18 May 2024

Şənbə, 13:54

Aİ-yə DONBASSIZ

Ukraynalı siyasi texnoloq Taras Berezovskinin "R+" jurnalına müsahibəsi

Müəllif:

11.11.2014

- Bu yaxınlarda tanınmamış Donetsk və Luqansk xalq respublikalarının ərazisində rəhbər və deputat seçkiləri keçirilib. Kiyev və beynəlxalq birlik həmin seçkiləri tanımayıb. Bu seçkilərin Ukraynanın cənub-şərqindəki tanınmamış respublikaların əhalisi üçün hansı nəticələri olacaq?

- Birincisi, Aİ Rusiyaya tətbiq etdiyi, lakin yenidən baxmağı düşündüyü sanksiyaları artıq ləğv etmək fikrində deyil. İkincisi, Ukrayna Donetsk və Luqansk vilayətlərinin əhalisinə bütün ödənişləri dayandıracaq. Bu, insanların seçim qarşısında qalmaları ilə nəticələnəcək: işğal olunmuş ərazilərdə qalmaq və bu şəraitdə yaşamaq, yaxud Ukrayna hökumətinin qanunlarının işlədiyi regionlara köçmək. Bununla yanaşı, Ukrayna separatçılardan onlara verilən elektrik enerjisinə görə ödəniş tələb edə bilər. Onların bu ödənişi etmək imkanları yoxdur. Nəticədə, ödəniş olmayacaq və tezliklə bu regionlarda istilik, işıq və s. kəsiləcək. Donbasın enerji təchizatı problemi Rusiyanın probleminə çevriləcək. Yəni, Kiyev Donbas əhalisinə işğal altındakı əraziləri tərk etmələrini təklif edir. Orada qalanlar olacaqsa, bu onların öz seçimi sayılacaq və müvafiq olaraq, həmin insanlar yaşayışlarına görə məsuliyyəti özləri daşıyacaqlar.

- Ukrayna Donbasa xüsusi status verən Minsk razılaşmasından imtina edibmi?

- Seçkidən əvvəl Donbasda xüsusi idarəetmə forması haqqında qanun qəbul olunub. İndi prezident Poroşenko ölkənin cənubunda və cənub-şərqində keçirilən qeyri-legitim seçkidən sonra, Kiyevin qanuna yenidən baxacağını, onun tətbiqindən imtina edəcəyini bildirir. Donetsk və Luqansk vilayətləri müvəqqəti işğal olunmuş regionlar elan ediləcək və onların maliyyələşdirilməsi dayandırılacaq. Eyni zamanda, bu regionlar üzərində suverenliyin bərpa edilməsi planı hazırlanır. O, yeni Ali Rada və yeni koalisiya tərəfindən qəbul ediləcək.

- Ukraynanın şərqində müharibənin bərpa olunması ehtimalı nə qədərdir?

- Hərbi əməliyyatların bərpası ehtimalını 30% saymaq olar. Yəni, müharibənin yenidən başlama ehtimalı çox azdır.

- Ukraynada bundan sonra da yeni "xalq respublikaları" elan oluna bilərmi? 

- Bu, yalnız Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi halında mümküdür. Bu gün Ukrayna ordusu və təhlükəsizlik qüvvələri separatçılığın yayılmasının qarşısını almağa tam hazırdır. Ukraynanın güc strukturları daxildən istənilən hücumu önləməyə, digər regionlarda "qayığın çalxalanması" cəhdlərinin qarşısını almağa hazırdır. Lakin Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi halında hər şey mümkündür. Bu, ilk növbədə, Xarkov vilayətinin ələ keçirilməsi ola bilər.

- Fikrinizcə, Ukraynanın yeni rəhbərliyi ölkənin federallaşmasına getməlidirmi?

- Separatçılar federallaşma ilə razılaşardılar. Ukrayna hökuməti isə heç vaxt bu addımı atmaz. Hökumət bu əraziləri təcrid duruma salmaq, real sərhədləri müəyyənləşdirmək niyyətindədir. Ukrayna hərbi əməliyyatların bərpasında maraqlı deyil. O, Donbasda münaqişənin dondurulmasını istəyir. Federallaşma Ukraynanın Avropa İttifaqına üzvlüyünə imkan verməyəcək. Hazırkı hökumət isə hesab edir ki, federallaşaraq Avropa İttifaqından kənarda qalmaqdansa, bu ərazilərdən imtina edərək Aİ-yə üzv olmaq daha yaxşıdır.

- Ukraynada yaşananların hansı formada nəticəsi Rusiyanı qane edə bilər? Ukraynada yaşanan proseslərdə Rusiyanın yekun hədəfi nədən ibarətdir? 

- Rusiya Ukraynanın bir hissəsini istəmir. Ona Novorossiya kimi, bütün Ukrayna lazımdır - Rusiya sərhədindən Qara dənizədək. 

- Beynəlxalq təşkilatların, xarici vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qoşulması ilə 20 ildir nəticəsiz danışıqlar davam edir. Bu ssenari Ukraynanı da gözləyirmi?

- Tamamilə doğrudur. Ən nikbin qiymətləndirmələrə əsasən, Ukrayna Donetsk və Luqansk üzərində nəzarəti 5 ildən sonra bərpa edə bilər. Bu regionlar üzərində suverenliyin bərpasının onilliklər boyunca uzanması da tamamilə mümkündür. Biz hesab edirik ki, bu ərazilər uzun müddətə, yaxud həmişəlik itirilib. 


MƏSLƏHƏT GÖR:

491