16 May 2024

Cümə axşamı, 13:16

"BRİLYANT" YENİDƏN PARLADI

Rəfael AĞAYEV: "Ən böyük arzum Olimpiadada iştirak etməkdir"

Müəllif:

01.12.2010

Karate dünyanın ən məşhur idman növləri sırasında olsa da, o hələ də Olimpiya proqramına daxil edilməyib. Bu idman növünün təmsilçilərinin bütün ümidləri 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya idi. Amma onların arzusu bu dəfə də həyata keçmədi. Olimpiya proqramına qolf və reqbi salındı. Beynəlxalq Olimpiya Komitəsi (BOK) karateyə eyni "xeyirxahlığı" göstərmədi.

BOK-un qərarı Azərbaycan idmançısı Rəfael Ağayevi də məyus edib.

Qeyd edək ki, dünyada bu idman növünün ən yaxşı təmsilçilərindən olan karatenin "brilyantı" ləqəbli Rəfael Ağayev Serbiyada keçirilmiş Dünya Çempionatında növbəti dəfə ən yüksək göstəriciyə imza atıb. Dördqat dünya çempionu və doqquzqat Avropa çempionu olan Ağayev qələbə sevincini "R+"la bölüşüb.

- Rəfael, təbrik edirik. Dördqat dünya çempionu olmaq yalnız şərəfli deyil, həm də çox çətindir. Səhv etmirəmsə, Azərbaycanda hələ heç kim karatedə belə nəticəyə imza atmamışdı...

- Doğrudur, çünki WKF üslubunda qələbə qazanmaq çox çətindir. Serbiyada keçirilən yarış da çox çətin oldu. Mənimlə qarşılaşmaya rəqiblər xüsusi hazırlaşırdı. Amma onların istəyi ürəklərində qaldı - uğur mənim tərəfimdə idi. Ən çətin qarşılaşma yaponiyalı idmançı ilə döyüşdüyüm dörddəbir finalda idi. Amma sonda özümü toplaya və qələbə qazana bildim. Dördqat dünya çempionu titulunu əldə etsəm də, bu nailiyyətlərimlə kifayətlənməyi düşünmürəm.

- Demək, bu, son hədd deyil. Amma belə uğurlardan sonra stimul qalıbmı?

- İdman öz üzərində işləyənləri sevir. Mənimçün hər qələbə qiymətlidir. Odur ki, istənilən yarışa yalnız qələbə dalınca yollanıram. Bilirsiniz, qalib gəlmək çətindir. Amma titulu qorumaq daha çətindir. Hər döyüşdə gənc idmançılar özlərini titullu rəqib qarşısında göstərməyə çalışır. Mən dünya çempionu titulumu qorumaq istəyirəm. Bu çox çətindir. Bu da sizə stimul.

- Bəziləri hesab edir ki, karate digər idman növləri qədər məşhur deyil...

- Qətiyyən razılaşmıram. Karate dünyanın ən məşhur idmanları sırasındadır. Bu idman növü ilə məşğul olanların sayı ildən-ilə artır. Yeni idman üslubları yaranır. Sadəcə, karate Olimpiya idman növləri sırasına daxil deyil və məhz bu üzdən bəziləri ona laqeyd yanaşır.

- Fikrinizcə, karatenin Olimpiya idman növü olması şansı nə qədərdir?

- Bütün ümidlərimiz 2016-cı il Olimpiadasına idi. Amma karatenin Olimpiya idman növü sırasına daxil edilməsi üçün keçirilən son səsvermədə bunun baş tutması üçün cəmi 3 səs çatmadı. Çoxları 2016-cı il Yay Olimpiya Oyunlarında iştirak edəcəyimizə ürəkdən inanırdı. Düşünürəm, burada məsələnin maddi tərəflərinin rolu da az deyil. Hazırda qolf məşhurluqda karatedən çox geri qalsa da, böyük maddi dəstəyi var. Onun "Olimpiada-2016"nın proqramına daxil edilməsi də bunun gücünədir.

Biz isə indi 2020-ci ili arzulayırıq. Bəlkə onda bu nüfuzlu yarışda karateyə də yer tapıla.

- Bəlkə səbəb karatenin çoxsaylı üslubları ilə bağlıdır?

- Əslində, karatenin nüfuzunə mənfi təsir göstərən 2 faktor var. Birincisi, burada zədə almaq ehtimalı yüksəkdir. Digər tərəfdən, karatenin bir-birinə uyğun gəlməyən çoxlu sayda üslubları da var. Onların birləşməsi Olimpiya proqramına daxil olmamıza da kömək edərdi. Amma hələ ki bu, baş verməyib, BOK da çətin durumda qalıb.

- 2020-ci ildə artıq sənin 34 yaşın olacaq...

- Nəyə işarə etdiyinizi başa düşdüm. Hər bir idmançı Olimpiadada iştirak etməyi arzulayır. Çoxsaylı uğurları Olimpiadada da təkrarlamaq istərdim. Nə bilmək olar?! Bəlkə 34 yaşlı Rəfael Ağayev yenidən parlaya bilər? Hər şey idmançının özündən asılıdır.

- Amma bu yaşda Olimpiadada iştirak etmək nə qədər realdır?

- Doğrudur, o vaxtadək mənim zirəkliyim azalacaq. Müəyyən mənada artıq əvvəlki Rəfael olmayacağam. Amma əmin olsam ki, 2020-ci ildə Olimpiya proqramına daxil ediləcək, xüsusi hazırlıq keçməyə hazıram. Formaya nəzarət etsən, nədən yarışa qatılmayasan? Ölkəm üçün bu idman növündə ilk Olimpiya medalını şəxsən özüm qazandırmaq istərdim.

- Rusiya mətbuatı səni tez-tez "karatenin brilyantı" adlandırır. Niyə məhz brilyant?

- Bir neçə il əvvəl Rusiyanın məşhur telekanallarından biri haqqımda film çəkmişdi. Həmin sənədli film "Karatenin brilyantı" adlanırdı. O vaxtdan əksər jurnalistlər öz məqalələrinin başlığında bu sözdən istifadə edir.


MƏSLƏHƏT GÖR:

517