30 Aprel 2024

Çərşənbə axşamı, 05:53

MİLANDA İKİ NƏFƏR

Vladimir Putin və Pyotr Poroşenkonun görüşü Ukraynada atəşkəs imkanlarının olduğunu göstərib

Müəllif:

21.10.2014

Ukrayna böhranı beynəlxalq siyasətin diqqət mərkəzində qalır. Bu məsələ Milanda keçirilən "Asiya-Avropa" (ASEM - Asia-Europe Meeting) forumu çərçivəsində müzakirə edilən əsas mövzulardan biri kimi diqqət çəkib. Tədbirdə əsas intriqa Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasında görüş olub.

Milan danışıqlarından öncə ABŞ və Rusiya xarici siyasət idarələrinin rəhbərləri Con Kerri və Sergey Lavrov Parisdə görüşüblər. Məhz Ukrayna məsələsi, konkret desək, Ukraynanın şərqində atəşkəsi nəzərdə tutan 5 sentyabr tarixli Minsk razılaşmasının perspektivlərinin reallaşdırılması Amerika dövlət katibi və RF XİN rəhbərinin danışıqlarının əsasını təşkil edib. Lavrov və Kerrinin ehtiyatlı bəyanatına əsasən, danışıqlarda hər hansı bir kompromisə nail olmaq mümkün olmayıb. Nüvə silahına malik iri dövlətlərin münasibətləri daha da qarşıdurma istiqamətində pisləşir, sonu hələ görünməyən Ukrayna böhranı isə Vaşinqton və Moskva arasında ziddiyyəti ancaq daha da kəskinləşdirəcək. Hərçənd rusiyalı nazir Con Kerri ilə görüşün faydalı olduğunu bildirərək, ardınca etiraf edib ki, Amerika tərəfinin Ukrayna böhranı ilə əlaqədar RF-ə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etmək istəyi müşahidə edilmir. 

Ukrayna böhranının sülh yolu ilə nizamlanması məqsədilə daha böyük səmərəni Rusiya və Ukrayna liderlərinin birbaşa dialoqu verə bilər. Vladimir Putin və Pyotr Poroşenko Avropa və Asiya ölkələrinin 50-dən artıq liderlərinin iştirak etdiyi ASEM sammiti çərçivəsində tam üç dəfə görüşüblər. 

İlk ünsiyyət işgüzar səhər yeməyi çərçivəsində Rusiya və Ukrayna rəhbərlərindən savayı, həm də İtaliya baş naziri Matteo Rensi, Fransa prezidenti Fransua  Olland,  Almaniya kansleri Angela Merkel, Britaniya baş naziri Devid Kemeron, Avropa Birliyinin prezidenti Herman van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun da iştirakı ilə keçib. Süfrə arxasındakı söhbətin nəticələrinə görə, onun iştirakçıları Donbassda atəşkəs üzrə razılaşmaların yerinə yetirilməsinin zəruriliyi haqda ümumi ifadələrlə kifayətləniblər. Və baxmayaraq onlar maraqlanan mətbuatı inandırmağa çalışırdılar ki, görüş "yaxşı və nikbin" keçib, Ukraynada vəziyyətin müzakirə olunmasında "mühüm addım" olub, məhz onların təsdiq etdikləri fakt danılmaz idi.  Məhz - Ukraynada atəşkəs məsələsində əhəmiyyətli sıçrayışa yenə də nail olmaq mümkün olmayıb.  

Putin və Poroşenkonun növbəti görüşü Rusiya nümayəndəliyinin mehmanxana-iqamətgahında artıq "dördlük" formatında baş tutub: "Rusiya və Ukrayna liderlərindən başqa,  görüşdə Angela Merkel və Fransua Olland da iştirak edib. Bu görüş daha məhsuldar keçib, amma əsas məsələ - Ukraynada tez bir zamanda atəşkəs əldə olunması ilə qətiyyən bağlı olmayıb. Lakin "dördlüyün" (həmçinin təkcə bu "mehmanxana" görüşünün gedişatında, həm də ASEM forumu çərçivəsində də) müzakirə etdiyi mövzu  Avropa qışı ərəfəsində son dərəcə mühümdür. Çünki bu, Rusiya qazının Ukraynadan keçməklə nəqlini nəzərdə tutur. Avropa liderləri Moskva və Kiyevin artıq yaxın vaxtlarda yanacaq tədarükü haqda razılaşma əldə etmələrində maraqlı olduqlarını ifadə ediblər. Baş verənlərə əsasən onlar məmnun ola bilərlər. Çünki danışıqların nəticələrinə görə Rusiya prezidenti işarə edib ki, Ukraynaya "heç olmasa" qış dövrü ərzində qazın nəqlinin yenilənmə şərtlərinə dair razılıq əldə olunub. 

Başqa sözlə, Ukraynanın qaz ödənişinin maliyyələşdirilməsinə dair danışıqları uğurlu yekunlaşmış hesab etmək olar. Düzdür, ancaq bir aydın olmayan məqam qalır. Putinin dediyi kimi, Rusiya ümid edir ki, Avropa Birliyi "ukraynalı tərəfdaşlarına" dəstək göstərəcək və ya kredit, yaxud da Beynəlxalq Valyuta Fondunun (BVF) növbəti tranşını köçürməklə kömək edəcək. "Biz artıq borc qaz verə bilmərik", - deyə RF prezidenti yekun vurub. Ona görə yaxın vaxtlarda Avropa Birliyinin Ukrayna vasitəsilə Rusiya qazını almasına dair zəmanəti məhz hansı şəkildə təmin edəcəyi haqda məlumatları gözləmək lazımdır. Ukraynada sülhün taleyi isə Putin və Poroşenkonun təkbətək görüşündən asılı idi.  Görüşdən sonra tərəflərin bəyanatından Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına nail olmaq istiqamətində real şansın hələ qaldığı  haqda nəticə çıxarmaq olar. Ukraynada daxili siyasi vəziyyətin bütün kəskinliyini və onun ətrafında soyuq müharibə ruhunda inkişaf edən geosiyasi münaqişəni nəzərə alsaq, bu öz-özlüyündə  az  irəliləyiş deyil. Vladimir Putin Ukrayna prezidentinin imzaladığı Donbassın statusu haqda qanununu "düzgün istiqamətdə olan addım" kimi (amma bu, rusiyalı liderin sözləri ilə desək, "ideal qanun deyil") qiymətləndirib. Söhbət "Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında" "xüsusiyyətlər nəzərə alınmaqla" yerli idarəetmənin formalaşmasını nəzərdə tutan sənəddən gedir. Xüsusən, bu regionda yerli özünüidarəetmənin hüquqlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə  tutulur.

Bununla bərabər, Donetsk və Luqanskın "xalq respublikaları" adlandırılan nümayəndələri qanunu tanımadıqlarını bəyan ediblər. Onlar təkid ediblər ki, Pyotr Poroşenkonun aktında xatırladılan ərazilər Ukraynanın bir hissəsi deyil. Diqqət çəkən məqam ondan ibarətdir ki, Milan danışıqlarının gedişi zamanı Rusiya prezidenti bir neçə dəfə rusyönümlü üsyançılar tərəfindən nəzarət edilən Ukrayna torpaqlarını  Novorossiya adlandırıb. Əslində, bu jest Kreml tərəfindən "DXR" və "LXR"in mənəvi və siyasi dəstəklənməsini nəzərdə tutur. Praktiki olaraq isə Donetsk və Luqansk vilayətlərinə Ukrayna tərkibində muxtariyyət statusunun verilməsi Rusiyanı tamamilə qane edərdi. Və görünür, Putin Poroşenko ilə danışıqlarda  Kiyevin məhz birbaşa separatçılarla dialoqa keçməsinə çalışır. Lakin Ukrayna hakimiyyəti təkid edir ki, nizamlanmanın əsas bəndləri Moskvanın üsyançılara hərbi yardımını dayandırmaq,  separatçı qüvvələr tərəfindən vuruşan rusiyalı könüllüləri geri çağırmaq olmalıdır. Bundan başqa, Kiyevin tələblər siyahısına separatçılar tərəfindən hərbi əməliyyatların tam dayandırılması və Rusiya-Ukrayna sərhədlərinin Avropa müşahidəçiləri ilə monitorinqi daxildir. Göründüyü kimi, Kiyevin mövqeyində Moskvanın irəli sürdüyü danışıqlar prosesinə "DXR" və "LXR"in cəlb olunması ideyasına, nəticə etibarilə də özünü elan edən törəmələrin hüquqi subyektliyinin faktiki tanınmasına  işarə belə yoxdur. 

Moskva və Kiyevin yanaşmalarında mühüm fərqliliyin qalmasına  baxmayaraq, yenə də atəşkəsə nail olmaq mexanizmi məsələsində təmas nöqtələrini axtarıb tapmaq mümkün olub. Söhbət müharibə edən tərəflər arasında ayırma xəttinin yaradılması imkanlarından gedir. Bu yolda əngəllərdən biri Minsk razılaşmalarına əsasən, Kiyevin nəzarətində olan yaşayış məntəqələrində Donbass üsyançılarının ailə üzvləri qalmaqda davam edir. Putin ayırma xətti məsələsində razılığa nail olmaq üçün məhz bu bəndin olmasına "təkid edirdi". Milan danışıqlarının, şübhəsiz, uğurlarından biri məhz pilotsuz uçan aparatların köməyi ilə ayırma xəttinin nəzarətinə dair razılığın əldə olunması idi. Vəziyyətin izlənilməsində  Rusiya, Fransa və İtaliya iştirak edəcək. İstisna deyil ki, artıq yaxın günlərdə maraqlı tərəflərin nümayəndələri Vyanada ayırma xəttinə nəzarətlə əlaqədar texniki məsələləri müzakirə edəcəklər.

Bununla da, prezidentlər Putin və Poroşenkonun Milan görüşünün Moskva və Kiyevin Ukraynada hərtərəfli sülhə nail olmaq, Ukrayna silahlıları və rusyönlü üsyançılar arasında tam və təkrarsız atəşkəs məsələlərində mövqeyini yaxınlaşmağa imkan verən ümidləri ancaq qismən həyata keçdi. Müəyyən mənada bu təəccüblü də deyil. Çünki Rusiya-Ukrayna ixtilafının arxasında daha irimiqyaslı münaqişə - Rusiya və Qərb arasında görünür. Bu münaqişə özünü Rusiyaya qarşı Qərbin artan sanksiyaları şəkildə büruzə verir. Hərçənd ASEM sammiti çərçivəsində onlar haqda heç də deyilməsə də, aydındır ki, sanksiyaların aradan qaldırılması - hazırda Rusiya diplomatiyası üçün mühüm əhəmiyyətli vəzifələrdən biridir. Eynən Qərb üçün də köhnələrinin saxlanılması və yeni sanksiyaların tətbiqi Moskvaya təsir göstərməkdə, demək olar ki, yeganə alətdir. Ukraynanın gələcəyinə dair məsələ ilə bağlı bir tərəfdən Rusiyanın, digər tərəfdən isə ABŞ və Avropa Birliyinin əsas ziddiyyəti  Avro-Atlantik qurumlara inteqrasiya edilməsi lehinə seçim edən və Qərb tərəfindən hərtərəfli dəstəklənən rəsmi Kiyevin geosiyasi mövqeyi  qalır. Sonuncu istər Moskvanı, istərsə də Ukraynanın Rusiyaya meyil edən tərəfini və onun irəli sürdüyü Avrasiya inteqrasiyasını təmin etmir. Ukrayna Amerika-Rusiya nifaqına səbəb yeganə məqam deyil. Lakin aydındır ki, bütün postsovet məkanında bölgüyə təsir edən bu böhranın məhz inkişafı, ən azından görünə bilən gələcəkdə ABŞ və Rusiya arasında əsas qarşıdurma meydançası olaraq qalacaq. Ən azından ona görə ki, Rusiya üçün bu öz sərhədlərində böyük dövlətçilik maraqlarının, geniş mənada isə ənənəvi təsir dairəsinin bütün zonasında qorunmasının sonuncu, taleyüklü həddidir.



MƏSLƏHƏT GÖR:

446