18 May 2024

Şənbə, 16:15

FERQÜSON İŞARƏLƏRİ

ABŞ-da baş qaldıran kütləvi etirazlar Amerikanın sosial-siyasi sistemindəki xəstəlikləri üzə çıxardı

Müəllif:

09.12.2014

Amerika Birləşmiş Ştatları "soyuq müharibə"nin qalibi kimi, vahid fövqəldövlət statusuna yiyələndikdən sonra, ilk dəfə ciddi daxili-siyasi və sosial problemlərlə üzləşib. Ferqüsonda və digər şəhərlərdə keçirilən kütləvi etiraz aksiyaları bir sıra ciddi problemləri üzə çıxarıb. Bu problemlər nəinki ABŞ-da sabitliyi ciddi şəkildə poza bilər, hətta onu dünyanın ən yüksək kürsüsündən və "azad dünya ölkəsi" imicindən də məhrum edər.

Milyonlarla amerikalının ölkədəki sosial-siyasi reallıqlara etiraz olaraq küçələrə axışmasına səbəb bir məhkəmə qərarı olub. Həmin qərara əsasən, avqustun 9-da Ferqüson şəhərində (Missuri ştatı) 18 yaşlı afroamerikalı Maykl Braunu güllələmiş polis əməkdaşı Darren Uilson azadlıqda qalıb və bu, kütləvi narazılıqlara səbəb olub.

Polisin və onu dəstəkləyən məhkəmənin versiyasına görə, faciədə Braunun özü günahkardır. Guya o, yolun hərəkət hissəsindən səkiyə keçməsi haqda tələbə cavab olaraq, patrul maşınına hücum çəkib. Bu isə Amerika qanunvericiliyinə görə, yolverilməzdir. Çünki asayiş keşikçisinin tələbinə qeyd-şərtsiz əməl olunmalıdır.

Lakin bu arqumentlərə rəğmən, çoxları ABŞ-da bu hadisəni irqi zəmində qətl kimi qiymətləndirir. Bu səbəbdən, məhkəmənin qatil polis əməkdaşının həbs olunmaması haqda hökmü kütləvi etirazlara səbəb olub. Ferqüsonu iğtişaşlar və talanlar bürüyüb, polis etirazları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlarda iştirak edən 60-dan çox insan həbs olunub.

Lakin necə deyərlər, sən saydığını say... Ferqüsonda baş qaldırmış miqyaslı nümayişlər tezliklə digər şəhərləri də bürüyüb - Nyu-York, Boston, Çikaqo, Filadelfiya, Dallas, Los-Anceles, San-Fransisko. Etiraz dalğası ABŞ-ın 50 ştatının 37-ni bürüyüb. Etirazların daha da genişlənməsini əngəlləmək üçün polis 400-dən artıq insanı həbs edib. Nümayişlərin başlandığı ilk məkan olan Ferqüsona isə Milli Qvardiyanın əsgərləri yeridilib.

Etirazların miqyası Ağ Ev üçün gözlənilməz olub. Amerika administrasiyasının böhranın strateji həlli üçün heç bir təşəbbüs göstərməməsi məhz bununla izah olunur. ABŞ prezidenti Barak Obama, sadəcə, işçi qrupun yaradılması haqda qərar qəbul edib. Qrup Amerika polisinin fəaliyyətinin təkmilləşdirilməsinə dair tövsiyələr hazırlamalıdır. Bundan başqa, o, Konqresə müraciət edərək, 3 il ərzində "hüquq-mühafizə orqanları əməkdaşlarının əhali ilə adekvat münasibət qurması"na yönəlmiş təlim üçün büdcədən 263 milyon dollar ayrılmasını istəyib. Bu məqsədlə ştatların hökumətləri tərəfindən eyni məbləğin ayrılacağı bildirilir. Amma bütün bunlar daha çox sakitləşdirici tədbirlərdir. Nümayişçilərin bu qərarlara reaksiyasından məlum olur ki, ölkədə prezidentin son addımlarının effektivliyinə inananlar o qədər də çox deyil.

Obamanın baş verənlərlə bağlı ən səs-küylü addımı onun bəyanatıdır. Prezidentin bəyanatında həqiqətən də güclü məqamlar (nəzəri mənada) olub. Məsələn, prezident ABŞ-da qanunun heç də hər zaman insanlara bərabər şəkildə şamil olunmadığını etiraf edib. Məhkəmənin qərarından çoxsaylı insanların hiddətlənməsini anladığını deyən Obama "yerli hüquq mühafizə orqanları arasında hərbiləşməyə yol verməyəcəyini" bildirib. Bununla yanaşı, Obama Ferqüsondakı icazəsiz nümayişlərə haqq qazandırmağın mümkün olmadığını da söyləyib. Obama bu cür əməllərin cinayət olduğunu, bu üzdən də iğtişaşlarda iştirak edən hər kəsin mütləq məsuliyyətə cəlb ediləcəyini söyləyib.

Prezidentin sözləri gün-gündən genişlənən etirazların qarşısını qətiyyən almayıb və bu, heç də təəccüblü deyil. Obamanın Ferqüsona baş çəkməkdən imtinası bir çox amerikalının məyusluğuna səbəb olub. Halbuki, nümayişçilər prezidentin hadisə yerinə şəxsən gəlməsini və "günahkarların cəzalandırılmasını" tələb edirlər. Prezidentin hərəkəti (və ya hərəkətsizliyi) ABŞ-ın sosial-siyasi həyatında getdikcə gərginləşən vəziyyətin yanlış ştrixləridir. Hadisələrin bu cür "partlaması" yalnız ağdərili polisin qaradərili vətəndaşı qətlə yetirməsinə rəğmən, cəzadan qaçması ilə bağlı deyil. Amerikanın sosial partlayışın astanasında olması bu cür hadisələrin artıq ölkədə, az qala, həyat normasına çevrilməsi ilə əlaqədardır. Bu, Amerikanın sosial sisteminin və həyat tərzinin özünün laxladığını göstərir.

Amerika polisinin nümayişlərin yatırılması üçün son dərəcə sərt tədbirlərə əl atmasını BMT-nin İşgəncə Əleyhinə Komitəsi pisləyib. Qurum "ABŞ polisinin müəyyən irqə məxsus insanlara qarşı qeyri-proporsional güc tətbiqi"ndən narahatlığını ifadə edib. Komitə ABŞ hökumətini Amerika polisinin nümayişçilərə qarşı həddini aşan güc tətbiqi ilə bağlı bütün faktların araşdırılmasına və günahkarların cəzalandırılmasına çağırıb.

Bəs əksər Amerika vətəndaşlarının tələblərinə rəğmən, ABŞ-da ədalətli mühakimənin olacağı nə qədər realdır? Belə təəssürat yaranır ki, ölkəsini "polis dövləti" sayan əksər amerikallıların özləri belə, ABŞ-ın siyasi və məhkəmə sistemində fundamental dəyişikliklərin baş verəcəyinə inanmırlar.

Onilliklərdir ki, liberal KİV-in bütün dünyada təqlid edilməsini vacib saydığı demokratiya modeli, əslində, heç nə imiş və o, ABŞ-ın müxtəlif irqlərə, etnik qruplara məxsus vətəndaşları arasındakı uçurumu aradan qaldırmaq iqtidarında deyilmiş. Nümayişçilər ölkələrinin "müstəsna" olduğuna dair təbliğatları qəbul etmir, Amerikadakı düzəni tənqid edir, ölkədə zənginlərlə yoxsullar arasında dərin uçurumun olduğunu, milyonlarla insanın rifah halının aşağı durumunu (ilk növbədə bu, qaradərililərə və etnik azlıqların nümayəndələrinə aiddir), polis özbaşınalığının hökm sürdüyünü, xüsusi xidmət orqanları tərəfindən total izləmələrin aparıldığını bildirirlər. Bu acı həqiqətin ən inandırıcı ifadəsi isə məhz irqi problemlərdir.

Amerikanın hər bir böyük şəhərində gettonun olduğu heç kəsə sirr deyil. "İzqoy"lar üçün özünəməxsus ada rolunu oynayan bu məkanlara polis əməkdaşları yalnız xəbərdarlıqsız atəş açmaq hüququ verildikdə baş çəkirlər. Əhalisinin əksəriyyətini afroamierikalılar təşkil edən kiçik şəhərciklərdə isə hakimiyyət ağdərililərin əlindədir və bu, təbii ki, çoxluğun narazılığına səbəb olur. Elə hadisələrin baş verdiyi Ferqüsonda əhalinin 63%-ni qaradəririlər təşkil edir. Lakin şəhər meri Ceyms Nouels əksər şəhər rəhbərləri kimi ağdərilidir. Yerli polis departamentində çalışan 53 zabitdən yalnız 3-ü afroamerikalıdır. Amerikalı tarixçi Stefan Bredli yazır ki, "Ferqüsonun meri, polis rəisi və digər hakimiyyət təmsilçiləri ağdərililərdir. Onlar nüfuz dairələrini afroamerikalılarla bölməməyə çalışırlar. Çünki onlar sürətlə artan qaradərili əhali üzərində nəzarəti itirəcəklərindən qorxurlar".

Amerikalı jurnalist Con Uaythedin Mint "Press News" onlayn dərgisində yer almış fikirləri də maraqlıdır. O, iddia edir ki, "başdan-ayağa silahlaşmış ölkə polisi özünü müharibə meydanında olduğu kimi aparır - əvvəlcə atəş açır, sonra isə sual verir. Və belə bir polisin törətdiyi təhlükə haqqında milli dialoq yavaş-yavaş irqçi müharibə haqqında mübahisələrə yol açır". Uaythedin fikrincə, Ferqüson əhalinin polis dövlətinin əməllərinə etiraz etməyəcəyi təqdirdə, insanlara münasibətin necə olacağını göstərən xəbərdarlıqdır. "Bizim qara və ya ağ, zəngin, ya yoxsul, respublikaçı və ya demokrat olmağımız vacib deyil. Dövlətin gözündə biz hamımız ümumi düşmənik", - deyə o, yazır.

"Korporasiyalar dövləti"nə işarə və məşhur amerikalı jurnalistin fikirləri təsadüf deyil. ABŞ nəinki dünya birliyinin, həm də öz əhalisinin gözündə nəhəng transmilli kapitalın dayağıdır. O, siyasi və iqtisadi qüdrətinə görə, ölkənin zəngin insanlarına, maliyyə potensialının əksər hissəsini əlində cəmləmiş zənginlərinə minnətdar olmalıdır. Ciddi daxili siyasi proseslər isə əsasən, ayrı-ayrı elit qruplar arasındakı mübarizənin nəticəsidir. 

Ferqüsonda baş verənlər və sonrakı nümayişlər fonunda belə bir versiya meydana çıxıb ki, bütün bunlar Amerika isteblişmentinin ABŞ tarixinin ilk qaradərili prezidentinin başçılıq etdiyi demokrat administrasiyasının fəaliyyətindən narazı hissəsinin əməlləridir. Başqa sözlə, söhbət respublikaçılarla demokratlar arasında gizli mübarizədən gedir. Beləliklə, irqi zəmindəki real problemlərdən Ağ Evin hazırkı sahibinin rəqibləri mümkün qədər istifadə etməyə çalışırlar.

Əgər ABŞ daxilində gərginliyin kimə sərf etdiyi sualı qoyularsa, ilk olaraq ağla respublikaçılar gəlir. Onlar Obamanın hörmətdən salınmasında maraqlıdırlar. Bu mənada, zərbənin məhz bu nöqtədən vurulması təəccüblü deyil - sanki afroamerikalı prezident onunla eyni irqə mənsub vətəndaşların hüquqlarını qorumaq iqtidarında deyil.

Diqqətçəkən məqamlardan biri də ABŞ-da etirazların Barak Obamanın miqrasiya siyasəti ilə bağlı qərar qəbul etməsindən dərhal sonra başlamasıdır. Onun bu qərarı mühafizəkar siyasi dairələri birmənalı şəkildə narazı salıb. Belə ki, Ağ Ev ölkə ərazisindəki 4 milyondan artıq qeyri-leqal miqrantı leqallaşdırıb. Bununla da onlara ABŞ-da işləmək hüququ verilib. Konqresmenlər prezidentin bu qərarını tənqid edib, əsasən, respublikaçıları dəstəkləyən 17 ştatın rəhbərliyi isə ABŞ Federal Dairə Məhkəməsinə müraciət edərək, Barak Obama administrasiyasına qarşı iddia qaldırıb. İddiada bildirilir ki, dövlət başçısı miqrasiya islahatlarının aparılmasına dair sərəncamı Konqresin razılığı olmadan imzalaya bilməz. Onlar Obamanın ABŞ Konstitusiyasını pozduğunu bildirirlər.

Onu da xatırladaq ki, bir müddət əvvəl Barak Obama ölkədə məktəb təhsili sisteminin inkişafına büdcədən milyardlarla dolların ayrılmasına qərar verərkən respublikaçıların qəzəbinə gəlmişdi. Halbuki, bu qərar, əslində, afroamerikalı, Latın Amerikasından və Asiyadan olan aztəminatlı ailələrin uşaqlarının daha yaxşı təhsil alması üçün bir şansdır.

Beləliklə, son hadisələri nəzərə alsaq, qəflətən məlum olur ki, ABŞ-ın qaradərili prezidenti nəinki afroamerikalıların hüquqlarını qorumur, hətta etirazçıları qanında boğmağa hazırdır. Şübhəsiz, bu cür yanaşma 2016-cı ildə Ağ Evdə demokratların hökmranlığına son qoymaq istəyələrin marağındadır. Ölkədə baş verənlər dolayısı ilə Barak Obamadan sonra prezident postunun uzun illər qaradərili namizədə qismət olmayacağı anlamına gələ bilər. Bununla da, güman ki, "ABŞ tarixinin ən pis prezidentləri" qovluğuna düşəcək afroamerikalı prezidentlə bağlı eksperiment başa çatacaq (uğurlu olub-olmadığı siyasi zövqdən və meyildən asılıdır).

Bütün bunlarla yanaşı, ABŞ-dakı kütləvi etirazları bu fövqəldövlətin dünya siyasətindəki rolundan kənarda tutmaq da doğru olmazdı. Vaşinqton artıq çoxdan dünya jandarmı rolunu öz üzərinə götürüb. O, digər ölkələrə daxili həyatlarındakı çatışmazlıqları göstərməklə məşğuldur. İnsan haqları məsələsindən öz geosiyasi maraqları naminə istifadə edən ABŞ hansı ölkədə hakimiyyətdən razı deyilsə, orada kütləvi etiraz aksiyalarının təşkilində böyük rol oynayır. Bu yolla dünyada dəfələrlə "rəngli inqilablar" yaşanıb. Beləliklə, indi gözlənilmədən Amerika özü "afroamerikalı inqilabı"nın astanasına çatıb. Dünya mətbuatı, ilk növbədə, Rusiya KİV ABŞ-dakı nümayişlərlə Ukrayna "Maydan"ı arasında paralellər də aparır. Lakin fərq ondadır ki, Amerika hökuməti ölkədəki iğtişaşları yatırmaq üçün cəza üsullarından istifadə etsə də, devrilməsinin vacibliyini düşündüyü rejimlərin bu üsullardan istifadəsini yolverilməz sayır. Bu, Amerikanın qlobal mənzərəsinin daha bir ştrixidir. Bu mənzərədən yalnız ABŞ-ın sabitliyi yox, bütünlükdə dünya düzəninin gələcəyi asılıdır.



MƏSLƏHƏT GÖR:

539