27 Aprel 2024

Şənbə, 09:24

DƏNİZKƏNARI EV

Vaxtilə İsa bəy Hacınskiyə məxsus olmuş qədim binanın divarları nələrdən xəbər verir?

Müəllif:

17.03.2015

Bakıda elə evlər var ki, onun tarixi şəhərin özünün tarixilə, eləcə də bu evləri tikən, orada yaşayan insanların həyatı və taleyilə sıx bağlıdır. Yəqin ki, hər biriniz dəfələrlə Bakı bulvarında dayanaraq Qız qalasına tamaşa edərkən, ondan sol tərəfdə yerləşən evə də nəzər yetirmisiniz.

Bəlkə də, künc hissəsi klassisizm üslubundakı sarayı xatırladan, "qanadları" isə ilkin moderndən xəbər verən bu binada kimlərsə müəyyən qəribəlik hiss edib. O, həqiqətən də, özündə eyni vaxtda bir neçə üslubu birləşdirən qeyri-adi konstruksiyadır.

Dəniz sahilində yerləşən bu ev 1910-1912-ci illərdə tikilib. Yastı damlı evlər şəhəri kimi tanınan Bakıda bu bina yad tkili kimi qəbul edilib. Amma əslində binanın inşasına vəsaitini xərcləyən şəxs elə buna nail olmaq istəyirdi.

 

Hacınskinin evi

Qədim bakılılar onu "Hacınskinin evi" kimi tanıyıblar. Musa Nağıyevin məşhur "İsmailiyyə"silə yanaşı, bu qeyri-adi ev şəhərə təkrarolunmaz görünüş verirdi. Onu tanınmış neft sənayeçisi, mesenat və hakim İsa bəy Hacınski tikdirib. 

Bina uzun müddət istismara verilmədi, çünki şəhər sovetində onun xarici görünüşü ilə bağlı ciddi fikir ayrılıqları yaranmışdı. Bəziləri hesab edirdi ki, bu ev Qız qalasının bilavasitə yanında yerləşməklə, Bakının xarici görünüşünü korlayır. Amma ictimai rəy Hacınskinin tərəfində idi.

Qeyd etmək lazımdır ki, İsa bəy xalq arasında böyük şöhrətə malik idi. O, təhsilə külli miqdarda vəsait xərcləyir, bir neçə məktəbə tam və ya qismən himayədarlıq edirdi. Onun saxladığı təhsil ocaqlarından biri oğlanlar üçün real məktəb idi. Məktəb hazırda "Vətən" kinoteatrı kimi tanınan binada yerləşirdi. Yeri gəlmişkən, ora kasıbların pul ödəmədən kinoya baxa bildikləri yeganə məkan idi. 1910-cu ildə Hacınski kinoproyektor gətizdirmişdi və mütəmadi olaraq orada yeni filmlərin nümayişinə sponsorluq edirdi. Bundan başqa, İsa bəyin dəstəyilə yoxsul ailələrdən olan 25 oğlan uşağı Rusiyada təhsil almış, onların bəziləri sonradan təhsilini Fransa və Almaniyada davam etdirmişdi.

 

İki ad

Beləliklə, 1940-cı illərədək sözügedən bina "Hacınskinin evi" adlandırılıb. Amma prioritetlər dəyişir və sonralar Moskvadakı Stalin binalarının analoqu kimi (bu evlər fərqli üslubda tikilsə də, onların arasında dəbdəbə baxımından ümumi cəhətlər var), onu "sahilyanı ev" adlandırmağa başladılar. Orada, əsasən, orta təbəqəyə aid partiya işçiləri, həmçinin neft-kimya sahəsində çalışan bir neçə alim yaşayırdı. Binanın məşhur künc hissəsi isə boş idi - onu xüsusi qonaqlar üçün saxlayırdılar. 1944-cü ildə belə xüsusi qonaqlardan biri o dövrün Fransa Respublikası hökumətinin müvəqqəti rəhbəri Şarl de Qoll olub. O zaman Sovet İnformasiya Bürosu bu haqda yazırdı: "Noyabrın 27-də saat 14-də Fransa Respublikası hökumətinin müvəqqəti rəhbəri, general de Qoll onu müşayiət edən şəxslərlə birlikdə Bakıya gəlib. Aerodromda general de Qollu Azərbaycan SSR hökumətinin üzvləri və Moskvadan görüş üçün Bakıya gəlmiş XXİK və MXK nümayəndələri qarşılayıblar. Fransa və Sovet bayraqları ilə bəzədilmiş aerodromda fəxri qarovul düzülüb. Orkestr Fransanın və SSRİ-nin himnlərini səsləndirib. Axşam general de Qoll Azərbaycan Opera Teatrında "Koroğlu" operasını izləyib".

Müharibə qəhrəmanı, Fransanın gələcək prezidenti de Qoll burada cəmi bir neçə gün qalıb və binanın məhz həmin hissəsində, xüsusi qonaqlar üçün nəzərdə tutulmuş yuxarı mərtəbədə yaşayıb. Amma o səksəkəli dövrdə de Qollun Bakıya səfərinin nə ilə əlaqədar olduğu hələ də məlum deyil. Gah deyirlər Ali Baş Komandanın nümayəndələrilə görüş planlaşdırılıbmış, gah deyirlər maki dəstələrinə (partizanlara) silah-sursat tədarükünə dair müqavilə imzalanmalı imiş.

Binanın üzərində bu gün də de Qollun adına vurulmuş memorial lövhəni görmək mümkündür.

Amma binada daha bir xatirə lövhəsi var. Orada görkəmli alim, kimya sahəsində Azərbaycanın ilk akademiki Yusif Məmmədəliyev əks olunub. O dövrdə ən yaxşı yüksəkoktanlı yanacağı yaratmış və bununla da, elmə böyük töhfə vermiş şəxs məhz Məmmədəliyev olub. O, burada mənzili müharibədən sonrakı illərdə alıb. Məsələ ondadır ki, hələ müharibədən əvvəl Moskva Dövlət Universitetində oxuyan və işləyən Məmmədəliyev Bakıya qayıtdıqdan sonra Azərbaycan Neft Tədqiqat İnstitutuna gedib çıxıb. Burada o, cəbhə üçün son dərəcə önəmli bir neçə ixtira edib. Misal kimi, sovet yanacağının keyfiyyətinin yaxşılaşdırılmasını göstərmək olar. Məhz bu yanacaq sayəsində məşhur "T-34" tankları İkinci Dünya müharibəsinin ən sürətli tanklarına çevrilib. Tezliklə Məmmədəliyev laboratoriya rəhbəri kimi sahilyanı evin üçüncü mərtəbəsindən mənzillə təmin edilib. Alim bütün ömrünü orada yaşayıb. 50-ci illərdə Məmmədəliyev Kirov adına Azərbaycan Universitetində müəllimliyə başlayıb, əvvəlcə dosent, daha sonra professor, kafedra müdiri və nəhayət, rektor olub (1954-1958).

Onun mənzilinə tələbələr çox tez-tez gələrdilər. Müharibədən sonrakı aclıq illərində əksər müəllimlər kimi xüsusi payok alan Məmmədəliyev tələbələri də ac qoymamağa çalışırdı. Tələbələr universitetdə müəllimin payından götürməyə utandıqları üçün alim onları evinə dəvət edərdi.

"Bulvarda yerləşən bu evlərdə çox ziyalı, mədəniyyət xadimi, alim olub", - deyə musiqiçi Samir Rəcəbov danışır: "Mən bulvarda yerləşən başqa evdə yaşayırdım. Qız qalasının yanındakı binada isə əsasən partiya işçiləri yaşayırdılar. 70-ci illərin əvvəllərində oraya sinif yoldaşımın yanına gedirdim. Bina daxildən də çox gözəl, əzəmətli, yüksək tavanlı idi".

 

"Hacınskinin evi"nin əfsanələri

Bu evlə bağlı iki əfsanə var və onları qeyd etməmək olmaz. Tarixçi İsmayıl İsrafilovun sözlərinə görə, onlardan birincisi Hacınskinin öz qohumunu memarlıq üzrə təhsil alması üçün İtaliyaya göndərməsilə bağlıdır. Deyilənə görə, İsa bəy onun yol pulunu, mənzil pulunu ödəsə də, yaşamaq üçün pul göndərmirmiş. Sonda vətənə qayıdan doğma qohumu sevimli dayısı üçün bu evin layihəsini hazırlayır, lakin bu zaman bir məqama "işarə edir": o, binada kanalizasiya qurmur. Bu ciddi "diqqətsizlik" yalnız binanın təhvil verilməsi zamanı keçirilən təntənəli qəbul zamanı "üzə çıxır" və nəticədə, qalmaqal yaşanır.

"İkinci əfsanədə bildirilir ki, Hacınski milyonçu "həmkar"larından biri ilə bu evi inanılmaz dərəcədə qısa müddətə - 3 aya tikib qurtaracağına dair mərcə girib. Bu üzdən o, memara tikinti işlərinin mümkün qədər tez başa çatdırılmasını tapşırıb. Memar nə qədər tələssə də, binanı deyilən vaxta təhvil verməyin mümkün olmadığını görən Hacınski hiylə işlədərək, gözə görünən bütün işlərin təcili tamamlanmasını, kanalizasiyanın isə sonraya saxlanılmasını tapşırıb".

Birinci versiyanın həqiqət olma ehtimalı daha azdır. Çünki birincisi, Hacınskinin həmin qohumunun adı heç yerdə çəkilmir (onun tanınmış qohumları arasında isə İtaliyada memarlıq üzrə təhsil alan olmayıb). İkincisi, Hacınski daha çox valideynləri yoxsul olan şəxslərin təhsilinə pul xərcləməyə həvəsli olub. Və nəhayət, binanı tikmiş memarın soyadı dəqiqliklə məlumdur - İ.V.Edel adlı bir nəfər. Məlumdur ki, Edel həmin binadan əvvəl Bakının mərkəzində daha 3 bina inşa edib: Qoqol küçəsi 34-də (1896, 1954-cü ildə onun üzərinə mərtəbələr əlavə olunub), Qoqol küçəsi 3-də üçmərtəbəli yaşayış evi və Qoqol 9-da neft sənayeçisi Şəmsi Əsədullayev üçün saray tipli dəbdəbəli ev (1896). 

İstənilən halda, hər iki əfsanədə söhbətin kanalizasiyadan getdiyini nəzərə alsaq, demək, orada həqiqət payı da var.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Hacınski Bakının memarlığının formalaşmasına az töhfələr verməyib. "Sahilyanı ev"lə yanaşı, Balakanı küçəsində (hazırda Füzuli 39) yerləşən möhtəşəm ev və Mərdəkan qəsəbəsindəki mənzərəli villa da İsa bəy Hacınskiyə məxsus olub. Edel faktiki olaraq, Hacınskinin vəsaiti hesabına özünə gözəl bir bina tikib və ABŞ-ın Azərbaycandakı səfirliyi hazırda məhz həmin binada yerləşir.

Bu gün Hacınskinin bu evinin taleyi bir qədər maraqsızdır - orada ayrı-ayrı şirkətlərin ofisləri yerləşir, birinci mərtəbənin fasad hissəsində müxtəlif brendlərin butikləri, yanda və arxada isə (Qız qalasına tərəf çıxan hissədə) restoranlar yer alır. Daha sonra bina ilə yanaşı (faktiki olaraq bitişmiş) gözəl ikimərtəbələr gəlir. Onların birində Bakının ən qədim bukinist mağazası yerləşir.

Beləliklə, sahildə yerləşən bu bina - ona sonradan edilmiş bütün əlavələr və ətrafına çay daşından vurulmuş ensiz dalanları ilə - artıq heç kəsə "yad" gəlmir və mərkəzində Qız qalasının olduğu, zaman xaricində yerləşən memarlıq ansamblının ayrılmaz hissəsidir.



MƏSLƏHƏT GÖR:

865