12 May 2024

Bazar, 11:46

ERMƏNİ LOBBİSİ ÜÇÜN "TÜRK MARŞI"

ABŞ Konqresinə keçirilmiş aralıq seçkilərin nəticəsi qüvvələr nisbətinə necə təsir göstərəcək?

Müəllif:

18.11.2014

ABŞ-dakı erməni lobbiçiləri növbəti tədbirlərinin anonsunu veriblər. Amerika Erməni Milli Komitəsinin Qərb bölməsi dekabrda keçirəcəyi növbəti ənənəvi illik ziyafətində insan haqlarının müdafiəçisi olmuş şəxslərin xatirəsini yad edəcək. Söhbət Yaxın Şərqə Yardım Fondu ilə əməkdaşlıq edərək, "erməni soyqırımı" zamanı və ondan sonra 1915-1930-cu illərdə yetim uşaqlara və qaçqınlara yardım göstərmiş Henri Morqentau, Klivlend Doc və Ceki Kuqandan gedir. "Asbarez" qəzetinin yazdığına görə, "tarixdə erməni xalqını dəstəkləmiş ən məşhur ameriklı siyasi xadim Birinci Dünya müharibəsi illərində ABŞ-ın Osmanlı İmperiyasındakı səfiri olmuş Henri Morqentaudur".

"O, beynəlxalq birliyin diqqətini "erməni soyqırımı"na çəkib, erməni xalqını xilas etmək məqsədilə onlara yardım tədbirləri təşkil edib. Səfirin ölümündən sonra layiq görüldüyü mükafatı onun əvəzinə nəticəsi IV Henri Ben Morqentau alıb. O dövrün bir sıra görkəmli amerikanları səfirdən nümunə götürüb, "qətliam"dan sağ çıxa bilmiş ermənilərə yardım göstərmək üçün səyləri birləşdiriblər. Bu yardımlar, çətin ki, Nyu-Yorkdan olan filantrop Klivlend Docun yardımı olmadan mümkün olardı. Bundan başqa, Yaxın Şərqə Yardım Fondu KİV-in böyük təsir imkanlarını nəzərə alaraq, "dünyanın ən məşhur oğlanı", dövrün Hollivud ulduzu Ceki Kuqana kütləni "maarifləndirmək" tapşırmışdı. 1920-ci illərin əvvəllərində o zaman hələ uşaq olan aktyor Ceki Kuqan Yaxın Şərqdə aclıqdan əziyyət çəkən uşaqlara göstərilən yardımlara dəstək üçün öz populyarlığından istifadə edib", - deyə lobbiçilər bildirirlər. Amma onlar bir məqamı dəqiqləşdirməyi lazım bilmirlər: o zaman Kuqan bu qərarı özü qəbul etmişdi, yoxsa onu sadəcə yaşlı dayıları əlindən tutaraq bu istiqamətə aparırdılar? Onların isə əlbəttə ki, öz məqsədləri var idi: "erməni qaçqınlar", "erməni yetimlər" və s. ətrafında aparılan azğın təbliğat vasitəsilə ictimai rəy Osmanlı İmperiyasının parçalanmasına, 6 Şərqi Anadolu vilayəti hesabına "Qərbi Ermənistan"ın yaradılmasına hazırlanırdı.

Bu cür tədbirlər, şübhəsiz ki, "erməni soyqırımı"nın yaxınlaşmaqda olan 100-cü ildönümü ilə bağlı təbliğat işlərinin bir hissəsidir. 

Bundan başqa, Birinci Dünya müharibəsi illərində bir çox nüfuzlu və tanınmış şəxslərin məlum səbəblərdən "mövzuya toxunmağa" çalışdıqları nəzərə alınarsa, lobbiçilərin motivləri daha aydın şəkildə üzə çıxır.

Bu arada "soyqırımı"nın yubileyinin yaxınlaşması Türkiyədə də narahatlıqlara səbəb olur. Əsas mövqeyin dəyişəcəyinə dair siqnallar müşahidə olunmasa da, Ankara mütəmadi olaraq "humanitar dialoq"a hazır olduğunu göstərən addımlar atır. Bununla, Türkiyə ən ağrılı məsələ ilə bağlı dialoq dəvətinin qüvvədə olduğunu nümayiş etdirməyə çalışır. Amma bir məsələ də var ki, bu, Birinci Dünya müharibəsi dövründəki tələblərə əməl edilməsi yox, məhz dialoq olmalıdır.

Bununla yanaşı, bütün mənalarda acınacaqlı olan yubileyin yaxınlaşması ilə ABŞ-ın erməni lobbiçiləri paralel istiqamətlərdə də fəallıq göstərirlər. Bu yaxınlarda erməni lobbisilə əlaqələrilə tanınmış konqresmenlər, o cümlədən Frenk Pallone və Adam Şift ABŞ prezidenti Barak Obamaya Suriyanın Deyr-ez-Zore regionundakı erməni kilsəsində törədilmiş partlayışla bağlı məktubla müraciət ediblər. Özü də ABŞ prezidentinə Amerika auditoriyası ilə birlikdə politoloji konstruksiya da təklif olunurdu: guya Türkiyə İŞİD yaraqlılarını dəstəkləyir, erməni kilsəsindəki partlayış isə guya "iztirablı erməni soyqırımı mövzusu"nun davamıdır. Konqresmenlər, əlbəttə ki, Türkiyənin, əslində, İŞİD-ə deyil, digər Qərb ölkələrilə birlikdə Suriyanın mötədil müxalifətinə dəstək verdiyini bilməyəcək qədər sadəlöhv deyillər. Üstəlik, İŞİD kilsələri yaraqlılarına kimlərinsə Birinci Dünya müharibəsi illəri haqda nəsə dediyi üçün partlatmır - onların aqressiv fanatizmi ermənilərin də daxil olduğu xristianlarla eyni dərəcədə, həm də müsəlmanlara qarşı yönəlib... Odur ki, ABŞ prezidentinin bu "konstruksiya"ya inandırılmasının mümkünlüyü şübhə doğurur.

Bu yerdə bir məqamı qeyd etmək yerinə düşər: "paralel istiqamətlərdə fəallıq" ABŞ-da yeni seçki marafonunun nəticələrinin hesablandığı dövrə təsadüf edib. Prezident Obamanın Demokratlar Partiyası Konqresə keçirilən aralıq seçkidə məğlub olub. Nümayəndələr Palatasında onsuz da üstünlüyə malik olan respublikaçılar artıq Senata nəzarəti də ələ aldılar.

Ekspertlər bir fikirdə həmrəydirlər: bu "yenidən qüvvələr bölgüsü"nün çox ciddi nəticələri olacaq. Bununla, əslində, respublikaçılar Ağ Evə öz "oyun qaydaları"nı qəbul etdirmək imkanı qazanıblar. Onlar isə Barak Obamanın xarici siyasətini sərt tənqid edirlər. Obamaya nə Misirlə bağlı yanlış siyasətini bağışlayıblar, nə İraqdan qoşunların tələm-tələsik çıxarılmasını, nə Suriya ilə bağlı nəticəsiz siyasətini, nə də Rusiyaya münasibətdə "son dərəcə yumşaq olmasını". Əksər ekspertlər, o cümlədən rusiyalı ekspertlər seçkidən sonra Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini istisna etmirlər.

Bununla yanaşı, plebisit hər zaman lobbiçi qruplaşmaların gücü üçün həlledici sınaqdır və bu məsələdə erməni lobbisi də istisna deyil. Hər halda, səsvermə ərəfəsində Amerika Erməni Milli Komitəsi Nümayəndələr Palatasına və ABŞ Konqresinin Senatına seçkilərdə 23-dən artıq ştatda dəstəklədiyi namizədlərin siyahısını açıqlayıb. Söhbət indiyədək Amerika ermənilərinin və Ermənistanın dostlarının xüsusi maraqlı olduqları məsələlərdə erməniləri dəstəkləmiş şəxslərdən gedir.

Qeyd edək ki, Amerikanın erməni milli komitəsi hər bir namizədin bioqrafiyasını çox diqqətlə analiz edir və onların erməni-amerikan məsələlərinə - "erməni soyqırımı" məsələsinin ədalətli həlli"ndən, Türkiyənin ermənilərin və digər xristianların əmlakını qaytarmasının təmin olunmasındın tutmuş, Ermənistan-ABŞ münasibətlərinin möhkəmlənməsinə qədər - necə yanaşdıqlarını diqqətlə araşdırır. Amma keçmiş seçki kampaniyalarındakından fərqli olaraq, bu dəfə Ermənistan KİV Amerikadakı plebisitlərin nəticələrinin işıqlandırılmasına xüsusi maraq göstərmir. Bu amil "erməni lobbisi"nin güclənməsi və ya əksinə, zəifləməsi baxımından çox önəmlidir. Bu, xüsusilə "erməni soyqırımı"nın 100-cü ildönümünün yaxınlaşmaqda olması baxımından maraqlıdır. Deyəsən, Ermənistanda artıq "erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbulunun qeyri-real olduğunu anlamağa başlayıblar. İndi növbəti "erməni qətnaməsi"nin hazırlanması istiqamətində də xüsusi fəallıq müşahidə olunmur. Lobbiçilərin Konqresin yeni tərkibilə işləməyə başlayacaqlarına dair versiya var, amma ekspertlər son "erməni qətnaməsi"nin necə iflasa uğradığını yada salırlar. Onda düşünülürdü ki, erməni lobbisi ilə əməkdaşlıq edən və ya etmiş "yaxınlar" bütün "mərtəbə"lərdə təmsil olunurlar - profil komitələrindən və Nümayəndələr Palatasının spikerindən tutmuş, dövlət katibi və prezidentədək. Amma buna rəğmən, qətnaməni qəbul etmək mümkün olmamışdı. Nəticədə, incik düşmüş erməni lobbiçiləri 2012-ci il seçkisində Barak Obamanı dəstəkləməkdən imtina etmişdilər. Amma onlar Barak Obamanın rəqibinə də dəstək verməmişdilər. Lobbiçilərin özlərini prezident seçkisi kampaniyasından bu cür "kənarlaşdırmaları" ilk dəfə baş verirdi.

Bu gün Suriyada yaşananlar və İŞİD-in ön plana çıxması "erməni lobbiçiləri"nə Türkiyə və Azərbaycan ətrafında "qara piar" aparmaq üçün xeyli material verib. Amma "qara piar" başqadır, real siyasət başqa. "Erməni soyqırımı"nın 100-cü ildönümü ərəfəsində lobbiçilərin vəziyyəti o qədər də asan deyil. Ankara Vaşinqton üçün Yaxın Şərqdəki ən dəyərli müttəfiq olaraq qalır. Bu, xüsusilə indi, regionda vəziyyətin son dərəcə qarışıq olduğu dövrdə belədir. Bundan başqa, ABŞ Suriya və İraqda kürdləri dəstəkləyir, bu isə Ankarada başadüşülən narahatlıq yaradır. Vaşinqton da bu narahatlığı anlayır. Lakin bununla yanaşı, Türkiyə hökumətini Kobanidəki kürdlərə yardım üçün İraqın kürd silahlı dəstələri olan "peşmergə"ni öz ərazisindən buraxmağa razı salmaq mümkün olub. Bütün bunların fonunda ABŞ üçün Ankara ilə münasibətlərdə "erməni soyqırımı" mövzusu kimi daha bir problem yaratmaq qətiyyən sərf etmir. 

Nəhayət, Ermənistanın Vaşinqton-Moskva münasibətlərinin son dərəcə pisləşdiyi bir vaxtda, tamamilə "rusiyapərəst komanda"ya keçməsi öz sözünü deyə bilər. Bu, ABŞ-ı daha ehtiyatlı davranmağa məcbur edəcək. Demək, "erməni lobbisi" istər-istəməz ABŞ siyasətindəki "türk marşı"na qulaq asmalıdır. Görünür, burada artıq yubileyin yaxınlaşdığı bir vaxtda belə, növbəti "erməni qətnaməsi"ni işə keçirməyin asan olmayacağını anlayırlar.



MƏSLƏHƏT GÖR:

699