aparılacaq səmərəli görüşlər və işgüzar danışıqlar qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək, mövcud  müasir texnologiyalar bazarının ədalətli rəqabət meydanına çevrilməsində xüsusi rol oynayacaq".

Sərginin nəticələri və onun çərçivəsində keçirilmiş "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" konfransı göstərib ki, Azərbaycan öz müdafiə imkanlarını genişləndirmək üçün kifayət qədər səmərəli beynəlxalq əlaqələr qura bilib. "Qarabağ münaqişəsi həll olunmadığından dünyanın bəzi dövlətləri bizə silah satışına məhdudiyyətlər qoyurlar. Bu üzdən biz qısa zaman ərzində dünyanın 30-dan artıq ölkəsilə müdafiə sənayesi sahəsində texnologiyaların transferi sahəsində əməkdaşlıq qurmuşuq", - deyə Azərbaycanın müdafiə  sənayesi nazirinin müavini Yəhya Musayev bildirib: "Azərbaycan bir sıra ölkələrdə hərbi-texniki əməkdaşlıq sahəsində komissiyalar da yadarıb. Onların arasında Türkiyə də var. Biz bu əməkdaşlığı genişləndirməyə çalışırıq və "ADEX-2014" sərgisinin təşkilində əsas məqsəd də məhz budur". Nazir müavininin sözlərinə görə, yerli müdafiə sənayesi müəssisələrinin inkişafı Azərbaycan üçün alternativi olmayan yoldur. Çünki bu, ölkənin kənar qüvvələrin hərbi-siyasi nüfuzundan asılılığını xeyli azaldır. Üçüncü ölkələrdən döyüş sursatları və hərbi texnikanın alınmasının mənfi cəhəti bu zaman texnologiyaları tamamilə əldə edə bilməməkdən ibarətdir. Bunun birtərəfli asılılığa səbəb olduğu heç kəs üçün sirr deyil. Bu üzdən də biz milli müdafiə sənayemiz üçün texnologiyalar əldə etmək məqsədidə elmi-tədqiqat işləri aparır, mütəxəssislər hazırlayırıq".

"ADEX-2014" sərgisinə qatılmış iştirakçıların sayını, o cümlədən orada təmsil olunan dünya müəssisələrinin səviyyəsini nəzərə alsaq, onun ən yüksək səviyyədə təşkil olunduğunu söyləmək mümkündür. Sərgidə iştirak etmək üçün Bakıya dünyanın 34 ölkəsindən 200 şirkətin nümayəndələri üz tutublar. Onların arasında Türkiyənin 37 müdafiə müəssisəsi, İsrail və Polşanın hərəsindən 16, Belarusdan 10 şirkət var idi. Rusiya, Cənubi Koreya, Ukrayna, Fransa, ABŞ, İspaniya, Niderland, Xorvatiya və digər ölkələrin hərbi-sənaye kompleksinə aid müəssisələr də sərgidə iştirak edirdilər. Sərgiyə qatılanlar arasında müdafiə qurumlarının 20 rəsmisi də var idi. Türkiyə və İsrail hökumətlərini təmsil edən nazirlər, Belarus, Cənubi Koreya, Qətər və Malayziyadan gəlmiş nazir müavinləri buna misaldır. İran və bir sıra digər ölkələr isə sərgiyə Müdafiə Nazirliyinin Baş Qərargah rəisləri səviyyəsində qatılmışdılar.

Sərgidə nümayiş olunan eksponatlar 6 müxtəlif tematik qrupa bölünmüşdü: quru qoşunları, HDQ silahları və texnikası, aviasiya və aviasiya silahları, HHM sistemləri və vasitələri, xüsusi təyinatlı vasitələr, informasiya və kosmik texnologiyalar. "ADEX-2014" sərgisində əsas yer yerli müəssisələrimizin məhsullarına verilmişdi. "Müdafiə sənayemizin istehsal gücü ildən-ilə artır. 2005-ci illə müqayisədə nazirliyimizin müəssisələrinin istehsal gücü 2013-cü ilə olan nəticəyə əsasən, 28 dəfə artıb. Bunun üçün müdafiə təyinatlı müəssisələr üçün 1700-dən artıq dəzgah, cihaz və qurğu alınaraq quraşdırılıb", - deyə sərginin açılışında çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib: "Bu gün sərgidə müəssisələrimiz tərəfindən 168 adda məhsul nümayiş olunur - aviabombalar, atıcı və yüngül silahlar, zirehli texnikalara quraşdırılan silahlar, döyüş sursatları və sair". Müasir silah istehsalının həcmini artıran Azərbaycan getdikcə onların ixracını da genişləndirir. Ölkənin  Müdafiə Sənayesi Nazirliyi yerli hərbi-sənaye kompleksinin imkanlarını nümayiş etdirmək üçün son illərdə 15 beynəlxalq sərgiyə qatılıb. Yavər Camalovun sözlərinə görə, "ADEX-2014" beynəlxalq sərgisi regionda təhlükəsizliyə və əməkdaşlığa töhfə olacaq. O, konfrans iştirakçılarını Bakıda 2016-cı ildə təşkil olunacaq ikinci anoloji sərgiyə də dəvət edib.

Nazir çıxışında xüsusi olaraq vurğulayıb ki, Azərbaycan ərazilərinin beşdəbir hissəsinin Ermənistan tərəfindən işğalının davam etməsi ölkənin hərbi qüdrətini artırmasını diktə edir: "Bu vəzifənin öhdəsindən uğurla gəlinir. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur".

 

 

SİTAT

«Daim dəyişən dünyamızda dövlətlərin yeni təhlükəsizlik çağırışları ilə üzləşməsi  hərbi-texniki əməkdaşlıq və müasir texnologiyaların mübadiləsi məsələlərinin aktuallığını daha da artırıb. Xarici hərbi təcavüz nəticəsində torpaqları işğala və terrorizmə məruz qalmış Azərbaycan Respublikası təhlükəsizliyin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsini hər zaman diqqət mərkəzində saxlayır, qəbul edilmiş Hərbi Doktrina çərçivəsində özünün müdafiə potensialını gücləndirərək ümumbəşəri ədalət prinsiplərini bölüşən bütün dost və tərəfdaş dövlətlərlə işbirliyinə yüksək maraq  göstərir».

 

Илщам Ялийев, Азярбайъан Pрезиденти, Силащлы Гцввялярин Али Баш Команданы



MƏSLƏHƏT GÖR:

636