19 May 2024

Bazar, 05:10

QURBAN PİRİMOVUN ŞUŞA MƏKTƏBİ

Bir vaxtlar Sadıqcanın tələbəsi olmuş məşhur tarzən, sonradan özü də tanınmış müəllim kimi görkəmli musiqiçilər nəsli yetişdirdi

Müəllif:

18.11.2014

Şuşa qalasının yaradıcısı olan Pənah Əli xanın ağlına gəlməzdi ki, təxminən, 100 il sonra onun böyüdüyü şəhər əsl mədəniyyət mərkəzinə, yaradıcı insanlardan ibarət bir neçə nəslin məktəbinə çevriləcək.

İnanılmaz dərəcədə məhsuldar torpaq, mineral sular, dağ havası insanlarda əla əhval yaradırdı və onlarda bu gözəlliyi vəsf etmək istəyi ortaya çıxırdı. Üstəlik, Şuşada insanlar heç zaman yoxsulluqdan əziyyət çəkməyiblər. Onların əksəriyyəti, hətta zəngin olub, ailələr İranı, Hindistanı, Rusiyanı gəziblər.

 

Azərbaycanın musiqi məktəbi

XIX əsrin ortalarında Şuşa ziyalılarının evlərində o dövr üçün nadir sayıla biləcək sayda kitablar toplanmışdı. Onların əksəriyyəti çap edilən yox, kalliqrafik kitablar idi. Belə kitabların bəzilərinin yaşı yüzilliklərlə ölçülürdü. Şuşalılar əsasən musiqi haqda kitablara üstünlük verirdilər. Onların evlərində XIII əsrə aid Səfiəddin Urməvinin, Əbdülqədir Marağayinin (XIV əsr), Mirzə bəyin (XVIII əsr) işlərinə rast gəlmək mümkün idi.

Şuşa sakinləri simli musiqi alətləri haqda elə şeylər bilirdilər ki, onu müasir musiqiçilər belə, təsəvvür edə bilməzlər. Onlar eksperimentlər edərək musiqi alətləri yaradır, mövcud alətlərin formasını dəyişir, onları təkmilləşdirirdilər. Şəhərdə "musiqi məclisi" adlandırılan konsiliumlar təşkil olunur, orada alətlərdə ifa texnikası, onların hazırlanması üsulları nümayiş etdirilirdi.

1880-ci ildə rəssam, xəttat, dövrünün məşhur musiqi nəzəriyyəçisi və şairi Mir Möhsün Nəvvab tanınmış xanəndə (virtouz tarzən) Hacı Hüsü ilə birlikdə Şuşada Azərbaycanda ən böyük "Musiqiçilər məclisi"ni təsis edib. Bu məclisdə musiqinin estetik problemləri, ifaçılıq və muğam sənətinə dair müzakirələr aparılırdı. Bu məktəbdə fəal iştirak etmiş şəxslərin çoxu sonralar əfsanəyə, peşəkarlara çevrildilər, Azərbaycan musiqisinin simasını təşkil etdilər. Onların arasında xanəndə və sazəndə Məşədi Cəmil Əmirovun, İslam Abdullayevin, Seyid Şuşinskinin, məşhur ifaçı Qulu Hacı Hüsünün, müasir tarın yaradıcısı Sadıqcanın (Mirzə Sadıq) adlarını çəkmək olar. Onların arasında çoxlu sayda nəzəriyyəçilər də var idi. Faktiki olaraq məhz o dövrlərdə xalq musiqisi akademik, peşəkar musiqiyə çevrilərək milli musiqi formasını aldı.

Və elə həmin məclisin yaradıldığı ildə növbəti əsrdə virtouz tar ustasına çevrilmiş bir şəxs dünyaya gəldi. Bu, Qurban Pirimov idi. Pirimov artıq 4 yaşında tarda çalmağı öyrənir. Onun bir çox müəllimləri var idi, kifayət qədər yaşı olan babası Valeh isə Qarabağ aşığı idi. O dövrdə Şuşada dünyəvi məktəblər fəaliyyət göstərirdi. Çünki ziyalı şəhərin əksər sakinləri uşaqlarını köhnədən qalmış mədrəsələrə vermək istəmirdilər. Gənc Qurban da belə məktəblərdən birini bitirib. Önəmli məqamlardan biri ondan ibarətdir ki, Qurbanın müəllimləri həm də yaxşı tərbiyəçi imişlər: onlar heç zaman istedadlı uşağın istedadına qəsd etmək niyyətinə düşməyiblər. Onların yaşadıqları kiçik, cəmi bir neçə kilometri əhatə edən balaca dünya əsl azad yaradıcılıq dünyası idi.

Qohumları və müəllimləri Qurbana Sadıqcanın yanına getməyi məsləhət görürdülər. Lakin o, dağ kəndi olan Abdal Gülablıda, müəllim isə şəhərin özündə yaşayırdı. Üstəlik, Sadıqcan əksər vaxtlarda səfərlərdə olurdu. Beləliklə, Sadıqcanın ilk tələbəsi olan 13 yaşlı Qurban hər dəfə dərs almaq üçün kilometrlərlə yol qət edirdi.

 

Uğur

1905-ci il Azərbaycan üçün ağır keçdi. Bir tərəfdən Rusiyada yaşanan inqilab, digər yandan İranda bir-birini əvəz edən inqilablar və vətəndaş qarşıdurmaları. Bu, sakit, gözəl həyata vərdiş etmiş şəhər üçün çətin idi. O dövrdə gənc musiqiçi tarda ifa etmək yolu ilə cüzi qazanc əldə edirdi. Amma ehtiyaclar getdikcə artırdı. O, Gəncəyə köçərək, orada məşhur xanəndə Cabbarın triosunda çalışmağa başladı. Trioda Qurban Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə ifa edirdi. Bir müddət sonra çıxışlarının sorağı Qafqazın sərhədlərini aşdı. Trio inanılmaz uğurlar qazandı və Pirimov üçün yaradıcılıq baxımından əsl inkişafa yol açan bir məktəb rolu oynadı.

"Musiqi peşəkarlığı bir neçə komponentdən ibarət kokteyldir: fərdi istedad, çalışqanlıq, yaxşı müəllimlər və şərait", - deyə tarzən Aydın Məmmədov bildirir: "Şuşa, bu "musiqi mətbəxi" olmasaydı, Pirimov kimi, onun müəllimləri kimi insanlar da olmazdılar. Amma bu gün Qurban Pirimov bizim üçün ifaçılıqda etalona çevrilib. Hər kəs bilir ki, Mikayıl Müşfiq məşhur "Oxu tar" şerini məhz dövrün dahi ustadı olmuş Pirimova həsr etmişdi".

Pirimovun yaradıcılığı milli opera ilə ayrılmaz şəkildə bağlıdır. O, Azərbaycanın ilk milli operası olan "Leyli və Məcnun"un səhnələşdirilməsi zamanı orkestrdə yer alıb. Qurban Pirimov Azərbaycan Opera və Balet Teatrı yaranandan ömrünün sonunadək orada işləyib. Bu, təxminən, 40 il deməkdir. 1929-cu ildə Pirimov Azərbaycan SSR-in əməkdar artisti, 1931-ci ildə isə xalq artisti adına layiq görülüb. 1938 və 1939-cu illərdə o, Moskvada Azərbaycan İncəsənəti Dekadasında və Xalq alətləri ifaçılarının ümumittifaq müsaqibəsində uğurla çıxış edib.

Böyük Vətən müharibəsi illərində Qurban Pirimov digər artistlərlə birlikdə dəfələrlə əsgərlər qarşısında, həmçinin hospitalda müalicə alan yaralılar qarşısında çıxışlar edib. O, müəllimliklə də məşğul idi. Pirimovun tələbələri arasında Azərbaycan SSR-in xalq artisti Bəhram Mansurovun, Həbib Bayramovun, Sərvər İbrahimovun adlarını çəkmək olar.

Pirimov qrammofon vallarına muğamlar da yazırdı. Onun ifasında ən keyfiyyətli yazını Riqada buraxılmış vallardan dinləmək olar.

İllər sonra artıq yaşa dolmuş Pirimov "Mədəniyyət və incəsənət" jurnalında (1955) şagird olduğu illərdən bəhs edirdi: "Yaxşı günlər idi. Doğma şəhərimdə çox sayda dahi insanlar var idi. Onlardan biri də müəllimim Mirzə Sadıq idi. Mirzə Sadıq nəinki böyük ustad, həm də yaradıcılıqla bağlı gələcəyi aydın təsvir edən insan idi. Gənclik illərimi yada saldıqda düşünürəm ki, həyatımda ən parlaq izləri məhz onun ifaları, dərsləri qoyub".

Qurban Pirimov Nabat xanım Ağalar qızı ilə evli idi. Onların 4 övladı var idi: Əsgər, Sara, Tamara, Adilə. Musiqiçi 29 avqust 1965-ci ildə Bakıda dünyasını dəyişib. 

1880-ci ilin oktyabrında dünyaya göz açmış Pirimovun doğum günündən az qala 1,5 əsr vaxt keçir...



MƏSLƏHƏT GÖR:

757