26 Aprel 2024

Cümə, 10:57

QIZ QALASININ METAMORFOZLARI

İyirmi ölkədən gəlmiş iyirmi beş rəssam öz qeyri-adi işlərini orta əsrlər Azərbaycanının bu görkəmli memarlıq abidəsinə həsr edib

Müəllif:

15.07.2011

İyunun son günlərində Qız qalası yenidən bütün dünyadan paytaxtımıza gəlmiş iyirmi beş tanınmış rəssamın diqqət mərkəzində oldu. Onlar qeyri-adi layihədə - beynəlxalq incəsənət festivalında iştirak edirdilər və öz qeyri-adi işlərini Bakının rəmzi olan qalaya həsr etmişdilər. İyulun 1-də isə İçərişəhərdə  "Qız qalası" incəsənət festivalının bağlanış mərasimi keçirildi və mərasimə Azərbaycan Prezidentinin qızları - Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyeva ilə Arzu Əliyeva da qatılmışdılar.

Qeyd edək ki, keçən il Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz əsərini təqdim etməklə festivalı dəstəkləmişdi. Bu il isə festivalda Leyla xanım Əliyevanın işləri nümayiş etdirildi. Leyla xanım qeyd elədi ki, onun əsərində hər şeyin zamana tabe olması ideyası təcəssüm etdirilib. 

Üç gün ərzində Qız qalasının qabağındakı meydanda maraqlı incəsənət əsərlərinin yaranmasının şahidi olmaq mümkün idi. Yoldan keçənlər festival iştirakçılarının yanına gəlir, iştirakçıların yaradıcılığını böyük maraqla izləyirdilər. Hər bir fırça ustası öz ölkəsinin irsini unutmadan orijinal incəsənət əsəri yaratmalı idi. Qalanın "divarlarını" göy qurşağının bütün rəngləri ilə bəzəmək olardı. 

Rəssamlar doğrudan da qeyri-adi iş görməli idilər: rəsmlərini Qız qalasının dəqiq surəti olan iri poliuretan maketin üzərinə çəkməli idilər. Macarıstanlı rəssam xanım Aqnes Kulin öz maketini rəngarəng uşaq meydançaları ilə bəzəmişdi. Onun sözlərinə görə,  bununla o göstərmək istəyib ki, dərisinin rəngindən asılı olmayaraq bütün planetin uşaqları böyüklərə nisbətən daha rahat şəkildə ümumi dil tapa bilirlər. 

İranlı rəssam Nasser Əzizicoşan öz qalasının üzərinə yalları küləkdən dalğalanan uçan atlar çəkmişdi. Onun qrafika üslubuna işlədiyi ağ-qara rəsmi sərgiyə gələnlərin diqqətini çəkirdi. Ukraynalı Anna Dudnikova qalanın başını həyatın rəmzi olan Günəşlə bəzəmişdi. Rəssam bildirdi ki, Bakı deyəndə onun ağlına ilk gələn şey Günəşdir. A. Dudnikova qalanın üzərinə Günəşlə yanaşı, xoşbəxt həyat himni oxuyan quşların qonduğu çoxbudaqlı ağac rəsmi də çəkmişdi. 

Daha bir maraqlı məqam isə festival iştirakçısı, litvalı rəsam Skaydra Yançaitenin qeyri-adi və inanılmaz gözəl rəqsi idi. 

Azərbaycanlı rəssamlar Anar Yolçiyevin və Əsmər Nərimanbəyovanın qalaları isə çox parlaq və emosional alınmışdı. Rəşad Babayev isə maketdə avanqard üslubda qeyri-adi parlaq rəsm yaratmışdı. Bütün rəssamları birləşdirən bir cəhət vardı - rəsmlərdə rənglər başlıca yerdə idi. 

Heydər Əliyev Fondu, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun idarəsi, Çağdaş İncəsənət Muzeyi və "Qız qalası" art-qalereyası tərəfindən təşkil edilmiş festivalın məqsədi Azərbaycanın ən qədim abidələrindən biri olan Qız qalasının tanıdılması idi. YUNESKO-nun dünya irsi siyahısına salınmış bu abidəsi bizim şəhərin rəmzi olmaqla yanaşı, həm də Azərbaycan memarlığının incisidir. 

Rəssamların Azərbaycan haqqında təəssüratları coşğun və maraqlıdır. "Sizin ölkəyə heç kim laqeyd qala bilməz. Buraya gələn hər bir rəssam qonaqsevərliyin və genişürəkliliyin nə demək olduğunu öz üzərində hiss edir. Hər biri özünü burada ulduz sayır. O qədər avtoqraf, foto və videoçəkilişlər oldu ki, siz heç təsəvvür edə bilməzsiniz", - deyə ukraynalı rəssam Anna Dudnikova fikirlərini bizimlə bölüşür. 

İsveçdən gəlmiş rəssam Yonas Livrod da onun dediklərini təkrarlayır. "Məndə artıq azərbaycanpərəstlik başlayıb! Sizin ölkəyə o qədər vurulmuşam ki, tezliklə buraya qonaq kimi dönmək, bəlkə də birdəfəlik buraya yerləşmək istəyirəm!" -  rəssam etiraf edib.  

İyirmi beş kiçik Qız qalasının taleyinə gəldikdə isə, onların gələcəyi artıq bəllidir. Əvvəlcə onlar bu tarixi abidənin qarşısındakı meydanda nümayiş etdiriləcək, sonra eksponatların bir qismi xaricə göndəriləcək. 

İçərişəhər ərazisində yerləşən və YUNESKO-nun dünya irsi siyahısına salınmış abidə Bakının rəmzi və Azərbaycan memarlığının incisi olmaqla yanaşı, həm də Azərbaycan xalqının qədim tarixinin və zəngin ənənələrinin təbliğinə xidmət edir. Bu tarix və ənənələr ümumi bəşəri irsin zənginləşməsinə və mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfələr verə bilər. 

Yeri gəlmişkən, "Qız qalası" adı türkdilli ölkələrdə geniş yayılıb, görünür, qalanın qız kimi qorunmuş qalması, yəni yadelli işğalçılar tərəfindən tutulmaması diləyi ilə bu ad verilib.    

Qız qalasının tikinti tarixi dəqiq bəlli deyil. Sanılır ki, o, təxminən, XII əsrdə tikilib. Bu barədə qalanın yuxarı hissəsinin çöl tərəfində yerləşdirilmiş lövhədə bildirilir. Qədim kufi xətti ilə yazılmış lövhədə "Məsud ibn Davudun qübbəsi (künbəzi)" sözləri yer alıb. Qalanın daha qədim tarixə malik olması barədə çox sayda başqa versiyalar da var ki, onların da müəyyən qədər əsaslı olmaları istisna edilmir.



MƏSLƏHƏT GÖR:

634