18 May 2024

Şənbə, 13:34

AZADLIĞIN SİMASI və SƏSİ

Mərziyyə Davudova Azərbaycanda teatr səhnəsinə çıxmış ilk qadındır

Müəllif:

09.12.2014

Bu gün 100 il əvvəl qadının teatr səhnəsinə çıxmasını ağlından belə, keçirə bilmədiyini təsəvvür etmək çətindir. Bəli, o dövrdə teatra bir çoxları böyük şübhə ilə yanaşırdı və radikal əhvallı gənclər tez-tez xoşlarına gəlməyən teatr tamaşalarının gedişini pozurdular. Və bir çox dramaturq cəmiyyətdə hökm sürən mənəvi prinsiplərlə razı olmasa da, öz işində bu reallığı nəzərə almaq məcburiyyətində qalırdı. Amma bunun ziddinə gedənlər var idi. Məsələn, Cəfər Cabbarlı dövrün dəyişikliklər ərəfəsində olduğunu hiss edərək, "Sevil" pyesini yaratmışdı. Pyes geridəqalmış, müti qadının cəsarətli, müstəqil qadına çevrilməsinə həsr edilib. Bu obrazı ilk canlandıran isə dövrünün əsl qəhrəmanı sayıla biləcək unudulmaz Mərziyyə Davudova olub.

 

Əslən Həştərxandandır

Əsrin əvvəlində Bakıda bu və ya digər dərəcədə peşəkar adlandırıla biləcək cəmi 1 teatr var idi. Həsən bəy Zərdabinin yaratdığı teatr "Bakı teatrı" adlanırdı. Burada uzun illər qadın rollarını kişilər canlandırırdı. Çünki müsəlman qadınları aktrisalığa risk etmirdilər. Qadın rolu oynayan kişilərə də bu, asan başa gəlmirdi. Bununla yanaşı, tamaşalara Rusiyadan aktrisalar dəvət edən entuziastlara da rast gəlinirdi. Onların əksəriyyəti tamaşalarını oynadıqdan sonra çıxıb gedirdilər. Azərbaycan dilində rolların öyrənilməsindən, Azərbaycan müəlliflərinin tamaşalarında oynamaqdan söhbət belə, gedə bilməzdi. Bu işə razılıq verən yeganə aktrisa Həştərxandan gəlmiş 19 yaşlı Mərziyyə Davudova olur.

1920-ci ildə o, Bakıya gəlir və burada yaşamağa başlayır. Mərziyyə Davudova Bakıda teatrın aparıcı aktyorlarından biri, tanınmış dramaturq və rejissor Abbas Mirzə Şərifzadə ilə ailə həyatı qurur. O, çoxsaylı qadın rolları oynamışdı - istər kübar qadın, istər sadəlövh, istər əsas qəhrəman, istərsə də ikinci dərəcəli rollar. Qadın aktrisaları çatışmırdı. Lakin onun inadkarlığı və işləmək arzusu bütün bu çətinliklərin aşılmasına kömək edir. Azərbaycan dilini öyrənir (hələ Həştərxanda yaşayarkən Azərbaycan dilini qismən bilirdi) və artıq 1920-ci illərin ortalarında bu dildə sərbəst danışmağa başlayır.

Faktiki olaraq, o, bu gün klassikaya çevrilmiş obrazları teatr səhnəsində canlandırmış ilk qadındır: Cəfər Cabbarlının əsərlərində - Gültəkin ("Aydın"), Firəngiz ("Oqtay Eloğlu"), Solmaz ("Od gəlini"), Yaxşı ("Almaz"); Hüseyn Cavidin əsərlərində - Xumar ("Şeyx Sənan"); Səməd Vurğundan - Qızyetər ("Xanlar"); Məmmədxanlıdan - Gülzar ("Şərq səhəri"); Mirzə İbrahimovdan - Həyat ("Həyat"), həmçinin xarici klassikadan - A.Lunaçarskinin "Şahın bərbəri" əsərində kralın qızı Blanka; Şekspirdən - ledi Makbet ("Makbet") və Dezdemona ("Otello"); A.N.Ostrovskidən - Kabanixa ("Tufan") və Kruçinina ("Günahsız müqəssirlər"); M.Qorkidən - Vassa Jeleznova ("Vassa Jeleznova"), Lyubov Yarovaya ("Lyubov Yarovaya").

 

Mərziyyədən başqa, heç kəs

Mərziyyə Davudova yalnız əməksevər və perspektivli aktrisa deyildi. O, həm də istedadlı pedaqoq idi. Hələ gənc yaşlarında məhz o, ilk azərbaycanlı aktrisa Əzizə xanım Yusifzadəni (Məmmədova) yetişdirmiş və 1923-cü ilin martında Əzizə xanım səhnəyə çıxaraq, Cabbarlının əsərlərinin birində oynamışdı.

Bu gün heykəltəraş Faiq Abdurəhmanovun "Azad qadın" heykəlinin 1928-ci ildə, yəni, məşhur abidənin ucaldılmasından 42 il əvvəl baş vermiş bir olayla əlaqəli olduğunu çox az adam bilir. Məsələ onda idi ki, ötən əsrin 20-ci illərində çadradan imtina istiqamətində başladılmış sovet təbliğatı çox pis təşkil olunmuşdu, çadranın məcburiliyini eyni dərəcədə zəhlətökən antidin normaları əvəzləmişdi. Bu da çox pis qarşılanırdı.

Qadın bərabərliyi məsələsinə vicdanlı, düzgün yanaşmaya ehtiyac var idi. Cabbarlının məşhur "Sevil" tamaşası məhz həmin anda peyda oldu. Bu, 1928-ci il idi və "Bakı teatrı" artıq "Azdrama" adlanırdı. Artıq orada bir neçə artist var idi (demək olar ki, hər biri sənətə yeni başlamış həvəskarlar idilər). Amma aktrisaların heç biri bu dərəcədə "təxribatçı" tamaşada rol almaq istəməmişdi. Mərziyyədən başqa heç biri.

"Bakinski raboçi" qəzeti həmin il sentyabrın 30-da işıq üzü görmüş sayında bu tamaşaya xeyli sayda qadın tamaşaçısının axışdığını yazırdı. Amma başlıcası bu deyildi. Onların bir çoxu çadralarını elə teatrda əyləşdiyi kürsüdə qoyub gedirdilər. Abdurəhmanovu məşhur heykəli yaratmağa məhz bu məqam ruhlandırmışdı.

Mərziyyə Davudovanın ömrü qısa olub. Cəmi 60 il yaşayan aktrisa onun 46 ilini aktyorluq peşəsinə həsr edib. Bu dövr ərzində o, 8 filmə çəkilib. "Bakının işıqları", "Sevimli mahnı", "Koroğlu" bu filmlərdəndir. Davudova xeyli sayda aktrisa yetişdirib. Onların arasında Mərziyyə Davudovanın tanınmış qızı - Firəngiz Şərifova da var. O, Davudovanın Şərifzadə ilə nikahından dünyaya gəlib. Cütlüyün ayrılmasından 8 il sonra, Şərifzadə repressiyalara məruz qalıb və güllələnib. Sonralar Mərziyyə Davudovanın xatırladığı kimi, həmin dəhşətli 30-cu illərdə çoxları ona deyirmiş ki, Abbas Mirzə ilə birlikdə qalsaydı, qızı ilə birlikdə həbs olunardı.

Lakin tale fərqli oldu. Abbas Mirzə özü boşanmaq üçün ərizə verdi, 1930-cu ildə Mərziyyə Davudova gənc aktyor Ülvi Rəcəb ilə ailə qurdu. Xanımından 2 yaş kiçik olan aktyor artıq Hamlet rolunu möhtəşəm ifa etməsi ilə məşhurluq qazanmışdı. Sanki həyat Davudovanın üzünə gülmüş, ona həyatını xilas etmək, müharibə illərinin aclığından, xəstəliklərindən qurtulmaq imkanı vermişdi.

Mərziyyə Davudova cəmi 60 yaşında dünyasını dəyişsə də, əksər aktyorların (xüsusilə də aktrisaların) bacarmayacağı işi görüb - səhnəni vaxtında tərk edərək, gənclərin önünü açıb. O, ömrünün son 10 ilini teatr pedaqogikasına həsr edib, yeni nəsil aktrisaların yetişdirilməsi ilə məşğul olub. Noyabrda Azərbaycan əfsanəvi sənətkarın anadan olmasının 113-cü ildönümünü qeyd edib.



MƏSLƏHƏT GÖR:

662