17 May 2024

Cümə, 08:17

YENİ İNTİFADA?

Dağ Məbəddəki iğtişaşlar israillilərlə fələstinlilər arasında onsuz da pis olan münasibətləri bir qədər də gərginləşdirib

Müəllif:

25.11.2014

Üç din üçün Müqəddəs Torpaqda yenidən qanlı hadisələr yaşanır. Ərəb-İsrail münaqişəsinin yeni dağlasına əsas səbəb Qüdsün statusu ilə bağlı bitmək bilməyən mübahisədir.

Hər şey noyabrın ilk günlərində Qüdsdə yerləşən Dağ Məbəddəki iğtişaşlarla başlayıb. Qədim zamanlarda bura yəhudilərin məbədi olub. Amma artıq yüzilliklərdir ki, buranın görməli yeri məscidlər kompleksidir (əl-Əqsa və Kubbat əs-Səhra). O, İslam Dünyasında əhəmiyyətinə görə üçüncü (Məkkə və Mədinə şəhərlərindən sonra) müqəddəs məkan sayılır.

İsrailin güc strukturları etirazçı fələstinlilərə qarşı reyd keçiriblər. Asayişin bərpasından sonra, Dağ Məbəd yenidən ziyarətçilərin üzünə açılsa da, gərginlik aradan qalxmayıb. Bunun əsas səbəbi Qüdsün statusunun müəyyən olunmamış qalmasıdır. Məhz bu amil mütəmadi olaraq müqəddəs məkanlarda belə, toqquşmalara səbəb olur.

Problem ondadır ki, hələ 1967-ci ildə İsrail Şərqi Qüdsü güc yolu ilə İordaniyadan qoparıb. O zaman şəhərin tarixi mərkəzi, yalnız yəhudilərin deyil, xristianların və müsəlmanların da müqəddəs məkanlarının yerləşdiyi hissə İsrailin nəzarətinə keçib. Sonradan yəhudi dövləti bütünlükdə şəhəri işğal edib, onu "vahid və bölünməz paytaxt" elan edib. Halbuki, BMT-nin qərarına əsasən, Şərqi Qüds gələcək müstəqil Fələstin dövlətinin paytaxtı olmalıdır. Bu üzdən də dünya birliyi işğalı tanımır, İsrailin paytaxtı kimi, Təl-Əvivi qəbul edir, Qüdsün statusunun Fələstinlə İsrail arasında sülh danışıqları yolu ilə müəyyənləşdirilməli olduğunda israr edir.

Ərəb dünyasını narazı salan məqam İsrailin əl-Əqsa və Kubbat əs-Səhra məscidlərinin yer aldığı Dağ Məbəddə status-kvonun dəyişidirlməsinə yönəlmiş kursudur. Rəsmi Təl-Əviv isə belə planının olmadığını bildirir.

Bu mənada, İordaniya kralı II Abdullanın "İsrailin təxribatlarının, Haşimilərin himayəsi altında olan Qüdsün müqəddəs yerlərinə əl uzatmasının yolverilməzliyi" haqda bəyanatı nümunəvi sayıla bilər. Haşimilər kralın rəhbərlik etdiyi ölkədə hakim sülalədir.

Qüdsün müqəddəs məkanlarının qoruyucusu məhz İordaniya monarxıdır və bu, İsraillə sülh razılaşmasında təsdiqini tapıb.

Qüdsün ətrafında yaşanan gərginliyin aradan qaldırılması məqsədilə noyabrın 13-də Əmmanda İordaniya Kralı Abdulla, İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Onlar Dağ Məbəddə münaqişənin qarşısının alınması üçün atılmalı olan addımlarla bağlı razılığa gəliblər. Kerrinin sözlərinə görə, görüşdə "ritorik deyil, real addımlar razılaşdırılıb. Onlar vəziyyətin qaydaya salınmasına, pozitiv, konstruktiv istiqamətdə irəliləməyimizə imkan verəcək atmosfer yaratmalıdır". 

Bununla yanaşı, ABŞ-ın dövlət katibi iordaniyalılarla israillilərin 1967-ci ildən gərginliyin aradan qaldırılması üçün birgə işlədikləri kimi, bundan sonra da birgə səylər göstərməklə bağlı razılığa gəliblər. "Atılacaq addımlar status-kvonun qorunub-saxlanacağını təsdiqləyəcək", - deyə C.Kerri qeyd edib.

İordaniyanın xarici işlər naziri Naser Cudehin bəyanatı da maraqlıdır. Onun sözlərinə görə, İsrailin baş naziri Netanyahu "İordaniyanın Qüdsün müqəddəs məkanlarına cavabdeh ölkə roluna hörmət etdiklərini" söyləyib və "bunun iki ölkə arasında 1994-cü ildə imzalanmış sülh razılaşmasında əks olunduğunu xatırladıb". Bu bəyanatın həqiqətən də real razılaşmaya əsaslandığını düşünmək üçün bütün əsaslar var. Üstəlik, Əmman danışıqları bitər-bitməz İsrail hökuməti görünməmiş "xoş məram jesti" edib. O, indiyədək əl-Əqsa məscidinə ziyarətə gələnlərə tətbiq edilən yaş həddini (indiyədək 35 yaşadək olan müsəlmanlar məscidə buraxılmırdılar) aradan qaldırıb.

Lakin fələstinlilər İsrailin Dağ Mədəni muxtar statusuna yəhudilərə sərf edən formada yenidən baxacağından şübhələnirlər. Fələstinlilərin belə düşünməsinə əsas səbəb, israilli ultrasağçıların, əslində, müsəlmanların müqəddəs məkanlarının işğalına çağırışlar etməsidir. İsrail rəhbərliyi ekstremist qruplara göz yumaraq, yəhudi ortodokslara Qüdsdəki mübahisəli müqəddəs məkanlara baş çəkmək icazəsi verib. Müsəlmanlar isə bu addımı məscidin ələ keçirilməsi təhlükəsi kimi qiymətləndiriblər. Nəticədə Qüdsdə, İsrailin ərəblər yaşayan kəndlərində, həmçinin İordan çayının qərb sahilində yerləşən bir sıra şəhər və qəsəbələrdə fələstinlilərlə İsrailin təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar başlayıb. Aydındır ki, Qüdsün müqəddəs yerlərinin statusunun dəyişdirilməsinə yönəlmiş istənilən addım yalnız Qüdsdə deyil, regional və beynəlxalq miqyasda müsəlmanlarla yəhudilər arasında gərginliyə, qanlı toqquşmalara yol açacaq.

Müqəddəs Torpaqda hadisələrin inkişafı artıq region və dünya üçün qəbuledilməz bu perspektivin nə qədər real olduğunu göstərir. Ardarda yaşanan qanlı hadisələr Fələstin-İsrail münaqişəsində yeni gərginlik dalğası yaradıb. Radikal fələstinlilər Qüdsün qərbində, əsasən, ortodoks yəhudilərin yaşadığı Har-Nof rayonunda qanlı terror aktı törədiblər. Bıçaqlarla, baltalarla və odlu silahlarla silahlanmış bir qrup ibadət zamanı sinaqoqa hücum edib, 5 nəfəri qətlə yetirib. Məlum olub ki, öldürülənlərdən ikisinin Amerika-İsrail, birinin isə Britaniya-Amerika kimi ikili vətəndaşlığı var imiş. Amma onların hamısı ravvin imiş. Polis isə sinaqoqa hücum etmiş yaraqlıları öldürüb. İsrail polisi arasında da xəsarət alanlar var.

İlkin istintaq zamanı məlum olub ki, cinayətkarlar yerli ərəb məhəlləsində yaşayan Həsən və Uday Abu Camali imişlər. İsrail KİV-in məlumatına görə, sinaqoqa hücum çəkmiş terrorçular Fələstin Xalq Azadlıq Cəbhəsinin (FXAC) üzvü Camal Abu Camalın yaxın qohumları imişlər. Camal Abu Camal terrorçuluqda təqsirli bilinərək, 20 il həbsdə olub və ötən ilin sonunda azadlığa çıxıb. Lakin bir neçə həftə əvvəl o, xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılaraq yenidən həbsə atılıb. FXAC Fələstin Azadlıq Təşkilatının (FAT) tərkibinə daxildir və bu strukturun FƏTH-dən sonra ikinci hərbi və siyasi qüvvəsi sayılır. KİV-də sinaqoqa hücumun təşkilinin məhz FXAC-ın işi olduğuna dair məlumatlar yer alır. Lakin təşkilat baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib.

Fələstin rəhbərliyinin sinaqoqda baş vermiş faciəyə münasibəti birmənalı olmayıb. Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas "sinaqoqda heç bir günahı olmayan inanclıların qətlini" pisləyib və "bunun da istənilən vətəndaşa qarşı zorakılıq kimi" pis hal olduğunu bildirib. Radikal HƏMAS qruplaşması isə "müqavimət aktı"nın davam etdirilməli olduğunu bəyan edib, sinaqoqda yaşananları "İsrailin davam etməkdə olan cinayətlərinə cavab" adlandırıb.

Bu fərqli yanaşmalar Fələstinin iki aparıcı strukturunun İsrail işğalı ilə mübarizənin üsullarına yanaşmasında köklü fərqin olduğunu bir daha göstərir. Bu yaxınlarda barışıq və vahid milli hökumətin yaradılması haqda razılığa gəlmiş FƏTH və HƏMAS-ın birliyi İsraili qıcıqlandırır. Təl-Əviv Fələstinin radikal və mötədil siyasətçilərinin birliyini Fələstin Muxtariyyətinə qarşı siyasətini sərtləşdirməsi üçün bəhanə kimi istifadə edir. Konkret olaraq sinaqoqda yaşananlara münasibət bildirən İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfin "çox sərt cavab alacağını" bildirib. O, sinaqoqa hücum çəkmiş terrorçuların evlərinin məhvinə, həmçinin son həftələr ərzində terror aktları həyata keçirmiş radikalların evlərinin uçurulması prosesinin sürətləndirilməsinə tapşırıq verib.

Lakin Müqəddəs Torpaqda yeni gərginlik dalğasının baş qaldırmasının səbəbi heç də yalnız zorakılıq hallarının artması deyir. İsrail hökumətinin Qüdsün bəzi rayonlarında yəhudilər üçün 200 evin tikilməsi qərarı qarşı tərəfi qıcıqlandıran daha bir məqamdır. Bu planı bir çox ölkələr, o cümlədən ABŞ da pisləyib. Təl-Əviv isə cavabında Şərqi Qüdsdə yaşayış məntəqəsinin inşası planından heç zaman imtina etməyəcəyini açıqlayıb. İsrailin xarici işlər naziri Aviqdor Liberman ölkəsinin bu planının "köçürmə" adlandırılması ilə heç zaman barışmayacaqlarını deyib. "Odur ki, biz Qüdsün şərq hissəsində yəhudi yaşayış məntəqələrinin tikintisinə məhdudiyyət qoymayacağıq", - deyə Liberman qeyd edib.

Tərəflər arasında bir-birinin ardınca baş verən və gərginliyi daha da artıran qıcıqlandırıcı hadisələri nəzərə alan ekspertlər yeni, artıq sayca üçüncü Fələstin intifadasının başlayacağını istisna etmirlər. Onun hədəfi Fələstin lideri Mahmud Abbasın da dediyi kimi, dəyişməz olacaq: "Nəhayət, Fələstin torpaqlarının işğalına son qoymağın, münaqişənin "iki xalq üçün iki dövlət prinsipi əsasında" ədalətli həllinə dair danışıqlar aparmağın vaxtı gəlib".

Bununla yanaşı, Yaxın Şərqdə hadisələr bundan sonra necə inkişaf edərsə-etsin, Fələstin-İsrail münaqişəsinin xarici fonunun dəyişdiyi ortadadır. Məsələn, indi Avropa İttifaqı müstəqil Fələstin dövlətinin tanınması tələbini daha sərt şəkildə qoymağa başlayıb. ABŞ-ın mövqeyində bu perspektivin qaçılmaz olduğu hiss edilir. Maraqlı tərəflərin Qüdsün statusu da daxil olmaqla, Yaxın Şərq münaqişəsinin nizamlanmasında kompromisə nail olub-olmayacaqları başqa məsələdir. Əlbəttə ki, bu kompromis Müqəddəs Torpağın hər iki xalqının - israillilərin və fələstinlilərin maraqlarına cavab verməlidir.



MƏSLƏHƏT GÖR:

569