4 May 2024

Şənbə, 12:24

REANİMASİYA

Azərbaycanla Bolqarıstan "Nabucco" layihəsinin bərpasına qərar verdilər

Müəllif:

10.03.2015

Azərbaycan Pezidenti İlham Əliyevin Bolqarıstana ötən həftə etdiyi səfəri iki ölkə prezidentləri Heydər Əliyevlə Jelyu Jelevin ikitərəfli münasibətlər və əməkdaşlığa dair razılaşmanı imzalamalarının 20-ci ildönümünə təsadüf edib. İki dövlətin tarixindəki bu qədər önəmli hadisənin ildönümü səfərə xoş fon verirdi və məhsuldar danışıqlar  son dərəcə uğurlu zamanın seçildiyini göstərib.

Danışıqlar zamanı dövlət başçıları İlham Əliyev və Rosen Plevneliyev bir sıra istiqamətlərdə əməkdaşlıq üçün əla imkanların olduğunu vurğulayıblar. İqtisadi sahədə tərəflər investisiya imkanlarını öyrənirlər, bununla yanaşı, Azərbaycan şirkətləri Bolqarıstan iqtisadiyyatına məmnuniyyətlə investisiya yatırmağa hazırdırlar. Bundan başqa, Azərbaycan da ölkədə investor kimi, o cümlədən infrastruktur layihələrinin reallaşdırılmasının iştirakçıları qismən bolqar şirkətlərini görmək istəyindədir.

Yeri gəlmişkən, tərəflərin də etiraf etdikləri kimi, infrastruktur layihələri ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindəndir. İki ölkə rəhbərliyi nəqliyyat sahəsində də gözəl imkanların olduğunu vurğulayıblar. Prezident İlham Əliyev qarşı tərəfi Azərbaycanın illərdir fəal iştirak etdiyi geniş nəqliyyat şəbəkəsinin yaradılması işinə qoşulmağa çağırıb. Söhbət xüsusilə Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolundan gedir. Onun bu il istismara verilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, prezidentlər ikitərəfli və regional əməkdaşlıqla bağlı bir çox məsələləri müzakirə ediblər. Bununla yanaşı, Azərbaycan-Bolqarıstan danışıqlarında əsas mövzu gözlənildiyi kimi, enerji, xüsusilə "Cənub" qaz dəhlizinin reallaşdırılması məsələsi olub. Qeyd edək ki, Azərbaycan prezidentinin Sofiyaya səfəri Bolqarıstan xalqının daha bir önəmli tarixi qeyd etdiyi ana təsadüf edib. Söhbət martın 3-də qeyd olunan Azadlıq günü bayramından gedir. İ.Əliyevin səfərinin bu günə təsadüf etməsi də müəyyən rəmzi anlam daşıyır. Məsələ ondadır ki, Sofiya Azərbaycana qitənin enerji təhlükəsizliyinin təmini məsələsində Avropa İttifaqının yeni vacib tərəfdaşı kimi yanaşır. Bu mənada Bolqarıstanda Azərbaycana onların enerji asılılığından xilas olmasına kömək edəcək ölkə kimi baxırlar. Prezident Rosen Plevnelievin də dediyi kimi, Azərbaycanın aparıcı rola malik olduğu "Cənub" qaz dəhli layihəsinin uğurla həyata keçirilməsi Bolqarıstanın vahid tədarükçüdən və boru xəttindən illərdir davam edən asılılığını aradan qaldıracaq. Bolqarıstanla Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqla bağlı imzalanmış müqavilə də var. O, ildə 1 milyard kubmetr qazın nəqlini, həmçinin həcmin artırılmasına dair danışıqların mümkünlüyünü nəzərdə tutur. "Lakin biz daha yaxşı nəticələr də əldə edə bilərik. Biz Bolqarıstanda və Cənub-Şərqi Avropa regionunda mənzillərin qazla təmin olunması, qaz anbarları və qaz tranziti infrastrukturunun inşası sahəsində Azərbaycan ilə müştərək layihələrin həyata keçirilməsi imkanlarının araşdırılmasında maraqlıyıq", - deyə Bolqarıstanın dövlət başçısı qeyd edib.

Bolqarıstan "Cənub" qaz dəhlizi layihəsinə də ciddi maraq göstərir. Bu ilin sentyabrında Bakıda layihənin təməlqoyma mərasimində də Bolqarıstan yüksək səviyyədə təmsil olunub. Bu ilin fevralında isə Bakıda Bolqarıstanın enerji nazirinin iştirakı ilə qaz dəhlizinin keçdiyi ölkələrin nazirlərinin Məşvərət Şurasının iclası keçirilib.

Sofiyada aparılan danışıqlarda İlham Əliyev artıq layihənin iştirakçısı, o cümlədən Azərbaycan qazının istehlakçısı olan Bolqarıstanın gələcəkdə tranzit ölkə kimi də öz rolunu oynayacağına, bu qazın digər ölkələrə nəqlində iştirak edəcəyinə ümidini dilə gətirib. "Beləliklə, bu gün əslində ölkələrimiz arasında uzunmüddətli strateji tərəfdaşlıq dövrü başlayır", - deyə İ.Əliyev qeyd edib.

Bununla yanaşı, Sofiya danışıqlarında tərəflərin "Nabucco" layihəsini bərpa etmək haqda da ciddi şəkildə düşündükləri məlum olub. Halbuki, iki il əvvəl Azərbaycan əsas marşrut kimi "Cənub" qaz dəhlizinin seçilməsilə əlaqədar TransAdriatik boru xəttinə (TAP) üstünlük verdiyini açıqladıqda artıq "Nabucco"nun yox olduğu düşünülürdü. Bolqarıstan isə hər zaman "Nabucco" layihəsini dəstəkləyib, üstəlik, Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrında gözlənilmədən ölkəsinin South Stream boru xəttinin inşasından imtina etdiyini açıqlayıb. Qeyd edək ki, bu layihə də Bolqarıstan istehlakçılarının qaza olan tələbatının ödənilməsi üçün nəzərdə tutulurdu.

İlham Əliyev Sofiyada Bolqarıstanın baş naziri Bayko Borisovla da danışıqlar aparıb. Görüşdən sonra verdiyi açıqlamada B.Borisov ölkəsinin "Nabucco" layihəsinə böyük önəm verdiyini söyləyib. Onun sözlərinə görə, Bolqarıstanla Azərbaycan layihə ilə bağlı təkliflər paketini yenidən Avropa İttifaqı məmurlarının nəzərinə çatdıracaqlar. "Qoy onlar bu məsələdə Bolqarıstana heç bir maneə yaratmasınlar", - deyə baş nazir qeyd edib: "Biz heç də yalnız Avropa Komissiyasının maraqlarını müdafiə etməklə məşğul olmamalıyıq. Uzun illərdir biz bu layihələrin inkişafına böyük sərmayələr qoymuşuq, böyük səylər göstərmişik. O da bir faktdır ki, həmin layihənin səhmləri Azərbaycan tərəfindən də əldə edilə bilər. Bu da bizim üçün, Bolqarıstan üçün əlavə mənfəət deməkdir. Əminəm ki, burada heç bir maneə olmayacaq və Avropa Komissiyası bu məsələdə bizi tam dəstəkləyəcək".

B.Borisov Azərbaycan prezidentini əmin edib ki, danışıqlarda Bolqarıstan hökuməti bu əməkdaşlığın tərəfdarı kimi çıxış edəcək, ən qısa zamanda "Cənub" qaz dəhlizilə birbaşa bağlı olan bu məsələnin həllinə nail olmağa çalışacaq.

İlham Əliyev isə öz növbəsində bildirib ki, layihənin adından asılı olmayaran, "Cənub" qaz dəhlizi marşrutu sadəcə Bakıdan başlayıb İtaliyada bitən xəttdir. Dövlət başçısı hesab edir ki, bu xəttin bir neçə qolu ola bilər və Balkan istiqaməti perspektivli istiqamətlərdən biridir. Bu mənada enerji resurslarının Avropa bazarlarına çıxarılması istiqamətində məqsədyönlü və ardıcıl siyasət aparan Azərbaycan və yarımada dövlətləri artıq müvafiq əməkdaşlığa dair razılaşmalar imzalayıblar. Bununla yanaşı, Bolqarıstandan qonşu Rumıniya və Macarıstana boru xətləri də çəkilir.

"Bu gün biz TAP layihəsini "Nabucco" layihəsi ilə bir növ birləşdirmək əzmindəyik. Söhbət ondan getmir ki, bu layihələrə hansı ad verəsən. Əsas məsələ və bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycan öz qazını maksimum həcmdə Avropa məkanına nəql etsin və nə qədər mümkündürsə, o qədər də çox Avropa ölkələri bu qaza çata bilsinlər", - deyə İ.Əliyev qeyd edib.

Azərbaycan prezidenti respublikada bütün istehlakçılara kifayət edəcək qədər qazın olduğunu söyləyib. Burada söhbət yalnız "Şahdəniz" yatağından yox, həm də "Abşeron" və "Ümid" yataqlarından gedir. Yaxın 5-6 ildə onlardan əlavə olaraq ən azı 5-6 milyard kubmetr qaz hasil oluna bilər.

Beləliklə, Azərbaycan öz enerji siyasətinin reallaşdırılması istiqamətində daha bir vacib addım atıb. Bolqarıstan isə özünün qlobal problemi olan enerji asılılığının həllində strateji müttəfiq qazanıb. İki ölkə arasında münasibətlərin məhz strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini Sofiyada aparılan danışıqların sonunda iki dövlət başçısının strateji tərəfdaşlığa dair imzaladıqları birgə bəyannamə də təsdiqləyir. Danışıqların yekunu olaraq elektron rabitə, informasiya texnologiyaları və elektron idarəetmə sahələrində əməkdaşlığa dair hökumətlərarası sazişlər, turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair protokol da imzalanıb. Qeyd etmək lazımdır ki, bəyannamə Bakı üçün həm də orada Dağlıq Qarabağ münaqişəsilə bağlı yer almış məqamla əlaqədar önəmlidir. Sənəddə Bolqarıstan münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayır.

Bu konteksdə Aİ-nin Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı problemə Ukrayna, Gürcüstan və Moldovadakı analoji problemlərdə olduğu kimi, birmənalı və qəti yanaşmadığını da yada salmaq lazımdır. Rəsmi Bakı Aİ-ni Azərabycanla münasibətləri yalnız enerji sahəsi üzərində qurmaqda, digər sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində eyni fəallığı göstərməməkdə dəfələrlə məzəmmət edib. Aİ-nin Brüsseldəki rəhbərliyinin vədlərinin perspektivsizliyini anlayan Azərbaycan daha effektiv vasitəyə əl atmaq qərarına gəlib. İndi o, enerji resurslarının tədarükçüsü kimi "kozır"dan Aİ-nin ayrı-ayrı üzvlərilə strateji tərəfdaşlığın qurulmasında istifadə edir. Prezident İlham Əliyev bolqarıstanlı həmkarı ilə müvafiq sənədi imzaladıqdan sonra bildirib ki, Azərbaycan artıq Aİ-nin 7 üzvü ilə strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalayıb. "Mən hesab edirəm ki, bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin perspektivləri müəyyən edilir. Biz istərdik ki, bu əlaqələr strateji tərəfdaşlıq əlaqələri səviyyəsinə yüksəlsin", - deyə İlham Əliyev qeyd edib.

 

 

SİTAT

"Bu gün biz TAP layihəsini "Nabucco" layihəsi ilə bir növ birləşdirmək əzmindəyik. Söhbət ondan getmir ki, bu layihələrə hansı ad verəsən. Əsas məsələ və bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycan öz qazını maksimum həcmdə Avropa məkanına nəql etsin və nə qədər mümkündürsə, o qədər də çox Avropa ölkələri bu qaza çata bilsinlər", - deyə Prezident İ.Əliyev qeyd edib.

"Mən hesab edirəm ki, bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələrinin perspektivləri müəyyən edilir. Biz istərdik ki, bu əlaqələr strateji tərəfdaşlıq əlaqələri səviyyəsinə yüksəlsin", - deyə İlham Əliyev bildirib.



MƏSLƏHƏT GÖR:

707