27 Aprel 2024

Şənbə, 01:55

GERİLƏYƏN FUTZALIMIZ...

Avropa çempionatı göstərib ki, futzal üzrə Azərbaycan yığmasında yeni qüvvələrə ehtiyac var

Müəllif:

15.02.2012

Azərbaycan futzalın yaradıcılarından sayılsa da, heç vaxt bu idman növündə  ciddi uğurumuz olmayıb. İki il əvvəl Macarıstanda qazandığımız uğurun ölkəmizdə mini-futbolun inkişafına təkan verəcəyini düşünürdük. Xorvatiyada təşkil olunan Avropa Çempionatında, ən azı, əvvəlki nəticə təkrarlanmalı idi. Lakin final mərhələsində millimiz qrupdakı oyunlarda uduzmaqla pley-offa çıxa bilmədi. Futzalçılarımızın Portuqaliya və Serbiyaya uduzması komandada islahatlara ehtiyac olduğunu göstərdi. Məşqçilər məğlubiyyəti əsas oyunçulardan olan Biro Jadenin zədəli olması, Serjaonun isə onun yoxluğunda oynaya bilməməsi ilə izah etsələr də, əslində, Zaqreb fiaskosu gözlənilən idi. 

Birincisi, Xorvatiyadakı uğursuzluğu yalnız futzalçıyla əlaqələndirmək düzgün olmazdı. Serjao elə həmin futzalçıdır. Bir neçə ay əvvəl UEFA futzal kubokunda çıxış edən braziliyalının durumu pis ola bilməzdi. Sadəcə, legioner futzalçılarımızın imkanları yalnız buna çatır. Problem isə yaşın çoxluğudur, yığmada yeni nəfəsə ehtiyac var. Azərbaycan millisi Avropa Çempionatının final mərhələsində çıxış edən 12 iştirakçı arasında ən yaşlısıdır - orta göstərici 34 yaşdır. Kobud səhvləri ilə yadda qalan 44 yaşlı qapıçımız Andrey Tveryankinin əvəzləyicisi Marat Salyanski də gənc deyil - onun artıq 37 yaşı var. Baş məşqçi Alesionun veteranlara güvənməsi, ümumilikdə, uğursuzluğun səbəblərindən biridir. 

Heyətdəki futzalçıların yaşına diqqət edin: Biro Jade 39, Felipe 33, Serjao 32, Tyaqo 30 yaşı çoxdan haqlayıb. Alesio təcrübəli Rəcəb Fərəczadəylə Namiq Məmmədkərimova şans verməməklə heyətdə rəqabətin yaranmasına mane olur.

Ötən ilin noyabrında “Araz”la Çempionlar Liqasında uğursuzluğa düçar olan, dekabrda Dünya Çempionatında inamlı oyun sərgiləməyən, yalnız bəxt sayəsində pley-offa adlayan komandanın məşqçi postunda dəyişiklik, görünür, qaçılmazdır. Elə Bakı beynəlxalq futzal turnirində ilk dəfə kubokun Azərbaycandan kənara çıxmasında da Alesionun «zəhməti» az deyil. Qarşıdan gələn Dünya Çempionatının oyunları braziliyalı üçün son şans olmalıdır. Mundiala vəsiqə uğrunda mübarizədə Alesio məşqçi bacarığını üzə çıxarmalıdır, əks halda federasiya ona əvəzləyici axtarmağa başlayacaq. 

Mütəxəssislərin fikrincə, ən yaxşı namizəd “Neftçi” futzal klubunu çalışdıran Rikardo Fiqueyradı. Kaka adı ilə tanınan mütəxəssis son iki ildə meydançada Alesioya nəyə qadir olduğunu göstərə bilib. Ötən çempionatda başabaş mübarizə aparmasına rəğmən  ikinciliklə kifayətlənsə də, «Neftçi» ölkə kubokunu “Araz”ın əlindən aldı. Cari çempionatda isə bu komanda səxsi oyunda Alesionun komandasını üstələyib. Rikardo Fiqueyranın üstün cəhəti gənclərlə işləməyi bacarmasıdır. Gənclər yığmasına başçılıq edən sambaçının əsas komanda da uğur qazanacağına inanmaq olar. Onun sayəsində İlkin Hacıyev, Rüfət Balakişiyev, Elnur Zamanov, Vüsal Nəsibov, Fərid Ələkbərov kimi gənclər istedadını nümayiş etdirə bilir. 

Bu isə o deməkdir ki, millidə də yeni nəfəsə ehtiyac var. Legionerlərlə yanaşı, yerli futzalçılarada şans vermək lazımdır. Güclü heyət formalaşdırmaqla dunya çempionatında layiqli çıxış etmək olar.  


MƏSLƏHƏT GÖR:

473