5 May 2024

Bazar, 19:24

XƏBƏRDARLIQ ATƏŞİ

Nə qədər ki, Qarabağ münaqişəsinin səbəbləri aradan qaldırılmayıb, dünya onun fəsadlarını hələ çox hiss edəcək

Müəllif:

18.11.2014

Azərbaycan hərbçiləri noyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mi-24" vertolyotunu vurdular. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, vertolyot işğal altındakı Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında təmas xəttini pozaraq, Azərbaycan ordusunun mövqelərinə hücum cəhdi zamanı vurulub. 

Erməni mənbələri vurulmuş vertolyotda üç hərbçisinin həlak olduğunu bildirir: heyət komandiri mayor Sergey Saakyan, leytenant Azat Sarqsyan və baş leytenant Sarkis Nazaryan. O da məlumdur ki, onların hər üçü Ermənistan vətəndaşıdırlar. 

Ermənistan tərəfinin rəsmi açıqlamasında vertolyotun sadəcə təlim uçuşu keçirdiyi, Azərbaycanın mövqelərinə hücum planının olmadığı bildirilir. "DQR-in müdafiə naziri" Movses Akopyan isə faktiki olaraq, bu iddianı təkzib edərək, sensasion bəyanat səsləndirib: "Vertolyot düşmənin mövqelərindən cəmi 20 metr aralıda vurulub". 

Sonradan erməni tərəfi Akopyanın dediklərini təkzib etsə də, ən azı Ermənistana məxsus "timsah"ın başqasına aid hava məkanını pozması faktı ortadadır. Üstəlik, vertolyotun Azərbaycanın işğal olunmuş ərazilərinin üzərində qanunsuz təlimlərdə iştirakı da nəzərdən qaçmamalıdır. Bundan başqa, məlum olduğu kimi, təlim uçuşları yalnız şərti düşmən mövqelərinin üzərində həyata keçirilə bilər. Azərbaycan ordusu isə Ermənistan HHQ üçün şərti düşmən deyil. Hətta erməni tərəfinin iddia etdiyi kimi, hərbi vertolyot silahsız olubsa belə, təlimlərin komandanlığı onun Azərbaycanın mövqelərinə yaxınlaşmasına imkan verməməli idi. Çünki onlar bunun hücum cəhdi kimi qiymətləndiriləcəyini bilməmiş deyildilər. Lakin bu cəhdlər nəinki dayandırılır, hətta bir neçə gün idi ki, təkrarlanırdı. Bu isə o deməkdir ki, baş verənlər açıq-aydın təxribat idi və Azərbaycan əsgəri bu təxribatın qarşısını "İqla"dan atdığı elə ilk atəşləcə aldı.

 

Öz gözündə tiri görməyənlər...

Ermənistan Xarici İşlər Nazirliyi gözlənildiyi kimi, insidentdən dərhal sonra Azərbaycan tərəfini atəşkəs razılaşmasını kobud şəkildə pozmaqda ittiham edib. "Yüksək səviyyədə keçirilən hər görüşdən əvvəl və sonra Bakı yeni təxribatlara əl atır. Məqsəd danışıqlar prosesini pozmaq, Ermənistanın və beynəlxalq birliyin münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri mane olmaqdır", - deyə nazirliyin bəyanatında bildirilir. 

İrəvandan bundan artığını gözləmək sadəlövhlük olardı. Lakin "Ermənistanın problemin həllinə yönəlmiş səyləri" dedikdə, nəyin nəzərdə tutulduğu böyük sual altındadır? Ən azı ona görə ki, vasitəçi ölkələrin münaqişə zonasındakı status-kvonu dəyişmək, yəni Azərbaycan torpaqlarının işğalına son qoymaq çağırışlarına etinasızlıq göstərən məhz Ermənistandır. Üstəlik, böyük sülh sazişi üzərində işə başlamaqdan da israrla imtina edən də ermənilər. Yeri gəlmişkən, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonunda baş tutmuş Paris görüşündən sonra məlum olub ki, artıq böyük sülh sazişi üzərində işə başlanılması yalnız Azərbaycanın tələbi deyil. İndi bu, vasitəçilərin də təklifidir və onu Fransa prezidenti Fransua Olland dilə gətirib.

Ermənistan isə əksinə, Azərbaycanın və beynəlxalq birliyin bölgədə sülhün bərpasına yönəlmiş cəhdlərinə mane olmaqda davam edir. Bu, Azərbaycan XİN-in vertolyot insidentinə reaksiyasında da əksini tapıb. "Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır", - deyə nazirliyin bəyanatında vurğulanır.

İnsidentlə bağlı hər iki ölkənin müdafiə nazirlikləri də bəyanat veriblər. Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanı daha şiddətli cavab verəcəklərilə hədələyib. Hərçənd məlumdur ki, erməni tərəfinin bu cür bəyanatları, bir qayda olaraq, daxili auditoriyaya hesablanır və məqsəd Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ klanının siyasətindən narazılığı azaltmaqdır. Amma yenə də Azərbaycanın Müdafiə Nazirliyi qarşı tərəfin hədəsini cavabsız buraxmayıb. Nazirlik cəbhə xəttində düşmənin istənilən təxribatının qarşısını almağa hazır olduğunu bəyan edib.

Yeri gəlmişkən, hələ iki il əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə Ermənistan tərəfindən təxribatlara əl atılmasının mümkünlüyü haqda xəbərdarlıq etmişdi. "2012-ci ildə Azərbaycan XİN-in həmsədrlərə ünvanladığı məktubda o da bildirilirdi ki, Ermənistan tərəfinin hərbi təyyarəsi və ya digər nəqliyyat vasitəsi Azərbaycanın hava məkanına daxil olarsa, bu, ərazi bütövlüyünə qəsd kimi qiymətləndiriləcək və dərhal lazımi tədbirlər görüləcək", - deyə XİN-in spikeri Hikmət Hacıyev bildirib.

Ümumiyyətlə, rəsmi Bakının mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır və Azərbaycanın hətta işğalçı ordudakı təşvişi yatırmaq üçün hava sərhədlərimizi pozaraq Xocalıya gəlmiş Serj Sarqsyanın vertolyotunu belə vurmağa tam haqqı çatırdı.

Yeri gəlmişkən, S. Sarqsyanın bu səfərinin təsəlli xarakteri daşıdığı həm də ondan hiss olunurdu ki, erməni tərəfi israrla bunun vertolyot insidentilə bağlı olmadığını bəyan edirdi. Ermənistan KİV-i isə diqqəti Sarqsyanın Xocalıya məhz vertolyotla yollandığına və bununla, Azərbaycanın Qarabağ səmasını uçuşsuz zona elan etməsinə məhəl qoymadığına diqqət çəkməyə çalışıb. Erməni tərəfinin bu lovğa davranışından da görünür ki, S. Sarqsyanın Azərbaycanın dövlət sərhədlərini pozması təlaşa düşmüş işğalçı orduya təsəlli verməklə yanaşı, həm də yeni təxribat məqsədi daşıyırdı.

Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən "Birlik-2014" təlimlərini izləyən S. Sarqsyan təşviş içində olan əsgərlərini sakitləşdirmək üçün "müharibə olmayacaq!" bəyanatından başqa çıxış yolu tapmayıb. Ermənistan başçısı Azərbaycanı "heç bir təhlükə törətməyən vertolyotu məhv etməkdə" də günahlandırıb. 

Lakin, deyəsən, Sarqsyan özünün dinc azərbaycanlıların, qocaların və uşaqların qətliamı ilə bağlı etiraflarını yaddan çıxarıb. Hər halda həmin insanlar heç də hərbi vertolyotdan artıq təhlükə törətmirdilər.

Ermənistan prezidenti, yəqin, 2011-ci il martın 8-də azərbaycanlı analara "hədiyyə" olaraq 9 yaşlı Fariz Bədəlovun erməni snayper tərəfindən qətlə yetirilməsini də unudub. Elə həmin ilin iyununda Tovuz rayonunun Əlibəyli kəndində azərbaycanlı qız uşağı Aygün Şamxaliyevanın qətli də bu qəbildəndir. Qızcığaz ermənilər tərəfindən içərisinə partlayıcı quraşdırılaraq Tovuz çayı ilə axıdılmış oyuncaqla oynayarkən həlak olmuşdu.

Azərbaycanlıları "qaniçən" kimi təqdim etməyə çalışan S.Sarqsyana onu da xatırlatmaq lazımdır ki, ermənilər Azərbaycanda keçirilən müxtəlif beynəlxalq forumlara, idman yarışlarına sərbəst şəkildə qatılır və onlara burada "gözün üstə qaşın var" deyən olmur. Amma bütün bu vacib məqamları yalnız Ermənistan prezidenti "nəzərdən qaçırsaydı" dərd yarı idi.

 

Beynəlxalq  reaksiya

Erməni vertolyotunun vurulması ilə bağlı insidenti ilk pisləyənlərdən biri ABŞ Dövlət Departamenti olub. "Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması, həmçinin gərginliyin azaldılması və atəşkəs rejiminə əməl olunması üçün səylərin ikiqat artırılmalı olduğunu bir daha göstərir", - deyə Dövlət Departamentinin mətbuat katibi Cennifer Psaki bildirib.

ATƏT-in baş katibi Lamberto Zanyer də baş vermiş hadisədən narahatlığını dilə gətirib. "Belə insidentlər böhranın miqyasını artıra bilər..." - deyən baş katiblə ATƏT-in Minsk Qrupunun həmsədrləri də həmrəydirlər. Onlar hesab edirlər ki, buna yol verməmək üçün "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər təcili olaraq artırılmalıdır".

Baş verən hadisə ilə bağlı hətta Avropa İttifaqı da bəyanatla çıxış edib. Qurum vəziyyətin gərginləşməməsi üçün tərəfləri təmkinli olmağa çağırıb. Aİ insidentin araşdırılmasını da vacib sayır.

Əlbəttə, beynəlxalq birliyin yeni müharibənin başlaya biləcəyindən narahatlıq keçirməsi başadüşüləndir. Lakin onların insidentə heç də adekvat və obyektiv yanaşmamaları da diqqətdən yayınmır. Başqa sözlə, burada münaqişə tərəflərini bərabərləşdirmə cəhdi yersizdir və hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu mənada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fikirləri tam yerinə düşür. KTMT-nin baş katibi Nikolay Bordyujanın mövqeyinə etiraz edən səfir deyib: "Baxın, KTMT-nin baş katibi cənab Bordyuja vertolyotun vurulmasından, bunun münaqişəni qızışdıra biləcəyindən hiddətlənib. Bəs, niyə hörmətli general Bordyuja erməni həmkarlarına başqasına məxsus ərazilərdə təlim keçirməyin doğru olmadığını izah etmir? Əgər hər hansı bir ölkənin vertolyotu Rusiya Federasiyasının hava məkanına daxil olarsa, general Bordyuja hansı əmri verərdi? Onu duz-çörəklə qarşılamaq əmrinimi?"

Həqiqətən də, qəribə orasıdır ki, nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların heç biri Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində irimiqyaslı hərbi təlimlər keçirən Ermənistanı bu təxribatdan çəkinməyə çağırmayıb. Əvəzində, Azərbaycan öz səmasında yad hərbi vertolyotu vuran kimi dərhal hər tərəfdən məsləhət, nəsihət və hətta məzəmmət yağışı yağmağa başlayır. 

Doğmalarının məzarlarını ziyarət etmək üçün ölümlərini belə göz önünə alıb cəbhə xəttini keçən dinc azərbaycanlılar üzərində məhkəmə quran separatçılardan bu günahsız insanların hansı hüquqa əsasən mühakimə etdiklərini heç kim soruşmur. Axı, hətta Ermənistanın özü belə, "DQR" adlı bir qurumu və demək, həm də onun "məhkəmə"sini tanımır. Yəni burada söhbətin saxta mühakimədən getdiyi göz qarşısındadır. Amma bu insanların - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi sanki dünyanı, ümumiyyətlə, maraqlandırmır. Üstəlik, onlarla birlikdə cəbhə xəttini keçmiş üçüncü azərbaycanlının ermənilər tərəfindən qətlə yetirilməsinin səbəbilə də heç kim maraqlanmır. Əvəzində erməni separatçılarının bu özbaşınalığına, ümumiyyətlə, heç bir reaksiya vermək istəməyən Cennifer Psaki Ermənistana məxsus "Mi-24"ün heyət üzvlərinin ölümünə görə başsağlığı verir.

Əlbəttə, insan ölümü istənilən halda və istənilən şəraitdə arzuolunan deyil. Lakin müharibə şəraitində hərbçilərin həlak olması ilə dinc sakinin ölümü müqayisəyə gəlirmi?!

Digər yandan separatçıların qanunsuz mühakiməsindən dinc azərbaycanlılarla yanaşı, ermənilərin özləri də əziyyət çəkir. Bu mənada övladları yad torpaqda həlak olan erməni anaların fəryadını da eşitməyə dəyər. Ermənistan əsgərlərinin işğal olunmuş ərazilərimizdə öldükləri azmış kimi, üstəlik, onların ölümü ilə bağlı işlərə İrəvanda deyil, dünyanın tanımadığı separatçı rejimin "məhkəmə"lərində baxılır.

Ermənistan vətəndaşı Qraçik Muradyan da Avropa Məhkəməsinə məhz bu məsələ ilə bağlı üz tutub. Öz hökumətindən şikayətçi olan Muradyanın oğlu 2001-ci ildə Qarabağda həlak olub və Ermənistanda hakimiyyəti qəsb etmiş Qarabağ klanının qurbanına çevrilmiş Muradyan kimiləri kifayət qədərdir.

Yeri gəlmişkən, ermənilərin Azərbaycan səmasında ermənilərin yol verdikləri təxribatdan bir gün əvvəl İrəvanın özündə, Ermənistan prezidentinin ofisi qarşısında qeyri-döyüş şəraitində erməni ordusunda həlak olmuş hərbçilərin valideynlərinin mitinqi amansızlıqla dağıdılıb. Övladlarını itirmiş ermənilər bu ölüm işlərilə bağlı proseslərə nədən tanınmamış "DQR"də baxıldığını soruşurlar. Onlar, ümumiyyətlə, Ermənistan vətəndaşlarının hansı hüquqi əsasla Qarabağda döyüşməli olduqlarını öyrənməyə çalışırlar.

Qeyri-döyüş şəraitində ölmüş hərbçilərin valideynləri övladlarının ölümünün ədalətli araşdırılacağına dair vədlərə əməl olunmadığını bildirirlər. Belə olan halda, separatçı rejimin azərbaycanlı girovları ədalətlə mühakimə edəcəyini gözləməyə dəyərmi?

 

Kimə olar, kimə olmaz?

Bütün bunlarla yanaşı, sağlam düşüncənin zəfər çalacağına ümidlər hələ də tükənməyib. Axı, Qərb ictimaiyyəti Ukrayna və ya Gürcüstanda ərazi bütövlüyünün pozulması hallarını birmənalı şəkildə pisləməyi bacarır. Axı, Qərb Abxaziyada, Cənubi Osetiyada, Krımda və Ukraynanın digər tanınmamış "respublika"larında keçirilən müstəqillik referendumlarını qeyri-legitim elan edir. Krımın müstəqilliyini tanıyan və onu özünə birləşdirən Rusiya ard-arda Qərbin sərt sanksiyaları ilə qarşılaşır. Hələ 1990-cı ildə Dağlıq Qarabağı özünə birləşdirmək haqda konstitusiya aktı qəbul etmiş İrəvan isə heç kim tərəfindən məzəmmət olunmur.

Axı, Qərbin xüsusi xidmət orqanları özlərinin iddia etdikləri kimi, Rusiya hərbi texnikasının Ukraynanın separatçı bölgələrinə tərəf hərəkətdə olduğunu müəyyənləşdirməyi bacarır. Demək, Azərbaycanın işğal altındakı ərazilərində 47 minlik erməni kontingentinin miqyaslı hərbi təlimlər keçirdiyini də görmək mümkün idi. Sadəcə, bunun üçün istək olmalı idi...

Donetskdə, Xarkovda keçirilən çoxminlik mitinqlərdə rusiyalı rezidentlərin iştirakını üzə çıxarmaq olur, axı. Bəs, nədən dünya Qarabağda keçirilən erməni mitinqlərinin tribunasında Ermənistandan gələn emissarları "görmürdü"? Axı, həmin mitinqdə söhbət Ermənistanın öz müqəddəratını təyin etməsindən getmirdi.

Maraqlıdır, görəsən, Qərb, məsələn, Vladimir Putinin vertolyotla Ukraynada qiyamçılar tərəfindən keçirilən təlimlərə qatılmasını necə qarşılayardı? Yəqin ki, bu sualın cavabı hər kəsə məlumdur. Demək, vaxtaşırı kamuflyajda Azərbaycanın işğal altındakı ərazilərində peyda olan, orada silah oynadan Sarqsyan da eyni reaksiya ilə qarşılaşmalıdır. Axı, bu ərazilərin işğal olunduğunu yalnız Azərbaycan demir. Bunu BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq strukturların qətnamələri də təsdiqləyir. Dünya dövlətləri və beynəlxalq qurumlarının öz qətnamələrinə, beynəlxalq hüquqa və tərəfdaş ölkələrə fərqli yanaşması onların imicinə zərbə deyilmi?

Aydındır ki, Rusiya dünyanın geosiyasi qütblərindən biridir və deməli, real gücdür. Ermənistandan isə dünyanın umacağı, yumşaq desək, yoxdur. Üstəlik, İrəvan heç kim üçün rəqib də deyil. O, yalnız sözdə müstəqil dövlətdir və deməli, dünya siyasətində söz sahibi ola bilməz. O, yalnız olsa-olsa lobbisinin səsindən ABŞ və Fransada keçirilən seçkilərdə istifadə olunmağa yarayır. Vəssalam.

Əvəzində, təbii resurslara və son dərəcə əlverişli geosiyasi mövqeyə malik olan, müstəqil xarici siyasət yürüdən, özünü beynəlxalq münasibətlərin bərabərhüquqlu üzvü, öz-özünü dolandıran dövlət kimi təsdiqləmiş Azərbaycana təzyiq rıçaqlarına malik olmaq dünya gücləri üçün daha vacibdir.

Lakin unutmaq lazım deyil ki, Bakının etibarlı və beynəlxalq dialoqa açıq tərəfdaş olmasına da məhz ölkə rəhbərliyinin bu siyasəti imkan verir. Bu siyasət nəticəsində, Azərbaycan özünün xarici təhlükələr qarşısında dayanıqlığını da gücləndirir. Bu gün onun qarşısında dayanan əsas çağırış isə torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal olunmasıdır. Nə qədər ki, dünya birliyi öz tərəfdaşının probleminin həllində iradəsizlik, riyakarlıq nümayiş etdirəcək, rəsmi Bakı yalnız öz gücünə arxalanmalı olacaq. Bu güc isə Ermənistanın imkanlarından dəfələrlə üstündür.

 

 

AZƏRBAYCAN PREZİDENTİ ERMƏNİ TƏXRİBATINI PİSLƏDİ

 

Prezident İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin pozulması ilə bağlı təxribatını pisləyib. Şəmkir hərbi birliyinin yeni binasında keçirilən operativ müşavirədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycan hərbçilərinin bu təxribatın qarşısını uğurla almasını yüksək qiymətləndirib.

Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan Silahlı Qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Prezident İlham Əliyev vəziyyətlə bağlı müvafiq göstərişlərini də  verib.

 

 

CAVABSIZ  SUALLAR

 

* Qərbin xüsusi xidmət orqanları özlərinin iddia etdikləri kimi, Rusiya hərbi texnikasının Ukraynanın separatçı bölgələrinə tərəf hərəkətdə olduğunu müəyyənləşdirməyi bacarır. Bəs Azərbaycanın işğal altındakı ərazilərində 47 minlik erməni kontingentinin miqyaslı hərbi təlimlər keçirdiyini də görmək mümkün deyildimi?

* Donetskdə, Xarkovda keçirilən çoxminlik mitinqlərdə rusiyalı rezidentlərin iştirak etdiyini üzə çıxarmaq olur, axı. Bəs, nədən dünya Qarabağda keçirilən erməni mitinqlərinin tribunasında Ermənistandan gələn emissarları "görmürdü"?

* Maraqlıdır, görəsən, Qərb, məsələn, Vladimir Putinin vertolyotla Ukraynada qiyamçılar tərəfindən keçirilən təlimlərə qatılmasını necə qarşılayardı?



MƏSLƏHƏT GÖR:

674