28 Aprel 2024

Bazar, 02:13

ÇİYİN-ÇİYİNƏ

Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Türkiyə xarici işlər nazirinin Azərbaycana səfər etməsi ermənilər üçün bir mesaj idi

Müəllif:

03.03.2015

Azərbaycanla Türkiyə arasındakı strateji ittifaq beynəlxalq arenada səylərin koordinasiyasına dair şifahi bəyanatlarla məhdudlaşmır. Bu, özünü dövlət başçıları, nazirlər, parlamentarilər səviyyəsində sistemli görüşlər və danışıqlarda da göstərir. Məlum səbəblərdən xarici siyasət idarəsi rəhbərlərinin qarşılıqlı səfərləri və məsləhətləşmələri bu il xüsusi önəm daşıyır. Onlar il ərzində istər Bakıda, istər Ankarada, istərsə də üçüncü ölkə ərazisində dəfələrlə görüşürlər. Son zamanlar Türkiyə və Azərbaycanın yüksəkrütbəli nümayəndələrinin vacib tərəfdaş ölkələrin də iştirakı ilə üçtərəfli görüşlər keçirmələri yeni təcrübəyə çevrilib. Burada söhbət istər Gürcüstandan, istərsə də İran və ya Türkmənistandan gedir. Amma iki ölkənin XİN başçıları arasında ikitərəfli formatda görüşlər prioritet olaraq qalır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya fevralın sonunda etdiyi səfər ermənilərin Xocalıda törətdikləri soyqırımı aktının 23-cü ildönümünə təsadüf edib. Aydındır ki, səfərin tarixi təsadüfən seçilməyib. Bu, "1915-ci il soyqırımı" ilə bağlı türklərin ləkələnməsinə yönəlmiş yeni kampaniyaya start vermiş ermənilərə və onlara himayədarlıq edən qüvvələrə müəyyən mesajdır. Yaxşı olar ki, ermənilər tarixin hansısa başqa bir dövründə baş vermiş faciəvi hadisələrə görə ağlaşma qurmaqdansa, müasir dövrdə kütləvi qətliamlar, etnik təmizləmələr, Azərbaycan torpaqlarının qanunsuz işğalı kimi hallara yol verdiyi üçün peşman olsunlar.

Bakıda keçirilən mətbuat konfransında çıxış edən M.Çavuşoğlu deyib: "Ermənistan səmimiyyət imtahanından keçə bilmədi. Ermənistan öz günahlarını etiraf edər, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararsa, qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşarsa, biz onun regional layihələrdə iştirakı üçün qapıları açmağa hazırıq".

Türkiyəli nazir bildirib ki, Dağlıq Qarabağ Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına ən böyük maneədir. Onun sözlərinə görə, "...Türkiyə Minsk Qrupunun üzvü kimi çoxsaylı platformalarda və üçüncü ölkələrlə danışıqlarda hər zaman Dağlıq Qarabağ münaqişəsi mövzusunu qaldırır, onu öz problemi sayır. Biz bundan sonra da dünya birliyinin məlumatlandırılması, bu problemin qardaş Azərbaycanın maraqlarına uyğun tezliklə həlli istiqamətində səylərimizi davam etdirəcəyik".

M.Çavuşoğlu deyib ki, Ermənistanın Konstitusiya Məhkəməsi Ankara-İrəvan münasibətlərinin normallaşdırılmasına dair İsveçrədə imzalanmış protokolların müzakirəsi zamanı "sənədlərin əsl mahiyyətini kənara atmağa çalışıb. İndisə İrəvan protokolların geri çağırıldığını bəyan edir. Açıq şəkildə bəyan edirəm ki, bu addım Ankara üçün heç bir əhəmiyyət daşımır".

Türkiyənin XİN başçısı Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək təntənəli mərasimlərə də diqqət çəkib: "Bu tədbirlər Türkiyənin vaxtilə onun torpaqlarını işğal etməyə çalışmış dövlətlərlə dialoqa hazır olduğunu nümayiş etdirməsindən başqa bir şey deyil. Bu, sülh və dostluq mesajıdır". M.Çavuşoğlunun sözlərinə görə, bir sıra dövlətlərin liderləri artıq təntənəli tədbirə qatılacaqlarını təsdiqləyiblər.

Bakıya səfəri zamanı M.Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda da olub. Görüşdə Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının uğurla keçdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev birgə fəaliyyətlə bağlı gələcək planların müzakirəsinin önəmini qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycanla Türkiyə arasındakı birlik regionda sabitliyin qarantıdır. Görüşdə Bakı-Tiflis-Qars, TANAP layihələri, hərbi-texniki əməkdaşlıq və əlaqələrimizin digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Yeri gəlmişkən, iki ölkə arasındakı iqtisadi əməkdaşlıqda davamlı irəliləyiş müşahidə olunur - 2014-cü ilin yekunlarına görə, ticarət dövriyyəsi 1,8 milyard dollar təşkil edib. Bunun 1,3 milyardı Türkiyədən Azərbaycana idxalın, 0,5 milyardı isə Türkiyəyə ixracın payına düşür. Tərəflər ticarət dövriyyəsini 15 milyard dollaradək artırmaq niyyətindədirlər.

Bakıya səfəri çərçivəsində Mövlud Çavuşoğlu Azərbaycan Diplomatik Akademiyasında "Türkiyənin xarici siyasəti: Qafqazda və Azərbaycanla əməkdaşlıq" mövzusunda mühazirə ilə çıxış da edib. Nazir bildirib ki, hazırda regionda geniş imkanlarla yanaşı, müəyyən çətinliklər də var: "Bakı və Ankara bu çətinliklərə sinə gərmək üçün güclü olmalıdırlar". Çavuşoğlu Avropada 8-9 il əvvəl başlamış iqtisadi böhranın hələ başa çatmadığını, lakin Türkiyə ilə Azərbaycanın mövqelərinin gücləndirilməsi üçün çox iş görə bildiklərini, bir çox ölkələrdən müsbət mənada fərqləndiklərini bildirib. "Azərbaycan artıq dünyada qəbul edilən oyunçuya çevrilib. İndi o özü başqalarına yardım edir. Dünya arenasında Azərbaycanın mövqeləri güclənir", - deyə türkiyəli nazir qeyd edib. Türkiyənin dünyada artan rolunun təsdiqi isə onun aparıcı iqtisadi fövqəldövlətlərin birliyi olan G-20 sammitlərində iştirakıdır. "İyirmiliyin" növbəti sammiti məhz Türkiyədə, Antalyada keçiriləcək. "Biz sammitə yalnız bir ölkə dəvət edə bilərdik və Azərbaycanı dəvət etdik. Azərbaycanın G-20 sammitində iştirakı Türkiyənin mövqeyini gücləndirəcək", - deyə M.Çavuşoğlu bildirib.

Fevralın 26-da Çavuşoğlu Xocalı hadisələrinin 23-cü ildönümü ilə bağlı keçirilən mərasimlərə qatılıb. Bununla yanaşı, qardaş Türkiyənin də bir çox şəhərlərində bu tarixlə bağlı aksiyalar və digər tədbirlər keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan həmin gün Ankaradakı çıxışında bu faciənin Türkiyə üçün böyük önəm daşıdığını söyləyib. O, Azərbaycan xalqı ilə yanaşı, türk xalqının da bu dəhşəti unutmayacağını bildirib. Türkiyənin, həmçinin onun üçüncü ölkələrdəki diasporunun Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına verdiyi dəstək Azərbaycanda yüksək qiymətləndirilir. Azərbaycan, onun diplomatik nümayəndəlikləri, KİV-i və diaspor təşkilatları da öz növbəsində Türkiyənin ermənilərə qarşı "soyqırımı" törətdiyinə dair yalan kampaniyanın ifşasında Ankara ilə çiyin-çiyinə çalışır.

Türkiyəni ittiham edən ermənilər isə eyni zamanda Azərbaycanı da hədəfə alırlar. Onlar beynəlxalq ictimaiyyətin canıyananlığından yararlanmağa, bununla da bəşəriyyət əleyhinə törətdikləri cinayətlərə, xüsusilə Xocalının dinc əhalisinə qarşı yol verdikləri əməllərə görə məsuliyyətdən qaçmağa cəhd edirlər. İrəvan son zamanlaradək Qərbdən olan himayədarlarının köməyilə Ankaranı Azərbaycanı dəstəkləməkdən çəkindirəcəyinə, ermənilərlə barışıq naminə Ankaranı dolayı kompensasiyaya razı salacağına ümid edirdi. Lakin bu gözləntilərin xülya olduğunu anlayan Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan "İçveçrə protokolları"nı parlamentdən geri çağırmaq məcburiyyətində qalıb.

Türkiyə nəhəng regional fövqəldövlətdir. Onun böyük demoqrafik, iqtisadi və hərbi potensialı var. Bu potensiala arxalanan Türkiyə rəhbərliyi tam müstəqil xarici siyasət yürüdür. Dünya fövqəldövlətlərinin ermənilərin əsassız iddiaları əsasında Ankara ilə münasibətlərini pozacağı yalnız miflərlə, geosiyasi fantaziyalarla yüklənmiş ermənilərin ağlına gələ bilərdi. Üstəlik, Yaxın Şərqdə, həmçinin Ukrayna böhranı ilə əlaqədar bütünlükdə postsovet məkanında vəziyyətin ağırlaşması istər Qərb, istərsə də Rusiya üçün Türkiyə ilə tərəfdaşlığın önəmini artırır. Ermənilərin Türkiyəni "1915-ci il soyqırımı"nın dünya tərəfindən tanınacağına dair şantajlarının iflasa uğraması da təəccüblü deyil.

Türkiyə liderləri ermənilərin əməllərini açıq və əzmlə dəf edirlər. Məsələn, Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək ermənilərə qarşı heç bir "soyqırımı"nın həyata keçirilmədiyini bəyan edib. O bildirib ki, Ankara dünyada Türkiyəyə qara yaxmağa çalışan erməni diasporuna sinə gərmək əzmindədir. "Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərini açıb. Ermənistanda da belə arxiv varsa, qoy, eyni addımı onlar da atsınlar", - deyə C.Çiçək qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ankaranın 1915-ci il hadisələrini ermənilərə qarşı törədilmiş "soyqırımı" saymadığını bəyan edib.

Ankaranın indiyədək Ermənistana qarşı atdığı barışıq addımları heç kəsi yanıltmamalıdır. Türkiyəni zorla boynuna qoyulan cinayətlərin "etirafına" məcbur etmək, Ankara ilə Bakı arasındakı möhkəm ittifaqı dağıtmaq nə ermənilərə, nə də onların himayədarlarına nəsib olacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərinin sonunda işlətdiyi bir fikir bunun ən yaxşı təsdiqidir: "Azərbaycan və Türkiyə birlikdə güclüdürlər".



MƏSLƏHƏT GÖR:

596