5 May 2024

Bazar, 14:36

ETİBARSIZLIQLA YÜKLƏNMİŞ TƏKRARYÜKLƏNMƏ

Rusiya-ABŞ münasibətlərinə hələ də qarşılıqlı inamsızlıq mane olur

Müəllif:

15.07.2011

Ötən ilin noyabrında NATO-nun Lissabonda keçirilən sammitindən sonra alyansın Rusiya ilə daha sıx tərəfdaşlıq etməyə başladığı elan olunmuşdu. NATO-nun yeni konsepsiyasına əsasən, Rusiya rəsmən təhlükə kimi qiymətləndirilmir. Sənəddə Moskva strateji tərəfdaş kimi göstərilir, qarşılıqlı inam və ərazi bütövlüyünə hörmət haqda danışılırdı. Tərəflər sanki Avropada hava hücumundan müdafiə (HHM) sistemləri ilə bağlı da razılığa gəlmişdi.

Bu ilin əvvəlində isə NATO-nun 2012-ci ildən Avropada HHM sistemi yerləşdirməyə başlamaq qərarı yenidən Amerika-Rusiya münasibətlərindəki «yenilənmə»də əngələ çevrilib.

Vaxtilə təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələrin aparılması məqsədilə yaradılmış NATO-Rusiya Şurasının Soçidə keçirilən toplantısında Rusiya prezidenti Dmitri Medvedev Şimali Atlantika Alyansının nümayəndələrindən, yeni HHM sisteminin Rusiyanın nüvə imkanlarını neytrallaşdırmayacağına, yəni ölkənin müdafiə qabiliyyətini zəiflətməyəcəyinə dair hüquqi təminat istəyib. Moskva ehtiyat edir ki, belə sənədin olmaması artıq köhnəlmiş, amma hələ də qüvvədə olan «qarşılıqlı məhvolma prinsipini» ləğv edə bilər.

ABŞ zəmanət verməyəcəyi təqdirdə, Kreml SHS-3 razılaşmasından çıxacağını, alyansın sərhədlərinə yaxın ərazidə raketlər quraşdıracağını və yeni silahlanma yarışına başlayacağını bildirir.

Hələ 2007-ci ildə Rusiya özünün Qərb sərhədlərində - Kalininqradda raket qurğularının yerləşdirilməsinin mümkünlüyünü bəyan etmişdi. Moskva bu planını 2009-cu ilin oktyabrında ABŞ prezidenti Barak Obamanın Corc Buş administrasiyasının HHM planlarından imtina etməsindən sonra dondurdu. Xatırladaq ki, Buş administrasiyasının həmin planı Birləşmiş Ştatların Polşa və Çexiyada HHM elementləri yerləşdirməsini nəzərdə tuturdu.

Hazırda Amerikanın Avropada HHM sistemi yerləşdirməklə bağlı konsepsiyası NATO-ya istinad edir (daha doğrusu, Avropanın raketdən müdafiə sahəsində NATO-nun rolunu gücləndirir). O, dörd mərhələdən ibarətdir və «Mərhələli adaptiv yanaşma» (Phased Adaptive Approach) adlanır.

Birinci mərhələ (2011-2012) Amerikanın hərbi gəmilərində qurulmuş “SM-3” raketlərini, həmçinin, Cənubi Avropada RLS-i nəzərdə tutur.

İkinci mərhələ 2015-ci ildə başlanmalı və görülmüş işlərə yerüstü HHM sistemi əlavə edilməlidir. Yəni, Avropada ilk yerüstü obyektin peyda olmasınadək onu sahillərdə dolaşan ABŞ hərbi gəmiləri qorumalıdır.

Üçüncü mərhələ, təxminən, Londonadək uçmaq qabiliyyətinə malik raketlərin yerləşdirilməsini nəzərdə tutur.

Dördüncü mərhələ 2020-ci il üçün planlaşdırılır. Burada söhbət qitələrarası raketi məhv edə biləcək sistemlərin yerləşdirilməsindən gedir.

Avropada HHM sisteminin arxitekturası ilə bağlı yekun qərar 2012-ci ilin mayında NATO-nun Çikaqoda keçiriləcək sammitində qəbul edilməlidir.

Rusiyanı əsas narahat edən məqam Amerikanın HHM sistemi ilə bağlı planının son mərhələsidir. Moskvada düşünürlər ki, ABŞ-ın Avropadakı HHM çətiri son dərəcə güclü ola bilər və bu halda Rusiyanın nüvə gücü onun qarşısında aciz qalar. Kremlin həmin planın Rusiyanın milli təhlükəsizliyinə problem yaratdığını düşünməsi də bununla bağlıdır. NATO Rusiyanın SHS razılaşmasından çıxacağı və alyansın sərhədlərinə yaxın ərazilərdə raket sistemləri quraşdıracağına dair hədələrinə ciddi əhəmiyyət  verməməyə çalışır. Şimali Atlantika Alyansının baş katibi Anders foq Rasmussen bildirib ki, Rusiyanın yeni silahlanma yarışına dair hədələri sadəcə «normal iş prosesinin elementidir».

NATO nümayəndələri HHM sisteminin İran və Şimali Koreyadan qorunmaq üçün nəzərdə tutulduğunu, onun Rusiyaya təhlükə yaratmadığını, bu ölkəyə hücumun planlaşdırılmadığını təkrarlamaqdadırlar. Bununla yanaşı, Rasmussen onu da bildirir ki, Moskvanın onlardan konkret zəmanət gözləməsinə dəyməz. «Moskvanın ala biləcəyi ən yaxşı zəmanət prosesə cəlb olunması, praktik əməkdaşlığa getməsidir», - deyə NATO-nun Baş katibi qeyd edib.

Tərəflərin «praktik əməkdaşlıq»la bağlı da mövqeləri fərqlidir. Rusiya HHM sisteminin birgə idarə olunmasını istəyir. ABŞ isə bunu birmənalı şəkildə rədd edir və məlumat mübadiləsi üçün ümumi mərkəzlərin yaradılmasını, «ümumi hədəfi olan iki müstəqil sistem - NATO və Rusiya sistemlərinin yaradılmasını» daha məqsədəuyğun sayır.

Maraqlıdır ki, NATO-nun bəzi üzvləri Rusiyanın HHM sisteminə dair planına etirazını özünəməxsus şəkildə izah edir; məsələn, Lüblin şəhərinin Katolik Universitetinin professoru, vaxtilə Polşa müdafiə nazirinin müavini və nazir səlahiyyətlərinin icraçısı olmuş Romuald Şeremetyev bu ilin mayında «Nasz Dziennik» nəşrində məsələyə dair fikirlərini belə bölüşmüşdü: «Rusiyanın geosiyasi analiz mərkəzlərində hazırlanan strateji konsepsiyalarda birmənalı şəkildə deyilir ki, ölkə siyasətinin hədəfi imperiyanın, beynəlxalq münasibətlərdə superfövqəldövlət statusunun bərpasıdır. Rusiya müstəmləkə dövlətidir: Sovet İttifaqının dağılmasından sonra Kreml müstəmləkələrinin əksəriyyətini itirib. Onlar başqa müstəmləkələrdəki kimi dənizlərin digər sahillərində deyil, yaxında idilər və yaxın xaric adlanırdılar. Odur ki, Rusiya elitası, həqiqətən, imperiya qüdrətini bərpa etmək istəyirsə, müstəmləkələrin geri qaytarılması və imperiyanın tərkibinə daxil olmaları vacibdir. Bu baxımdan, NATO-nun Polşa, Baltikyanı ölkələr və Rumıniya ərazisində hərbi infrastruktur qurması Rusiyanın planlarını pozardı. Bu ölkələrdə ABŞ bazasının və ordu hissələrinin yerləşdirilməsi Moskvanın planını tamamilə alt-üst edərdi».

Bütün bunların fonunda onu da qeyd etmək lazımdır ki, NATO daxilində HHM sistemi sahəsində Rusiya ilə əməkdaşlığın səviyyəsinə dair fikir ayrılığı da var. Baltikyanı ölkələr və Şərqi Avropa dövlətləri Rusiyanın bu sistemə çox yaxın buraxılmasına qəti etiraz edir. ABŞ-ın Avropa qitəsində rolunun güclənməsindən o qədər də şad olmayan Almaniya isə əksinə, bu işdə Moskva ilə əməkdaşlığın gücləndirilməsinə tərəfdardır.

«Qəti şəkildə anlamaq lazımdır ki, bu, Amerika dizaynıdır. Avropa bu işə hansısa ikinci dərəcəli, yardımçı vasitələrlə müəyyən töhfə verə bilər. Onun əsasını təşkil edən dizayn isə əlbəttə ki, Amerikaya məxsusdur», - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov sanki avropalılara mesaj göndərib. Obama administrasiyasını tənqid edənlər ABŞ-ın özündə də az deyil. Bu ilin iyununda Amerikanın bir sıra nüfuzlu ekspertləri Ağ evin könüllü şəkildə Moskvaya HHM haqqında, həmçinin, müxtəlif unikal texnologiyalara dair gizli informasiyalar verdiyini bəyan edib. Respublikaçılar isə prezidenti Çexiyada HHM sisteminin qurulması planının iflasa uğradığı üçün sərt tənqidə məruz qoyub. Onlar hesab edir ki, bu işdə Obama Rusiyanın xətrinə Avropadakı müttəfiqlərindən birini satıb.

Bundan başqa, bu günlərdə Nümayəndələr Palatasının Beynəlxalq komitəsi Rusiya ilə münasibətlərin «yenilənməsi» məsələsində Obama administrasiyasını güzəştlərə getməkdə günahlandırıb. Bu, Konqresdə ««Yenilənmə»də pauza vaxtıdırmı?» mövzusunda keçirilən dinləmələrdə baş verib. Odur ki, seçki ərəfəsində Barak Obama, çətin ki, respublikaçı rəqiblərinin Rusiya qarşısında mövqelərin itirilməsi kimi qiymətləndirəcəyi addımlar atsın.

«The Washington Times» yazır ki, Obama administrasiyası bu ölkədə TPY-2 radarının yerləşdirilməsinə dair razılığa gələrsə, bu, Rusiyaya növbəti güzəşt olacaq. Tənqidçilər hesab edir ki, Türkiyədə radarın yerləşdirilməsi sisteminin potensialını zəiflədəcək, İranın ABŞ-a tərəf yönəldə biləcəyi uzaqmənzilli raketlərin tutulması işinin effektivliyini azaldacaq.

Əvvəllər ABŞ ərazisində RLS yerləşdirməsi mümkün olan ölkələr arasında NATO üzvü olmayan Gürcüstanın da adı çəkilirdi. Son illər Moskva ilə Tbilisi arasında münasibətləri nəzərə alan Vaşinqton bunun Ağ evlə Kremlin münasibətlərində nələrə səbəb ola biləcəyini anlamağa başlayıb.

Türkiyə ərazisində radarın yerləşdirilməsi məsələsinə gəlincə, bu işdə Ankaranın da öz tələbi var. O hesab edir ki, sistemin əldə edəcəyi məlumatlar İsrailə və NATO-ya üzv olan heç bir ölkəyə məlum olmamalıdır. Vaşinqtonun bu tələbə cavabı hələ ki, məlum deyil.

Bütün bunların fonunda ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner adaptiv yanaşma  kimi, bu məsələnin də «Rusiyaya aidiyyətinin olmadığını» bildirir. O deyir ki, əksinə, «adaptiv yanaşma» «NATO üzvlərini və Bişləşmiş Ştatlar daha yaxşı qoruyacaq və bəlkə də əvvəlki layihələrlə müqayisədə daha tez zamanda reallaşdırılacaq».

Amma deyəsən, bu, Ağ evin siyasi rəqiblərini o qədər də qane etmir.

Rusiya öz növbəsində, İrandan gələn təhlükəni etiraf edir. Amerikada Rusiyanın İrana yardım etdiyini düşünənlər də az deyil. Onlar öz arqumentlərinə dünyanın İran rəhbərliyinin əsl niyyətindən xəbərsizliyini, yaxud Mahmud Əhmədinejadla dini lider arasındakı ziddiyyətlərin hara aparıb-çıxaracağının qeyri-müəyyən olduğunu da əlavə edir.

Demokratiyanın Müdafiəsi Fondunun (Foundation for Defense of Democracies) prezidenti Klifford Mey «National Review» nəşrində yazır ki, Amerikada bəzi siyasətçilər və ekspertlər Avropada HHM sisteminin yerləşdirilməsi ilə yanaşı, daha bir məqamın vacib olduğuna əmindir. Bu, kosmik HHM sistemidir. Müəllif hesab edir ki, bu sistem kosmosun  hərbiləşdirilməsi ilə yanaşı, həm də  kosmosda, bir növ, «Silah qadağandır» işarəsi rolunu oynayacaq.

«Biz kosmosdan insanların həyatını qorumaq üçün istifadə etməsək, digərləri - İran, Rusiya, Çin, Şimali Koreya nə vaxtsa kosmosdan özlərinin daha az xeyirxah niyyətlərini gerçəkləşdirməkdən ötrü yararlanmayacaqlarmı?» - deyə Mey sual edir. Beləliklə, NATO yeni strategiyasında əks olunanları əməldə hələ ki reallaşdıra bilmir. Göründüyü kimi, Rusiya ilə Amerika arasında münasibətlərin «yenilənməsinə» hələ də müəyyən qədər qarşılıqlı inamsızlıq mane olur. Burada Avropa HHM sisteminin yerləşdirilməsi məsələsi heç də sonuncu planda deyil.

Bəs ABŞ-la Rusiyaya silahlanma yarışı lazımdırmı? Xüsusilə Rusiyanın buna ehtiyacı varmı? Axı bu, büdcədən nəhəng məbləğlərin xərclənməsi deməkdir və belə halda sosial proqramların zərər görəcəyinə şübhə yoxdur. Elə ABŞ-ın da hamıya yaxşı məlum olan iqtisadi problemləri var.



MƏSLƏHƏT GÖR:

449