4 May 2024

Şənbə, 10:59

VAHİD STRATEGİYA

Türkiyə və Azərbaycan "saatlarını tutuşdurdu"

Müəllif:

20.01.2015

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə ilk səfərini Türkiyəyə etdi. Dövlət səfəri statusu daşıması isə səfərə xüsusi əhəmiyyət qazandırırdı. Son zamanlar türk dövlətçiliyinin dərin tarixinə xüsusi diqqət ayıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi tarixi türk dövlətinə məxsus döyüşçü kostyumu geymiş və həmin dövlətlərin bayraqlarını saxlayan 16 nəfər qarovulun əhatəsində qarşıladı. Bu rəmzi jest və İlham Əliyevin Atatürkün məqbərəsini ziyarəti Türkiyə ilə Azərbaycanın tarixi ənənələrə söykənən birliyinin XXI əsrdə daha da möhkəmləndiyini göstərib. 2015-ci il hər iki ölkə üçün bir sıra meyarlar üzrə son dərəcə vacib olacaq və bü üzdən onların "saatlarını tutuşdurmaları"na ehtiyac var idi.

İlk növbədə, Ermənistan ciddi-cəhdlə qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünə hazırlaşır. O, "dünya ictimaiyyətinin dəstəyi" qarşısında Türkiyənin güzəştlərə gedəcəyinə ümidlidir. Odur ki, ermənilərin uydurma iddialarına Ankara ilə Bakının birgə sinə gərmələri lazımdır.

Amma erməni ictimaiyyəti üçün ilk sürpriz Ərdoğandan gəlib. O, 2015-ci il aprelin 24-də Çanaqqala döyüşünün 100-cü ildönümünə həsr olunmuş tədbirin keçiriləcəyini bəyan edib.

"Aprelin 24-də keçiriləcək bu tədbir üçün dünyanın bir çox dövlət və hökumət rəhbərlərinə dəvət göndərdik. Amma təbii ki, xüsusilə İlham Əliyev qardaşımla birlikdə, İnşallah, aprelin 24-də Çanaqqalada birlikdə olacağıq", - deyə Ərdoğan azərbaycanlı həmkarı ilə danışıqlardan sonra mətbuat üçün bəyanatında bildirib. Yeri gəlmişkən, Türkiyə KİV-in yazdığına görə, Ankara bu tədbirə Ermənistan prezidenti Serj Sarqsyanı da dəvət edib.

Türkiyə üçün Çanaqqala döyüşü ölkənin müasir tarixinin ən şanlı döyüşlərindən biridir. 1915-ci ilin ilk günlərindən başlayaraq, Antanta ölkələrinin, xüsusilə ingilis-fransız ordusunun Bosfor və Dardanel boğazlarının, sonda isə İstanbulun ələ keçirilməsi məqsədilə başladıqları əməliyyatlar istər dənizdə, istərsə də quruda Türk Ordusunun qələbəsi ilə bitib. O dövrdə minlərlə azərbaycanlı İstanbulun keşiyində türklərlə çiyin-çiyinə vuruşub.

Bu tarixin seçilməsi təsadüf deyil. Məsələ ondadır ki, ermənilər qondarma "soyqırımı"nı məhz həmin tarixdə qeyd edirlər və bunu İlham Əliyev də öz çıxışı zamanı xatırladıb.

"Bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından Sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər", - deyə İ.Əliyev qeyd edib.

Təbii ki, Azərbaycan üçün erməni təbliğatı ilə mübarizə Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından böyük əhəmiyyət daşıyır. Bu məsələdə Azərbaycanın əsas müttəfiqi isə bir sıra digər məsələlərdə olduğu kimi, məhz Türkiyədir. Ankara Ermənistanla diplomatik münasibətlərinin bərpası və sərhədlərin açılması üçün "erməni soyqırımı" iddialarının aradan qaldırılmasını deyil, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edir. Azərbaycan-Türkiyə görüşlərinin hər birində bu münaqişənin həllində həmrəy mövqe ortaya qoyulur. Lakin problemin həllində hələ də heç bir irəliləyişə nail olunmayıb. "Təəssüf ki, Minsk qrupu bu məsələdə hələ də qətiyyətli addım atmamaqla bu prosesi vaxtitirmə taktikası ilə davam etdirir. Bir məqamı burada yenidən xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qətiyyətlə davam edəcək", - deyə R.T.Ərdoğan bildirib.

Bununla yanaşı, Türkiyə Azərbaycana yalnız mənəvi və diplomatik dəstək vermir, həm də onun müdafiə qabiliyyətini gücləndirməsinə kömək edir - Azərbaycana müasir silah növləri satır, onların birgə istehsalını təşkil edir.

"Biz Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, artıq Azərbaycanda müdafiə sənayesi məhsullarının birgə istehsalı haqqında da bu gün fikir mübadiləsi aparılıb. Türkiyə bu gün dünya miqyasında bir güc mərkəzidir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan bir o qədər güclü olacaq. Bizim gücümüz, əlbəttə ki, siyasi, iqtisadi və hərbi gücümüzdür. Ona görə, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlarımız var. Qeyd etməliyəm ki, keçən il bir neçə gün ərzində Azərbaycanda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirilib. Bu təlimlər bundan sonra mütəmadi qaydada keçiriləcək", - deyə İlham Əliyev Ankarada bildirib.

Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən uzandığını bildirib. İ.Əliyevin sözlərinə görə, İrəvan status-kvonu qoruyub-saxlamağa çalışır, danışıqlar prosesindən mümkün müsbət gözləntilərin qarşısını alır.

"Əfsuslar olsun, Minsk qrupu bu işlərdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə, əfsuslar olsun, yoxdur. Keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın təxribat xarakterli addımları, xüsusilə işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində noyabr ayında genişmiqyaslı təlimlər keçirməsi və Azərbaycan mövqelərinə hücum çəkməsi, əlbəttə ki, Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu. Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmədi. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır", - deyə İ.Əliyev qeyd edib.

Yeri gəlmişkən, Azərbaycan hökumətinin 2014-cü ilin nəticələri və 2015-ci ilə dair planlara həsr olunmuş son iclasında prezident Qarabağ probleminin çözülməmiş qalmasını kənar qüvvələrin mövqeyi ilə əlaqələndirmişdi: "Bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır - bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropa, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!".

"Bizim torpaqlarımızın işğal altında qalması, sadəcə olaraq, Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər", - deyə İlham Əliyev bildirib. O, Azərbaycanın iqtisadi və hərbi baxımdan Ermənistandan dəfələrlə güclü olduğunu da xatırladıb.

Dövlət başçısı deyib ki, 2014-cü ilin yayında cəbhə xəttində yaşanmış gərginlik Azərbycan Ordusunun gücünü hər kəsə nümayiş etdirib: "Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atıb. Hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Yay aylarında 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında da ermənilərin təxribatı cavabsız qalmayıb. Bütün bu təxribatlar nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal, diktatura rejimi məsuliyyət daşıyır. Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməyib. Faktiki olaraq heç müstəqilliyi əldə etməyib".

Amma münaqişənin çözülməmiş qalması Azərbaycanın nəhəng regional layihələr həyata keçirməsinə mane olmur. Bu işdə də onun əsas tərəfdaşı Türkiyədir. Türkiyə məhz bu layihələr sayəsində Avropada əsas tranzit xabına çevrilir. Azərbaycan neftinin əsas ixrac marşrutru olan Bakı-Tiflis-Ceyhan boru xətti məhz Türkiyə ərazisindən keçir. Bundan başqa, "Şahdəniz" yatağından hasil olunan qazın satıldığı ən böyük bazar hələ ki, Türkiyədir. Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq, ötən illərdə olduğu kimi, indi də yüksək səviyyədədir. Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 5 milyard dollara çatıb. İndi əsas hədəf 2023-cü ilə onun üçqat artırılmasıdır.

Burada söhbət yalnız ticarətdən yox, həm də qarşılıqlı investisiyalardan gedir. Yeni layihələrin reallaşdırılması zamanı onların həcminin artacağına şübhə yoxdur.

"2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və 10 milyard dollar həcmində layihələr icra ediblər", - deyə İ.Əliyev qeyd edib.

"Cənub" qaz dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu layihələri isə iki ölkə arasında tarixi, mənəvi və mədəni birliyi daha da gücləndirəcək.

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu artıq bu il istismara veriləcək. O, Avropanı Çin və Cənub-Şərqi Asiya ilə vahid xətt üzrə birləşdirməyə imkan verəcək.

"Bakı-Tiflis-Qars dəmir yolu layihəsi, İnşallah, bu ilin sonunda açılışa hazır olacaq. Bu, eyni zamanda, Pekin-İstanbul xəttinin açılması deməkdir. Qərbi Avropadan çıxan bir qatar, İnşallah, bu dediyimiz dəmir yolu sistemi ilə Xəzər sahillərinə və oradan da Aktau və Türkmənbaşı limanları vasitəsilə Pekinə çatacaq. Burada bunu da xüsusilə qeyd etmək istərdim", - deyə Türkiyə Prezidenti bildirib.

Qarşıdakı dövrün əsas hadisəsi isə əlbəttə ki, "Cənub" qaz dəhlizi olacaq. Onun əsasını Trans-Anadolu qaz kəmərinin (TANAP) inşası təşkil edir.

Prezident İlham Əliyev bu haqda da danışıb: ""Cənub" qaz dəhlizinin icrası enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcək və burada biz artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Burada Türkiyə, Azərbaycan, Gürcüstan və "Cənub" qaz dəhlizinin digər üzvləri fəal, birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda "Cənub" qaz dəhlizinin birinci məşvərət şurası keçiriləcək. Şuranın iclasında bu layihənin icrası ilə bağlı konkret, dəqiq tövsiyələr veriləcək.

Mən onu da qeyd etməliyəm ki, "Cənub" qaz dəhlizinin təməli, təxminən, 3 il bundan əvvəl İstanbulda qoyulub. Əziz qardaşımla biz TANAP layihəsinə imza atdıq. TANAP layihəsi, əslində, "Cənub" qaz dəhlizinin bel sütunudur, yəni, təməlidir. Beləliklə, bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilib. "Cənub" qaz dəhlizi və "Şahdəniz" yatağının işlənilməsi hazırda Avropanın ən böyük infrastruktur layihəsidir. Bu layihəyə, ümumilikdə, 45 milyard dollar sərmayə qoyulacaq".

"Cənub" qaz dəhlizi layihəsi, nəhayət, Avropa üçün enerji resursları mənbəyini şaxələndirmək imkanı açacaq. İlkin mərhələdə söhbət, əsasən, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunacaq qazın ixracından getsə də, perspektivdə marşrut Mərkəzi Asiya, İraq və İran qazının Avropaya cəlbinə imkan verəcək.

Beləliklə, Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfəri iki ölkənin tammiqyaslı strateji əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ortaya qoyub. 2015-ci il hər iki tərəfin qarşısında istər ermənilərin "soyqırımı" ilə bağlı təbliğatının qarşısının alınmasında, istərsə də qitə əhəmiyyətli layihələrin - TANAP, Bakı-Tiflis-Qars və s. reallaşdırılmasında səylərin daha da birləşdirilməsi vəzifəsini qoyur.



MƏSLƏHƏT GÖR:

701