24 Aprel 2024

Çərşənbə, 07:38

"QARA ŞƏHƏR"in AĞ HƏYATI

"Baku White City" XXI yüzilliyin başlanğıcı üçün Azərbaycanın ən möhtəşəm memarlıq layihəsi olacaq

Müəllif:

01.01.2011

Hələ on il qabaq heç kimin ağlına belə gəlməzdi ki, Bakı belə sürətlə və bu cur möhtəşəm dəyişə bilər. Yüksək bina komplekslərinin yeni məhəllələri, parkların çağdaş dizaynı, yollar, körpülər - bütün bunlar ölkənin baş şəhərinin görkəmini təsəvvüredilməz dərəcədə sürətlə dəyişdirib və çağlaşdırıb. Amma bizim günlərin, demək olar ki, ən möhtəşəm layihəsi paytaxt mərkəzinin Qara şəhər kimi tanınan şərq hissəsinin Bakının Ağ şəhərinə (Baku White City, BWC) çevrilməsidir. Bu, simvolik və önəmli layihədir - yüz illər öncə paytaxtın bu rayonunu çirkləndirən və pisləşdirən neft bu gün onu ən gözəl yerlərdən birinə, indiyə kimi görünməmiş dəyişiklikləri və yeniləşmələri əlaqələndirən əsas halqaya çevrilməyə yardımçı olacaq. Məhz neft-qaz layihələrinin gerçəkləşdirilməsindən əldə edilən gəlirlər bu cür irimiqyaslı layihələri başlamağa və gerçəkləşdirməyə imkan verir ki, bu da əvvəllər, sadəcə, Bakı sakinlərinin arzusu idi. 

 

Hər şey rahatlıq üçündür 

Təsdiq olunmuş layihəyə görə, "Baku White City" paytaxtın şərq tərəfində - qara divarlı zavodlarına görə Qara şəhər adını almış ərazidə yerləşəcək. Bakının şəhər mərkəzinin və bulvarının Şərqə doğru genişləndirilməsi üzrə şəhərsalma tədbirləri kimi başlamış "BWC" layihəsi regionun irimiqyaslı beynəlxalq şəhərsalma layihələrindən birinə çevrilib. Onun üzərində azərbaycanlı mütəxəssislərlə yanaşı, dünyada tanınmış mühəndis-konsaltinq şirkəti "Atkins", əfsanəvi memar Normann Fosterin bürosu və  Amerikanın öz kommersiya layihələri ilə məşhur olan "F+A. Architects" şirkəti də işləyib. 

Qeyd edək ki, Qara şəhərin inkişafının Baş  Planı Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Prezidenti İlham Əliyevin "2006-2010-cu illər üzrə Azərbaycan Respublikasında ekoloji durumun yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq edilməsi haqqında fərmanının yerinə yetirilməsi çərçivəsində hazırlanıb. 

"Atkins" şirkətinin rəhbərlərindən biri olan Tim Askyunun sözlərinə görə, layihənin müəlliflərinin qarşısına qoyulan əsas tapşırıqlardan biri ona sərmayə cəlbediciliyi verilməsi olub. Layihə hər şeydən öncə memarlıq orijinallığı ilə tikintinin texnoloji imkanlarının, iqtisadi məqsədyönlüyü ilə istifadə erqonomikasının, universal infrastruktur ilə ekoloji memarlıq prinsiplərinin istifadəsinin uyğunlaşdırılması məqsədini daşıyır. 

Layihənin planlaşdırmasının əsasında tikintinin əlverişli məhəllə prinsipi durur ki, bu da orada yerləşən villa və yaşayış evlərinin, uşaq bağçalarının, məktəblərin, parkların, nəqliyyat şəbəkəsinin və gözəl yolların vahid ansamblını yaratmağa imkan verir. Burada şəhərtipli 10 universal məhəllə yaradılacaq ki, onların hər biri öz sakinlərinə həyat, iş, istirahət və əyləncə üçün ən yaxşı şəraiti təmin edəcəklər. 

"Baku White City" üçün konsepsiya işləməzdən öncə dünyanın Barselona, London və Paris kimi tanınmış şəhərlərinin planlaşdırılmasını və tikililərini,  Bakının gələcək mərkəzi haqqında təsəvvürlərimizə optimal şəkildə uyğun gələn və onun xüsusiyyətlərini maksimum əks etdirən detalları müfəssəl öyrənmişik. Nəticədə, "Baku White City"nin gələcək görkəmi dünya üzrə ən yaxşı cizgiləri aldı və onu artıq mövcud olan şəhər mühitinə inteqrasiya etmək mümkündür", - deyə T.Askyu bildirib. Layihəyə xüsusi unikallıq verən maraqlı faktlardan biri də bu 10 məhəllənin hər birinin öz "inci"sinin olmasıdır. Bu, fərqlənən orijinal tək binalar, körpülər və şəhərə girişi göstərən kompozisiyalar ola bilər. 

Əgər rəqəmlərlə danışılarsa, onda yaşayış binaları ərazinin ən çox hissəsini - 75%-ni tutacaq. Baş Plana görə, tikililərin önəmli hissəsini (9%) ofislər və pərakəndə satış binaları (5%) tutacaq. Buna əlavə olaraq, "uyğunlaşdıra bilən kommersiya sahələri" də diqqətə alınıb və nəticədə bu, tikililərin 11%-ni təşkil edəcək. Bu kateqoriya binaların əksəriyyətinin birincə mərtəbəsini pərakəndə satış xidməti nöqtələri, əyləncə yerləri və s. kimi işlədilməsi perspektivlərini nəzərdə tutur. 

Baş plana görə, yaşayış rayonlarında yerləşən binaların əksəriyyəti 8-12 mərtəbəli olacaq. Yüksəkmərtəbəli binalar yaşayış məhəllələrin rahatlığı üçün səs-küylü nəqliyyat magistrallarının önündə yerləşən kommersiya qurumlarının ərazisində yerləşəcək. 

Tikililərin sıxlaşması, həmçinin, nəqliyyat strukturunun yaxşılaşmasını tələb edir. Belə ki, avtodayanacaqlar və avtomobil saxlama problemini həll etmək üçün layihədə 40 min dayanacaq yeri nəzərdə tutulub. Bundan burada "Baku White City"nin mərkəzi meydanına çıxan metro stansiyasının tikintisi, həmçinin, avtobus nəqliyyatının inkişaf etdirilməsi də nəzərdə tutulur. 

Beləliklə, müxtəlif obyektləri bir-birinin yanında yerləşdiyindən, şəhər üzrə uzaq səfərləri yetərincə azaldan fəal şəhər kompleksi yaradılır. Bütövlükdə, "Baku White City"nin paytaxt üçün 50 min adam yaşayacağı yeni çağdaş mərkəz olacağı gözlənilir. Bundan başqa, layihə başa çatdıqdan sonra demək olar ki, 48 min adamın işlə təmin olacağı düşünülür. 

 

Ekoloji layihə 

Göründüyü kimi, layihəçilərin planları möhtəşəmdir. Amma yəqin ki, bu gün hər bir bakılı üçün yalnız bu layihənin təqdim edəcəyi infrastruktur komfortu yox, həm də xarici gözəlliyi də önəmlidir. Onun gerçəkləşdirilməsi ilə Qara şəhərin sənaye görkəmi tarixə qovuşacaq və onun yerini şəhər ekologiyası kimi bir anlayışın tərkib hissəsi olan abadlıq və ahəngdarlıq tutacaq. "Baku White City"dəki hər bir bina ekoloji mənzil prinsipi nəzərə alınmaqla tikiləcək ki, bu, havası tullantı qazlarla, tozla və s.-lə həddindən çirklənmiş hazırkı Bakı üçün çox önəmlidir. Buna görə də yeni layihədə 39 ha.-ın rayonun yaşıllaşdırılması üçün ayrılmasını qeyd etmək xüsusilə önəmlidir. 

Bildirmək gərəkdir ki, Qara şəhərdə artıq ekoloji monitorinq gerçəkləşdirilib, nefayırma zavodlarının istehsal prosesi zamanı yaranmış tullantıların təmizlənməsi və zərərsizləşdirilməsi üzrə işlər görülüb. Yeri gəlmişkən, artıq bəllidir ki, müəyyən vaxtdan sonra bu obyektlər Qara şəhərdən kənara çıxarılacaq. 

Qara şəhərin "ağardılması" üzrə tədbirlərdən biri və eyni zamanda paytaxtın ekoloji durumunun yaxşılaşdırılması yolunda önəmli addımlardan biri də Bakı buxtasının təmizlənməsi və abadlaşdırılmasıdır. Hazırda torpaqların təmizlənməsi və köhnəlmiş sənaye obyektlərinin Qara şəhər ərazisindən Bakının kənarlarına çıxarılması ilə yanaşı, Dənizkənarı bulvarın abadlaşdırılması üzrə də işlər görülür. "Baku White City"nin Bakı buxtasının düz mərkəzində yerləşməsi mövcud şəhərin dənizkənarı bulvarın yetərincə uzadılmasına imkan yaradır.  Artıq indinin özündə də öz miqyasına görə unikal olan və öz miqyasına görə dünya üzrə ən uzun sayılan  Bakı bulvarının yeni hissəsinin sahəsi 17,5 ha, uzunluğu 1300 m və bütün uzunluqboyu eni 150 m olacaq. 

Yeni hissə qərb tərəfdən köhnə hissə ilə birləşəcək, eyni zamanda, şərq tərəfə uzadılmaq üçün imkan yaradacaq. Xəzər dənizinin sahili boyunca tramvay xətti tikiləcək. Beləliklə, bütün sahil ərazisini birləşdirəcək daha bir ekoloji təmiz ictimai nəqliyyat forması təmin ediləcək. Həmçinin, gələcəkdə su taksisinin və Bakı buxtasının bir neçə nöqtəsini şəhər mərkəzi ilə birləşdirəcək kiçik bərələrin işləməsi üçün dəniz yolu da hazırlanacaq. 

Konsepsiyaya əsasən, sahil xəttində çox sayda mədəniyyət-əyləncə obyektləri yerləşəcək, onların içərisində ən orijinalı Çağdaş İncəsənət Pavilyonu olacaq.  Yeni bulvarın başqa bir görməli və sahili elə ilk baxışdan tanınan edən yerinin dəniz estakadası üzərinə yerləşən qeyri-adi formalı otelin olacı düşünlür. 

 

Yaxın gələcək 

Yəqin ki, layihənin detalları ilə tanış olan istənilən bakılının başında yaranan ilk fikir "Tezliklə gerçəkləşəydi!" sözləri olacaq. T. Askyunun sözlərinə görə, prinsipcə, layihə bu cür irimiqyaslı işlər üçün yetərincə qısa müddət ərzində gerçəkləşdirilə bilər. Hər şey maliyyənin hansı tezliklə təmin edilməsindən asılıdır, yeri gəlmişkən, bunun üçün sərmayəçilərin cəlbi nəzərdə tutulur. "Hər bir fazanın uzunluğu orta hesabla 3-4 il çəkəcək. Ancaq nəzərə alınsa ki, layihənin gerçəkləşdirilməsi onda sərmayəçilərin işğtirak etməsindən asılıdır, deməli, hansısa konkret müddətlərdən danışmaq hələ tezdir. Əminliklə bir şeyi demək olar ki, layihənin bütün infrastrukturunun yaradılması 2015-ci ilə kimi başa çatmalıdır", - deyə T.Askyu bildirib.

Bununla yanaşı, layihənin irimiqyaslılığı, ekoloji yönümlülüyü, dayanaqlılığı və bütövlüyü ilə yanaşı sərmayəçilər üçün imtiyazların yaradılması da layihənin sabit maliyyələşdirmə alması şansını artırır. "Baku White City" artıq yerli və xarici iş adamlarının marağını qazanıb. Layihənin ayrı-ayrı binaları Dubayda, Ciddədə və Honkonqda keçirilmiş beynəlxalq sərgilərdə mükafat alıblar. Bütünlükdə layihənin özü isə hər il Kannda keçirilən ən nüfuzlu beynəlxalq "MIPIM 2011" sərgisinin "Gələcəyin layihəsi" nominasiyasına təklif edilib. Bundan başqa, o, Londonda "World" jurnalının "WAN  Awards 2010"  prestijli memarlıq müsabiqəsinin nominantı olub. 

Yekunda xatırlatmaq lazımdır ki, Azərbaycanın ümummilli Lideri Heydər Əliyev hələ 1970-ci ildə bildirmişdi: "Yüzillərlə Qara şəhər adlanan bu ərazi Ağ şəhərə çevriləcək, təmizlənəcək, çiçəklənəcək və Azərbaycanın gözəl bir guşəsinə dönəcək". Bu gün həmin arzu gerçəkləşdirilir.



MƏSLƏHƏT GÖR:

529