28 Aprel 2024

Bazar, 01:44

"QARABAĞ" HAQSIZLIĞA UĞRADI

Azərbaycan klubu pley-offa düşməsə də, tarixə düşdü

Müəllif:

16.12.2014

Azərbaycan klubları üçün avrokuboklarda daha bir mövsüm başa çatdı. Futbol üzrə Avropa Liqasında Azərbaycanı layiqincə təmsil edən "Qarabağ" qitənin ikinci nüfuzlu klub turniriylə ədalətsizliklə vidalaşdı. Ölkədə hər bir kəsin ürəkdən dəstək olduğu komanda rəqib tərəfindən deyil, matçı idarə edən hakimlər tərəfindən dayandırıldı. Çexiyalı Miroslav Zelinkanın rəhbərlik etdiyi hakimlər briqadası bütün Avropanın gözü qarşısında tarixi səhvə imza atdı. Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmağa haqq etdiyi halda təmiz qolumuz hesaba alınmadı. Zelinka "Qarabağ"ın 1/16 final mərhələsinə olan vəsiqəsini əlimizdən aldı. 

 

Bir ömrə bərabər 90 dəqiqə

İlk dəqiqələrdən yetərincə istəkli olduqları hiss olunan futbolçularımızın təcrübəsizliyi və tələskənliyi son nəticəyə nail olmağımıza mane oldu. Bizə ilk həyəcanı 3-cü dəqiqədə yaşadan Ağdam klubumuz, küncdən zərbəni gözəl ev tapşırığı ilə başlasa da, Rəşad Sadıqovun dəqiqliyi çatmadı. Uzun ötürmələrlə sağ cinahdan Namiq Ələsgərova, mərkəzdən Nadirova ötürmələr verilsədə, ümumilikdə komandanın hava mübarizələrində rəqibinə uduzması işimizi xeyli çətinləşdirirdi. 42-ci dəqiqədə Vüqar Nadirov zədələnərək Namiq Yusifovla əvəzləndi. Nadirovun meydanı tərk etməsi komandanı daha da pis vəziyyətdə qoydu. Reynaldo, Dias və Çumbinyonun yoxluğunda mübarizə aparan "Qarabağ" fasilədən sonra da matça nəzarət edən tərəf idi. İkinci hissənin ortalarında paralel keçən "Dnepr"-"Sent Etyen" görüşündə Ukrayna təmsilçisinin hesabı açması stadiondakı azarkeşləri həyəcanlandırdı. Hamıya məlum idi ki, hər iki görüşdə heç-heçə qeydə alınacağı təqdirdə, "İnter"lə yanaşı "Qarabağ" da mərhələni adlayacaqdı. Əks halda Azərbaycan çempionunu yalnız qələbə razı sala bilərdi. "Dnepr"in qol vurması futbolçularımızı hücum etməyə məcbur etdi. Qol səylərimiz son dəqiqədə bəhrəsini verdi. Əlavə olunan dəqiqələrdə rəqib qapısı qarşısında yaranan qarışıqlıqdan istifadə edən Riçard Almeyda topu qapı torundan keçirsədə hakim qolu saymır. Epizodun təkrarında topun Leroy Corca dəymədiyi, yalnız "İnter" müdafiəçisinin müdaxiləsi aşkar görünür. Baş hakim Zelinka laysmanın təkidindən sonra oyundan kənar vəziyyət qeydə aldı və bununla, "Qarabağ"ın layiq olduğu qələbəni "oğurladı". Final fitindən sonra sözlə ifadə edilməsi çətin olunan hisslər yaşandı. Kapitan Rəşad Sadıqov göz yaşlarını saxlaya bilmədi. İlqar Qurbanov, Namiq Yusifov və Riçard Almeyda hakimdən qərarı dəyişməyi xahiş etsələr də nəticəsi olmadı. Bu ədalətsizlik həm azarkeşlər tərəfindən, həm də mətbuatda uzun müddət "yad" olunacaq Zelinkanın vicdanına yazılmalıdır. Qrupun digər matçında Ukraynanın "Dnepr"i "Sent Etyen"i Kiyevdə 1-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı. "Qarabağ" isə mübarizəni dayandırdı. 

 

UEFA-dan ikili standartlar

Əslində, hakimin aşkar ədalətsizliyi UEFA tərəfindən əvvəlcədən hazırlanan gizli planın konturlarını üzə çıxardı. Ədalətli futbol Rusiya və Qərbin Ukraynada qarşıdurmasının qurbanı oldu. Avropa Futbol Qurumu "Dnepr"i nəyin bahasına olursa-olsun pley-offa çıxarmaq fikrindəydi. Bu plan özünü dördüncü turda Bakıda keçirilən "Qarabağ"-"Dnepr" oyununda özünü göstərdi. Həmin oyun 2:1 hesabı ilə "Dnepr"in xeyrinə bitib. Oyunu idarə edən polşalı hakim briqadasının bəzi qərarları ekspertlərdə çoxlu sual doğurub. Məhz buna görə də "Qarabağ"ın aşkar qolunun hesaba alınmaması birbaşa UEFA-nın adına yazılmalıdır. Üstəlik, "Dnepr"in vurduğu qolun aşkar ofsayd olsa da, hesaba alınması şübhələri artırır. Beləliklə, Kiyevdə ofsayddan vurulan qol hesaba alındısa, Bakıda bunun əksinin şahidi olduq. Son aylar Fransa, İspaniya, İtaliya stadionlarında nümayiş edilən "UEFA MAFİA" kimi şüarlar səbəbsiz deyil. İkili standartlarla işləyən UEFA növbəti dəfə hakim səhvinə göz yumdu. 

Avropanın ali futbol qurumunun 2014-cü il üçün qüvvədə olan Əsasnaməsində çox vacib bir qeyd var. "Admissibility of protests", yəni "Etirazların mümkünlüyü" başlıqlı 50-ci maddəsində hakimin səhvinə görə matçın nəticəsinin dəyişdirilə biləcəyi haqda qayda var. Ofsayd qərarının bu bəndin hökmü altına düşüb-düşmədiyi məsələsi qaranlıqdır. "Qarabağ"-"İnter" görüşünün vaxtından 35 saniyə tez başa vurulması da etiraz üçün səbəb ola bilər. Zelinka yanlış qərar qəbul etdikdən dərhal sonra matçı başa vuraraq "Qarabağ"a qarşı haqsızlığı rəsmiləşdirdi.

Zelinkanın yanlış qərarlarıyla bağlı "Qarabağ" klubu UEFA-ya şikayət məktubu yollasa da, bu matçın nəticəsinin dəyişəcəyi demək deyil. Biz nə qədər ümid etsək də, reallıq başqa şeyi deyir. Bu isə hakim səhvinə görə oyunun nəticəsinin dəyişdirilməməsindən ibarətdir. Dünya futbolunda ən ali qurumlar - FİFA və UEFA məsələyə birmənalı olaraq belə yanaşır. İstisna hallarda ədalət təmsilçisini cəzalandırır və onun qərarlarına şərh vermir.

 

Dünya mediası "Qarabağ"ı dəstəklədi

Hakim ədalətsizliyi dünya mediasının diqqətindən yayınmayıb. İspaniya, İtaliya, Türkiyə, Braziliya, Hollandiya, Rusiya, İngiltərənin nüfuzlu nəşrlərində "Qarabağ"ın pley-offa layiq komanda olduğu vurğulanıb. Matçı canlı şərh edən rusiyalı şərhçilər hakimin "Qarabağ"ın qələbəsini "oğurladı"ğını söyləyib. 

Maraqlıdır ki, İtaliya mətbuatı eləcə də "İnter" klubuyla Bakıya gələn şərhçilər də Zelinkanın ədalətsizliyini etiraf edib.

Çexiyalı hakim Miroslav Zelinkanın səhvi ölkəsində də müzakirə edilib. "Novasport" nəşri Zelinkanın "Qarabağ"ın layiqli qolunu saymadığını bildirib. Həmkarlarımız hakimin son illər çoxlu sayda səhvə yol verdiyini yazıb. Ötən il Çexiya Çempionatında 4 oyunluq cəzalandırılan ədalət təmsilçisi ardınca daha 5 tur çempionat oyunlarına təyinat almayıb. Çex jurnalistlərin fikrincə ədalət təmsilçisi UEFA tərəfindən cəzalandırılacaq.

 

"Qarabağ" rekordlar qırdı

İstənilən halda Azərbaycan çempionu "Qarabağ" cari mövsüm avrokuboklardakı çıxışımızı yaxşılaşdırdı. Qurban Qurbanovun komandası mübarizəni 6 xalla başa vurdu. Bu isə qrup mərhələsində ilk təmsilçimiz olan "Neftçi"dən (2012/13 mövsümü) 2 dəfə çox xal toplaması deməkdir. Üç xallıq fərqi "Qarabağ"ın "Dnepr" üzərində Kiyevdə qələbəsinə görədir. Ağdam təmsilçisi qrupda mübarizəni 3-cü pillədə başa vurdu. 

Qrup mərhələsindəki hər iki komandamız mübarizəni İtaliya nəhənglərindən olan "İnter"lə oyunla başa vurdu. Özü də maraqlıdır ki, rəqib nə qədər güclü olsa da, hər iki halda meydanı məğlub tərk etmədik - "Neftçi" 2:2, "Qarabağ" 0:0. Fərq yalnız məkanlardadır ki, iki il öncə Milanda, məşhur "San-Siro"da, bu dəfə isə Bakıda, heç-heçə qeydə alındı. 

 

Təşəkkürlər, "Qarabağ"!

Hər şeyə rəğmən Azərbaycan futbolunu yüksəltdiyinə, azarkeşlərimizi stadiona qaytardığına görə Azərbaycan çempionu "Qarabağ"a, baş məşqçi Qurban Qurbanova, futbolçulara təşəkkür düşür. Siz Avropada şərəflə mübarizə apardınız. Heç bir oyunda təslim olmadınız. Nəticədən asılı olmayaraq, sona qədər mübarizədən yayınmadınız. 

"Qarabağ" hər bir uğura addım-addım irəliləyib. Üç dəfə qrup mərhələsinin bir addımlığında dayanıb, amma təslim olmayıb. Belə davam etsə Ağdam təmsilçisi tezliklə Avroliqanın pley-off mərhələsində iştirak etmək imkanı qazanacaq. Azərbaycan çempionuna cari mövsüm ölkə çempionatında uğurlar arzulayırıq. "İnter"lə matçda hakim qolu saymasa da, "Qarabağ" hər zaman bizim üçün qalib komandadır.

 

 

İLK MƏNBƏDƏN

 

"İki videoyazıya baxdıq. Təmiz qol vurulmuşdu. Top rəqibin futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz. Hətta "İnter"in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunmuşdu. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi".

Qurban QURBANOV, "Qarabağ"ın baş məşqçisi 

 

"Yaxşı oyun alındı. Hər iki komanda özünü yaxşı göstərdi. Rəqibin oyunu xoşuma gəldi. "Qarabağ"ın növbəti mərhələyə çıxa bilmədiyinə görə heyifsilənirəm. Amma futbolda hər şey olur. Meydan sahibləri qapıya top keçirmək üçün bir neçə imkanı var idi, lakin istəklərinə çata bilmədilər. Qol vursaydılar, hər şey başqa cür olardı".

Roberto MANÇİNİ, "İnter"in baş məşqçisi

 

"Danışmağa söz tapmıram. Bir anda hamımız sevindik ki, qoldur. Ancaq qismət belə imiş. Mən baş hakimə baxırdım. Təxminən, 10-15 saniyə hakim qərar vermədi. O, yan hakimdən nə dediyini soruşurdu, ancaq başa düşmürdü. Çünki referi düz həmin yerdə idi və qolu yaxşı görürdü. Bəlkə də, bir daha bu cür fürsət ələ düşməyəcək. Şəxsən mənim üçün belə bir fürsət olmayacaq. Danışmağa söz tapmıram. Çox deyirdilər ki, "Qarabağ" braziliyalıların hesabına oynayır. Lakin meydanda bir braziliyalı vardı. Heyətimizdə də problemlər var və dəyişiklik etməyə lazımi materialımız da yoxdur. Çalışırdıq ki, yaxşı müdafiə olunub, rəqibi əks-hücumlarda yaxalayaq. Qol epizodlarımız da oldu. Bəlkə, qol olmasaydı, bu qədər heyifsilənməzdik. Bəlkə də, bu, illərlə yadımızdan çıxmayacaq".

Rəşad SADIQOV, "Qarabağ"ın kapitanı

 

"Qarabağ" dekabrın 15-i püşkatmada olmalıydı. Klubumuz çox yaxşı oynadı. UEFA-ya şikayət olacaq. "Qarabağ" sahibsiz deyil. Nəticəyə təsir etməsə də, ədalət bərpa olunmalıdır. Tarixi qələbə əlimizdən alındı. Rəhbərlik olaraq futbolçulara psixoloji təsir etmək istəməzdik. Klubumuz Avropada çıxışlarını davam etdirəcək. Yəni gələcəkdə yenə mübarizə aparacağıq. UEFA bundan sonra oyunlarımıza daha təcrübəli hakimləri göndərməlidir. Biz hər zaman böyük hədəflər uğrunda yarışırıq".

Tahir GÖZƏL, "Qarabağ"ın vitse-prezidenti 



MƏSLƏHƏT GÖR:

554