6 May 2024

Bazar ertəsi, 16:54

BÖYÜK və TƏMİZ ŞƏHƏR

Prezident İlham Əliyev tikinti üçün ərazilərin ekoloji tədbirlərin həyata keçirilməli olan zonalarda ayrılmasını tapşırdı

Müəllif:

14.10.2014

Müstəqillik  illərində Azərbaycan  paytaxtı xeyli genişlənib. Genişlənmə elə miqyas alıb ki, artıq paytaxtın son Baş İnkişaf Planında söhbətin "Böyük Bakı"dan getdiyi xüsusi vurğulanır. Bununla yanaşı, investorların ən böyük marağı əvvəlkitək Bakının mərkəzinə yönəlib - tikinti şirkətləri üçün ən arzulanan məhz mərkəz olaraq qalır. Əslində isə daha qazanclısı, ən əsası isə həm paytaxtın özü, həm hazırkı sakinləri, həm də gələcək nəsillər üçün faydalı olanı sənaye müəssisələrinin ləğvi və ya köçürülməsindən sonra boş qalmış ərazilərdə tikintilərin aparılması  olardı.

Yeri gəlmişkən, həmin ərazilərdə abadlıq işlərinin aparılması ilə, daha dəqiqi desək, torpağın yenidən kultivasiyasının, yaşıllaşdırma və abadlaşdırmanın həyata keçirilməsi ilə yalnız Bakının ekololji və estetik problemlərini deyil, keyfiyyətli və ucuz mənzillərin çatışmazlığını da aradan qaldırmaq olar. Bu, ölkənin digər şəhərləri üçün yaxşı nümunə olardı.

Xatırladaq ki,  məsələ Prezident İlham Əliyevin  diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlət başçısı şəhər və rayon icra hakimiyyətləri rəhbərlərinə  tikinti üçün ya keçmiş sənaye obyektlərinin, zavodların yerləşdiyi və hazırda yararsız vəziyyətdə olan yerlərdə, ya da ekoloji tədbirlərin həyata keçirilməsi zərurətinin olduğu zonalarda torpaq ayırmağı tövsiyə edib.

Paytaxtın və ona yaxın ərazilərin tikilməsi ilə bağlı yeni Baş Plan haqqında ümumi təsəvvürün meydana çıxması şəhərdə xaotik şəkildə yöndəmsiz tikililərin ucaldılması prosesini bir qədər də səngidib. Amma ölkənin sabit iqtisadi inkişafını nəzərə alsaq, tikinti hələ uzun illər tələbatın yüksək olduğu fəaliyyət sahəsi olaraq qalacaq. Amma bundan sonra icra hakimiyyəti orqanları yaşayış komplekslərinin, işgüzar və ticarət mərkəzlərinin tikintisinə yer ayırarkən Baş Planla yanaşı, daha bir vacib aspekti nəzərə almalı olacaqlar - şəhərin ekoloji vəziyyətinə təsir.

Bakıda havanın çirklənmə səviyyəsinin artdığı hər kəsə bəllidir. Vəziyyət  artıq o dərəcədə ciddidir ki, dövlət başçısı belə, bununla bağlı bir neçə dəfə sərt xəbərdarlıq səsləndirməli olub. O, paytaxtda ağacların kəsilməsini sərt şəkildə tənqid edib, ölkəyə gətirilən avtomobillərlə bağlı ekoloji standartların yüksəldilməsi tapşırıqlarını verib və s.

"Çirklənmiş ərazilərin təmizlənməsi, ağacların əkilməsi, məişət tullantıları zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişib", - deyə İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib.

Prezident vaxtilə sənaye müəssisələrinin yerləşdiyi  ərazilərdə abadlaşdırma və təmizləmə işlərinin aparılmasının vacibliyini də qeyd edib. O, iş adamları üçün bu sahədə ən parlaq və müsbət nümunə qismində  "Qara Şəhər" kimi tanınmış ərazidə "Ağ Şəhər"in salınmasını göstərib. "Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləyiblər, böyük qazanc, milyardlarla vəsait  əldə ediblər. Ancaq bizim üçün nə qoyub gediblər? "Qara Şəhər"i qoyub gediblər. Bu ekoloji fəlakəti qoyub gediblər. İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. "Ağ Şəhər" nəinki Cənubi Qafqazda, yaxud da bu böyük regionda, dünya miqyasında da ən gözəl şəhərsalma layihələrindən birinə çevriləcək", - deyə İ. Əliyev bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş bu layihənin təməli 2011-ci il dekabrın 24-də qoyulub. Layihə köhnə neft, maşınqayırma və digər sənaye müəssisələrinin köçürülməsini, ərazinin neft tullantılarından təmizlənməsini nəzərdə tutur.

Yəni, əslində, keçmiş sənaye obyektləri ərazilərində abadlıq işlərinin aparılması prosesi dövlət səviyyəsində artıq başlanılıb və getdikcə genişləndirilir. Mərkəzi Bankın, SOCAR-ın, Dövlət Neft Fondunun, "Azərsu" ASC-nin yeni ofis binalarının əvvəllər sənaye müəssisələrinin yerləşdiyi ərazilərdə, ekoloji cəhətdən pis vəziyyətdə olan zonalarda tikildiyini vurğulamaq kifayətdir. Bundan başqa, müasir dövrün memarlıq şedevrlərindən sayılan Heydər Əliyev Mərkəzi "Leytenant Şmidt" zavodunun yerində ucaldılıb. "O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada "Leytenant Şmidt"  zavodu olub", - deyə prezident qeyd edib. Daha bir parlaq nümunə kimi o, vaxtilə şifer kombinatının, lampa zavodunun yerləşdiyi ərazidə Olimpiya şəhərciyinin yaradılmasını göstərib.

Yeri gəlmişkən, paytaxtda tikinti şirkətlərinin yalnız gəlir götürmək üçün yox, həm də şəhərin estetik görüntüsünün gözəlləşdirilməsi, ən başlıcası isə Bakının ekoloji durumunun yaxşılaşdırılması üçün istifadə edə biləcəkləri kifayət qədər ərazilər var. "Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır", - deyə İlham Əliyev bildirib.

Doğrudur, həmin ərazilər daha ciddi səylər, zaman və vəsait tələb edir. Çünki orada torpaqların təkrar kultivasiyası həyata keçirilməli, yaşıllaşdırma işləri aparılmalı, kommunikasiyalar və s. yaradılmalıdır. Bu üzdən icra hakimiyyəti orqanları belə torpaqların inşaat şirkətlərinə verilməsi proseduruna yenidən baxmalı, onu sadələşdirməlidirlər. Bundan başqa, həmin ərazilərdə bələdiyyə yaşayış komplekslərinin yaradılması ideal olardı. Bu, nəhayət, ortagəlirli ailələrin mənzil probleminin aradan qaldırılmasına da imkan verərdi. Paytaxtda belə şəhərciklər nə qədər çox olarsa, sakinlər köhnə məhəllələrdən köçürülmə məsələlərinə bir o qədər sakit yanaşarlar...

Daha bir məqam - turizmin sürətlə inkişafı, müasir otellərin inşası bugünkü Azərbaycanın tələbləri və reallığıdır. Amma hələ də nə paytaxtda, nə də regionlarda ucuz 2-3 ulduzlu otellər tapmaq olur. Sözügedən ərazilərin bir hissəsindən sahibkarlar üçün əlverişli şərtlərlə bu cür obyektlərin tikintisi məqsədilə yararlanmaq olar.

Beləliklə, ən vacibi, yerli səviyyədə investorlarda marağın yaradılmasıdır - bunun üçün qlobal şərtlər kifayət qədərdir. Azərbaycan artıq uzun illərdir regionun fəal inkişaf edən ölkəsi olaraq qalır və bu müsbət trendi son illərdə dünyada yaşanan qlobal iqtisadi böhran belə, sındıra bilməyib. Yalnız 2014-cü ilin ilk 9 ayında ölkədə ümumi daxili məhsul 2,5% artıb, qeyri-neft sektorunda 6%-lik artım qeydə alınıb. İnflyasiya kifayət qədər aşağı səviyyədədir - cəmi 1,5%. Əhalinin pul gəlirləri isə 5,4% artıb. Hər il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artır. Bu ilin 3 rübü ərzində Azərbaycan iqtisadiyyatına 198 milyard dollar investisiya qoyulub və bunun 11 milyard dolları daxili investisiyadır.

"Azərbaycanda çox müsbət sərmayə iqlimi var, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar", - deyə İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.

Qeyd edək ki, prezidentin tövsiyələrinə dövlət səviyyəsində əməl olunması üçün bütün lazımi şərtlər mövcuddur. Qalır icra hakimiyyətləri tərəfindən investorlar üçün əlverişli təkliflərin hazırlanmasına. Onlar hər şeyi elə düşünməlidirlər ki, gələcəkdə Bakı nəinki regionun ən gözəl şəhərlərindən birinə çevrilsin, həm də ekoloji cəhətdən yaşamaq üçün ən münasib məkan olsun. 

 

 

İLK MƏNBƏDƏN

 

"Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər  görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır". 

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

483