6 May 2024

Bazar ertəsi, 23:28

XƏZƏRDƏ DÖNÜŞ

Xəzəryanı dövlətlərin liderləri ilk dəfə olaraq, ümumi su hövzəsinin qorunub saxlanması ilə milli müstəqillik zonalarını razılaşdırıblar

Müəllif:

07.10.2014

Sentyabrın 29-da Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti baş tutub. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan lideri Nursultan Nazarbayev və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdımuhammedov iştirak ediblər. Sammit konstruktiv dialoq atmosferində keçib və kifayət qədər məhsuldar alınıb. Hətta toplantının bəzi iştirakçıları onu "dönüş" kimi də xarakterizə ediblər.

Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev orada əldə olunmuş nəticələri yüksək qiymətləndirib, onları ev sahibi Rusiyanın həyata keçirdiyi böyük təşkilati-hazırlıq işlərilə əsaslandırıb. Təhlükəsizlik haqda danışan İlham Əliyev deyib: "Hesab edirik ki, Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin iştirakı və hərbi fəaliyyəti bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək. Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmalıdır". İlham Əliyev sammit iştirakçılarının diqqətini regional təhlükəsizliyə təhdid yaradan məqamlara çəkib, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin bu təhlükənin mənbəyi olduğunu bildirib. O, bunun ritorika deyil, fakt olduğunu söyləyib. Azərbaycan BMT qətnamələrinin mövcudluğuna rəğmən, ərazisi işğal altında olan yeganə Xəzəryanı dövlətdir. Bütün digər qonşularla o, mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərinə malikdir.

İlham Əliyev əməkdaşlığa konkret misallar da çəkib. "İran və Rusiya şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının işlənilməsində sərmayədarlar kimi uğurla iştirak edirlər. Azərbaycan həm də Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisindən keçməklə neftin və neft məhsullarının tranzitini həyata keçirir. Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektroenergetika və nəqliyyat sahəsində də yaxşı perspektivlər var". Prezident Azərbaycanın Xəzəryanı tərəfdaşlarının marağına səbəb ola biləcək nəhəng layihələr həyata keçirdiyini xatırladıb. Məsələn, bu yaxınlarda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Azərbaycanda bərə terminalı istifadəyə verilib. Yeni gəmiqayırma zavodu fəaliyyətə başlayıb və o, yüksək dünya standartlarına cavab verən istənilən gəmini istehsal etmək iqtidarındadır.

Azərbaycan Prezidenti Bakının sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla, 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdar olduğunu da söyləyib. O, bildirib ki, "...biz dənizin dibinin həmhüdud sahələrinin bölünməsində əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk".

Prezidentlərin sammitin yekununda qəbul etdikləri siyasi bəyanatda bildirilir ki, Xəzərin hüquqi statusuna dair Bəyannamənin 2015-ci ildə Qazaxıstanda qəbul olunması planlaşdırılır. 19 maddədən ibarət sənəddə, hələ ki, 5 ölkənin dənizdəki fəaliyyətilə bağlı prinsiplər və qaydalar əksini tapıb. "Xəzər beşliyi"nin liderləri dənizdə qeyri-regional dövlətlərin hərbi mövcudluğuna imkan verilməməsilə bağlı da razılığa gəliblər. Onlar Xəzəryanı ölkələrdə silahlanmada stabil balansın təmin olunması, hərbi quruculuğun bütün tərəflərin maraqlarının nəzərə alındığı səmərəli kafilik həddində yerinə yetirilməsi, hərbi fəaliyyətin regional təhlükəsizlik və sabitliyə yönəlmiş birgə səylərə uyğun olaraq proqnozlaşdırılan və şəffaf  şəkildə qurulmasının vacibliyini qeyd ediblər.

Bəyanatda bildirilir ki, "hər ölkə 15 dəniz milini əhatə edən sahilyanı ərazidə milli suverenitetə və bu zonadan sonra 10-millik balıqçılıq zolağına malikdir. Bu iki zonadan sonra isə ümumi su səthi olacaq". Bu milli suverenlik və balıqçılıq zonalarının sərhədlərinin müəyyənləşdirilməsi metodikası sonradan dəqiqləşdiriləcək.

Xəzər dənizinin dibi və resursları isə ümumi qəbuledilmiş prinsiplər və beynəlxalq hüququn normalarına əsasən bölünməsi nəzərdə tutulur. 

Dövlət başçılarının iştirakı ilə müvafiq qurumların rəhbərləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş imzalanıb. Həştərxan Kremlində danışıqları başa vuran dövlət başçıları Volqa sahilində gəzişiblər, çaya cavan ağ balıq buraxıblar. Bu rəmzi mərasim "Xəzər beşliyi" liderlərinin Xəzərin bioresurslarının və onun əsas sərvəti olan nərəkimilərin qorunmasına nə qədər önəm verdiklərinin  nümayişi olub.

Həştərxan sammitində həll olunmamış problemlərin, ziddiyyətlərin qalmadığını söyləmək olmaz. Məsələn, Trans-Xəzər boru xətlərilə bağlı fikir ayrılıqlarının qalması ilə yanaşı, dənizin dibinin, onun cənub hissəsinin bölüşdürülməsi məsələsində də ortaq fikir yoxdur.

4 postsovet ölkəsi - Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan Xəzərlə bağlı BMT-nin Dəniz hüququ Bəyannaməsinin implementasiyasına tərəfdardırlar. Bakı ilə Aşqabadın mövqeyindəki ziddiyyətlər Türkmənistanın dənizin dibinin bölüşdürülməsində orta xəttin müəyyənləşməsi üçün dənizə uzanan Abşeron yarımadası və Çilov adasının nəzərə alınmaması ilə bağlıdır. Bu, Aşqabada nəinki mübahisəli "Kəpəz" ("Sərdar") yatağına, hətta Azərbaycan tərəfindən işlənilən "Azəri-Çıraq" blokuna, həmçinin "Şərq" perspektiv yatağına iddia etmək haqqı verərdi.

Türkmənistan tərəfi iddialarını BMT-nin Dəniz hüququ bəyannaməsində yer alan "xüsusi vəziyyətlər" haqda maddəyə istinad edir. Amma 2 min kvadrat kilometr ərazisi və təxminən, 3 milyon əhalisi olan Abşeron yarımadası, yaxud 6 kvadrat kilometrlik ərazisi olan, yüzlərlə evdən ibarət qəsəbənin, sosial və sənaye infrastrukturlarının olduğu Çilov adası ilə bağlı durumu necə "xüsusi vəziyyət" kimi qiymətləndirmək olar? BMT bəyannaməsində "xüsusi vəziyyət" dedikdə, yaşayışın olmadığı qayalıq adalar, mərcan adaları və ya dənizə uzanan qum burunları  nəzərdə tutulur. Bu üzdən də, dəniz hüquqları üzrə mütəxəssislərin əksəriyyəti bu vəziyyətin Azərbaycanla Türkmənistan arasında mübahisə mövzusuna çevrilməsini yanlış sayırlar.

Dənizin 5 bərabər hissəyə bölünməsini və 20%-lik ərazinin ona verilməsini tələb edən İranın mövqeyinin də rasional izahı yoxdur. Hansı məntiqlə düşünmək olar ki, əgər bir gün Xəzərin sahilində yeni dövlət yaradılarsa, dəniz yenidən 6 və ya 7 hissəyə bölünməlidir? İran 20%-lik bölünməyə əsaslanan abstrakt "ədalət"dən danışır və bu zaman dənizin konfiqurasiyası, sahillərin uzunluğu və s. kimi məqamları nəzərdən qaçırır. Həştərxan görüşündə İran tərəfi  Xəzərin Astara-Həsənqulu xəttinin (SSRİ dağılana qədər bu ərazi Tehranın nəzarətində olub) onun milli zonası kimi tanınmasını tələb edirdi. Amma bu halda İran Xəzərin sovet hissəsinin bölüşdürülməsindən kənarda qalmalı, məsələ yalnız postsovet ölkələri arasında həll olunmalıdır. Tehran öz ənənəvi zonasından kənardakı hövzəyə və şelfə də iddia edirsə, bütün tərəflərin razılaşdırdığı prinsiplərə və qaydalara "hə" deməlidir. Söhbət BMT-nin Dəniz hüququ bəyannaməsinin normalarına uyğun olaraq, orta xətt prinsipilə bölünmədən gedir.

Göründüyü kimi, Xəzərlə bağlı həllini tapmamış kifayət qədər problem var və sahilyanı dövlətlərin nazir müavinləri və ekspertlər timsalında səlahiyyətli şəxsləri hələ çox işləməli olacaqlar. Bakının Aşqabad və Tehranla mübahisəli məsələlərlə bağlı intensiv dialoq aparması məqsədəuyğundur. Bu, bir il sonra Aktauda keçirilməsi nəzərdə tutulmuş növbəti sammitə çoxdan gözlənilən bəyannamənin imzalanmasına hazır vəziyyətdə yollanılması baxımından vacibdir.

Prezident İlham Əliyev Həştərxanda rusiyalı həmkarı Vladimir Putinlə, həmçinin İran və Qazaxıstan prezidentləri Həsən Ruhani və Nursultan Nazarbayevlə faydalı ikitərəfli danışıqlar da aparıb.

Həştərxan sammiti çərçivəsində Rusiya ilə Azərbaycan arasında investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair vacib saziş də imzalanıb. Sənəd Moskva və Bakı tərəfindən düz 14 il idi ki, hazırlanırdı və o, dövlətlərarası əməkdaşlığın keyfiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək. Saziş iki ölkə arasında iqtisadi-ticari münasibətlərin prinsipial olaraq yeni, daha yüksək səviyyədə qaldırılmasına şərait yaradır. Eyni zamanda o, Xəzər şelfində və üçüncü dövlətlərin ərazisində karbohidrogen resurslarının hasilatı ilə bağlı  miqyaslı investisiya layihələrinin birgə reallaşdırılması üçün perspektivlər açır.

Rusiya, Qazaxıstan və Azərbaycan "üçlüyü"nün konstruktiv əməkdaşlığı, onların dənizin şelfində maraqlarına dair razılığa gəlmələri Xəzərin cənub hissəsilə bağlı da mübahisəli məqamların həllində kompromisin tapılması baxımından yaxşı nümunədir.



MƏSLƏHƏT GÖR:

460