4 May 2024

Şənbə, 06:44

ERMƏNİSAYAĞI "TƏMİZLƏMƏ"

Serj Sarqsyan "müxalifətçi oliqarxlar"a qarşı müharibə elan edib

Müəllif:

03.03.2015

Ermənistanda siyasi meydanın yenidən formalaşması prosesi davam edir. Bu prosesə ölkəni "yalançı siyasi təzahürlərdən" və "feodal məntiqindən" təmizləmək kursuna start vermiş ölkə başçısı Serj Sarqsyan rəhbərlik edir.

Əvvəlcə çoxları düşünürdü ki, söhbət yalnız "Çiçəklənən Ermənistan" partiyasının (ÇEP) lideri, su oliqarxı Qaqik Sarukyandan gedir. Əslində isə daxili siyasi çaxnaşmaların yeni raundu hakimiyyətin Qaqik Sarukyanı müxalif üçlükdən son dərəcə effektiv şəkildə kənarlaşdırması ilə başlayıb. Əvvəlcə ÇEP sədri xalqı birbaşa və dolayısı ilə barrikadalar qurmağa çağıran bir sıra bəyanatlarla çıxış etdi. Cavabında hakimiyyət rıçaqlarını işə saldı - vergi xidmətindən tutmuş, cənab Sarukyanın deputat mandatından, demək, həm də deputat toxunulmazlığından məhrum edilə biləcəyinə dair eyhamlaradək. Hökumətin əks-hücumu Sarukyanı əməlli-başlı qorxutdu və o, prezident Sarqsyanla görüşdən sonra mövqeyində kəskin dəyişiklik etdi. Bu dəfə "sağlam düşüncə"yə əsaslanan Sarukyan qan tökülməsinin yolverilməz olduğunu açıqladı. Yəni əslində o, daxili siyasi kapitulyasiyaya getdi. Artıq Ermənistanda silahlı mühafizədən bu günlərdə məhrum edilmiş Sarukyanın yenidən mühafizəçilərlə təmin edilib-edilməyəcəyilə bağlı zarafatlar dolaşmaqdadır.

Əksər əlamətlər isə göstərir ki, Serj Sarqsyanın "yaxın ətrafı" Qaqik Sarukyanın siyasi kapitulyasiyasını kifayət saymırlar. Hökumətpərəst mətbuat onun ünvanına ittihamları davam etdirir. KİV hesab edir ki, Sarukyanın yol verdiyi yanlışlıq bağışlanmazdır: o, birincisi, hakimiyyəti xalqı küçələrə çıxarmaqla, yəni "ikinci cəbhə açmaqla" hədələyib. İkincisi, Sarukyan addımları ilə "erməni soyqırımı"nın yüzilliyi ərəfəsində sabitliyin pozulması riskini yaradıb. Ermənistanın hakimiyyətpərəst mətbuatı əmindir ki, bu cür günahlar prinsipial olaraq, bağışlanmazdır. Gəlinən qənaət isə belədir: əslində, ÇEP-in lideri yox, "sahibi" olan Q.Sarukyan siyasi meydanı tərk etməlidir ki, başqalarına da dərs olsun. Onun yarıda qırılan siyasi karyerası isə "böyük pulların siyasətə girməsinin" nə ilə nəticələndiyini göstərən bariz nümunə sayılmalı, "Ermənistanda Maydan təşkil etmək istəyənlərə" dərs olmalıdır.

Ümumiyyətlə, indi Q.Sarukyan ÇEP sədrliyindən də istefa verməlidir. Oliqarx ola bilsin ki, biznesini qoruyub saxlasın, amma siyasətlə məşğul olmağa istənilən cəhdi, yəqin ki, ona çox baha başa gələcək.

Sarukyanın timsalında bu metamorfoza, deyəsən, onun müxalifətdəki silahdaşları üçün son dərəcə gözlənilməz olub. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yazdığı geniş məqalədə bildirir ki, bu yaxınlaradək hakimiyyətə yaxın şəxs sayılmış Qaqik Sarukyan "hakimiyyətətrafı rifahı" müxalifətçi əziyyətindən üstün tutub və s. Bununla yanaşı, Ter-Petrosyanın fikrincə, Sarukyan siyasətdə öz sözünü hələ deməyib.

Q.Sarukyanın özünə gəlincə, o, hələ ki, "fasilə verməyi" məsləhət bilir və "son sözünü" söyləməyə tələsmir - yəqin ki, oliqarx Ermənistan reallığında bu sözün, həqiqətən, son söz ola biləcəyini anlayır.

Maraqlıdır ki, Ermənistan müxalifətinin fevralın 20-nə təyin etdiyi mitinq dərhal təxirə salınıb (o, Viktoriya Nulandın Ermənistana səfəri günü keçirilməli idi). Əlbəttə ki, aksiyanın uğur qazanması üçün əsas amil Sarukyan və tərəfdarlarının orada iştirakı deyildi. Vacib olan başqa məqamdır: İrəvanda tədricən belə qənaətə gəlirlər ki, artıq populyarlığını itirməkdə olan yalnız hakimiyyət yox, həm də sistemli müxalifətdir. Burada söhbət yalnız ÇEP-dən yox, həm də Levon Ter-Petrosyanın Erməni Milli Konqresindən gedir - bunlar Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını dəstəkləyən partiyalardır.

Bütün bunların fonunda mitinqin təxirə salınması maraqlı məqamdır. Amma bu, heç də təəccüblü deyil: mitinqlər, müxalifət liderlərinin hakimiyyətin ünvanına səs-küylü çağırışları və ittihamları heç bir nəticə verməyib. EMK-nın formal rəhbəri olan Levon Zurabyanın parlament tribunasından Ermənistanda idarəçilik böhranı ilə bağlı bəyanatla çıxış etmək cəhdi də gözlənilən nəticəni verməyib. Tribunaya çıxan müstəqil deputat Edmon Marukyan təqdim olunan bəyanatın mətnində heç bir önəmli fikrin yer almadığını, bəyanat müəlliflərinin heç nə təklif etmədiklərini, onların məqsədlərinin sadəcə tribunaya çıxmaq olduğunu bildirib. "Siz tənqid dinləmək qabiliyyətinə malik deyilsiniz. Hətta müxalifətdəki həmkarlarınızdan belə, tənqid qəbul etmirsiniz. Miqrasiyaya və sadaladığınız bütün digər günahlara görə hər kəs məsuliyyət daşıyır. Burada xalqı ölkədə hər şeyin pis olduğuna, hakimiyyət dəyişikliyinin o qədər də uzaqda olmadığına inandırmış müxalifətin də günahı var. Siz hər dəfə hakimiyyətin dəyişəcəyi günü və saatı təyin etməklə, insanlarda məyusluq yaratmaqla miqrasiyanı daha da gücləndirmisiniz. Siyasi sistem böhranı sizin də aranızda var. Bütün baş verənlərin günahkarı kimi, hakimiyyətlə birlikdə siz də getməlisiniz", - deyə Marukyan bildirib.

Amma bu vəziyyət, çətin ki, Ermənistan prezidenti S. Sarqsyanı qane etsin. O, hazırda ölkədə hakimiyyətin reytinqinin müxalifətinkindən yuxarı olmadığını anlayır. Üstəlik, onu da bilir ki, etirazçı elektorat sadəcə yeni lider axtarışındadır. Bu rola iddialılar isə kifayət qədərdir. Onlar yalnız peşəkar siyasətçilərin arasında deyil. Bu işə oliqarxlar, o cümlədən kriminal oliqarxlar da fəal şəkildə qoşulublar. Serj Sarqsyan məhz onlara qarşı müharibə elan edib.

Məsələn, bu yaxınlarda Ermənistan parlamentinin sabiq deputatı, daha çox "Çeyt" və ya "Çoyt" ləqəbilə tanınmış Akop Akopyan həbs olunub. Həbsin formal səbəbi onun 1 milyon dollar həcmində vergidən yayınmasıdır. İddialara görə isə Akopyan heç də vergi maxinasiyalarına görə saxlanılmayıb. Onun tutulmasının səbəbi... "erməni soyqırımı" ilə bağlı çəkdiyi bədii filmdir. "Çeyt" filmin ssenari müəllifidir. Filmin rejissoru Kacayr Akopyan, bəstəkarı Ara Qevorkyandır. Yeri gəlmişkən, bu, Tofiq Quliyevin melodiyalarını oğurlamaqla "şöhrət qazanmış" Qevorkyandır.

İrəvan KİV-nin yazdığına görə, filmə qapalı baxışdan sonra Akop Akopyana bu kinonun "soyqırımı"nın yüzilliyini məzhəkəyə çevirəcəyi, Ermənistanı dünyanın gözündə gülüş hədəfi edəcəyi, Azərbaycan təbliğatı üçün əsl tapıntı olacağı izah edilib. "Çeyt" isə bunun qarşılığında 10 milyon dollar pul tələb edib və nəticədə, "Nubaraşen" həbsxanasına düşüb.

Yeri gəlmişkən, Ermənistan hakimiyyətinin əməllərində artıq özünəməxsus xətt hiss edilir - siyasi meydanın "təmizlənməsi", ilk növbədə, siyasətçilərə yox, oliqarxlara toxunub. Bununla yanaşı, onlar yalnız "kommersiya" günahlarında ittiham olunurlar. Amma çox keçmir ki, KİV-də həbslərin əsl səbəbləri əksini tapır. Bu, "erməni işinə" vurulan zərbələrdir - ya "erməni soyqırımı" haqqında uğursuz film, ya mitinqlərə çağırış.

Göründüyü kimi, Ermənistanın siyasi meydanında miqyaslı "təmizləmə" əməliyyatı aparılır. Burada siyasi rəqiblərdən qisas alınması üçün bütün yollara əl atılır - siyasi ləkələmədən tutmuş, cinayət ittihamlarınadək.



MƏSLƏHƏT GÖR:

626