2 May 2024

Cümə axşamı, 18:03

SÜLHƏ GEDƏN ƏZABLI YOL

İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunacaqmı?

Müəllif:

03.03.2015

Ötən həftə Cenevrədə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Almaniya, Fransa) ilə İran arasında danışıqların növbəti raundu başa çatıb. Danışıqların əsas yükü ABŞ-ın dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin çiyinlərinə düşüb. Görüşdə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə ABŞ-ın enerji naziri Ernest Moniz də iştirak ediblər. İran tərəfinin bildirdiyinə görə, hələlik problemin həllində irəliləyiş haqda danışmaq tez olsa da, müzakirələr "məhsuldar" keçib. Amma İran xarici işlər nazirinin müavini Abbas Arakçinin hədələri əslində ehtirasların xeyli coşduğunu göstərir. O, qarşı tərəfin öz iradəsini Tehrana diktə etməyə çalışacağı təqdirdə, İranın danışıqlardan çıxacağını bildirib.

Tərəflər bu formatda danışıqlara 2 ildən artıqdır start veriblər. Onlar Tehranın nüvə proqramının birmənalı şəkildə dinc xarakterli olmasına zəmanət verilməsi, əvəzində İrana tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasına nail olmağa çalışırlar. Hələlik danışıqlar masası üzərində olan yalnız "aralıq fəaliyyət planı"dır. Çərçivə sənədinin razılaşdırılması üçün son tarix kimi martın 24-ü müəyyənləşdirilib. İyunun 30-dək isə problem, ümumilikdə, həll olunmalıdır.

Bu arada xəbər agentliklərində 10 il əvvəl yer alan başlıqları yada salsaq görərik ki, onda Qərb, xüsusilə də ABŞ yalnız hərbi ritorikaya üstünlük verir, dünya Fars körfəzi regionunda miqyaslı hərbi qarşıdurmaya hazırlaşır, bunun neft tədarükünə, terrorla mübarizəyə və ümumilikdə, regiondakı duruma necə təsir göstərəcəyini müzakirə edirdi. Ötən dövr ərzində isə çox şeylər dəyişib. Dəyişiklik Tehranın mövqeyində də baş verib. Geosiyasi vəziyyətin dəyişməsi, prezident seçkiləri və sanksiyalar İrana müəyyən təsirini göstərib. Amma Tehran hələ də nüvə proqramından imtina etməyi düşünmür və israrla onun dinc xarakter daşıdığını bildirir.

2005-ci illə müqayisədə Vaşinqtonun mövqeyində də dəyişikliklər var. İndi o, İranla razılığa nail olunması üçün əlindən gələni edir. Amerikalılar Tehranın sentrifuqalardan dinc məqsədlərlə istifadəsinin mümkünlüyünü bildirir, hətta İrana tətbiq olunmuş sanksiyaları aradan qaldırmağa hazırlaşır. ABŞ prezidenti Barak Obama bildirib ki, "iranlılar 2013-cü ilin noyabrında imzalanmış aralıq razılaşmasının şərtlərinə əməl edirlər". "Onlar nüvə proqramlarını inkişaf etdirmək məqsədilə danışıqların arxasında gizlənmirlər. Bilirik ki, işlər dayandırılıb və onlar uranın 20%-dək zənginləşdirilməsi prosesində geri çəkiliblər", - deyə Obama qeyd edib.

Bəzi analitiklər hesab edir ki, ABŞ-ın mövqeyindəki dəyişikliyin əsas səbəbi Yaxın Şərqdə "ərəb baharı"ndan sonra yaranmış vəziyyətdir. Söhbət həm də İŞİD təhlükəsindən gedir. KİV-də Vaşinqtonla Tehranın İŞİD-lə mübarizədə səyləri birləşdirdiklərinə dair də xəbərlər yer almaqdadır. Deyilənə görə, hətta İraq ordusu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlik etdiyi "Bədr" şiə qeyri-nizami qoşununun göstərişlərini yerinə yetirir. İranın Suriya ordusu və "Hizbullah"la da sıx əlaqələri olduğu məlumdur. Bundan başqa, müşahidəçilər ABŞ-ın Yəmən paytaxtı Sanadakı səfirliyinin bu yaxınlarda evakuasiya edildiyini bildirirlər. Məlumata görə, səfirliyin binası husi yaraqlıları tərəfindən ələ keçirilib. Onlarınsa İrana tabe olduqları deyilir. Birləşmiş Ştatların dövlət katibi Con Kerri Tehranın şiə qiyamçılarının Yəməndə hakimiyyəti ələ keçirməsinə "dəstək verdiyini" söyləsə də, fakt faktlığında qalır - Sanadakı son hadisələr zamanı amerikalılar bir qədər anlaşılmaz davranıblar və bu, bir çoxları üçün əlamətdar haldır.

Baş verənlərə ən qəzəblə yanaşan İsraildir. Yəhudi dövlətinin mətbuatı Vaşinqtonu az qala İranın nüvə fövqəldövlətinə çevrilməsi üçün yol açmaqda günahlandırır. KİV yazır ki, amerikalılar bunu Yaxın Şərqdə Tehrana və "Müsəlman qardaşlar"a əsaslanan yeni düzən yaratmaq naminə edirlər. "Aİ məmurlarının bildirdiklərinə görə, ABŞ-ın dövlət katibi Con Kerri və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif İranda uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların sayının artırılması məsələsini müzakirə ediblər. Bunun əvəzində iranlılar İraq, Əfqanıstan və Suriyada sabitliyin təminində öz imkanlarından istifadə etməlidir", - deyə "The Jerusalem Post" yazır. İsraillilər Vaşinqtonun bu işlərdə Aİ ilə məsləhətləşmədiyinə də diqqət çəkir. İsrail KİV-i hər şeydə inciklik üçün əsas axtarırlar. Məsələn, bir çoxları diqqət yetirir ki, Obama və onun mətbuat nümayəndələri Parisdəki hipermarketdəki terror aktında ölənləri əvvəlcədən hazırlanmış aksiyanın deyil, "qarışıq atışma"nın qurbanları kimi təqdim ediblər.

Bu arada Binyamin Netanyahunun Amerika Konqresində martın 3-nə planlaşdırılmış çıxışı Ağ Evin ürəyincə deyil. Çünki o, İsrail liderinin çıxışının Tehranla danışıqların gedişinə mənfi təsir göstərəcəyinə əmindir. Məsələ o həddə çatıb ki, Barak Obama Netanyahu ilə görüşməyəcəyini əvvəldən bəyan edib. Amerika prezidentinin bu qərarı protokol qaydaları ilə izah olunur - iki lider arasında görüşün İsraildə martın 17-də keçiriləcək seçkilərə yaxın tarixdə baş tutması məqsədəuyğun deyil. Guya bu, israillilərin seçkiqabağı gedişidir. Çünki Netanyahu ölkəsində siyasi rəqiblərini fikir ayrılıqlarını yaddan çıxarmağa, milli maraqların müdafiəsində onun başçılıq etdiyi "Likud" partiyasına dəstək verməyə çağırır. Obama və bir çox demokratlar parlamentin Netanyahunun çıxış edəcəyi toplantısında da qatılmayacaqlar. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syuzan Rays PBS telekanalına açıqlamasında bildirib ki, Netanyahunun Vaşinqtona "bu dərəcədə razılaşdırılmamış" səfəri "nəinki təəssüf doğurur, həm də iki ölkə arasındakı münasibətləri pozur".

Netanyahu isə qərarlıdır. O, İranla danışıqların davam etdirilməsini "biabırçılıq" sayır. "İranla mümkün razılaşma İsrailin mövcudluğuna təhlükədir. İran nüvə bombasının hazırlanması üçün zənginləşdirilmiş materialın əldə edilməsinə hər zamankından daha yaxındır", - deyə İsrailin baş naziri qeyd edib. Maraqlıdır ki, bununla eyni vaxtda "Guardian" qəzetində "Mossad Netanyahunun İranın nüvə bombası haqda bəyanatına etiraz edib" başlıqlı məqalə dərc olunub. Britaniya qəzeti hansısa sənədlərə istinadən İsraildə məxfi xidmətlə baş nazir arasında fikir ayrılıqlarının olduğunu yazır. Belə ki, 2012-ci ildə Binyamin Netanyahu BMT Baş Assamleyasının tribunasından İranın nüvə silahı əldə etməsinə 1 ildən də az vaxt qaldığını bildirmişdi. Lakin bir neçə həftə sonra İsrail kəşfiyyatı məxfi məruzə ilə çıxış etmiş, Tehranın "nüvə silahının hazırlanması istiqamətində iş aparmadığını" bildirmişdi. 

"Mossadın İranın nüvə proqramı ilə bağlı 2012-ci ildə hazırladığı məruzə Netanyahunun küyçülüyü ilə tam ziddiyyət təşkil edirdi. Baş nazir Tehranın bu istiqamətdəki fəaliyyətini çoxdan İsrailin mövcudluğuna təhlükə kimi təqdim edir, onun beynəlxalq təhlükəsizliyə ciddi təhdid olduğunu bildirir", - deyə "Guardian" yazır.

Beləliklə, Vaşinqton İranla razılaşma əldə etmək üçün İsrailin son dərəcə ciddi müqavimətini qırmalı olacaq. Üstəlik, "altılıq"da təmsil olunan Rusiya da öz oyununu oynayır. Məsələn, məhz Cenevrə danışıqlarının getdiyi bir vaxtda Moskva İrana C-300 komplekslərinin əvəzinə "Antey-2500" HHM kompleksləri təklif edib ("Antey-2500" C-300 kompleksinin şəkli dəyişdirilmiş versiyasıdır). Bu, əlbəttə ki, danışıqlar prosesində İranın mövqeyini xeyli gücləndirə bilər. Ümumilikdə, zenit komplekslərilə bağlı məsələ Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Tehrana səfəri zamanı həllini tapıb. Səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlığa dair saziş imzalanıb (bu, ikitərəfli münasibətlərin tarixində ilkdir). Razılaşma nümayəndə heyətləri arasında mübadiləni, birgə qərargah təlimlərinin keçirilməsini, hərbi kadrların hazırlanmasını, terrorçuluq və narkotik ticarətilə mübarizədə səylərin birləşdirilməsini və s. nəzərdə tutur. Son zamanlar Rusiya ilə İran arasında ticarət də genişləndirilib. Bu, xüsusilə dəniz yolları ilə aparılan ticarətə aiddir. Moskva ilə Tehran atom sahəsində də sıx əməkdaşlıq edir. Enerji sahəsində isə Rusiya ilə İranın mövqeyi maraqlı mənzərə yaradıb. Cənubi Qafqazın, xüsusilə Mərkəzi Asiyanın Qərb ölkələri üçün enerji alternativinə çevrilməsi nə Moskvaya, nə də Tehrana sərf edir. Amma bu təhlükə aradan qaldırılarsa, Rusiya ilə İran özləri bir-birləri üçün rəqibə çevriləcəklər. Demək, İranın nüvə proqramı ətrafında danışıqların "havadan asılı" vəziyyətdə qalması, Tehrana tətbiq edilmiş sanksiyaların ləğv olunmaması prinsipcə Kremlə sərf edir.

ABŞ-ın əzm nümayiş etdirməyə nə qədər hazır olduğu, İsrailin müqavimətini necə qırmağı düşündüyü martın sonunadək üzə çıxacaq. İrana gəlincə, o çox gözləyib və deyəsən, artıq Yaxın Şərqin əsas oyunçuları arasında ziddiyyətin vəziyyəti onun xeyrinə dəyişdiyi an yetişib. Üstəlik, bu, Tehranın özünün xüsusi səyləri olmadan baş verir. İslam respublikası hələ yaranmış vəziyyətdən bəhrələnməkdədir. Amma İrandan öz oyunlarının parametrlərini açıqlamaq tələb edildikdə, o, artıq hesabı da ödəməli olacaq.



MƏSLƏHƏT GÖR:

722