28 Aprel 2024

Bazar, 05:00

ATUR ÖVLADLARI

Azərbaycan xalqının formalaşma tarixi haqda faktlar

Müəllif:

15.01.2010

Müəllif oxuculara hələ başa çatdırmadığı kitabından bir neçə fəsil təqdim edir. Kitab rəvayət, yəni tarixi publisistika janrında yazılıb.  Mətn xüsusi olaraq "Region plus"un formatına uyğun şəkildə ixtisarla təqdim olunur  (İkinci hissə)

 

"Qarabaşlar"

Təkərin və təqvimin, əlifbalı yazının və pulun ixtiraçılarıdır. Dulus dəzgahı, uşaqların məktəblərdə oxuması, toxuculuq aləti və əczaçılıq da onların işidir. Bişmiş kərpici, poladı, sorğu kitabçalarını və kitabxanaları da onlar yaradıblar. Əkinçilik, yarımköçəri heyvandarlıq, gəmiçilik və şüşə onların icadiyyətidir.  Alkoqollu içkiləri, o cümlədən pivəni və üzüm şərabını onlar kəşf ediblər, hüquq, onluq say sistemi  və vergi anlayışını da ilk dəfə onlar tətbiq ediblər. Dəmirçi körüyü, həndəsə, saat, ordu, mətbuat, gigiyena!.. Uzun-uzadı sadalamaq olar. Bilik səviyyəsi indiki bəşəriyyətdən azacıq geri qalan toplumu təsvir etmək elə də mürəkkəb iş deyil. Bu sivilizasiyanın ali riyaziyyat və astronomiya, kimya və tibb, botanika və zoologiya, coğrafiya və geologiya kimi elmlərdən xəbəri olub. Onlar "qızıl kəsik" prinsipindən və uçan aparatların quruluşlarından da xəbərdar olublar. Günəş sisteminin quruluşu, incəsənət, fəlsəfə, psixologiya anlayışları onlar üçün aydın olub. Bu ekstrasenslər və maqlar sivilizasiyası zərif materiyanın mövcudluğundan məlumatlı imiş. Günəş işığının yer üçün qiymətini də bilirmişlər. Bu sivilizasiyanın məqsədi cəmiyyətdə və dünyada sülh olub. Onlar iddia edirdilər ki, öz biliklərini və bacarıqlarını tanrılardan alıblar. 

Şumerlər qədim Azərbaycan ərazisində necə peyda olublar? Müxtəlif ehtimallar irəli sürmək olar. Mümkündür ki, miqrantların bir hissəsi Ön Asiya və Cənubi Qafqaz ərazilərində məskunlaşıb. Qədim zamanlarda, təxminən, bizim eradan əvvəl 3-2-ci minilliklərdə çağdaş Azərbaycan ərazisində yaşayan soyların Şumer-Akkad dövləti ilə əlaqələri olub. Həm də tez-tez olub. Hətta Şumer-Akkad çarlığı bu ərazilərdən olan qutey və lullubəy soylarının birləşməsi tərəfindən işğal edilib. Bütöv yüz il boyunca! Yəni mümkünsüz heç nə yoxdur. Özü də şumerlər Azərbaycan ərazilərində olmaları barədə maddi dəlillər qoyublar. Onların sayı kifayət qədər çoxdur! O qədərdir ki, adam bilmir bu barədə nə düşünsün. 

Antropoloji olaraq şumerlər böyük hind-ari irqinin kiçik qolunu təşkil ediblər. Alimlər onları kavkasionlara aid ediblər. Şumerlər kətan köynəklər üzərindən xəz arxalıq geyiniblər. Keçə, qoyun və keçi dərisindən papaqlar qoyublar. İlin soyuq vaxtlarında yun bürüncəkdən istifadə edirmişlər. Qadınlar da eyni cür geyinirmişlər, əqiq, lazurit, sümük muncuqlar taxırmışlar. Qızıl bəzəklər də istifadə edirmişlər. Gözlərə və qaşlara sürmə çəkirmişlər, ətirli yağlardan istifadə edirmişlər. Qadınlar və kişilər doğuşdan ölümə qədər geyimin altında bellərinə (zərdüştilərin "kuşti" kəmərinə çox oxşayan) müqəddəs saydıqları iki çiçəkdən hörülmüş kəndir bağlayırmışlar. 

Döşlərində pektoral, əllərində və ayaqlarında metal qurşaqlar daşıyıblar. Bəllidir ki, şumerlər neft çıxarılması texnologiyası ilə yaxından tanışdırlar və onu müxtəlif məqsədlər üçün istifadə etməyi yaxşı bacarıblar. Evləri və məbədləri yanan neftlə işıqlandırıblar. Yanar qatışıq kimi onlardan hərbi məqsədlə də istifadə ediblər. Neftin müalicəvi xassələrindən xəbərdar olublar. Onu müxtəlif qatışıqlarla qarışdıraraq dəri xəstəliklərini sağaltmaq üçün sürtkülər əldə ediblər. Neftlə xəstə oynaqları sağaldırmışlar, mədə ağrılarını isə neft qatranından düzəldilmiş  həblərlə sağaldırmışlar. Qədim həkimlər həbləri saqqız kimi çeynəməyi buyururmuşlar. Neft tikintidə də istifadə olunurmuş. Nefti şumerlər neftli qumlardan mədən üsulu ilə əldə edirmişlər. 

Dəfn mərasimi barədə, hətta danışmağa belə dəyməz. Bu barədə yuxarı - kaspilərin dəfn ənənələrinə baxmaq yetərlidir. Bəlkə də bu, adi uyğunluqdur və ona görə də arqument saymaq olmaz. Mümkündür, amma istənilən halda görəsən bu necə baş verib?..

Azərbaycan ərazisindəki qala izlərinin, daha doğrusu, dini tikili qalıqlarının memarlığında şumer təsiri açıq-aydın hiss edilir. Keçən yüzilliyin tanınmış Azərbaycan memarı və memarlıq tarixçisi Davud Axundovun fikrincə, bu, Azərbaycanın qədim memarlıq abidəsi olan Qız qalasının görkəmində də müşahidə edilir. Qədim zamanların  səkkizmərtəbəli incisini tikmiş insanın nə memarlıqda, nə də abidənin mühəndis inşaat həllində bənzəri olmayıb. Bu möcüzə abidənin ilkin təyinatı hələ də heç kim tərəfindən aydınlaşdırıla bilinməyib. 

Şumer təsiri Bakı yaxınlığında yerləşən sualtı "Səba-il" qalasının da memarlıq görkəmində hiss edilir. Kaspilərdən miras qalmış qala zikkurat şəklində inşa edilib. Yəni şumerlərin piramidaşəkilli pilləli məbədlərinə bənzəyir. 

Bəs Azərbaycan ərazisində indiyə qədər işlədilən toponomika necə olsun?  Axı Şumer-Akkad çarlığının toponomikasına çox bənzəyir. Məsələn, Azərbaycanın müxtəlif ərazilərində geniş yayılmış  "Kiş" adını götürək. Şumer ərazisində şumer tanrısı Kişarunun şərəfinə adlandırılmış şəhər-dövlətin adı ilə demək olar ki, eynidir.  

Yaxud "Lahıc"ı - Azərbaycan rayonlarından birinin adını götürək; bu ad qədim və özünəməxsus bir xalqın - lahıcların adından gəlir. Bu toponim də ilk şumer şəhər-dövlətlərdən biri Laqaşın adına bənzəyir. Bu ad şumerlərin kosmoqonik düşüncəsində kainatın qara materiyasını əks etdirən "ilahi varlıq"ların - Laxmu və Laxamunun şərəfinə verilib. Şumerin mifik versiyalarından birinə ("Enki və dünya nizamı"na) görə, Enki tanrının yaratdıqları sırasında onun yaratdığı okeanda - Ap-suda həyat da var. Daha sonrakı kosmoqonik versiyaya ("Enum-Eliş"ə) görə, bu sırada ilkin həyat stixiyası Ap-su və ilkin xaos Tiamatın övladları da var. 

Lahıcın özü isə məşhur bacarıqlı ustalar şəhəridir, deyilənə görə, Monomaxın əfsanəvi tacı bu şəhərdə düzəldilib. Həmin tac uzun müddət Rusiya çarlarının başında hakimiyyət rəmzi olub. Yeri gəlmişkən, qədim kaspi tayfası utilərin, yəni çağdaş udinlərin babalarının adı da qəribə şəkildə şumerlərin Günəş və od tanrısı  Utunun adına uyğun gəlir. Azərbaycan ərazisində bu cür şumer izi olan toponomik və etnonomik uyğunluqlar çox saydadır. Onlar barədə daha ətraflı kitabda veriləcək. 

Leksik düsturlarda və ifadələrdə əks olunan və şumerlərinkinə çox bənzəyən mədəni ənənələr və adətlər necə olsun? Şumer nağılları, əfsanələri, hekayələri, atalar sözləri ilə çox oxşar olan şifahi xalq yaradıcılığı bəs?.. Azərbaycanlıların əcdadlarının ilkin inanclarında qədimlərdən mövcud olmuş kosmoqonik ritualistika və simvolika da var. Elə şumerlərin insanların anası saydığı Damqalnunu-Mamiyə bənzər iridöşlü, iriombalı qadın fiqurlarını götürək. Bu fiqur bəlkə də dünyanın yaranışından bəri uzun müddət azərbaycanlıların  əcdadlarının tapınma yeri olub. Azərbaycan ərazisində qaya rəsmləri, heykəlciklər və daş bütlər şəklində onun o qədər təsvirləri tapılıb ki, sanki, şumer çarlığı xüsusi olaraq bu təsvirlərin bura göndərilməsi ilə məşğul olub. Qobustanın petroqlif yazılarındakı şumer tanrıları nə ilə bağlıdır?  Tanrılar haqqında da kitabda danışacağıq. Şumerlərin insanın yaradıcısı saydıqları tanrı Enkinin rəmzi olan bir-birinə hörülmüş iki ilan təsvirləri necə olsun? Çağdaş şumerşünasların və genetiklərin fikrincə, insan DNT-dəki işarələrin yarısı Yer, yarısı isə göymənşəlidir. Bəs şumerlərin qanadlı diski nədir? Sonradan o da Aran zərdüştlüyünün əsas rəmzinə çevriləcək. 

Doğrudur, qədim dinlərdən zərdüştlüyə keçərkən o, yüngülcə dəyişdirilib və üzərinə tanrı Hürmüzün də təsviri əlavə edilib. Şumerlərdən qalmış həyat ağacı, günəş, ay təsvirləri, çox sayda svastika işarələri, ulduz təsvirləri və tanrıların işarəsi olan altıləçək şumer çiçəyinin təsvirləri də var. Və bütün bu təsvirlər uzun illər boyunca Azərbaycan xalqlarına qutsal simvolika kimi xidmət ediblər. Qədim kaspilərin dili də şumer dilinə çox bənzər olub.  Bunun qalıqları türkdilli azərbaycanlıların dilində, türk fonetikasında deyil, öz Arran-Azərbaycan fonetikasında qalıb. 

Son illərdə çox xalqlar şumerləri öz etnogenezlərinə aid edirlər. Bəziləri onları hind-avropalıya, bəziləri elamlılara (sami-hamilərə), üçüncülər isə türklərə aid edirlər (müəllif türkləri arilərdən ayırmır. Düşünür ki, bu iki xalq eyni yafəsi qrupuna aiddir və bu problemi daha ətraflı kitabında təsvir edir).  Bəs şumerlər kimlərdir? Hələ 1853-cü ildə assiriologiyanın atası  ser Henri Raulinson  şumerlərin dilini  "skif və türk" dili adlandırıb. İraq (Mesopotamiya) ərazisində tapılmış və sonuncusu bizim eradan əvvəl  3-cü minilliyə aid edilən gil löhvələrdəki qədim şumer mixi yazılarının təhlili göstərib ki, şumer sözlərinin çoxunun kökü doğrudan da türk sözlərininki ilə eynidir. Kiçik bir mətndə bu cür oxşarlıqlar dörd yüzdən çoxdur. Məsələn, "nafta" (neft) sözü şumer-akkad - "napata" sözünə bənzəyir. Şumerlərin "ada", yəni ata sözü türkcədə "ada" və "ata" kimi səslənir. Şumerlərin "ama", yəni ana sözü  türk dillərində "ama", "aba", "apa", "ana" kimi səslənərək eyni mənanı daşıyır. Burası da var ki, böyük ehtimalla Azərbaycan dilindəki "ana" sözü  sevgi, artım və münaqişə ilahəsi  ana-nnanın adından götürülüb, burada həmin ilahəyə qədim zamanlardan tapınılıb və onu arran xalqının xanımı və anası sayıblar. Ana-nna şumerin cinsi sevgi, məhsuldarlıq və savaş ilahəsi qəzəbli İna-nnanı çox xatırladır. 

Bütün türk dillərində mövcud olan bir şumer sözü - "din-qir"  də maraqlıdır (hərfi mənası göydən gələn deməkdir). Türk dillərində bu söz "Tanrı" anlamı verir, buna oxşar "dinqir" şəklində səslənir, "cinqir", "tenqir", "teqri", "danqir" formaları da var. Çağdaş Azərbaycan dilində "din" sözü həm də inanc anlamındadır. Şumerlərin "kir" - çirk sözü türk dillərində də  "kir" şəklində işlənir və çirk, gil mənasını verir. Şumerlərin "er", "ar" - torpaq sözü  türk dillərində enyi anlamla "yer", "ar" şəklində işlədilir. Şumerlərin  ölkə, dağ, məbəd  mənası verən "ur", "kur" (akk) sözləri türk dillərində  "kurmak", "qurmaq" şəklində işlədilir və tikinti anlamı verir. 

"Tu" - doğmaq sözü də türklərin eyni məna verən  "tuu", "tuqu", "tuvu" sözlərinə oxşardır.  "Ud" - alov sözü şumerilərin Günəş və Od tanrısı Utunun adından götürülüb və türklərin  "udun", "otun", "odun" sözlərinə oxşardır. Şən, sevincli mənası verən "qulşe" isə türk dillərindəki "qulmak", "gülmək" sözlərinə bənzəyir, oxşar mənanı daşıyır. Şumer eposunun qəhrəmanı Bilqamışın (semit-akkad ifadəsində "Gilqamış") adının kökündə duran "bilqa" sözü "əcdad" deməkdir. Türk dillərində bu söz daha geniş mənada işlədilir. "Bilgə" - müdrik, bilikli deməkdir. Eyni kökdən yaranmış "bilik" sözü türk xalqlarında həm bilik, həm müdriklik və hətta elm mənasında işlədilir. 

Şumer salnamələrində çox şey var. Çoxsaylı rəvayətlər və epik əsərlərdə, təsərrüfat hesabatlarında, hətta şumer miflərində şumer müəlliflərinin açıq-aydın həsrətlə bəhs etdiyi bir ölkə var. Onun haqqında yazanda Şumer çarlığından da qədim olduğunu göstərirlər. Bu, Arata ölkəsidir. Onun sakinlərini epik mətnlərin birində şumer tanrısı Ninurta  "An övladları" adlandırır. An şumerin qədim səma tanrısıdır - kiçik tanrıların valideyni və başçısıdır. Belə çıxır ki, Aratada şumer tanrıları yaşayıb?..  Daha ilkin şumer mətnlərinə görə, Arata elə yerdə olub ki, orada "göydən enənlər" ilk yaşayış məskəni salıblar və onu  "E.R.İ.D.U" adlandırıblar. Bu, "göydən gələnlər"in dilində "evdən uzaq torpaq" və ya "qürbət" mənasını verirmiş. 

Daha sonra bu ad dünyanın bütün dillərində özünü göstərəcək və azacıq fərqli çalarlarla "yer" mənasında işlədiləcək. Bu da bir paradoksdur. Şumer mətnlərində Arata haqqında xatırlatmalar yetərincə çoxdur. Sirli Aratanın bəzi yerlərinin toponimlərinin müfəssəl təsviri də var. "Uş-kaya" -  çağdaş şəkildə Üç qaya, "Uiş-diş" - Beş diş.  "Qan-tau" -  Qan dağ,  "Qizil-buda" - Qızıl bunda, yəni qızıl torpaq, "İş-tat-ti" - yanan həyat torpağı kimi ifadə edilir. 

Gilqamışın epik mətnlərində şumer tanrıları Enmerkar, Luqalbanda və üçdəbir hissə tanrı olan Gilqamışın dənizlə Arata dağlarına səfərindən bəhs edilir. Aratadan Od tanrısının müqəddəs ölkəsi kimi danışılır və oradan şumerlərin gil Mesopotomiyasına sevgi ilahəsi İna-nnanın məbədinin tikintisi üçün ağ əhəngdaşı gətirirmişlər. 

Aratadan mis, dəmir və əlvan metallar da gətirirmişlər. Gətirdiklərinin arasında yarıbahalı göy lazurit də varmış, şumerlər bu daşla məbədləri bəzəyirmişlər. Şumer eposunda başqa faktlar da var. "Enmerkar və Aratanın sahibi" mətnində tanrılar Enmerkar və Ensuxkeşdan sevgi ilahəsi İna-nnanın harada - Aratada, yoxsa Mesopotomiyada yaşayacağı barədə mübahisə edirlər. İna-nna çoxdan Aratada yaşayır. Amma tanrılar mübahisə edirlər...

Danimarkalı şumeroloq  A. Vestenhols "şumer" sözünü "ki-eme-qir", yəni "alicənab dilin torpağı" sözünün təhrif olunmuş forması sayıb. Bütün zamanlarda alicənab dil alicənab arilərin, yəni Nuhun oğlu Yafəsin törəmələrinin  dili sayılıb.  Onlar hələ qədim zamanlardan Cənubi və Şimali Azərbaycan ərazisində yaşayıblar və həmin ərazilər qədim zamanlardan Arran adlanıb. Bəlkə bu, elə Aratanın özüdür?..  

"Qara başlar"...  Kainatın sonsuzluğunu bilirmişlər,  həm də adamın inanmağı da belə gəlmir, "böyük partlayış" və "xaos" nəzəriyyələrindən xəbərdar imişlər! Hər şeyin hansısa hamıdan yüksək olan Mütləqdən başlandığına inanırmışlar. Tanrının qulu olan insanın tanrı qanı qarışdırılmış Ap-su gilindən düzəldilməsini də deyirmişlər. Yer rüşeymindən və tanrı toxumundan. İnsanın qabırğasından qadının yaradılmasını da, cənnət və cəhənnəm haqqında da, şər sözlərə qulaq asıb yasaq Bilik ağacından meyvə dərən insanın günahından da xəbərdar imişlər. Qədim xalq üçün bunlar gerçəkləşməmiş arzu, əbədi can atılan yer və tapınılan obyekt olaraq qalmışdı. "Qarabaşlar"ın sözə baxmadığına görə insanın öz tarixi vətənindən qovulması, böyük daşqın və xilaskar peyğəmbər barədə dedikləri kimi çoxsaylı sakral açıqlamaları sonradan çox vaxt bu və ya digər dəyişikliklərlə eyni şeyi deyən böyük dinlərin hədislərinə daxil olacaq. Ola bilər ki, bu hədislər tək Tanrı dininin banisi, şumerin Ur şəhərinin yetirməsi olan İbrahimin özü tərəfindən söylənilib. 

Bu sivilizasiya ilk şəhərləri salıb və ilk məbədləri yaradıb. İnsanın bu sərt dünyadakı əzablarını və möcüzəyə ümidlərini əks etdirən ədəbiyyatı yaradıb. Min illər boyunca unudulmazdan öncə özlərindən sonrakı insanlar üçün bilik və vərdişlər miras qoyub. Bu biliklərin bir çoxu unudulub və sonradan yetkinləşmiş və ağıllanmış insanlıq tərəfindən ağır zəhmət hesabına yenidən əldə edilib. Min illərdən sonra... Bu sivilizasiya özündən sonra çoxsaylı suallar da qoyub. Bu suallardan biri də beş min il əvvəl qaraşındərili və qarasaçlı semit-akkadların arasında yaşamış bu xalqı kimin, niyə, harada, nə zaman "qarabaş" adlandırması ilə bağlıdır. Bəlkə bu adı verən xalq "qarabaş"larla min illər boyu yan-yana və barışıq içində yaşamış sarısaçlı arilərdir? "Odlu" qayalar və qızğın dəniz ölkəsindən olan arilər. Arata adlı ölkədən olanlar...

 

Ardı var...

Məqalənin əvvəlki hissəsində Kaspiana dövlətinin tarixində texniki yanlışlıq baş verib. Buna görə də  həmin hissəni yenidən nəzərinizə çatdırırıq.

..."Çox qədim zamanlardan Qul-zum-dəniz sahillərində yerləşmiş sirli gəlmə tayfalar - kasplar və ya kaspilər bu ərazilərdə öz dövlətlərini yaradacaqlar. Onun adı bu xalqın etnonimindən götürüləcək - Kaspiana dövləti (bizim eradan əvvəl ? minillik). Dəniz isə sonradan cəsur dənizçilərin və qədim gəmiqayıranların şərəfinə Kaspi dənizi adlandırılacaq".


MƏSLƏHƏT GÖR:

454