5 May 2024

Bazar, 02:51

İRƏVANA SƏRHƏDİ AŞMAĞA İMKAN VERİLMƏDİ

Ermənistan Aİİ-yə Azərbaycanın irəli sürdüyü şərtlər daxilində qəbul edildi

Müəllif:

14.10.2014

Belarus paytaxtı postsovet məkanının qeyri-rəsmi "diplomatik mərkəzi" adına iddialıdır. Ukrayna böhranı ilə bağlı çətin danışıqların ardından Minsk MDB sammitinə ev sahibliyi edib. Sammitin gündəliyinin zəngin olacağı gözlənilirdi. Hələ toplantıdan əvvəl  bəyan olunmuşdu ki, Minskdə MDB Dövlət Başçıları Şurasının, Avrasiya İqtisadi İttifaqı (Aİİ) Dövlətlərarası Şurasının və Avrasiya Ali İqtisadi Şurasının toplantıları keçiriləcək. MDB sammitinin proqramına iqtisadi, humanitar və hüquq-mühafizə orqanları sahələrində çoxtərəfli əməkdaşlığın inkişafı məsələləri, müvafiq saziş və qərarların imzalanması, narkotiklərə nəzarət üzrə beynəlxalq sistemin gücləndirilməsinə dair bəyanatın, həmçinin Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı müraciətin qəbulu daxil  idi. 

Əslində, Minsk 3 sammitə ev sahibliyi edirdi. Burada MDB dövlət başçılarının toplantısı da keçirilirdi. Elə həmin gün Minskdə Gömrük İttifaqının fəaliyyətinin dayandırıldığı, Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə start verildiyi bəyan olundu. Gİ və Aİİ, əslində, inteqrasiya birlikləri olsalar da, MDB sammitinin gündəliyi burada söhbətin uzunmüddətli və miqyaslı inteqrasiya işlərindən getmədiyini göstərib. Hələ 2005-ci ilin yazında çoxları MDB-nin dağılacağı haqda danışanda, bu məkanda real "geniş" inteqrasiya layihələrinin vacibliyini söyləyəndə, Rusiya prezidenti mövqeyini açıq şəkildə ortaya qoymuşdu. "Əgər Avropada Aİ ölkələri birləşmə üçün birgə fəaliyyət göstəriblərsə, MDB sivil şəkildə ayrılmaq üçün yaradılıb", - deyə o zaman Vladimir Putin bildirmişdi.

Amma MDB-yə, ən azı, dəyişməz siyasi "meydan", ümumi humanitar, mədəni, hətta "bəşəri" məkanın qorunub-saxlanması vasitəsi kimi, bu gün də ehtiyac var. MDB-nin potensialı tükənməyib - bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi meydanıdır. 

Azərbaycan Prezidenti İlham Əliyevin qurumun son sammitindəki çıxışı bunu bir daha təsdiqləyib: "Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və  bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq".

Beynəlxalq risklərdən  danışan İlham Əliyev Azərbaycan siyasətinin risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəldiyini vurğulayıb. "Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir", - deyən prezident Azərbaycanın humanitar əməkdaşlığa  böyük önəm verdiyini və bunun MDB-nin həyat fəaliyyətinin əsasını təşkil etdiyini söyləyib: "Bir neçə gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumu keçirildi. Həmin Forumda bizim ölkə nümayəndələri ilə yanaşı, 60-dan çox ölkə təmsilçiləri iştirak edirdi. Dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq məsələləri çox aktualdır. Zənnimcə, ölkələrimizin müsbət təcrübəsi göstərir ki, multikultural cəmiyyət inkişafın yeganə yoludur".

Bununla yanaşı, sammitin "sərt tərəfləri" də olub. Rotasiya əsasında MDB liderlərinin görüşü Kiyevdə keçirilməli idi. Lakin Ukrayna quruma sədrlikdən imtina edib. Üstəlik, Ukrayna prezidenti Pyotr Poroşenko sammitə qatılmaqdan imtina edib və bu, onun həmkarları tərəfindən kifayət qədər sərt qarşılanıb. "Ukrayna kimi ölkəyə aid həyati əhəmiyyətli məsələlərin haradasa uzaqda, Berlində və ya Milanda həlli olunması yolverilməzdir", - deyə Aleksandr Lukaşenko hiddətlə bildirib. Onun özbəkistanlı həmkarı İslam Kərimov da "bu qərarla razılaşmağın çox çətin olduğunu" deyib. O, fikrini belə davam etdirib: "Belə təsəvvür yaranır ki, o (Poroşenko - red.), iki yol arasında qalıb: MDB-dən çıxmağın ona xeyiri olub-olmadığını müəyyənləşdirə bilmir".

Sammitdə Rusiya prezidenti Vladimir Putinlə Moldovanın dövlət başçısı Nikolay Timofti arasında kifayət qədər sərt söz atışması da yaddaşlarda qalıb. Timofti ölkəsinin Aİ ilə saziş imzalamasından sonra Rusiyanın öz bazarlarını Moldova məhsullarının üzünə, demək olar ki, bağlamasından təəssüfünü ifadə edib. "Belə çıxır ki, bizim ölkəmiz MDB-nin azad ticarət zoasından çıxışdırılıb çıxarılır", - deyə Timofti qeyd edib. 

Vladimir Putinin həmkarına cavabı da dərhal gəlib: "Avropada imzalanan sənədlərin digər tərəfdaşlarla münasibətlərə hansı təsiri göstərəcəyi haqda əvvəlcədən düşünmək lazım idi".  Putin fikrini belə davam etdirib: "Biz heç zaman  Aİ ilə yaxınlaşmanın əleyhdarı olmamışıq və özümüz də onunla yaxınlaşmaya hazırıq. Məsələ bizim əməkdaşlıq şərtlərimizdən gedir. Problem cavab və ya müdafiə tədbirləri ilə bağlı meydana çıxmır. Problem ondadır ki, tərəfdaşlarımız digər iqtisadi-ticari birliklərə qoşulmasının Rusiya və digər MDB ölkələrinin iqtisadiyyatlarına yaratdığı riskləri müasir, açıq və peşəkar şəkildə müzakirə etməyi lazım bilmirlər".

Tərəflər arasında söz atışması, hətta sözün Tacikistan prezidenti İmoməli Rahmona verilməsindən sonra da davam edib. Lakin bu hissə "stenoqram"a düşməyib.

Cənubi Qafqazda auditoriyanın diqqətini ən çox cəlb edən isə başqa hadisə olub: Gömrük İttifaqı məhz Minskdə Avrasiya İqtisadi İttifaqı ilə əvəzlənib. Aİİ-nin Dövlətlərarası Şurasının son toplantısında Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri Avrasiya İqtisadi Birliyinin fəaliyyətinin nəticələrini müzakirə edərək, onun fəaliyyətinin dayandırılmasına dair saziş imzalayıblar (2015-ci il yanvarın 1-dən). Rusiya prezidenti V. Putin bildirib ki, "Avrasiya İqtisadi Birliyi vacib missiyanı həyata keçirib - Avrasiyada inteqrasiya prosesinin yüksələn xətt üzrə inkişafını təmin edib, Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın yaradılması üçün əsas rolunu oynayıb". "Biz inteqrasiyanın yeni, daha yüksək dərəcəsinə qədəm qoyuruq. Bu, ölkələrimizin iqtisadiyyatının müasirləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması məsələlərinin daha effektiv həllinə imkan verəcək", - deyə Putin qeyd edib.

Ən başlıcası isə Minskdə İrəvanın siyasi dairələrini gərginlikdə saxlayan intriqaya son qoyulması olub: Ermənistan, nəhayət, Avrasiya İttifaqına qoşulub.

Vladimir Putin deyib: "Bizim fikrimizcə, Ermənistan Aİİ-də Rusiya, Belarus və Qazaxıstanla bərabər şəkildə işləməyə hazırdır. Ümid edirik ki, Ermənistanın birliyə qoşulmasından sonrakı ilk 1-2 ildə müsbət makroiqtisadi effektin şahidi olacağıq".

Xatırladaq ki, Ermənistanın əvvəlcə Gİ-yə, daha sonra isə Aİİ-yə qoşulması məsələsi Avrasiya İqtisadi Birliyinin may sammitindən havadan asılı vəziyyətdə qalmışdı. Həmin sammit zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev demişdi: "Biz Azərbaycan prezidentindən məktub almışıq. Məktubda bildirilir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına xüsusi qeydlə daxil olub. Qeyddə ÜTT-nin qaydalarının Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri daxilində qüvvədə olacağı göstərilib". Yəni, Ermənistan Aİİ-yə qoşula bilər, amma bu, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal altındakı ərazilərinə şamil edilməyəcək. İrəvan bu məsələyə etirazını çoxdan bildirib.

İndi Serj Sarqsyan "Avrasiya sənədləri"nə imza atıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə Ermənistanın Aİİ-yə üzvlüyü ilə bağlı danışıqların gedişində bütün hüquqi və iqtisadi məsələlərin razılaşdırıldığını bildirib. "Biz Ermənistana Aİİ-yə hansı sərhədlər çərçivəsində üzv olacağına dair nəzakətlə verdiyimiz suallarla bağlı kompromis əldə edə bildik", - deyə Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclasındakı çıxışı zamanı qeyd edib. O, ölkəsinin Ermənistanın Aİİ üzrə müqaviləyə qoşulmasına maneə görmədiyini söyləyib.

Ermənistanda məlum səbəblərdən Nazarbayevin kompromis dedikdə nələri nəzərdə tutduğunu açıqlamaq istəmirlər. Amma hələ sentyabrın sonlarında Ermənistanda fəaliyyət göstərən "Məlumatlı vətəndaşlar birliyi" təşkilatı Ermənistanın Aİİ-yə üzvlüyü ilə bağlı müqavilə layihəsini və ona əlavəni ictimaiyyətə açıqlamışdı.  Müqavilənin ayrılmaz hissəsi olan 2-ci əlavənin 7-ci maddəsində açıq şəkildə deyilir: "Gömrük İttifaqının Gömrük Məcəlləsinin 27 noyabr 2009-cu il tarixli müqaviləsinin 2-ci maddəsinin 1-ci hissəsinə "Ermənistan Respublikası" sözü əlavə edilsin. Gömrük İttifaqının Gömrük Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsində isə deyilir: "Gömrük İttifaqının vahid gömrük sərhədinə malik üzvləri Belarus Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası, həmçinin bu ölkələr ətrafındakı süni adalar, qurumlar, tikililər və digər obyektlərdir. Onlar Gömrük İttifaqı ölkələrinin birbaşa yurisdiksiyasındadır".

Ermənistan müxalifəti və digərləri belə qənaətə gəliblər ki, Dağlıq Qarabağ heç bir halda vahid gömrük zonasına daxil edilmir, çünki o, Ermənistan Respublikasının yurisdiksiyasında olan nə süni ada, nə tikili, nə də digər obyektdir. Bu sensasion məlumatı rəsmi dairələr nə təkzib, nə də təsdiq ediblər. Onlar bu məlumatı sadəcə, "görməzliyə" vurmağa üstünlük veriblər. 



MƏSLƏHƏT GÖR:

562