18 May 2024

Şənbə, 20:45

MARAQLAR ZONASI

Viktoriya Nulandın Cənubi Qafqaza səfəri Vaşinqtonun yeni strategiyasının reallaşdırılmasına start verdiyini göstərir

Müəllif:

24.02.2015

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ötən həftə Cənubi Qafqazın hər üç ölkəsində səfərdə olub. Səfərin məqsədilə bağlı rəsmi açıqlamanın qeyri-müəyyənliyi (ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarının müzakirəsi, təhlükəsizlik və demokratiya sahəsində diskussiyalar) müşahidəçilərə amerikalı diplomatın əsl məqsədilə bağlı öz versiyalarını irəli sürmələrində sərbəstlik vermişdi. Və əgər Nulandın Azərbaycana və Gürcüstana səfəri qanunauyğun idisə, onun Ermənistana baş çəkməsi, bu zaman səsləndirdliyi bəyanatları xeyli suallar yaradırdı.

V. Nuland Cənubi Qafqaz ölkələrinə turnesini Azərbaycandan başlamışdı və bunun da öz məntiqi var. Dövlət Departamentinin yüksək rütbəli təmsilçisinin Bakıya gəlişi güman ki, başadüşülən və çoxdan gözlənilən idi. Son bir neçə ayda Azərbaycan-Amerika münasibətləri tarixinin heç də ən yaxşı dönəmini yaşamır. Vaşinqton ABŞ-ın enerji və təhlükəsizlik sahəsindəki əsas tərəfdaşı olan Azərbaycanın getdikcə ondan uzaqlaşmaqda olduğunu görməyə bilməz. Bakı Rusiya təmsilçilərinin Avrasiya İttifaqına üzvlüyün gözəlliklərilə bağlı öyüd-nəsihətlərinin təsiri altına düşməsə də, Qərbin antiRusiya sanksiyalarına da qoşulmur. Əvəzində Azərbaycan Şimal qonşusu ilə bütün sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək qərarına gəlib, hətta Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq üçün ərizə ilə müraciət də edib. Bu təşkilatda isə məlum olduğu kimi, Rusiya əsas rollardan birini oynayır. Şübhəsiz ki, hadisələrin bu cür inkişafı Amerika tərəfini xüsusilə də Ukraynada baş verənlər fonunda qətiyyən qane etmir. Görünən odur ki, Cənubi Qafqaz və postsovet məkanı siyasətində heç zaman ardıcıl olmayan Obama administrasiyası dünyanın bu vacib regionunda, Avropa ilə Asiyanın kəsişməsində nüfuzunu tam itirməyin ABŞ üçün nələrə yol açacağını anlayıb. Dövlət Departamentinin əsas simalarından birinin dərhal Cənubi Qafqaza göndərilməsi də bunun nəticəsidir.

Azərbaycanın siyasi rəhbərliyilə apardığı danışıqlarda Nuland bildirib ki, ölkəsi bundan sonra da enerji və təhlükəsizlik sahəsində maraqları olan dövlətlə sıx münasibətlər saxlamaq niyyətindədir. "Bu gün bizim üçün effektiv strukturlu dialoq vacibdir. Çox şadam ki, bu gün prezident İlham Əliyev bu cür dialoq formatının yaradılmasına razılıq verdi", - deyə ABŞ dövlət katibinin köməkçisi Bakıya səfərinin yekununa həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, prezidentlə görüşündə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsini də müzakirə ediblər. Söhbət xüsusilə informasiya texnologiyaları, nəqliyyat və kənd təsərrüfatı sahələrindən gedir. Tərəflər korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın intensivləşdirilməsilə bağlı da razılığa gəliblər. V.Nuland korrupsiyanı "demokratiyanın qatili" adlandırıb.

Amerikalı diplomat jurnalistlərlə söhbətində Vaşinqtonun Azərbaycanda inqilab planı hazırlaması haqda şayiələri aradan qaldırmağa çalışıb: "Hökumət, vətəndaş cəmiyyəti və ölkənin bütün sakinləri bir-birilə canlı təmasdadırlarsa, rəngli inqilaba ehtiyac olmur. Belə hallar yalnız o zaman baş verir ki, cəmiyyətdə gərginlik, hökm sürsün". V. Nuland eyni zamanda Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoqun bərpa edilməsini alqışlayıb. Diplomatı məmnun edən məqamlardan biri də Amerika ilə Azərbaycan arasında vətəndaş cəmiyyəti və demokratikləşmə sahəsində dialoqun aparılması üçün xüsusi formatın yaradılmasına dair əldə edilmiş razılaşmadır. İnsan haqları sahəsindəki bütün anlaşılmazlıqlar böyük ehtimalla, məhz bu formatda həll olunacaq. Bu ikitərəfli struktur Azərbaycanla Avropa Şurası anasındakı analoji təşəbbüslə paralel fəaliyyət göstərəcək.

"Rəngli inqilabların müjdəçisi" də adlandırılan Nulandın Yerevana səfərisə həqiqətən də müəmmalı olub. Ermənistan ictimaiyyəti, həmçinin digər dairələr bu səfərlə bağlı müəyyən fərziyyələr irəli sürməyə başlayıblar. Ölkə rəhbərliyilə aparılan danışıqların gündəliyində qeyri-adi heç nə olmayıb və bu, başadüşüləndir: Ermənistanla Amerika arasında iqtisadi münasibətlər çox zəifdir və ABŞ-ın İrəvandakı keçmiş və hazırkı səfirlərinin etiraf etdikləri kimi, bu, Ermənistanın investisiyalar üçün cəlbedici olmaması ilə əlaqədardır. Cəlbediciliyin olmamasının səbəbi isə hakimiyyət sistemindəki korrupsiyadır. Bundan başqa, Ermənistanın ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması prosesində tənəzzüldən başqa heç nə müşahidə olunmur. Rusiyanın hərbi-siyasi müttəfiqi və vassalı olan ölkə ilə regional təhlükəsizliklə bağlı hər hansı əhəmiyyətli müzakirələrdən danışmaq da yersiz olardı. Odur ki, V.Nulandın Ermənistan rəhbərliyi ilə görüşündə hər hansı orijinal fikir səslənməyib. Əvəzində, onun Ermənistanın QHT təmsilçiləri ilə keçirdiyi qapalı görüşdən yerli və xarici KİV Sarqsyan üçün narahatlıq yaradacaq qənaətə gəlib: "Vaşinqton Ermənistanda Maydan hazırlayır".

"Aykakan jamanak" qəzeti yazır ki, Viktoriya Nulandın mətbuat konfransından da Ermənistan rəhbərliyi ilə görüşdə hansı məsələlərin müzakirə edildiyi aydın olmayıb. "Nulandın bizim yüksək rütbəli məmurlarımızla nələrdən danışdığı aydın olmadı. Onun bizimkilərə hansı mesajları verdiyi, hansı cavabları aldığı, ümumiyyətlə, səfərin hansı məqsədlər daşıdığı qaranlıq qaldı", - deyə məqalədə bildirilir.

Cənubi Qafqazın üçüncü ölkəsində - Gürcüstanda isə Nuland bir şeyi aydın şəkildə göstərib: ABŞ postsovet məkanındakı oxşar hadisələrə ikili standartlarla yanaşmaqdan imtina etməyi düşünmür. Tiflisdə verdiyi açıqlamasında o, Gürcüstanla Ukraynanın əlaqəli olduğunu bildirib: "Bu gün həm Gürcüstan, həm də Ukrayna Avropaya can atır. Bu gün sizin ölkələriniz üçün çox vacib dönəmdir. Odur ki, Gürcüstanın hər bir vətəndaşı Ukrayna vətəndaşlarının yanında olmalıdır və əksinə. Çünki həyati vacib məsələlərin həlli üçün sizin bir-birinizə ehtiyacınız var".

"ABŞ Gürcüstanda gedən demokratik prosesləri, Avropa İttifaqına və NATO-ya inteqrasiya prosesini, həmçinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini 100% dəstəkləyir", - deyə Gürcüstan baş nazirinin mətbuat xidmətinin V.Nuland ilə görüşün yekunlarına dair açıqlamasında bildirilir.

Amma Nuland Azərbaycanın ərazi bütövlüyünə nəinki bu cür 100%-lik dəstək dilə gətirməyib, Azərbaycanın işğal altındakı əraziləri üzərində suverenliyini bərpa etməsinin vacibliyinə eyham belə, vurmayıb - nə Azərbaycanda, nə də Ermənistanda.

Bununla yanaşı, Azərbaycan-Amerika münasibətlərinin yaxşılaşmasına gedən yol Vaşinqtonun, o cümlədən dünya siyasətinin digər nəhənglərinin təhlükəsizlik üçün mövcud təhdidlərə, konkret desək, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı probleminə adekvat münasibətindən keçir. "Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir", - deyə Azərbaycan Prezidenti İlham Əliyev fevralın əvvəlində Münhen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı bildirmişdi.

Ermənistan müstəqil hərəkət etmək iqtidarında olmayan, xarici qüvvələrdən tam asılı zəif dövlətdir. Paradoksal olsa da, bu xarici qüvvələr, əsasən, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr olur. Yəni, əslində, bitərəf mövqe nümayiş etdirməli olan dövlətlər dolayısı ilə münaqişə tərəfinə (açıq desək, təcavüzkara) kömək etməklə, onun yaşamasına və beləliklə, münaqişənin uzanmasına şərait yaradırlar. Nəticədə, o, Azərbaycan ərazilərinin işğalını davam etdirir.

Əgər Nulandın regiona səfəri Vaşinqtonun Cənubi Qafqazda maraqlarının olduğunu ortaya qoymaq məqsədi daşıyırsa, onda Amerikanın Cənubi Qafqaza yolu Ermənistandan keçməlidir. Əslində, Vaşinqtona özünün regionda həqiqətən də strateji maraqları olduğuna nə Azərbaycanı, nə də Gürcüstanı inandırmasına ehtiyac yoxdur. Amma Gürcüstan son illərdə özünün fərqli inkişaf yolunun istisna edilməsi üçün çox işlər görübsə, Azərbaycanın alternativ inkişaf istiqaməti hər zaman mövcuddur. Bu işdə onun tərəfdaşı yalnız Rusiya deyil, dünya siyasətinin digər nəhəng oyunçuları da ola bilər. Misal kimi, Vaşinqtonun o qədər də bəyənmədiyi İranı göstərmək olar.

V. Nulandla eyni vaxtda Bakıda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də danışıqlar apardığını rəmzi hadisə saymaq olar. Onun Bakıda keçirdiyi görüşlərdə istər ikitərəfli, istərsə də Azərbaycan-İran-Türkiyə formatında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunub. Əldə olunan razılaşmaya görə, yaxın zamanlarda İranda üç ölkənin XİN başçıları arasında növbəti görüş keçiriləcək. Daha bir vacib məqam İranın Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasını öz üzərinə götürməsidir. Xatırladaq ki, bu əlaqə Azərbaycanın bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində kəsilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu dəmir yolunun bərpası hər iki ölkə üçün vacibdir və onun gələcəkdə Rusiya və Avropanın da dəmir yolları ilə birləşdirilməsi baxımından böyük perspektivləri var.

Amerikalılar yalnız Azərbaycanın rəğbətini qazanmaq yox, həm də regiondakı mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmək istəyirlərsə, Ermənistanın təcavüzünün nəticələrini aradan qaldırmalıdırlar. Sarqsyan rejiminin hakimiyyətdə olduğu dövrdə isə bu, mümkün deyil. Azərbaycanın 20 ildən artıqdır problemi dinc yolla çözməyə cəhdlərinin nəticəsiz qalması bunu təsdiq edir.

Beləliklə, V. Nulandın Cənubi Qafqaz səfərindən əsas mesaj kimi Vaşinqtonla Moskva arasında bu region uğrunda gedən mübarizənin hələ bitmədiyini anlamaq olar. Azərbaycan üçün bu səfər Vaşinqtonun strateji sahələrdə Bakı ilə münasibətləri qaydaya salmaq cəhdi kimi qəbul edilə bilər. Bu, həm də münasibətlərin bir-birinin daxili işlərinə qarışmamaq şərtilə inkişaf etdirilməsi niyyətinin təsdiqidir. Dövlət katibinin köməkçisinin səfəri ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfirinin adəti üzrə uzun müddətdən sonra gəlib çıxmasından dərhal sonraya təsadüf edib. Bu, Ağ Evin Cənubi Qafqazla bağlı regionun üzləşdiyi yeni geosiyasi şəraitə uyğun yeni strategiya hazırladığının göstəricisi sayıla bilər.

Gürcüstana gəlincə, bu səfəri Vaşinqton tərəfindən Tiflisin Qərbə inteqrasiya və Avro-Atlantik strukturlara üzvlüklə bağlı strateji kursuna dəstək kimi dəyərləndirmək olar.

Ermənistan üçün isə bu səfər yerli hakimiyyət üçün özünəməxsus "qara damğa"dır. Nə qədər ki, Ermənistan "Rusiyanın forpostu" statusundadır, Vaşinqton özü üçün həqiqətən vacib region saydığı Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. Bəs amerikalılar Ermənistanı Rusiyanın total nəzarətindən qopara biləcəkmi? Bu, başqa məsələdir. Necə deyərlər, cəhd göstərmək olar, amma istənilən halda, postsovet ölkələri amerikalı siyasi texnoloqların yöndəmsiz və biçimsiz metodlarına yaxşı bələddilər.



MƏSLƏHƏT GÖR:

656