29 Aprel 2024

Bazar ertəsi, 20:15

"ƏHƏMİYYƏTİ ARTAN TƏRƏFDAŞ"

Angela Merkel Azərbaycanın bütün Avropa üçün rolunu xarakterizə edib

Müəllif:

26.01.2015

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına ötən həftə etdiyi işgüzar səfər məzmununa görə dövlət səfəri statusuna bərabər sayıla bilər. Berlində baş tutan görüşlər Azərbaycanla Almaniya arasında bütün istiqamətlərdə strateji əməkdaşlığın dərinləşdirilməsinə olan marağın göstəricisidir. Qeyd edək ki, Azərbaycanla Almaniya müvafiq olaraq Cənubi Qafqazın və Avropa İttifaqının aparıcı dövlətləridir və onlar bütün Avropanı bürümüş siyasi, iqtisadi kataklizmlərdən asılı vəziyyətdə deyillər. 

İqtisadiyyat və təhlükəsizlik - İlham Əliyevin Almaniyada keçirdiyi görüşlərin əsas mövzusu məhz bunlar olub. İ. Əliyevin səfər proqramının əsas hissəsindən - Almaniya kansleri Angela Merkel ilə görüşdən əvvəl ikitərəfli əməkdaşlıq məsələlərini yalnız bu ölkənin XİN başçısı Ştayanmayerlə deyil, həm də alman iqtisadiyyatının təmsilçilərilə, deputatlarla, ictimai xadimlərlə, aparıcı "beyin mərkəzləri"nin nümayəndələrilə də müzakirə edib. O, Münhen Beynəlxalq Təhlükəksizlik Konfransının sədri Volfhanq Fredrik İşinqerlə, Almaniya-Azərbaycan Forumunun üzvlərilə, Bundestaqın Xristian-Demokrat İttifaqı, Xristian-Sosialist İttifaqı, Sosial-Demokrat Partiyası və Yaşıllar Partiyasından olan deputatları ilə, Almaniya parlamentindəki komitələrin rəhbərləri və üzvlərilə görüşlər keçirib.

İlham Əliyev görüşdüyü şəxslərə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyini çatdırıb. O, bu problemin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirib.

Görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələr, enerji, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı kimi məsələlər də müzakirə olunub.

Bundan başqa, səfər çərçivəsində parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası və Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramında iştirakına dair də fikir mübadilələri aparılıb.

Almaniyanın Azərbaycanla münasibətlərin gələcəyinə baxışını isə kansler Angela Merkel kifayət qədər birmənalı şəkildə ifadə edib: "Əhəmiyyəti artan tərəfdaş".

Bu gün Avropa ilə Azərbaycan arasında aparılan danışıqların əsas mövzusu enerji təhlükəsizliyidir. Bunu isə İ.Əliyev kanslerlə görüşün sonundakı açıqlamasında bildirib. O, Azərbaycanın təklif etdiyi layihələrin Avropanın enerji xəritəsini dəyişdiyini söyləyib. Gələcəkdə qitənin enerji təhlükəsizliyi həm də Azərbaycanın hesabına təmin olunacaq. Məsələ ondadır ki, 2012-ci ildə TANAP qaz layihəsinə start verilib, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi müəyyənləşdirilib. Ötən ilin sonunda isə Cənub Qaz Dəhlizi layihəsinin təməli qoyulub. İlham Əliyev bildirib ki, təşəbbüskarı Azərbaycan olan bu layihələrin hər birinin vaxtında reallaşdırılması üçün respublika ilə Aİ arasında daha sıx əməkdaşlığın qurulması vacibdir. Bu məsələlər Cənub Qaz Dəhlizinin birinci məşvərət şurasında müzakirə ediləcək əsas mövzulardır. Azərbaycan bu müzakirələri artıq fevralda Bakıda təşkil etmək niyyətindədir.

Şübhəsiz ki, Azərbaycan-Aİ əməkdaşlığının lokomotivi Bakı ilə Berlin arasında ikitərəfli münasibətlərin uğurlu inkişafıdır. Azərbaycanla Almaniyanın iqtisadi əlaqələrindən danışan prezident respublikada bir çox alman şirkətinin fəaliyyətinə dəstək verildiyini söyləyib: "Hesab edirəm ki, Almaniya şirkətləri gələcəkdə həm podratçı kontraktor, həm investor kimi Azərbaycanda daha da böyük işlər görə bilərlər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra olunur, əlbəttə ki, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti davam etdiriləcək".

Angela Merkel iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün potensialın mövcud olduğunu deyib. O, hazırda Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin 2,5 milyard avro təşkil etdiyini xatırladıb. Almaniya şirkətlərinin Azərbaycanda infrastrukturun yenilənməsi işində iştirak edə biləcəklərini vurğulayan kanslerin sözlərinə görə, almanlar Azərbaycan iqtisadiyyatına əlavə investisiyaların yatırılmasına, ümumilikdə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfələr verməyə hazırdırlar.

A. Merkel İ. Əliyevlə Azərbaycanda demokratiyanın da inkişafına dair müzakirələr apardıqlarını söyləyib. "İnsan hüquqlarının həyata keçirilməsi ilə əlaqədar müəyyən tənqidi məqamlar da, təbii ki, qeyd olunur və düşünürəm, biz Azərbaycan Prezidenti ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək, Alman Akademik Mübadilə Xidməti, GTZ, KfW ilə və digər təşkilatlarla əlaqələrimizi daha da sıxlaşdıraq. Düzdür, müəyyən məsələlərlə əlaqədar fikir müxtəlifliyi də mövcuddur və bu, normal haldır", - deyə kansler qeyd edib.

İlham Əliyev isə Azərbaycan da daxil olmaqla, istənilən dövlətdə problemlərə rast gəlindiyini bildirib: "Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir. Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin olunur, yüzlərlə mətbu orqan var. Bir daha xatırlatmaq istəyirəm ki, sərbəst və azad internet olan bir ölkədə söz azadlığı boğula bilməz".

Bununla yanaşı, Azərbaycan Prezidentinin Almaniyaya səfəri yalnız iki dövlətin iqtisadi və siyasi sahədə ikitərəfli əməkdaşlığı dərinləşdirmək niyyətilə yadda qalmayıb. Səfər çərçivəsində Almaniya kansleri Bakı üçün ən vacib problem olan Dağlıq Qarabağ münaqişəsinə dair zəruri bəyanatlar da səsləndirib.

İki ölkə liderinin birgə mətbuat konfransında Almaniyanın Qarabağla bağlı indiyədək səsləndirdiyi bəyanatların sadəcə formal diplomatik fikirlər olmadığını göstərib - Berlin nəinki Cənubi Qafqazda tezliklə sabitliyə nail olunmasında ciddi şəkildə maraqlıdır, həm də bu işə şəxsən töhfə verməyə hazırdır. A. Merkel bildirib ki, Almaniya ATƏT-in Minsk Qrupunun üzvüdür və artıq nə az, nə çox - münaqişənin həllində vasitəçi olmaq istəyir. "Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı, Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq", - deyə kansler qeyd edib.

Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü olduğunu xatırladan Merkel Azərbaycan və Ermənistan prezidentləri arasında Minsk Qrupunun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyilə aparılan danışıqları dəstəklədiklərini bildirib. "Biz görürük ki, cənab prezident Əliyev ermənistanlı həmkarı ilə görüşür, söhbətlər və danışıqlar aparır. Düşünürük ki, bu münaqişə ilə əlaqədar yalnız bir yol var - sülh yolu. Təbii ki, atəşkəsin tez-tez pozulması xoşagəlməz haldır. Mən düşünürəm ki, Rusiya bu məqamda müəyyən rol oynayır. Mən, sadəcə olaraq, bunu qeyd etmək istərdim. Düşünürəm ki, Rusiya və Ermənistan bu münaqişə ilə əlaqədar müəyyən amilləri birgə həyata keçirirlər. 

Almaniya kanslerinin bu bəyanatını yalnız alqışlamaq olar. Almaniya bu problemin həllinə hər zaman səmimi münasibət göstərib. Bundestaqın dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsini bunun təsdiqi saymaq olar. Daha sonra başlamış və əsl müharibəyə çevrilmiş Ukrayna böhranı belə təəssürat yaratmışdı ki, Qarabağ problemi alman diplomatların nəzərində ikinci plana keçib. Almaniyanın Ukraynada sabitliyə nail olunmasına yönəlmiş sülhməramlı səylərinə şəxsən kansler Merkel rəhbərlik edir. Bu, onun iş qrafikində önəmli yer tutur. Belə bir şəraitdə kanslerin Avropanın şərq sərhədlərində daha bir münaqişəyə diqqət ayırmağa vaxt tapdığını düşünmək çətin idi.

Amma bu narahatlıqlar əbəs imiş. Ötən ilin sonlarında Almaniya Dağlıq Qarabağ münaqişəsini hələ də diqqət mərkəzində saxladığını göstərib: 2014-cü il dekabrın 12-də Almaniya XİN-in dövlət katibi Stefan Ştaynlayn ATƏT-in Minsk Qrupunun həmsədrləri Pyel Andryu (Fransa), İqor Popov (Rusiya) və Ceyms Uorliklə (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiklə görüş keçirib. Almaniya XİN-in rəsmi saytında yer almış məlumata görə, görüşdə Ermənistanla Azərbaycan arasında gərginliyin artması riski fonunda 20 ildən artıqdır davam edən münaqişənin siyasi həll yolları, tərəflər arasında qarşılıqlı etibarın yaradılması, Avropa İttifaqının nizamlama prosesində daha fəal iştirakı məsələləri müzakirə olunub. Məlumata görə, görüşdə münaqişə tərəfləri arasında inamın yaradılması və Aİ-nin nizamlama prosesində daha fəal iştirakı haqda da fikir mübadiləsi aparılıb.

Daha önəmli olanı rəsmi Berlinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktını bir daha təsdiqləməsidir. "ATƏT-in Minsk Qrupu beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olan və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağla bağlı münaqişənin siyasi həllinə yönəlmiş danışıqlar prosesinə 1992-ci ildən başçılıq edir. Həmsədrlər tərəflərlə - Ermənistan və Azərbaycanla - məsələyə dair məxfi danışıqlar aparırlar. Son aylarda hər iki ölkənin prezidentlərinin də iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Bununla yanaşı, 2014-cü ildə qoşunların təmas xəttində tələfat halları artıb, həmçinin Azərbaycan tərəfi ermənilərə məxsus hərbi vertolyotu vurub", - deyə məlumatda bildirilir.

Bu bəyanatdan sonra Almaniya rəhbərliyi Qarabağ probleminin həllilə ciddi şəkildə məşğul olmaq niyyətini ortaya qoyması sevindirməyə bilməz. Bakı əvvəllər də Qərbə açıq şəkildə bildirirdi ki, Azərbaycan ərazilərinin 20 ildən artıqdır işğal altında saxlanılması faktına bir müddət əvvəl baş qaldırmış Ukrayna böhranından heç də az diqqət yetirilməməlidir. Bəlkə də, prezident İ.Əliyev Berlində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin vacibliyini deyərkən məhz bu üzdən, Azərbaycanın ərazi bütövlüyü məsələsinə də vahid yanaşmanın ortaya qoyulmalı olduğunu söyləyib. Başqa sözlə, söhbət Avropanın Gürcüstanda, Moldovada və Ukraynadakı münaqişələrə yanaşmada ortaya qoyduğu mövqedən gedir.

Almaniyanın Qarabağ münaqişəsinin həllində vasitəçilik etmək təşəbbüsünün nə ilə nəticələnəcəyini zaman göstərəcək. Lakin Aİ-nin şəksiz lideri olan bu dövlətin Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı göstərdiyi prinsipiallığın özü tərifəlayiqdir.

Tanınmış alman jurnalisti və ictimai xadimi Riçard Kislerin "R+" jurnalına açıqlamasında dediyi kimi, özü dəfələrlə müharibə yaşamış, Aİ-nin lideri olan Almaniyanın Azərbaycanda strateji maraqları var. Odur ki, Berlin Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyə bilər və deməlidir: "Azərbaycan Qafqaz regionunun ən vacib oyunçusudur. Region iqtisadiyyatının 70%-dən çoxu onun payına düşür. Almaniya Azərbaycanı, onun Ermənistanla münaqişənin həllinə yönəlmiş səylərini, işğal olunmuş torpaqların boşaldılması tələblərini dəstəkləməlidir. Bizə münaqişənin sülh yolu ilə həlli lazımdır. Və biz Ermənistana qarşı sanksiyaların tətbiqini də istisna etməli deyilik".



MƏSLƏHƏT GÖR:

610