8 May 2024

Çərşənbə, 06:56

DÖVRÜNÜN PADŞAHI

Yeni sülalənin yaradıcısı olan Şah İsmayıl Xətai ömrünün qısa sürməsinə rəğmən, ölkədə tərəqqiyə nail ola bilmişdi

Müəllif:

14.10.2014

Avorpalılar orta əsrləri "qaranlıq əsrlər" adlandırırlar. Avropada ən qorxulu xəstəliklərin belə, qanalma ilə müalicə edildiyi bir vaxtda mədəniyyətin və elmin mərkəzi Şərq idi.

Həmin dövrü ideallaşdırmadan, demək olar ki, istedadlı şəxslər - həkimlər, astronomlar, riyaziyyatçılar, şairlər - özlərini burada az-çox rahat hiss edirdilər. Hökmranlar arasında isə elələri var idi ki, nəinki bu insanlara köməklik göstərir, hətta özləri də dövlətlərinin mədəni həyatında fəal iştirak edirdilər. Onlardan biri də Sələfilər sülaləsinin yaradıcısı, sərkərdə olmaqla yanaşı, həm də şair olan Şah İsmayıl idi.

 

Savaşdan-sülhə

Şah İsmayıl saray intriqaları və siyasət ustası idi. Amma onu buna görə qətiyyən məzəmmət etmək olmaz - o, sadəcə öz dövrünün oğlu idi. Şah İsmayıl lap uşaqlıqdan ağır dönəmlər keçirmişdi. 1487-ci ildə Ərdəbildə Şeyx Səfiəddin nəslinin rəhbəri, məşhur din xadimi Şeyx Heydərin ailəsində dünyaya göz açan İsmayılın ana babası Uzun Həsən məşhur Ağqoyunlu dövlətinin hökmdarı idi. O, dünyasını dəyişən zaman sülalənin davamçıları arasında hakimiyyət uğrunda qanlı döyüşlər başlayıb və İsmayıl da lap kiçik yaşlarından özündən asılı olmayaraq, bu mübarizəyə cəlb olunub.

Onun atası Şah Heydər Şirvanşahlarla savaşda öldürülüb, anası Aləmşahbəyim İsmayıl və qardaşları ilə birlikdə İstəxr qalasında dustaq edilib. Ailə həbsdən azad olmaq üçün çox əziyyət çəkməli olub, ailənin bir çox üzvü dünyasını dəyişib. Həbsdən sonra İsmayıl Lahicanda həmin dövrün görkəmli alimi Şəmsəddin Lahicinin yanında təhsil alıb. Orada ərəb, fars dillərini öyrənib, bir neçə elmə yiyələnib.

Taxt-tacın varislərindən birinin taleyi İsmayılı daim gərginlik içərisində yaşamağa məcbur edib. Uşaq vaxtı o, əla at çapırdı, gənclik illərində yaxşı qılınc oynatmağı öyrənmişdi, bir müddət sonra isə insanlara rəhbərlik edərək əla bir sərkərdəyə çevrildi. 

O, bir sərkərdə kimi hakimiyyət uğrunda çox yaxşı mübarizə aparırdı. İsmayılın həyatında qocaman müəllimi Lahicinin rolu da böyük olub və bu, özünü Çaldıran döyüşündən sonra tam çılpaqlığı ilə göstərib.

Məsələ ondadır ki, dövlətinin sərhədlərini genişləndirən İsmayıl Osmanlı İmperiyası ilə münasibətlərini korlayır. İki türk dövləti arasında baş qaldıran gərginlik 1514-cü ildə Çaldıran adlanan düzənlikdə savaşla nəticələnir. Mühafizəkar baxışlara sahib olan İsmayıl döyüşdə toplardan istifadəyə icazə vermir - onun fikrincə, bu cür döyüş kişiyə yaraşmır. O, əsl igidliyin əlbəyaxa döyüş olduğunu düşünür və özü də belə döyüşlərdə fəal iştirak edirdi. Orduda ruh yüksəkliyi yaratmaq üçün İsmayıl əlində qılınc özünü türk artilleriyasının alovunun altına atır. Onun atı öldürülür, özü isə əsir düşməkdən son anda qurtulur. Yalnız İsmayılın yaxınlarından birinin cəsarət göstərərək özünü İsmayıl kimi təqdim etməsi sərkərdənin həyatını xilas edir. Sonda Türkiyə Təbrizi tutur, İsmayılın dövlətini dağılmaqdan isə yalnız Anadoluda baş qaldıran təlatümlər xilas edir.

Həmin döyüşdən sonra İsmayıl həyatını dövlətin gücləndirilməsinə həsr edir (Şirvan və Gürcüstana yürüşləri nəzərə almasaq). Yeni sülalənin yaradıcısına çevrilən İsmayıl ömrünün qısa sürməsinə rəğmən (cəmi 37 il) ölkəsində tərəqqiyə nail ola bilir. O, ölkədə elmi, poeziyanı təşviq edir, şəhərlər, yollar tikdirir.

 

Sülh və poeziya

Şah İsmayıl bizə Xətai təxəllüsü ilə yazmış şair kimi də tanışdır. Bu gün o, Azərbaycan poeziyasının klassiklərindən sayılır. İsmayıl bədii yaradıcılıqla hələ gənclik illərində məşğul olmağa başlayıb. Bu, İran, Hindistsn və ərəb dövlətləri şairlərinin şeirlərinin onun əlinə keçməsindən sonra baş verib.

Ən təəccüblüsü, Şah İsmayılın əksər əsərlərini doğma Azərbaycan dilində yazması olub. Məhz bu üzdən də biz onu müasir Azərbaycan ərazisindən xeyli böyük əraziyə hökmranlıq etməsinə rəğmən, azərbaycanlı hökmdar və şair kimi tanıyırıq. Axı onun doğma dili və milliyyəti türk idi.

"Təəssüf ki, Xətainin heç də bütün irsi bu günümüzə gəlib çıxmayıb", - deyə sənətşünas Laçın Səmədzadə bildirir. - "Onun günümüzə gəlib çıxmış əsərləri arasında "Dəhnamə" poeması, azərbaycanca 400 qəzəl və qəsid, 4 beyt və fars dilində bir poema da var". 

Səmədzadənin sözlərinə görə, Xətainin şeirlərindən ibarət qədim əlyazma ("Divan") hazırda Daşkənddə saxlanılır. Əlbəttə ki, o, orijinal deyil (kağız çox zərif materialdır). Həmin əlyazmanı I Şah Təhmasibin sarayında məşhur xəttat Şah Mahmud Nişapuri yazıb. Bununla yanaşı, Xətainin digər əlyazmaları da var.

"İsmayılın əsərlərindən onun nə qədər savadlı, geniş biliklərə sahib şəxs olduğu görünür. "Nəsihətnamə", "Dəhnamə" poemalarında onun fəlsəfə, astronomiya, riyaziyyat, musiqi, ədəbiyyat sahəsindəki bilikləri öz əksini tapır", - deyə Səmədzadə qeyd edir.

Şah İsmayılın məktubları, xarici hökmdarlarla diplomatik yazışmaları ədəbidən daha çox tarixi əhəmiyyət daşıyır. Onlar İsmayılın nə qədər geniş maraq dairəsinə sahib olduğunu göstərir. Bundan başqa, Xətainin mükəmməl rəsm, xəttatlıq texnikasına malik olduğunu, musiqi alətlərində ifa etdiyini və oxuduğunu çox az adam bilir.

Şah İsmayıl Xətai yalnız elmin və incəsənətin deyil, həm də peşə və ticarətin təşviqi ilə məşğul olurdu. Onun şeirləri səyyah aşıqlar və dərvişlər tərəfindən dünyaya yayılmışdı. Xətai hələ sağlığında bir çox xalq dastanları və əfsanələrin personajına çevrilmişdi. Onunla eyni dövrdə yaşamış həmvətəni, dahi Füzuli Şah İsmayıl Xətaini "dövrünün padşahı" adlandırırdı. Bu gün bu şairlərin hər ikisi həqiqətən də Azərbaycan ədəbi dilinin baniləri sayılırlar.



MƏSLƏHƏT GÖR:

617