18 May 2024

Şənbə, 14:20

GÜC HAQQ DEYİL, HAQQ GÜCDÜR

ATƏT-in Xarici İşlər Nazirləri Şurası beynəlxalq münasibətlər sistemindəki qorxulu tendensiyanı üzə çıxardı

Müəllif:

09.12.2014

ATƏT-in Xarici İşlər Nazirləri Şurasına İsveçrənin sədrliyi son dərəcə çətin dövrə təsadüf edib və təşkilatın bütünlükdə fəaliyyət zonasında təhlükəsizliyə təhdid sayılacaq hadisələrlə müşayiət olunub. Beynəlxalq münasibətlər sistemindəki böhranı tam çılpaqlığı ilə üzə çıxaran bu hadisələr qurumun ötən həftə Bazeldə keçirilən illik toplantısında əsas müzakirə mövzusu olub.

Gözlənildiyi kimi, iclas iştirakçıları əsas diqqəti təhlükəsizlik sahəsində qlobal böhrana yol açmış Ukrayna hadisələrinə yönəldiblər. ATƏT-ə sədrliyi Serbiyaya təqdim edən İsveçrə prezidenti Didye Burkhalter bildirib ki, indi beynəlxalq birlik Avropanın yenidən düşmən düşərgələrə bölünməsinə imkan verməməlidir. "Bu il ATƏT üçün adi illərdən biri olmadı. Avropada təhlükəsizlik sahəsində vəziyyət pisləşib", - deyə o, qeyd edib.

İsveçrəli siyasətçinin narahatlığı əbəs deyil. Ukraynada yaşananlar faktiki olaraq, dünyanı "soyuq müharibə" illərinə qaytarıb və kifayət qədər ciddi hadisəyə çevrilib. Təəssüf ki, o, ATƏT məkanında təhlükəsizliyə yeganə təhdid deyil.

2014-cü ilin mayında Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs razılaşmasının əldə edilməsinin 20-ci ildönümü tamam olub. Lakin barışıq üçün bu yubiley ili 20 ilin ən gərgin dövrü kimi yadda qalıb. Erməni tərəfinin iyulun sonu, avqustun əvvəllərində əl atdığı silahlı diversiya hər iki tərəfdən insan tələfatına yol açıb, sülh prosesi dövrünün ən qanlı insidenti kimi yadda qalıb. Bundan başqa, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, o cümlədən, bilavasitə qoşunların təmas xətti yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirməsi Azərbaycanın mövqelərinə hücum etməyə cəhd göstərən Ermənistan hərbi vertolyotunun vurulması ilə nəticələnib.

Üstəlik, son insident Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Parisdə keçirdikləri görüşdən dərhal sonra baş verib. Azərbaycanın dövlət başçısı İlham Əliyevin bu günlərdə Rusiyanın "Rossiya 24" telekanalına müsahibəsində də dediyi kimi, tərəflər görüşdə qarşılıqlı inamın artırılmasına, təmas xəttrində insidentlərin azalmasına yol aça biləcək tədbirlər haqda fikir mübadiləsi aparıblar. Amma bunun fonunda Ermənistan təlimlərlə və vertolyot olayı ilə bağlı növbəti dəfə təxribata əl atıb.

Aydındır ki, Qarabağ münaqişəsi zonasında gərginliyin artması Bazeldə Azərbaycanın xarici işlər nazirini və vasitəçi ölkələri narahat edən əsas məqamlardan idi. Bununla yanaşı, Rusiyanın XİN başçısı Sergey Lavrovun, ABŞ-ın dövlət katibi Con Kerrinin və Fransa xarici siyasət idarəsinin rəhbəri Arlem Deziranın birgə bəyanatlarının tezisləri Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun çıxışındakı fikirlərlə üst-üstə düşüb - münaqişə zonasında təxribatlara əl atılması yolverilməzdir, tərəflər vasitəçi ölkələrin himayəsi altında mümkün qədər tez zamanda ümumi sülh razılaşmasının əldə olunması istiqamətində danışıqlara başlamalıdırlar.

Bütün bunların fonunda, ABŞ-ın digər vasitəçi ölkələrlə birlikdə Qarabağ münaqişəsi zonasında təxribatların yolverilməz olduğunu bəyan etdiyi bir vaxtda, Amerikanın özü növbəti təxribata əl atıb. Amerikalılar Qarabağdakı separatçı rejimin liderlərindən biri, "DQR"in "parlament sədri" Aşot Qulyanı Birləşmiş Ştatlarda qəbul ediblər. Üstəlik, Vaşinqtonun dəfələrlə tanımadığını bəyan etdiyi rejimin nümayəndəsi yalnız erməni diasporunun təmsilçiləri və ermənipərəst konqresmenlər tərəfindən deyil, həm də ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik tərəfindən qəbul olunub.

Azərbaycan ərazilərinin işğalının arxasında "Dağlıq Qarabağın özünümüdafiə ordusu"nun deyil, Ermənistan silahlı qüvvələrinin dayandığını dəfələrlə sübut edib. Yeri gəlmişkən, noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurlumuş hərbi vertolyot Ermənistanın hərbi hissələrindən birinin balansında olub. Uorlik separatçı qonaqla görüşdə vertolyotun vurulması məsələsini müzakirə edib.

Şübhəsiz, Bakı Amerika tərəfinin bu məsələləri münaqişənin həlli prosesində heç bir rola malik olmayan şəxslərlə müzakirəsini separatçı rejimin münaqişə tərəfi kimi təqdim olunması cəhdi sayır. Bu, problemin sülh yolu ilə həlli perspektivinə zərbə vurur. Ümumilikdə, Amerika rəsmilərinin separatçı rejim təmsilçiləri ilə əlaqələri, hər il bu rejimə maliyyə dəstəyinin göstərilməsi Azərbaycan-Amerika münasibətlərinə ziyan vurur.

Beləliklə, ATƏT-ə sədrlik gələn il üçün Serbiyaya keçib. İlk baxışdan o, Azərbaycan üçün çox uyğun ölkədir. Azərbaycanla Serbiya arasında nəinki ikitərəfli siyasi və iqtisadi münasibətlər yüksək səviyyədədir, onlar ərazi bütövlüyü problemlərinin həllinə yanaşmada vahid mövqedən çıxış edirlər və Serbiya da, Azərbaycan kimi, oxşar problemə malikdir. Lakin geridə qalmış işlərin məyusedici təcrübəsi göstərir ki, ATƏT-ə sədrlik edən heç bir dövlət, onun sammitlərində qəbul edilən heç bir qərar (1994-cü ildə Budapeştdə və 1996-cı ildə Lissabonda keçirilmiş sammitlər də daxil olmaqla) Ermənistanı öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur etmək iqtidarında deyil.

"Dünyada beynəlxalq təsisatların deformasiyası gedir. Bu, çox narahatedici, təhlükəli meyildir. Hesab edirəm, dünyanın aparıcı ölkələri burada öz qəti sözlərini deməlidirlər, təkcə bəyanatlarla deyil, həm də qəbul edilən qərarlara hörmət göstərməklə; yaxud da qərarlar qəbul edilmir, amma tədbirlər görülür - biz bunu müasir dünyada yaxın vaxtlarda dəfələrlə görmüşük", - deyə İlham Əliyev "Rossiya 24"ə müsahibəsində bildirib: "Ona görə də mövcud beynəlxalq əməkdaşlıq mexanizminin qırılması, sadəcə, total hərc-mərcliyə gətirib çıxaracaq".

Odur ki, dünyanı gücün haqqı yox, haqqın gücü idarə etməlidir. Hələliksə, biz istər Qarabağda, istərsə də Kosovo və Krımda bunun əksini müşahidə edirik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ 4 qətnamə qəbul edib və həmin sənədlərdə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin bu işin həllinə Ermənistana verilən öyüd-nəsihətlər, iqtisadi rifah vədləri kömək etmir və etməyəcək. Artıq qeyd olunduğu kimi, vertolyot insidenti Azərbaycan və Ermənistan prezidentlərinin guya qarşılıqlı inamın gücləndirilməsi, münaqişə zonasında təxribatlara yol verilməməsi haqda razılığa gəlmələrindən dərhal sonra baş verib. Buradan belə qənaətə gəlmək olar ki, ya Ermənistan rəhbərliyinin verdiyi sözlər heçdir, ona inanmağa dəyməz, ya da o, digər qüvvələrin əlində oyuncaqdan başqa bir şey deyil. Bütün əlamətlər Ermənistan rəhbərliyinə bu iki fikrin hər birinin aid olduğunu göstərir. Odur ki, Sarqsyan rejimindən münaqişənin həlli istiqamətində irəliləyiş gözləməyə dəyməz. Torpaqların işğaldan azad olunması ya elə işğalın baş verdiyi yolla həyata keçirilməli, ya da Ermənistanı sülhə məcbur edə biləcək qüvvə ilə razılıq əldə olunmalıdır.

 

 

İLK MƏNBƏDƏN

 

"Dünyada beynəlxalq təsisatların deformasiyası gedir. Bu, çox narahatedici, təhlükəli meyildir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri burada öz qəti sözlərini deməlidirlər, təkcə bəyanatlarla deyil, həm də qəbul edilən qərarlara hörmət göstərməklə. Yaxud da qərarlar qəbul edilmir, amma tədbirlər görülür - biz bunu müasir dünyada yaxın vaxtlarda dəfələrlə görmüşük".

İlham Əliyev, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

594