28 Aprel 2024

Bazar, 04:10

BİZNESMEN, MÜĞƏNNİ, AİLƏ ADAMI…

O daha çox kimdir? emin ağalarov yaradıcılıq və şəxsi həyatı ilə bağlı sirlərini bizimlə bölüşür

Müəllif:

15.07.2011

Bəstəkar və müğənni Emin Ağalarov Yaşıl Teatrdakı konsertdən sonra və bir iş adamı kimi, öz layihəsi olan kurortun açılışı ilə bağlı Nardaranda "Sea Breeze Resort"dəki konserti ərəfəsində mətbuat təmsilçiləri ilə görüşdü. Müğənni və iş adamı Emin AĞALAROV musiqi və "Avroviziya" müsabiqəsi, uşaqlar, onların tərbiyəsi, həmçinin, bir çox başqa məsələlər barədə fikirlərini "Region plus" jurnalının oxucuları ilə də paylaşdı.

- Yaşıl Teatrdakı son xeyriyyə konsertinizdə nə qədər pul yığıldı və bu vəsait konkret olaraq hara xərclənəcək?

- Biz $100 minə yaxın pul yığa bildik ki, bu da Nardaran qəsəbəsindəki 130 saylı orta məktəbin idman zalının təmirinə və isitmə sisteminin bərpasına yönəldiləcək. Ümid edirəm ki, dərs ilinin başlanmasına qədər bu məktəbdə vəziyyət düzələcək. Yeri gəlmişkən, keçən konsertlərdən əldə etdiyimiz vəsaitlər hesabına məktəbin damını və pəncərələrini də bütünlüklə yeniləşdirmişik. 

- Yaşıl Teatrdakı konsertdə demişdiniz ki, atanız əməliyyat olunub. İndi özünü necə hiss edir?

- Bu elə də mürəkkəb əməliyyat deyil. Diz qapağını zədələmişdi, futbolda zədə almışdı. Əməliyyat Almaniyada keçirildi, iş elə gətirdi ki, həmin vaxt yanında doğmalarından heç kim olmadı. Anamla-bacım Amerikadan mənim konsertimə gəlmişdilər (gülür). Mən artıq atamla telefonla danışmışam, onunla bağlı hər şey artıq qaydasındadır.

- Deyirlər ki, ölkəmizi "Avroviziya"da siz təmsil edəcəksiniz... 

- İnanın ki, "Avroviziya" üçün ən yaxşı  namizəd deyiləm. Bu müsabiqə ayrıca hazırlıq, çox vaxt tələb edir. Əgər bəxtin gətirsə və qalib olsan, sən bir il bo-yunca bütün dünyanı gəzməli və müxtəlif səhnələrdə çıxış etməlisən. Prinsipcə, bizim Nigarla Eldar hazırda bunu edir. Mənə gəldikdə, fiziki və mənəvi baxımdan  həyatımda bu cür dəyişikliklərə hazır deyiləm. Həm də ki yetərincə istedadlı musiqiçilərimiz var və onlar böyük uğurlar qazanıb, Azərbaycanı şöhrətləndirə bilərlər. 

- Bir çox forumlarda bloqerlərin çoxu qarşıdan gələn "Avroviziya" müsabiqəsini müzakirə edən zaman, sizi bu şounun aparıcısı kimi görmək istəyirlər. Bu müsabiqədə aparıcılıq etməyə razı olardınızmı? 

- Məndən pis aparıcı çıxar. Sanıram ki, bu cür şounu öz işinin peşəkarları aparmalıdırlar. Yalnız bacardığın işdən yapışmalısan və onu yaxşı etməlisən. Aparıcı zalı "əlində saxlamağı" bacarmalıdır. Amma inanın, mən aparıcı deyiləm. Həmişə bacardığım işlə məşğul oluram. 

- Amma öz konsertlərinizdə aparıcılıq işinin öhdəsindən çox yaxşı gəlirsiniz...

 - Axı bu mənim konsertimdir və səhnədə özümü adi həyatda olduğu kimi aparıram. Özümdən heç nə düzəltmirəm, nəyi nə cür demək və nə cür etmək barədə düşünmürəm. Müsabiqənin aparıcısı müəyyən ssenariyə uyğun hərəkət etməlidir və gedişatboyu deyəcəkləri barədə düşünməlidir. Göründüyü kimi, bu iş mənlik deyil...

 - Mahnılarınızı necə yaradırsınız? Xüsusi ruhlanma gərəkdir, yoxsa hər şey spontan baş verir?

- Heç bir sirr yoxdur. Mən sadəcə oturub yazıram (gülür). Adam bir fincan çaydan da ruhlana bilər. 

  - Azərbaycandan ilk müğənni və bəstəkarsınız ki, Avropaya "pəncərə" açmısınız. Mahnılarınız məşhur ingilis radiostansiyalarında səslənir. Sonrakı yolunuz hayanadır? 

- Avropaya "pəncərə açan" ilk mən olmamışam. çox qabaq bunu böyük Müslüm Maqomayev edib. Öz musiqimin daha da irəli getməsini planlaşdırıram. Bu yaxınlarda Avs-triya, İsveç və İsveçrəyə nəzarət edən bir alman şirkəti ilə mənim sonrakı üç albomum barədə saziş bağlamışıq. Payızda yeni "Wonder" plastinkamın bu regionlara yayılması üzərində işləyəcəyik; bir ildən sonra isə, mümkündür ki, ABŞ-la məşğul olacağıq... 

- Praqmatizm biznesmenin yaradıcılıq yüksəlişinə mane olmur ki? Yoxsa əksinə, kömək edir?

- Düşünürəm, daha çox kömək edir. İş prosesini anlayanda və məqsədə çatmağın yollarını düzgün hesablayanda, konstruktiv düşünəndə uğuru sürətlə əldə etmək mümkün olur. Musiqidə də elədir. Musiqi materialı ilə işləmək də ciddi münasibət, müəyyən dəqiqlik və struktur tələb edir.   

 - Emin, kimləsə duet oxumaq istərdinizmi?

- Artıq Müslüm Maqomayevlə oxumuşam. Bu məndən  ötrü unudulmaz oldu. Fəxr edirəm ki, azərbaycanlıyam. Hər yerdə bunu qeyd edirəm. Fəxr edirəm ki, Müslüm Maqomayev də azərbaycanlı olub (düşünür). İndiki ifaçılara gəldikdə,  Şade ilə duet oxumaq istərdim. 

- Ailəniz yaradıcılığınızı dəstəkləyirmi? Araz Ağalarov sizin repertuarın mahnılarından ən çox hansını sevir? 

- Hə, əlbəttə. Atamın ən çox xoşuna "Impossible" gəlir. Düzdür, o mənim mahnım deyil, amma onu oxuyuram. Mənə elə gəlir ki, bu, atamın gəncliyinin mahnısı olduğuna görə, ona xoş gəlir. Yenilərdən isə balladalarımı xoşlayır. 

 - Həyat yoldaşınız ən çox hansı kompozisiyanızı sevir? 

- "Never enough" mahnımı, hələ  albomlarıma daxil edilməyib, mümkündür ki, tezliklə onu disklərimdən birinə daxil edəcəyəm. 

- Emin, sizdə musiqiyə həvəs haradan yaranıb? Hər şey nədən başlayıb? 

- Hər şey ondan başladı ki, anam mənə iki audiokaset bağışladı, Elvis Preslinin mahnılarının toplusu idi - gənc və daha dolğun yaşlarının. Onda biz Moskvada yaşayırdıq. Əlbəttə ki, mən bu kasetləri son nöqtələrinə kimi dinlədim. Rok-n-roll xoşuma gəldi. Sonra babam mənə Bill Heylinin səs yazılarını verdi, daha sonra isə həyatımda Müslüm Maqomayev peyda oldu. Yadımdadır, onun bütün estrada repertuarını dinləmişəm. Sonra Çelentano, Şade, Ceyms Braun. Daha sonra isə - Stinq, Robbi Uilyams. 

15 yaşımda anladım ki, musiqi alətində ifa etməyə çalışdığım melodiyaları oxuyuram. Musiqi ilə məş-ğul olmaq həvəsi yarandı, amma musiqi təhsilim yox idi. Sonrakı 15 ildə isə mən, necə deyərlər, "özüm oxumuşam". Yeri gəlmişkən, indiyə kimi nə vokal, nə də fortepiano üzrə bir dəfə də dərs almamışam. Deyə bilmərəm ki, bunu fenomenal şəkildə eləməyi bacarıram və bu təbiidir; peşəkar musiqiçilərlə rəqabət apara bilmərəm, amma ümid edirəm, elədiklərim pis deyil. İlk mahnını 16 yaşımda yazmışam və onun adı "Sənin üçün darıxıram"- dır. 

- Bu mahnı rusca idi?

- Hə. Mən indi ingiliscə yazıram, çünki bu, beynəlmiləl dildir. Mahnılarım dünya bazarı üçün kommersiya məhsuludur. 

- Sizcə, iş adamı baxımından "Emin" layihəsi rentabellidirmi? 

- Bakıda verdiyim dörd konsertdən biz $400 minə yaxın yığa bilmişik. Əgər bu pulları cibimə qoysaydım, demək olardı ki, hə, layihə rentabellidir. Amma konsertlərim xeyriyyə xarakterli olduğundan, özüm üçün bir qəpik də qazana bilməmişəm. Düzdür, tez-tez Rusiyada korporativ axşamlara dəvət edirlər, amma oralarda heç vaxt iştirak etmirəm. Bu ölkənin böyük olduğunu nəzərə alsanız, la-yihənin nə qədər rentabelli ola biləcəyini düşünə bilərsiniz. Qastrol səfərlərini yalnız özüm və yalnız mənə maraqlı olanları seçirəm. Disklərimin satış hüququ yalnız bir şirkətə məxsusdur, yaxın beş ildə də belə olacaq və albom satışından qazandıqlarım nəzərə alınarsa, layihənin rentabelli olmasından danışmağa dəyər. Bu məsələdə iş adamı olmağım da məsələyə qoşulur. İstəyirəm, disklərim yalnız Böyük Britaniyada deyil, ABŞ-da da satılsın. Bunun üçün ciddi işləmək lazımdır; hələ ki brendimi yradıram. 

- Məşhur ingilis klipmeykeri  Fil Qriffinlə əməkdaşlığınızdan danışın... 

- Hər şey İngiltərədəki ikinci sinqlim - "Any time you fall" üçün rejissor Fil Qriffinlə klip çəkmək ideyasından başladı. Nəticədə, elə dərinliklərə vardıq ki, onunla  "Falling" və "Wonder" mahnıları üçün daha iki klip çəkirik, həmçinin, artıq çıxmış "Just for one night" klipi üçün də çəkilişlər gerçəkləşdiririk. Düşünürəm, "Any time you fall" klipi gözəl alınıb. Qriffinlə ünsiyyətdən təəssüratlarım çox müsbətdir (gülür). Əslində, o çox qoçaq əmidir. Mənə danışıb ki, bir dəfə Tom Cons ona zəng edib və ondan bir şərtlə klip çəkməyi xahiş edib: Consun çəkiliş üçün cəmi bir saat sərbəst vaxtı olub. Pol da musiqiçinin xahişini yerinə yetirib. Nəticədə, kreativ klip yaranıb: bütün klipboyu Tom Consun maskasını geymiş qulduru kimsə təqib edir, onun yanında isə qız oturub. Nəhayət, onu tuturlar və qəhrəman maskasını çıxarır və maska arxasından da gerçək Tom Cons çıxır. Musiqiçi yalnız son səhnədə çəkilib və bu, cəmi 20 dəqiqə aparıb! Ya da götürək Pol Makkartni ilə olan əhvalatı; o, Qriffinə rəqs klipi sifariş verib və etiraf edib ki, heç rəqs edə bilmir. Rejissor ağ divarın fonunda müxtəlif hərəkətlər edən Makkartnini çəkib və sonra 200 adamı məcbur edib ki, bu hərəkətləri öyrənsinlər və Polla sinxron rəqs etsinlər. Onunla işləmək çox maraqlıdır -  çox yaradıcı insandır, çılğın ideyalarla doludur. 

- Emin, ilk baxışdan təmkinli insana bənzəyirsiniz. Sizi özünüz-dən nə çıxara bilər və tez sakitləşməyə nə kömək edir?

- İstənilən şey məni özümdən çıxara bilər, amma sakitləşməyə və rahatlamağa uşaqlarım kömək edir. 

- Onlara qarşı müəyyən tərbiyə üsulunuz varmı, yoxsa hər şey spontan baş verir?  

- Yox. Çalışıram, oğullarıma izah edim ki,  nəyi etmək olar, nəyi olmaz. Onlar da mənə qulaq asırlar. Uşaqlarımı necə tərbiyə etmək barədə dəqiq üslubum yoxdur. Sadəcə, mənə elə gəlir ki, yalnız uşaqları deyil, həm də yaxınları sevgi ilə əhatələmək lazımdır. Onda ailədə hər şey qaydada olacaq. Uşaqlara imkan vermək lazımdır ki, özlərini gördükləri kimi reallaşdıra bilsinlər; məsələn,  valideynlərim məni heç vaxt nə musiqi, nə də bizneslə məşğul olmağa məcbur etməyiblər. Bu seçimi özüm etmişəm. 

- Sizin ailədə başçı kimdir? Son sözü kim deyir?         

- Bizdə elə məhdudiyyət yoxdur. Bəzi məsələlərdə Leyla mənə qulaq asır, bəzilərində isə mən ona. Ailədə vəzifə bölgüsündən çox tərəfdaşlıq var. 

- Uşaqlarınızda musiqi qabiliyyəti özünü göstərirmi? 

- (gülür) Hə. Mahnılarımı oxumağa cəhd edirlər. Onlara xüsusilə "Just for one night" mahnım xoş gəlir. 

- Atanızın tərbiyəsinin hansı nüansları biznes və yaradıcılıqda sizə yardımçı olub?

- Atam öz atasını 14 yaşında itirib. Ailənin ən kiçik uşağı olmasına baxmayaraq,  çiynində böyük məsuliyyət yükü olub. Ən erkən uşaqlığımdan atam mənə bu məsuliyyət hissini aşılayıb və avaralıq etməyə imkan verməyib. Öz növbəmdə onun hörmətini qazanmaq üçün hər şey etmişəm, istəmişəm ki, mənimlə fəxr etsin. Bu isə məni yalnız yeni uğurlara və yeni başlanğıclara yönəldib. 

- Bəllidir ki, ABŞ-da oxuyanda kaver qrupunun solisti olmusunuz. Həyatınızın bu dövründən danışın...

- (Gülür) Bu çox qəribə kollektiv idi. Bizim qrupda koreyalı pianoçu vardı, hansı  ki, klavişli alətlərdə ifadan başı elə də çıxmırdı. Gitaraçı iranlı idi, mən də ki azərbaycanlı. Biz əfsanəvi rok-n-roll hitlərinin kaver-versiyalarını ifa edirdik. Bununla məşğul olanda anlamışdım ki, biz hələ beş il də səhnəyə dönməyə bilərik (gülür). Musiqi yaradıcılığıma paralel olaraq, Rusiya mallarının ABŞ-da satışı üzrə internet-biznes açdım. Biz matroşkalar, mücrülər, yaylıqlar və s. satırdıq. Layihə inanılmaz dərəcədə uğurlu oldu və tez bir zamanda Nyu-Yorkda "Medison-avenyü"də öz ayaqqabı mağazamı açdım. 

- Bir vaxtlar ciddi şəkildə boksla maraqlanmısınız. İndi bu idman növü ilə məşğul olursunuzmu?

- Yox. Boksla dörd il məşğul olmuşam, sonra qərara gəldim ki, çətin ki, məndən peşəkar boksçu çıxsın (gülür). Taysonla rinqə çıxmaq qismət olmadı. Anladım ki, mənim işim deyil və başını buraxdım. 

- Nəyi arzulayırsınız?

- Doğma və yaxınlarımın sağlamlığını.

- Sizin ən ciddi tənqidçiniz kimdir?

- (Gülür) Qarşınızda oturub. Məni məndən kəskin heç kim tənqid edə bilməz.

- Siz daha çox kimsiniz: biznesmen Emin, ailə adamı Emin, yoxsa müğənni Emin?

- Üçü bir yerdə.

- Ən sevdiyiniz bayram hansıdır? 

- Əlbəttə ki, Yeni il. Bizim ailədə 31 dekabrı həm də mənim anamın ad günü kimi bayram edirik. Yəni mənim üçün ikiqat bayramdır. 

- Sonda yaradıcılıq planlarınızı oxucularımızla bölüşməyinizi istərdik...

- Öz musiqimi Avropada daha da yaymağı planlaşdırıram. Hazırda növbəti  plastinka üzərində fəal işləyirəm. Ümid edirəm, yeni albomda daha çox hit mahnılar yer tutacaq və daha arzulananan musiqi olacaq.  Bu diskə yalnız ən yaxşı, hit olmağa şansı çatan mahnılarım daxil ediləcək. Yeri gəlmişkən,  sonuncu "Wonder" albomumun mahnılarının, demək olar ki, yarısı sinql oldu. Bu da pis nəticə deyil. Adətən, bir diskdən iki-üç mahnı hit ola bilir. 

Yeni albom üzərində  işləyərkən düşünürəm, 12 mahnının hamısı yadda qalsın və dinləyicilər tərəfindən sevilsin. Artıq çox iş görülüb, 30-a yaxın kompozisiya yaratmışam və bundan 20-ni zibil yeşiyinə atmışam, 10-u isə yazılmasını gözləyir. 


MƏSLƏHƏT GÖR:

511