6 May 2024

Bazar ertəsi, 23:02

HƏQİQƏT ANINDAN ÖTƏN 25 İL

Azərbaycanlıların 1990-cı il yanvarın 20-də nümayiş etdirdiyi birlik və qəhrəmanlıq ölkənin müstəqilliyinə göz dikən hər kəs üçün dərs olmalıdır

Müəllif:

20.01.2015

Bakıda baş vermiş "Qara yanvar" faciəsinin bu il 25-ci ildönümü tamam olur. Düz, 25 il əvvəl hələ sovet respublikası olan Azərbaycan paytaxtına müstəqillik tələb edən insanların kütləvi nümayişlərinin yatırılması məqsədilə sovet qoşunları yeridildi. Hərbçilərin silahsız insanlara qarşı yol verdikləri azğınlığın nəticəsi hər kəsə yaxşı məlumdur. Yalnız Bakıda 130-dan artıq mülki şəxs qətlə yetirildi, 600-dan artıq insan yaralandı. 400-dən çox insanın - qadın, qoca və uşağın - taleyi hələ də məlum deyil.

20 Yanvar faciəsi özü ilə bir böyük miqyaslı fəsadlara da yol açdı, özü də təkcə Azərbaycan üçün yox. "Qara Yanvar"dan sonra ozamankı Dağlıq Qarabağ Muxtar Vilayətindəki erməni separatizmi açıq müharibəyə keçdi və o, indi də hərbi əməliyyatların hər an bərpa oluna biləcəyi münaqişə ocağıdır.

Yanvar hadisələrinin 25-ci ildönümü bu tarixin yalnız Azərbaycan dövlətçiliyinin tarixindəki rolu və günahkarlar haqqında yox, Azərbaycan xalqının çıxardığı dərslər haqqında da düşünmək üçün əsasdır.

Azərbaycan Ali Sovetinin 1990-cı il yanvarın 22-də keçirilən fövqəladə sessiyasında Yanvar hadisələrinin araşdırılması üzrə deputat-istintaq "komissiyası yaradıldıb. 29 mart 1994-cü ildə isə Milli Məclis "Qara yanvar"a əhatəli siyasi-hüquqi qiymət verib. Ali qanunverici orqanın qəbul etdiyi qərarda mülki insanların kütləvi halda öldürülməsinə görə məsuliyyət o zaman hakim partiya olan Sov. İKP-nin, Sovet İttifaqı hökumətinin və şəxsən ölkə başçısı Mixail Qorbaçovun üzərinə qoyulub.

Bununla yanaşı, faciəyə görə ovaxtkı respublika rəhbərliyinin də məsuliyyət daşıdığı vurğulanıb. Azərbaycanın Baş Prokurorluğuna qısa müddətdə cinayət işinin istintaqının yekunlaşdırılması, günahkarların məsuliyyətə cəlb olunmasının təmin edilməsi tapşırılıb. Faciə ilə bağlı ilkin istintaq SSRİ Baş Prokurorluğunda aparılıb. Lakin istintaq orqanları "hərbçilərin əməllərində cinayət tərkibi olmadığını" əsas gətirərək, cinayət işini bağlayıb. Buna cavab olaraq, artıq müstəqil Azərbaycanın Baş Prokurorluğu 14 fevral 1992-ci ildə bu qərarı ləğv edib, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırıb: 94 (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə), 149 (əmlakın qəsdən məhv edilməsi), 168 (hakimiyyət və vəzifə səlahiyyətini aşma), 255 (hakimiyyətdən istifadə etmə və aşma).

Lakin günahkarların məsuliyyətə cəlb olunması məsələsi hələ də açıq qalır. Baş Prokurorluq bunu Rusiya tərəfinin məsələ ilə bağlı ünvanlanan sorğulara cavab verməməsi ilə izah edir. Azərbaycan Baş Prokurorluğu tərəfindən qaldırılmış 68 cildlik cinayət işinin materialları o dövrdə Moskvaya aparılıb. Bununla əlaqədar olaraq, materialların geri qaytarılması, günahlandırılan şəxslərin saxlanılaraq Azərbaycan tərəfinə təhvil verilməsi üçün Rusiyanın hüquq-mühafizə orqanlarına sorğular və lazımi sənədlər göndərilib. Lakin bütün bu müraciətlərə hələ də cavab verilməyib.

Başqa sözlə, keçmiş SSRİ və Azərbaycan SSR rəhbərliyindən heç kəs dinc əhaliyə qarşı beynəlxalq hüquqla qadağan olunmuş cəza tədbirinin həyata keçirilməsinə görə məsuliyyətə cəlb edilməyib.

20 Yanvar hadisəsi qurbanlarının yaxınları, həmçinin bütünlükdə Azərbaycan xalqı yaxınlarının qətlinə bilavasitə cavabdeh olan şəxslərin cəzalandırılmasını, yaxud, ən azı, təqsirini boynuna almasını gözləyir. Söhbət, ilk növbədə, birinci şəxsdən gedir. Çünki onun əmri olmadan İttifaq respublikasına hərbi kontingentin yeridilməsi, dinc insanlara atəş açılması mümkün deyildi. Sovet İttifaqında kulta çevrilmiş detektiv filmindəki məşhur personajın dediyi kimi, bütün dövrlər və xalqlar üçün yeganə və əvəzolunmaz şahid məhz Qorbaçovdur.

2008-ci ildə "Rossiyski pisatel" nəşriyyat evində Rusiya Federasiyasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru Gennadi Melkovun "Sülhə qarşı cinayətlərə, hərbi cinayətlərə və bəşəriyyət əleyhinə cinayətlərə görə fiziki şəxslərin cinayət məsuliyyəti" kitabı çapdan çıxıb. Bu kitabın bir hissəsi 1990-cı ilin yanvarında Bakıda baş vermiş faciəyə həsr olunub.

Gennadi Melkov 1990-1991-ci illərdə "Şit" təşkilatının müstəqil eksperti kimi, Bakıda və Vilnüsdə silahsız insanların gülləbaran edilməsi ilə bağlı araşdırma aparan komissiyaya daxil idi. Müəllif yazır ki, Bakıda öz xalqına qarşı qətliam törətdiyi üçün SSRİ və AzSSR-in heç bir yüksək rütbəli siyasətçisi və ya hərbçisi cəza almayıb. O, faciənin günahkarları arasında SSRİ Ali Şurasının sədri Mixail Qorbaçov və dinc bakılıların güllələnməsinə bilavasitə rəhbərlik etmiş SSRİ-nin müdafiə naziri Dmitri Yazovun adlarını çəkir. Bununla yanaşı, Yanvar hadisələrindən 3 ay sonra Yazov Sovet İttifaqının Marşalı hərbi rütbəsinə də layiq görülüb. Bu, həmin Yazovdur ki, dinc sakinlər arasında həddindən çox tələfatın olmasını pərdələmək məqsədilə fövqəladə vəziyyətin ilk günlərində ordunun patrul qrupları arasında süni atışma səhnələri yaratmağa göstəriş vermişdi. Məqsəd bu atışmalarda Azərbaycan Xalq Cəbhəsi üzvlərinin günahlandırılması idi. Yeri gəlmişkən, 2 il əvvəl "Rossiya 1" telekanalında SSRİ-nin müdafiə nazirinin həyatına həsr olunmuş sənədli filmin premyerası olub və film "Marşal Yazov. Özümüzünkülərə atəş açmıram"... adlanırdı.

Bakıda hesab edirlər ki, Azərbaycan xalqı SSRİ-nin son rəhbərinin məsuliyyətə cəlb olunması üçün bütün əsaslara malikdir. Bu, həqiqətən də belədir. 1990-cı ilin yanvarında məhz onun qərarı ilə Bakıya qoşun yeridilib, dinc sakinlərə qarşı qətliam törədilib.

Artıq qeyd olunduğu kimi, istintaq orqanlarının topladığı saysız-hesabsız materiallar sübut edir ki, Qorbaçov həm 1990-cı ilin yanvarında Bakıda, həm də 1988-ci ilin fevralında Sumqayıtda törədilmiş və təxribat olduğu sübuta yetirilmiş hadisələrə görə məsuliyyət daşıyır.

Bununla yanaşı, Qorbaçov və "ortaq"larının cinayətkar milli siyasətlərinin qurbanı olmuş minlərlə vətəndaşın ölümünə görə nə zamansa məhkəmə qarşısında dayanacaqlarını düşünmək sadəlövhlük olardı. Halbuki, onların bu əməlləri bütünlükdə keçmiş sosialist düşərgəsində xeyli sayda etnik münaqişələrə, müharibələrə yol açıb. Amma bəşəriyyət əleyhinə cinayət sayılan bu cür əməllər "köhnəlmir" və tarixdə despotların hərəkətlərinə görə cavab verdikləri bir çox hallar olub. Belə cinayətlərə yol verənlərdən nə yaşı ötmüş çilili tiran Pinoçet məhkəmədən yayına bilib, nə də Üçüncü reyxin bir sıra qocalmış fəalları.

Bakıda baş vermiş Yanvar hadisələrinin, ardınca isə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün əsas günahkarı bu gün səhhəti ilə bağlı müəyyən problemlər yaşasa belə, yaşının çoxluğuna rəğmən, dünya düzəni haqqında nəsihətlər verir, hətta Rusiya və digər dövlətlərin rəhbərliyinə demokartiya dərsi keçir. Vaxtilə dünyanın qüdrətli dövlətini öz əlləri ilə məhv etmiş SSRİ-nin birinci və sonuncu prezidenti bu gün kimləri isə dövlət idarəçiliyində yanlışlıqlara yol verməkdə təqsirləndirir.

Qorbaçovun təklikdə qalanda, heç olmasa, vicdan əzabı çəkdiyini düşünmək olarmı? O, bir neçə il əvvəl verdiyi müsahibələrin birində etiraf edib ki, SSRİ-nin rəhbəri kimi buraxdığı əsas səhvlərindən biri separatçılığın, milli zəmində münaqişələrin yayılmasına yol verməsidir. Amma nə olsun? Yəqin ki, onun, belə demək mümkünsə, peşmanlıq hissi sülhün möhkəmlənməsindəki "töhfə"sinə görə ən nüfuzlu mükafatın sahibi olduğu anda keçib gedir. Yeri gəlmişkən, yəqin ki, Nobel sülh mükafatı laureatları baxımından o, ən mübahisəli nominasiyasıdır. Qorbaçov, Obama... Sülh mükafatının dünyanın müxtəlif bölgələrində müharibələrin yaşanmasında, minlərlə insanın ölümündə bilavasitə günahkar olan şəxslərə veriilməsi bu mükafata hörmətsizlik deyilmi? Amma vaxtilə Mussolini və Hitlerin də Nobel sülh mükafatına namizəd olduqlarını nəzərə alsaq, bu haqda danışmağa dəyməz...

Qorbaçov bu günün özündə də Vilnüs, Tiflis, Bakıda öz vətəndaşlarına qarşı zorakılığı, SSRİ-nin müxtəlif bölgələrində elə özünün yaratdığı separatizm alovunu söndürmək üçün etdiyi gülünc cəhdləri "ölkədə əmin-amanlığın qorunub-saxlanması" naminə edildiyini deyir. Amma onun bu əməlləri nəinki Litvada, Gürcüstanda və Azərbaycanda, həm də Moskvanın özündə layiqli qiymətini alıb. Rusiyanın hazırkı prezidenti Vladimir Putin bildirib ki, "Qorbaçov dövlətimizin ərazi bütövlüyü uğrunda ardıcıl, israrlı, qorxmadan mübarizə aparmalı idi". Qorbaçov qalan ömrünü xələfi tərəfindən ona verilən bu mənfi xarakteristika ilə yaşamalı olacaq.

20 Yanvar hadisələri hər kəs üçün, o cümlədən Azərbaycan xalqı üçün dərs oldu. Bu dərs göstərdi ki, xalq istəyinə yalnız xarici təhlükələr qarşısında birləşməklə nail ola bilər. Həmin gecə həlak olan insanlar Şəhidlər Xiyabanında daha sonra erməni təcavüzkarları ilə mübarizədə həlak olmuş oğul və qızlarımızla yanaşı uyuyur. Onların hər biri - istər Bakıda sovet ordusunun hərbçiləri tərəfindən güllələnmiş həkimlər briqadası, istərsə də Qarabağda düşmənə sinə gərərək həlak olan əsgərlər eyni dərəcədə şəhiddirlər. Onlar öz vətənlərinin dinc və müstəqil gələcəyi üçün mübarizəyə atılıblar.

Amma 25 il əvvəl baş vermiş faciədən bu gün Azərbaycana yağlı tikə kimi baxan, imperialist iddialarda olan xarici qüvvələr də dərs çıxarmalıdırlar. Əsas dərs ondan ibarətdir ki, müstəqillik acı olan xalqın qarşısını heç kəs ala bilməz. Azərbaycan müstəqilliyini bərpa etmək üçün çox uzun yol qət edib və bu, ona çox baha başa gəlib. Odur ki, Azərbaycan bir daha suverenliyini qurban vermək niyyətində deyil.



MƏSLƏHƏT GÖR:

571