27 Aprel 2024

Şənbə, 10:09

TRANS-XƏZƏRƏ YAŞIL İŞIQ

Malayziyanın "Petronas" şirkətinin "Şahdəniz" layihəsinə gəlişi Trans-Xəzər qaz kəməri layihəsinin aktuallaşmasına təkan verə bilər

Müəllif:

21.10.2014

Azərbaycanın əsas qaz aktivi səhmdarlarından birini dəyişib. Söhbət Norveçin "Statoil" şirkətinin "Şahdəniz" yatağının işlənməsi layihəsini tərk etməsindən gedir. "Statoil" özünün layihədəki 15,5%-lik payını 2,25 mlrd. dollara Malayziyanın "Petronas" şirkətinə satıb.

"Statoil" bir neçə il ərzində bu aktivin inkişafında iştirak etməklə xeyli gəlir əldə edib və biz "Petronas"la sövdələşmədən çox məmnunuq. Payımızın satışı bizim portfelimizi optimallaşdırır və bundan sonra əsas diqqəti sənaye inkişafı və aktiv artıma yönəlmək üçün bizim maliyyə çevikliyimizi artırır", - deyə şirkətin vitse-prezidebti Lars-Kristian Baher bildirib.

Bundan əvvəl "Statoil" 2013-cü ilin dekabrında özünün "Şahdəniz"dəki 25,5%-lik payının 10%-ni layihənin digər iki səhmdarlarına güzəştə getmişdi - BP 3,3%, SOCAR isə 6,7%-ni əldə etdi. Bu satışdan "Statoil" 1,45 mlrd. dollar qazandı. 

Amma bütün bunlar Norveç şirkətinin Azərbaycanda fəaliyyətinin dondurduğu anlamına gəlmir. "Azərbaycandakı biznesimiz şirkətin beynəlxalq portfelində mühüm rol oynayır və biz bu biznesə sadiqik", - deyə Baher vurğulayıb. Xatırladaq ki, şirkətin "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsi layihəsi və Bakı-Tiflis-Ceyhan boru xəttindəki payları qalır. 

Elə isə, Avropanın qaz sənayesinin liderlərindən biri nəyə görə Avropanın ən perspektivli qaz layihəsini tərk edir? Cavab çox sadədir: davam edən iqtisadi böhran şəraitində bir çox Avropa şirkətləri xərclərini azaltmaq məcburiyyətindədir. "Şahdəniz" layihəsinin perspektivləri heç kəsdə şübhə doğurmur. Amma qısa müddət ərzində gəlir əldə etmək üçün genişmiqyaslı sərmayə tələb olunur - yatağın işlənməsinin yalnız ikinci mərhələsi qazın Türkiyə sərhədinə çatdırılması da daxil 28 milyard dollara başa gələcək. Elə Fransanın "Total" şirkəti də məhz, bu səbəbdən, öz payını Türkiyənin TPAO şirkətinə sataraq layihəni tərk edib. 

Bununla belə, "Statoil" AÇG layihəsində qalır, çünki burada sərmayənin böyük hissəsi artıq qoyulub və şikrət gəlir mərhələsinə çıxıb. Bundan başqa, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin bir müddən əvvəl dediyi kimi, "Statoil" diqqətini Xəzərin Azərbaycan sektorundakı dayazlıq sahədə yeni perspektivli yataqların aşkar edilməsinə yönəldib. 

İstənilən halda, "Statoil"un "Şahdəniz"dən getməsi artıq faktdır və indi Azərbaycan üçün daha vacib məsələ yeni səhmdarın gəlişi və onunla əməkdaşlıqdan hansı mənfəətin əldə ediləcəyidir. 

Malayziyanın dövlət neft şirkəti olan "Petronas" öz ölkəsinin iqtisadiyyatında mühüm rol oynayır və büdcə gəlirlərinin 40%-ni təmin edir. 1974-cü ildə təsis edilmiş şirkət hazırda dünyanın 35 ölkəsində biznes aparır, onun gündəlik neft hasilatı 2,5 mln. barel təşkil edir. Xəzər regionu da Malayziya şirkətinə yaxşı tanışdır. "Petronas" Xəzərin Türkmənistan sektorundakı 245 mlrd. kubmetr təbii qaz və 75 milyon ton neft ehtiyatına malik "Maxtumkuli-Ovez-Diyarbəkir" neft-qaz yatağının işlənməsində iştirak edir. Üstəlik, 2006-cı ildən bu blokdan hasil olunan neft dünya bazarlarına Azərbaycandan keçərək Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə nəql edilir. Türkmənistan blokundakı qaz ehtiyatlarının nəqli üçün isə "Petronas" Xəzərin sahilində 10 mlrd. kubmetr gücündə olan qaz terminalı inşa edib.

Ümumilikdə, Xəzərin Türkmənistan sektorundakı yataqların perspektivləri çox müsbət qiymətləndirilir. Türkmən geoloqlarınıın və Amerikanın "Western Geco" şirkətinin mütəxəssislərinin hesablamalarına görə, türkmən sektorunun ümumi ehtiyatları 6,5 trln. kubmetr qaz və 12 mlrd.ton neft təşkil edir. Artıq yaxın vaxtlarda Türkmənistan yanaqlarından ildə 17-20 mlrd. kubmetr qaz nəql etmək mümkün olacaq. Bu qaz ya mövcud boru sistemləri vasitəsilə Rusiya və İrana, ya da mümkün Trans-Xəzər qaz borusu vasitəsilə Avropaya nəql ediləcək. Bu baxımdan, Trans-Xəzər variantı Aşqabad üçün daha perspektivli görünür. Təsadüfi deyil ki, Xəzəryanı dövlət başçılarının Həştərxanda keçirilən son sammitində Trans-Xəzər qaz kəməri mövzusunu məhz Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov aktuallaşdırıb: "Bizim dövlətlərimizin Xəzərdə enerji sahəsindəki maraqları ziddiyyət təşkil etmir. Və xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz hələ həllini tapmamış məsələlərə siyasi don geydirilməsinin əleyhinəyik. Eyni sözləri Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi perspektivi haqda da söyləmək olar. Bu məsələyə hamı tərəfindən qəbul edilən beynəlxalq-hüquq normaları və qarşılıqlı maraqlara hörmət prinsipi ilə yanaşmaq lazımdır. Türkmənistan əmindir ki, bu cür kəmərlərin çəkilməsi - dənizin dibinin düşdüyü ərazinin aid olduğu dövlətlərin suveren hüququdur və buna görə də, yalnız onların razılığı əsasında reallaşa bilər. Təbii ki, bu zaman ən yüksək beynəlxalq ekoloji normalara riayət olunmalıdır". 

Azərbaycan da eyni mövqedən çıxış edir. "Beynəlxalq hüquqa görə, Xəzər dənizinin dibi ilə kəmərin çəkilməsi hövzənin digər ölkələri ilə razılaşma tələb edir. Təbii ki, Xəzər dənizi məsələsində həm hüquqi, həm də siyasi aspektlər var. Bununla yanaşı, digər ölkələrlə razılaşdırılacaq başqa mövqelər mövcuddur ", - deyə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. 

O, həmçinin vurğulayıb ki, Bakı Xəzər dənizində ekoloji tələblərə cavab verən fəaliyyəti dəstəkləyir: "Xəzər dənizində həyata keçirilən hər bir layihə ekoloji aspektə malikdir. Bu səbəbdən, həmin məsələlər bu gün müzakirə edilir. Biz bu dənizdə həyata keçirilən istənilən fəaliyyətin ən yüksək ekoloji tələblərə cavab verməsinin tərəfdarıyıq".

İndiyədək Xəzərin dibi ilə Trans-Xəzər kəmərlərin çəkilişinə qarşı Rusiya və İran çıxış edirdi və onlar bunu Xəzərin ekoloji təhlükə ilə üzləşə biləcəyi ilə əsaslandırırdılar. Amma bu zaman nədənsə unudulur ki, Azərbaycan artıq yarım əsrdən artıqdır ki Xəzərin dibindəki yataqlarda işləyir, son onilliklər ərzində isə digər sahilyanı dövlətlər də ona qoşulublar. Odur ki, əksər ekspertlər əmindirlər ki, Rusiyanın etirazları yalnız Avropanın qaz bazarında Xəzərdən yeni rəqiblərin ortaya çıxacağı ilə bağlıdır. 

Yeri gəlmişkən, son illər ərzində Avropanın özü Rusiya qazına alternativ axtarır. Bunun üçün Avropa hətta "Qazprom"un yeni təşəbbüslərinin də qarşısını alır və "Cənub axını"nın taleyi də buna bariz nümunədir. Ukrayna böhranı fonunda isə Rusiya ilə Qərbin qarşıdurması Rusiyanın Avropaya qaz nəqlini artırmaq ehtimalını daha da azaldıb. Köhnə qitədə Rusiyadan alınan qazın həcmini artırmaqdansa, alternativ qaz mənbələrini tapmağa, kömürdən istifadəni artırmaqla qaza olan tələbatı azaltmağa üstünlük verirlər. Təbii ki, bu cür məhdudiyyətlər həm "Qazprom"un, həm də ümumilikdə ölkənin qaz nəqli və gəlirinə təsirsiz ötüşmür. Ona görə də təsadüfi deyil ki, Rusiya Qərblə münasibətlərdəki böhranın kulminasiya nöqtəsində, artıq on ildir müzakirə olunan Çinlə qaz sövdələşməsi, axır ki, imzalandı. Müqaviləyə görə, Rusiya 30 il ərzində bu ölkəyə 38 mlrd.kubmetr qaz nəql edəcək. 

Amma Rusiya hələ yalnız 2018-ci ildə Çin bazarına çıxmağı planlaşdırdığı halda, Türkmənistan artıq bu bazarda özünə yer edib və onilliyin sonuna qədər Çinə ildə 65 mlrd. kubmetrə qədər qaz satmağı planlaşdırır. Türkmənistan son illər öz qazının "Qazprom"a satışı məsələsinə daha sərt mövqedən yanaşır, elə Rusiya monopolistinin özü də bu qazı almağa meyilli deyil. Hətta "Qazprom"da, ümumiyyətlə, Orta Asiya qazını almaqdan imtina etmək haqda da düşünürlər. Belə bir şəraitdə türkmən qazı yalnız Çinə nəql oluna bilər. Əvvəllər ildə 40-45 mlrd. ton türkmən qazı alan "Qazprom"un indi bu rəqəmi 10 mlrd. kubmetrə endirməsi Aşqabadı yeni bazarlar axtarmağa məcbur edir. 

Beləliklə, yaranmış vəziyyətdə Rusiya üçün Türkmənistanla Avropa bazarında yox, Çin bazarında rəqabəti udmaq daha vacibdir. Ona görə, bəlkə də, türkmən qazının Avropaya nəqlinə mane olmamaq Moskvanın maraqlarına da uyğundur. Bu isə Trans-Xəzər qaz kəmərinin reallaşması şansını artırır. Bu Avropaya Cənub Qaz Dəhlizinin hazır olduğu vaxtda baş verə bilər. 

Odur ki, "Şahdəniz" layihəsində türkmən qazını Avropa bazarına çıxarmaq imkanına malik olan Malayziyanın "Petronas" şirkətinin iştirakı, bəlkə də, təsadüfi deyil.



MƏSLƏHƏT GÖR:

484