5 May 2024

Bazar, 06:12

UKRAYNADA BÖYÜK TƏMİZLƏMƏ

Kiyevin hədəfi Radaya seçki və barışığı qoruyub-saxlamaqdır

Müəllif:

14.10.2014

Ukraynada barışıq artıq bir aydır davam edir. Kiyev və tanınmamış Donetsklə  Luqans xalq respublikalarının (DXR-LXR) nümayəndələri sentyabrın 5-də atəşkəs və əsirlərin dəyişdirilməsinə dair razılıq əldə ediblər. O vaxtdan xəbər lentlərində Ukraynadakı qanlı dram haqqında məlumatlar bir qədər səngiyib. Amma bu, sülh yox, sadəcə barışıqdır. Onun qorunub-saxlanması üçün, ən azı, "sakitlik rejimi" elan olunmalıdır. Əks təqdirdə, sülhə nail olmaq mümkün deyil, çünki hər iki tərəfdə atəş səsləri eşidilir.

İstər Kiyev, istər sə də DXR-LXR nümayəndələri vaxtaşırı atəşkəs razılaşmasının pozulduğunu bəyan edirlər (söhbət termit qarışığından, artilleriya mərmilərindən, tüstü qumbaralarından, qazdan gedir). Xüsusilə Donetsk aeroportu ətrafında qızğın olaylar yaşanır. Bu, başadüşüləndir - Donetsk aeroportu logistika baxımından vacib ərazidir. Onun şəhərin müxtəlif obyektlərinə yeraltı çıxışları var.  Şahidlərin sözlərinə görə, burada söhbət əməlli-başlı yeraltı şəhərdən gedir. Ona nəzarət edən tərəf ciddi strateji üstünlüklərə malikdir. Amma hazırda Donetsk aeroportuna kimin və nəyin nəzarət etdiyini söyləmək çətindir - dispetçer qüllələri, zirzəmilər, terminallar uğrunda mübarizə gedir, bütün bunlar gah mövcud olmayan ölkədə hansısa səfeh döyüşləri, gah da müxtəlif kompyuter oyunlarını xatırladır. Ukraynanın güc strukturları ərazidə daim separatçıların həmlələrini dəf etdiklərini bildirir, Rusiyadan gələn növbəti zirehli texnika partiyası, hərbi aviasiya ilə qarşılaşdıqlarını deyirlər. DXR-LXR nümayəndələri isə qarşı tərəfin Donetskin yaşayış məntəqələrini atəşə tutduğunu, dayanacaqlara, bazarlara mərmilərin atıldığını iddia edirlər. İnsan haqlarının pozulması, binaların dağıdılması ilə bağlı qarşılıqlı ittihamlarla yanaşı,  eyni sözləri BMT ekspertləri də söyləyirlər. ABŞ isə Rusiyanın Ukraynanın qiyamçı bölgələrində separatçılara maddi yardımları davam etdirdiyini bildirir. Bunu bu yaxınlarda ABŞ-ın dövlət katibi Con Kerri də dilə gətirib.

Rusiya Dövlət Dumasının MDB və Avrasiyaya inteqrasiya komitəsinin rəhbəri Leonid Sluskin isə Qərbi Kiyevə siyasi, maddi, hərbi və mənəvi dəstək verməkdə günahlandırıb.

BMT-nin məlumatına görə, oktyabrın 6-dək Ukraynada münaqişə, təxminən, 3660 nəfərin həyatına son qoyub, 8000-dən artıq sakin yaralanıb.  ATƏT-in müşahidə missiyasının məlumatı bir qədər fərqlidir.  

Missiyanın hesablamalarına görə, 2014-cü ilin martından indiydək Ukrayna münaqişəsində 1,5 min insan dünyasını dəyişib. DXR-LXR təmsilçiləri isə minlərlə ölü haqda danışırlar. Hərbi əməliyyatların bilavasitə aidiyyəti olduğu ərazilərdə 5 milyondan artıq insan yaşayır. Həmin ərazilərdə binalar dağılıb, su, elektrik enerjisi yoxdur, tibbi və təhsil xidmətləri xeyli məhdudlaşıb. 

Bundan başqa, bölgədə işsizlik artır və bu da təsadüfi deyil - Donbasda 40 minədək orta və kiçik müəssisə fəaliyyətini dayandırıb. Ödəniş sistemləri işləmir və bu, hələ mövcud olan əməkhaqqı və pensiyaların əldə olunmasını mümkünsüz edir.

Bütünlükdə Ukrayna defoltun astanasındadır. Yaranmış vəziyyətdən xarici borcların hesabına çıxmağın mümkün olacağına ümid bəslənilir. BVF Ukraynaya 17 milyard dollarlıq yardımın ayrılmasına "hə" deyib. Lakin indiki mərhələdə bu borcları kimin və necə qaytaracığı haqda düşünən yoxdur. Rusiya qazının tədarükü və tranziti məsələsi də həll olunmamış qalır. Halbuki, şaxtalı qış artıq qapını kəsib. Kiyev indi oktyabrın 26-da keçiriləcək parlament seçkisinə hazırlaşmaqla məşğuldur.

Ukraynadakı hazırkı seçki kampaniyası, şübhəsiz, hələ yaddaşlarda çox qalacaq. Hakimiyyət keçmişi xatırladan hər şeylə üzülüşmək istəyir. Prezident Pyotr Poroşenkonun "Hakimiyyətdə təmizləmə haqqında" qanunu imzalaması bununla izah olunur. Yeni qanun "hakimiyyətə inamı bərpa etməli və Avropa standartlarına uyğun yeni hakimiyyət orqanları sisteminin qurulmasına imkan verməlidir". 

Ukraynanın baş naziri Arseni Yasenyuk bildirib ki, bu qanun, təxminən, 1 milyon insana şamil olunacaq - söhbət bütünlükdə Ukrayna hakimiyyətindən gedir. Yəni, söhbət yalnız Kiyevdəki "ağırçəkili" siyasətçilərdən və məmurlardan deyil, həm də Viktor Yanukoviçin prezidentliyi dövründə və Maydan hadisələri zamanı vəzifədə olmuş vilayət administrasiyalarının rəhbərlərindən, onların müavinlərindən, rayon administrasiyaları başçılarından gedir. Bununla yanaşı, "SSRİ Kommunist Partiyasının rəhbər vəzifələrinə seçilmiş və bu vəzifələrdə işləmiş, SSRİ DTK-nın ştatlı işçiləri və ya gizli agentləri olmuş, SSRİ-nin digər respublikalarında çalışmış, SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olmuş, SSRİ DTK-nın ali tədris qurumlarında oxumuş şəxslər də kənarda qalmayacaqlar". 

Bir sözlə, yeni qanuna əsasən, ölkədə böyük bir idarəçi təbəqəsi tarixin zibilliyinə göndəriləcək. Ukraynanın yeni dövlət işçilərini haradan və necə tapacağı hələ ki, tam aydın deyil. Onların Poroşenko tərəfindən müəyyənləşdirilmiş meyarlara nə qədər tez uyğunlaşacaqları da qaranlıq qalır. "Lüstrasiyadan sonra dövlət qulluqçusu üçün ikinci meyar ingilis dilində sərbəst danışmaq bacarığı olmalıdır", - deyə prezident  Lvovda keçirdiyi görüşündə bildirib.

Bu cür köklü siyasi dəyişikliklərlə heç də hamı razılaşmır və bu, təəccüblü deyil. Ukraynanın 6 siyasi partiyasını özündə birləşdirən "Müxalifət bloku" yeni qəbul olunmuş və 2 milyonadək insana "toxuna" biləcək qanunun "miqyaslı siyasi repressiya kampaniyası"nın başlanğıcı olduğunu bəyan edib. Müxalifətçilər hesab edirlər ki, "yeni hakimiyyət  müxtəlif şüarların arxasında gizlənərək dövlət qulluqçuları arasında təmizləməyə başlayacaq, yüz minlərlə yüksək ixtisaslı əməkdaşları və onların ailə üzvlərini "izqoy"a çevirəcək". 

"Müxalifət bloku" bunun ölkə Konstitusiyasına, beynəlxalq hüquqi sənədlərə, həmçinin siyasi baxışlarına görə ayrı-seçkiliyi istisna edən "İnsan haqları bəyannaməsi"nə zidd olduğunu bildirir. "Güclü Ukrayna" partiyasının lideri Sergey Tigipko da yeni qanunu hakimiyyətin seçkiqabağı siyasi oyunu adlandırıb.

"Tarixin zibilliyi" ifadəsi Ukraynada bəzi hallarda hərfi mənada qəbul olunmasaydı, o, məcazi kimi görünə bilərdi. Ölkədə "zibillik lüstrasiyası" gedir - yerli radikallar canlı efirdə bir sıra ukraynalı siyasətçiləri açıq şəkildə zibil adlandırırlar. Məsələn, Kiyevdə Mərkəzi Seçki Komissiyasının binası önündə deputat Viktor Pilipişinin başına qırmızı boya tökərək, onu zibil qutusuna atıblar. Odessada "regionçu" deputat Nestor Şufriç düz hüquq mühafizə orqanları əməkdaşlarının gözləri qarşısında döyülüb. Ukraynanın baş prokuroru Vitali Yarema baş verənlərə dözə bilməyərək, belə halların sayının artmasının ciddi fəsadlara yol aça biləcəyini bildirib. Prokurorun fikrincə, "Linç məhkəməsi" və ya "zibil lüstrasiyası" arasında məsafə çox azdır. Ukrayna KİV-in məlumatına görə, əhali arasında seçki zamanı seçicilərin qorxudulması, ələ alınması, yaxud sərf etməyən nəticələrin ləğvi üçün zorakı üsullara əl atıla biləcəyindən ciddi narahatlıq var. Eyni zamanda, əhali radikal siyasətçilərin hakimiyyətə gələ biləcəyindən də narahatdır. Məsələn, Ukrayna Radikal Partiyasının və lideri Oleq Lyaşkonun hakimiyyətə gəlmə şansları gün-gündən artır. O, özünü oliqarxlarla mübarizə aparan şəxs bəyan edib. Sosioloji sorğular göstərir ki, hazırda radikallar populyarlıqda yalnız "Pyotr Poroşenko bloku" partiyasından geri qalırlar.

Ümumiyyətlə, indi Ukraynada deputatlığa namizədlər  arasında elələri də var ki... Məsələn, Pavel Koşka öz seçkiqabağı kampaniya çarxında qoca nənələrə çoxlu "qreçka" (videoda o, "qreçka"nı başından aşağı tökür), asfaltda "3 deşiyi qapatmağı" və "körpələrin oynadığı uşaq meydançasını rəngləməyi" vəd edir.  Koloritli Dart Veyder haqqında isə artıq əfsanələr dolaşır.

Bununla yanaşı, yeni Ali Radada 450 deyil, 420 deputat olacaq. Buna səbəb Krımın Ukraynadan ayrılması, o cümlədən Donetsk və Luqanskda baş verənlərdir. Amma qiyamçı bölgələrin səsvermədə iştirak etmək istəyində olan sakinləri bu istəklərini həyata keçirə biləcəklər. Bunun üçün onlar "pasportlarını özləri ilə götürərək, oktyabrın 20-dək Ukrayna hakimiyyətinin nəzarətində olan istənilən əraziyə gəlməlidirlər. Noyabrda isə tanınmamış DXR və LXR Kiyevdən ayrı şəkildə öz deputatlarını və liderlərini seçməyə hazırlaşır. Kiyev bəyan edib ki, Rusiya Donetsk və Luqanskı seçki keçirmək qərarından daşındırmalıdır. Rusiya Xarici İşlər Nazirliyi isə buna cavab olaraq, belə addım atmaq niyyətində olmadıqlarını  bəyan edib. Nazirliyin açıqlamasında bildirilir ki, hazırda hər şey sentyabrda barışığa dair əldə olunmuş razılaşmaya uyğun gedir.

Əslində isə barışıq haqda razılaşma çox zərifdir, Ukrayna isə parlamentini iki regionunun iştirakı olmadan seçir. "DXR-in birinci vitse-prezidenti" Andrey Purginin sözlərinə görə, "respublika Kiyevlə nə özünün siyasi statusu, nə də barışıq haqda danışıqlar aparır". "Novorossiya Xalq Cəbhəsi" sosial-iqtisadi qərargahının rəhbəri Denis Puşilin isə hesab edir ki, Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın statusu haqqında qanunu imzalamağı bilərəkdən uzadır, çünki imza olmadan bütün razılaşmalar mənasını itirir.

Amma bir şey aydındır ki, barışığı istənilən yolla qoruyub-saxlamaq lazımdır. Fərqi yoxdur bunu kim edir - "Pyotr Poroşenko Bloku", yoxsa Dart Vayderin sehirli gücü. Barışıq vətəndaş müharibəsinin qarşısını alıb. Amma onun bərpası təhlükəsi qalmaqdadır. Burada söhbət həm yuxarıda qeyd olunan "zibil lüstrasiyaları", həm keçmişlə bağlı bütün xatirələrin mümkün qədər tez zamanda yaddaşlardan silinməsi istəyindən, həm radikal əhvalın populyarlaşmasından, həm də əlbəttə ki, Kiyevlə DXR-LXR arasında heç bir dialoqun aparılmamasından gedir. Silahla dolu olan, üstəlik, bu silahların hər gün "dilləndiyi" ölkədə bu, kifayət qədər təhlükəli vəziyyətdir.



MƏSLƏHƏT GÖR:

597