1 May 2024

Çərşənbə, 17:17

İRAN DİLEMMASI

Qərblə Tehranın yaxınlaşması çoxsaylı regional problemlər spektrini əhatə edir

Müəllif:

14.10.2014

İran ətrafında yalnız regional yox, beynəlxalq siyasəti əhatə edən vacib proseslər yaşanır. Güman ki, onların ən önəmlisi islam respublikası ilə Qərb arasında gedən dialoqda real irəliləyişlərin qeydə alınmasıdır.

BMT Baş Assambleyasının sessiyasında iştirak edən İran prezidenti Həsən Ruhani sessiya çərçivəsində Avropanın bir sıra liderləri ilə danışıqlar aparıb. Onun görüşdüyü liderlər sırasında Fransa prezidenti Fransua Olland da olub. Amma Ruhaninin Böyük Britaniyanın baş naziri Devid Kemeronla görüşü daha əlamətdar hadisə sayıla bilər. Bu, İranda 1979-cu ildə baş vermiş inqilabdan sonra iki ölkənin liderləri səviyyəsində baş tutan ilk görüşdür. Nəzərə alsaq ki, Tehran bu yaxınlaradək rəsmən "Amerikanın düşmənləri" sırasında idi, London isə Amerikanın təsiri ilə Vaşinqtonun bu yanaşmasına sadiqlik nümayiş etdirirdi, Ruhani-Kemeron görüşünün əhəmiyyəti aydın olur.

Beləliklə, Qərb, ilk növbədə, onun anqlosak hissəsi İranın üzərindən qəbuledilməz fövqəldövlət damğasını götürüb və onunla dialoqun aparılmasının məqsədəuyğun olduğunu qəbul edib.

İran prezidenti ilə Britaniyanın baş naziri arasında keçirilmiş görüşdə, güman ki, əsas müzakirə mövzusu İraq və Suriyada at oynadan "İslam Dövləti" ilə ("İD") mübarizədə əməkdaşlığın perspektivləri olub. Bu qruplaşma həm Qərbə, həm də İrana eyni dərəcədə düşməndir.

Nəzərə almaq lazımdır ki, Tehran "İD" ilə mübarizəyə İranın bütün sərhədi boyu vəziyyətin gərginləşməsi kontekstində yanaşır. Radikal islamçıların İraqın şimalında və Suriyanın şərq regionlarında - sünnilərin üstünlük təşkil etdiyi ərazilərdə - "xilafət" elan etməsi faktiki olaraq, şiələrə qarşı cəbhənin açılması deməkdir. Tehranın bir tərəfdən radikal siyasi islamın himayədarı kimi çıxış edən, digər tərəfdən isə  İranın müttəfiqi olan Suriya ilə mübarizədə Qərbdən istifadə edən Fars körfəzi monarxiyaları ilə münasibətlərinin getdikcə pisləşməsi vəziyyəti daha da ağırlaşdırır. Bundan başqa, Livanın "Hizbullah" şiə qruplaşması da Qərbin və ərəb monarxiyalarının hədəfindədir. O isə həm İranın, həm də Suriyanın daha bir müttəfiqidir. Qərb üçün əsas əngəl isə onun Yaxın Şərqdə radikal islamçılarla apardığı mübarizədəki təbii müttəfiqinin məhz şiə qövsü - İran, Suriya və "Hizbullah" olmasıdır. Bu üzdən, Qərb regional geosiyasi konfiqurasiyada İranın vacib rolunu etiraf etmək məcburiyyətindədir. ABŞ və Avropanı Tehranla dialoqa sövq edən əsas məqam da budur. Bu fakt, hətta Vaşinqtonun "İD" terrorçuları ilə mübarizə məqsədilə yaradılmış beynəlxalq koalisiyada İranla əməkdaşlıq etməkdən imtinası fonunda belə, təkzib olunmur.

Bununla yanaşı, İranın özü üçün Qərblə başlanılmış dialoq islam respublikasının təhlükəsizliyi ilə bağlı digər məsələlərdə Qərbin siyasətinə təsir göstərmək imkanıdır. Misal kimi, Qərbin İraq və Suriyada fəal şəkildə gündəmə gətirdiyi kürd məsələsini göstərmək olar. Bu ölkələrdə kürdlərin yaşadığı bölgələrdə Kürdüstan dövlətinin yaradılması perspektivi İrana heç bir fayda vəd etmir. Yeni yaradılacaq bu dövlətin amerikapərəst olacağı heç kim üçün sirr deyil. Üstəlik, İran üçün kürd separatçılığı tanış fenomendir.

İran üçün geosiyasi çətinliklərə şərqdən, daha dəqiq desək, Əfqanıstandan gələn təhlükəni də əlavə etmək olar. Amerika qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra o, "İD"nin Mərkəzi-Asiya analoqu olan "Taliban" üçün şikara çevrilə bilər. Bu halda Tehranla Kabil arasında son illərdə formalaşmış möhkəm siyasi və iqtisadi münasibətlər pozulacaq. Amma bu, yeganə problem deyil. Bu, həm də İranın yalnız Qərbi yox, həm də islam respublikasını özünə düşmən sayan radikal islamçıların əhatəsində qalması demək olacaq.

İran, əlbəttə ki, qarşısında duran yeni çağırışlara lazımi cavab vermək üçün gücünü səfərbər edir. Amma Qərblə, ümumilikdə, öz maraqlarına uyğun dialoq quran Tehran radikal islamçılığın güclənməsinə görə dünyanın kimə "borclu" olduğunu söyləməyi də unutmur. Həsən Ruhani BMT Baş Assambleyasının toplantısındakı çıxışında Qərbi "strateji yanlışlıq"da, Yaxın Şərqi, Mərkəzi Asiyanı və Qafqazı "terrorçular və ekstremistlər üçün limana çevirmək"də günahlandırıb.

Qərb isə indi, deyəsən, belə tənqidlərdən inciyəcək, Tehranın resurslarından böyük regional oyununda istifadə imkanlarına etinasız yanaşacaq halda deyil. ABŞ və Avropanın bu taktikasını İsrailin baş naziri Benyamin Netanyahu da dəyişdirə bilməyib. O, BMT tribunasından etdiyi çıxışında İranın region üçün "İD"dən daha böyük təhlükə yaratdığını bildirib. Təl-Əviv İranın nüvə proqramının hərbi xarakterli olduğunu bir daha bəyan edib. Netanyahu "İranın hərbi nüvə potensialının tam aradan qaldırılmalı olduğunu" deyib, Tehranın Qərblə dialoqa hazır olmasını "atom bombasının hazırlanması yolunda beynəlxalq sanksiyaların aradan qaldırılmasına cəhd" kimi qiymətləndirib. İsrailin baş naziri bu istəyini şəxsən ABŞ prezidenti Barak Obamaya da çatdırıb. O, İranın nüvə silahı yaratmaq üçün, hətta texnoloji imkanlarının belə, yaranmaması üçün bütün lazımi addımların atılmalı olduğunu söyləyib.

Bununla yanaşı, İranla danışıqlar aparan "altılıq"da təmsil olunan Birləşmiş Ştatlar bu məsələdə kompromisin əldə olunmasında israrlıdır. Artıq noyabrda tərəflər arasında razılaşmanın imzalanacağı istisna deyil. O, bir tərəfdən Tehranın nüvə proqramına tam şəffaflıq gətirməli, digər yandan isə İrana tətbiq edilmiş sanksiyaların tədricən ləğvinə aparıb çıxarmalıdır. Ruhani Qərbin "çeviklik" nümayiş etdirəcəyi təqdirdə, yekun razılaşmanın əldə olunmasının mümkünlüyünə əmindir.

İranlıların Qərbin "çevikliyi"nə ümidi daha bir önəmli səbəbdən özünü doğrulda bilər. İran ABŞ və Aİ üçün həm də enerji nöqteyi-nəzərindən vacibdir. Onlar arasında yaxınlaşmaya edilən cəhdlər həm də Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq istəyi ilə bağlıdır. Qərbli siyasətçilər hesab edirlər ki, İranın neft-qaz ehtiyatlarının dünyaya açılması sonda Rusiyadan asılılığın aradan qaldırılması ilə nəticələnə bilər. Ekspertlərin qiymətləndirməsinə görə, İran neft ehtiyatlarının həcminə görə dünyada 3-cü, qaz hasilatının həcminə görə isə 4-cü yerdədir. Üstəlik, onun qaz yataqlarının işlənməsi hələ ən ilkin mərhələsindədir. Odur ki, Qərb şirkətləri üçün İranın karbohidrogenlərinin bundan sonra da "qıfıl altında" saxlanılması məqsədəuyğun deyil. Deyəsən, bunu ən tez anlayanlar britaniyalılardır. Bu mənada Ruhani ilə Kemeronun Nyu-Yorkda baş tutmuş görüşünü həm də tərəflərin enerji maraqları baxımından təsadüf saymaq olmaz.

Hələ ötən ilin dekabrında Tehran İranın enerji sektoruna Britaniyanın "BP" və "Shell" şirkətləri tərəfindən investisiyaların yatırılacağına ümidini ifadə etmişdi. İran enerji sahəsində əməkdaşlığa dair Fransa ilə də fəal danışıqlar aparır. Nəhayət, BMT Baş Assambleyası çərçivəsində Avstriya prezidenti Hayns Fişerlə də görüşən Həsən Ruhani İran hökumətinin qaz resurslarını Avstriya vasitəsilə Avropanın yerdə qalan hissəsinə nəql etməyə hazır olduğunu bəyan edib.

Beləliklə, Tehran enerji resurslarının Qərb bazarlarına çıxarılmasında maraqlı olduğunu birmənalı şəkildə ortaya qoyub. Hazırda Ukrayna böhranı ilə əlaqədar Rusiya ilə münasibətləri son dərəcə korlanmış Avropadakı geosiyasi şəraitdə bu perspektivin reallığa çevrilmə şansı kifayət qədər çoxdur. Bununla yanaşı, Tehranın siyasətində onun Rusiya ilə mübarizədə Qərbin "kozır"ına çevrilmək istəməməsi də açıq-aydın hiss olunur. Xəzəryanı dövlət başçılarının Həştərxan sammitində iştirak edən İran prezidenti Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsindən narahatlığını dilə gətirib. "Bu, doğru alət deyil. Onlar bu sanksiyalarla digər ölkələrə müqavimət göstərməyə çalışırlar", - deyə Ruhani qeyd edib.

Bəs, reallıqda İran Qərbin enerji silahına çevrilmək perspektivindən qaça biləcəkmi? O, Qərbin tərəfdaşına çevrilməklə yanaşı, Rusiyanın əsas rəqibi olmayacaq ki? Güman ki, Tehran diplomatik gücünü ikinci ssenarinin gerçəkləşməməsinə yönəldəcək. Çünki bu, nə İranın, nə də Rusiyanın maraqlarına cavab verir. 



MƏSLƏHƏT GÖR:

468