17 May 2024

Cümə, 08:56

GÜNDƏLİK HƏYATDAN GÜCLÜ VƏ İNTENSİV

Gənc tamaşaçılar teatrının baş rejissoru, Azərbaycanın xalq artisti Cənnət Səlimovanın "R+"a müsahibəsi

Müəllif:

01.03.2012

Çağdaş teatr nədir? İstirahət etməyin və əqli qida almağın  mədəni üsuludur? Ya da ki bizim mədəniyyətdə forma və məzmunca dəyişikliklərə uğramış nəsə yeni hadisədir?  Ümumiyyətlə teatr nədir və nəyimizə lazımdır? Bu sualı anlamaq, yenidən öyrənmək üçün nə zəruridir?

"R+" jurnalının müxbiri Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycanın xalq artisti, professor Cənnət Səlimova ilə söhbətləşib

- Otuz ildən artıq bir müddət keçəndən sonra, Gənc Tamaşaçılar Teatrı yenidən Şekspirə qayıtmağa qərar verib. Sizcə, "Romeo və Cülyetta"nın əbədi dastanının sirri nədir? 

- Bu pyesdə çağdaş dünyaya müəyyən çağırış şifrələnib, məhz buna görə ingilis dramaturqunun pyesinə istənilən yüzillikdə də tələb olacaq. Bu çağırışın mənası odur ki, biz çox aqressiv və zalım olmuşuq. Biz heç nəyi unutmaq və bağışlamaq istəmirik, bu nifrət mühiti sadəcə olaraq məhvedicidir. Hətta Romeo və Cülyettanın sevgisi qədər əzəmətli məhəbbət bu cür mühitdə yaşamaq imkanından məhrumdur, o, məhv olur. Bu gün bütün dünyada ekologiyaya, təbiətin çirklənməsinə diqqət yetirirlər. Amma heç kim insan münasibətlərinin mənfi "ekologiya"sını yada salmır. Dünyaya bu qədər nifrət və pislik tökmək olmaz! Bizim qorxunc, heç bir bəyanatlarla, dinlərlə və qutsal kitablarla yumşalmayan nifrətimiz insanların ruhunu eybəcərləşdirir və bizim övladlarımızı məhv edir. "Romeo və Cülyetta" da məhz bu barədədir. 

- Bizim kompyuter texnologiyaları əsrinin yoldan çıxarmış insanlarını nə iləsə heyrətləndirmək çətindir. Sizcə, çağdaş teatra insanları nə cəlb edə bilər?

- Mən sanıram ki, çağdaş teatr müəyyən qədər interaktiv olmalı, daim publika ilə qarşılıqlı əlaqə qurmalıdır. Əgər rejissor və aktyorlar izləyici ilə ümumi dil tapmırlarsa, deməli, uduzublar. Axı teatr canlı incəsənətdir və biz elə etməliyik ki, nədən yazılmasına baxmayaraq, istənilən əsərin dili çağdaş insan üçün anlaqlı olsun. Amma bu o demək deyil ki, izləyicilərin tamaşanın mənasını başa düşməsi üçün aktyorlar çağdaş  slenqlə danışmalıdırlar. İzləyiciyə təsir etməyin çox sayda bədii üsulları var. Bu, şübhəsiz, danışıq dilinə yaxınlaşmaqdır və çağdaş izləyicinin anladığı münasibətlərin qurulmasıdır, musiqi dili və plastika dili də anlaqlı olmalıdır. 

Təəssüf ki, indiki izləyici nəzərəçarpacaq səviyyədə dəyişib. Bu gün, hətta onların qarşısında Rəşid Behbudov və ya Bülbül çıxış edərsə, izləyici "fon" - arxa rəqsləri və ya xüsusi effektlər tələb edir. Çağdaş izləyicilər, sadəcə, eştiməklə qane olmurlar, onlar üçün vizual effektlər də lazımdır. 

Əsas məsələ, pis zövqün yedəyində getməmək və teatrı balaqan sənətinə çevirməməkdir. Mənə elə gəlir ki, indiki publika daim düşünən, külli miqdarda məlumat alan və onun öhdəsindən gəlməyə məcbur insanlardır və onlar daha çox teatra bu suallara cavab tapmaq üçün gəlirlər. Bu cavabları məhz kinoda, kitablarda tapmaq olar, amma təsadüfən eşitmək istədiyin cavabı üzünə söyləyirlərsə, bax, onun hissi tamam başqa olur. 

Mən əminəm ki, teatr incəsənəti zamanla ayaqlaşmalı və kütləvi mədəniyyət dövründə yaşamağı bacarmalıdır, amma teatrın həyata təsir etməsi üçün o, güclü və gündəlik həyatdan daha intensiv olmalıdır. 

- Cənnət xanım, siz hər il keçirilən bayram gəzintilərinin əvəzsiz rejissorusunuz. Bu il Novruz Bayramı necə olacaq?

- Gerçəkdən, artıq neçə ildir ki, Milli Parkda keçirilən ənənəvi Novruz  Bayramı şənliklərinin rejissoru olmuşam.  Bu il də bayram maraqlı və orijinal cəhətləri ilə fərqlənəcək. Həmişəki kimi, hər şey ənənəvi olacaq - Kosanı da, Keçəli də, Bahar qızını da, aşıqları da, xalq mahnılarını da, şərq təamlarını da, rəqsləri də orada görmək mümkün olacaq. 

- Sizin ilk tamaşanız nədən bəhs edib?

- Bu, yarım əsr qabaq olub! Gülməyiniz tutacaq, Korney Çukovskinin "Möcüzə nağıl" əsərini qoymuşdum. Mən bu tamaşanı teatrın ovaxtkı baş rejissoru Məhərrəm Haşımovun tapşırığı ilə qoymuşdum. Həmin zaman Leninqraddan təzə gəlmişdim, o məni çağırdı və dedi: "Tətillərə qədər bu tamaşanı etmək lazımdır, təcili". Mən "Tarakan yığnağı", "Telefon" və bildiyimə görə, "Naqqal milçək" tamaşalarını da qoymuşdum. Tamaşalar uşaqlar kimidir, rejissorun xatirəsində ölümə qədər yaşayırlar. Hər bir insanın, oyunçunın və tamaşa üzərində işləmiş hər bir kəsin adını xatırlayıram (düşünür). Çox uzaq keçmişdə olub. Sədi demişkən, başqaları artıq yoxdur, onlar  uzaqdadırlar. 

 - Cənnət xanım, necə oldu ki, teatra gəldiniz?

- Uşaq vaxtı, sadəcə, teatr xəstəsiydim. Bilirsiniz, peşə seçəndə ailə ənənəsinin ortaya çıxması elə də vacib deyil. Ola bilər ki, latent bir tələbat olur. Amma elə oldu ki, valideynlərim bu  peşəni seçməyi bacarmadılar, məndə də dərhal alınmadı. Universitetin filologiya fakül-təsini bitirmişəm və buna da heç peşman deyilm. Çünki rejissorluq çox oxumağı, dünya ədəbiyyatı sahəsində böyük biliklərə malik olmağı tələb edir. Həm də dil sahəsində böyük biliklərə malik olmalısan. Burada hansısa dili bilmək tələb olunmur, amma linqvistika qanunlarını bilmək çox vacibdir. Bu biliklər işdə mənə çox yardımçı olub. Universiteti başa çatdırdıqdan sonra, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna daxil olmuşam (indiki Sankt-Peterburq Teatr Akademiyası - müəl.). Bakıya döndükdən sonra, Rus Dram Teatrında işləmişəm, kinostudiyada kinoaktyor kurslarında dərs keçmişəm.  Daha sonra isə İncəsənət Universitetində işləmişəm və bu gün də orada işləyirəm. Bakı Kamera Teatrı da olub, onu həmfikir tələbələrlə birgə yaratmışam. Və nəhayət, mənim indi bütün səylərimi yönəltdiyim Gənc Tamaşaçılar Teatrı gəlir...   

- Valideynləriniz qızlarının seçimini necə qəbul etdi?

- Əvvəlcə qəti əleyhinə idilər. Çünki bizim ailədə heç kimin və heç zaman teatra dəxli olmayıb. Anam otorinolarinqoloq, atam isə kimyaçı-mühəndis, üzvi kimya mütəxəssisi idi. Uşaqlığım kolbalar və düsturların arasında keçib, atam istəyirdi ki, kimyaçı olum. Ana tərəfdən hamı həkim idi, yalnız xalam oğlu - dünyada tanınmış alim Lütfi Zadə istisnadır. 

Atam dəqiq elmləri çox sevirdi və arzulayırdı ki, kimyaçı olum.  Təbii ki, valideynlərimə həyatımı incəsənətlə bağladığımı deyəndə, onlar buna qarşı çıxdılar. Amma zaman keçdikcə, Rus Dram Teatrında işləyəndə, atam tez-tez tamaşalara gəlirdi, resenziyaları alırdı və teatr afişalarını izləyirdi. 

- Sizcə, çağdaş gənclər arasında istedadlı aktyorlar çoxdurmu? 

- Gerçəkdən Tanrı tərəfindən əsl istedad verilmiş aktyorlar bütün zamanlarda çox az olub. Məsələn, dahi Ələsgər Ələkbərov tək idi, amma həmin vaxt Azdramada 60-dan çox aktyor işləyirdi!

 - Hansı tamaşanı öz vizit kartınız sayırsınız? 

- Bu suala cavab vermək çətindir. Bu ona bənzəyir ki, anadan ailədə hansı uşağın daha sevimli olduğunu soruşurlar. Mən bütün tamaşalarımı sevirəm və xatırlayıram. Onların hər biri ürəyimin parçası, tamaşa salonunda baş verənlərə sevgimin bir hissəsidir. Qeyd edim ki, rejissorun işi bu gün böyük intellektual yük tələb edir, çox oxumaq, görmək və maraqlanmaq lazımdır. Öz aləminə qapanıb-qalmaq olmaz. İrəli hərəkət etmək lazımdır, dünyada baş verən bütün hadisələrdən və yeniliklərdən xəbər tutmaq lazımdır (bağlama göstərir). Bax, bu günlərdə İngiltərədən mənə Avropanın tanınmış dramaturqlarından Martin Makdonaxın əsərlərini və Samuel Bekketin əsərlər toplusunu göndəriblər. Bunun hamısını oxumalıyam, baxmalıyam, beynimdən keçirib təhlil etməliyəm...

- Bu teatr mövsümündə Gənc Tamaşaçılar Teatrının səhnəsində nələri görə biləcəyik?

- Keçən il məndən ötrü yetərincə məhsuldar olub. Qısa zaman ərzində səhnədə bir neçə tamaşa qoya bildim. Yeniləşmiş  Gənc Tamaşaçılar Teatrı üçün əsas repertuarı formalaşdıra bildim. Bizim səhnədə ən son və demək olar ki, maraqlı tamaşalardan biri - "Buzovna kəndinin əhvalatları" tamaşasıdır, o, xalq yazıçısı Elçinin "Səhəng" və "Toyuq salamat qaldı" novellaları əsasında qoyulub. Bu, nostalji və etnoqrafik əsərdir və orada çox sevdiyimiz "koloritli" Bakı məişəti təqdim edilib. Pyes şəndir, eyni xalq musiqisi elementləri olan kədərli əhvalatdır. 

Yaxın gələcəkdə bizim teatr Mirzə Fətəli Axundovun 200 illiyi münasibətilə bu görkəmli mütəfəkkirin və ictimai xadimin, Azərbaycan dramaturgiyasının banisi olan böyük ədibin komediyalarının quruluşu üzərində işləyir. Çox tezliklə bizim səhnədə M.F.Axundovun "Xırs quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah" pyeslərini görmək mümkün olacaq.  

Hesab edirəm ki, tamaşanı elə təqdim etmək lazımdır ki, onu hamı anlasın, kimsə başa düşmədisə, qoy, bu onu təhqir etməsin, özünü maarifləndirməyə yönəltsin. Nəyisə anlamayan izləyicidə mövzuya maraq oyanmalıdır, o, əvvəllər bilmədiyi, ötürdüyü yeni şeylər öyrənməlidir. Bütün böyüməkdə olan nəsil yalnız tarixi deyil, həm də öz zəngin mədəniyyətinin tarixini bilməlidir.



MƏSLƏHƏT GÖR:

324